Ekspertiza obyekti (ekspert qiymətləndirməsi üçün) kimi məhsulun istehlak xassələrinin cəmi, yəni keyfıyyəti çıxış edir. Keyfiyyətin ekspertiza kriterləri ümumi və konkret olmaqla iki qrupa bölünür.
Ümumi kriterlərə cəmiyyətdə qərarlaşmış dəyər, təsəvvür, norma və qaydalar aid edilir. Ekspertiza üçün konkret kriterlərə isə verilmiş məhsul növünün keyfiyyətinə qoyulan real tələblər, normativ-texniki və digər yerinə yetirilməsi hökmən olan sənədlərdə müəyyən edilmiş tələblər aid edilir. Konkret kriterlər şəklində planlaşdırılan və ya layihə edilən məhsulu səciyyələndirən kompleks keyfiyyət göstəricilərinin baza qiymətləri də çıxış edir. Ekspertlər üçün konkret kriterə, həmçinin ölkədə və ya xaricdə hazırlanan yüksək keyfiyyətli məmulatın göstəriciləri də aid edilir.
Ekspert qiymətləndirilməsinin dürüstlüyünü, dəqiqliyini, etibarlılığını yüksəltmək üçün ekspertizanı səriştəli insanların qrup halında qərar qəbul etməsi kimi həyata keçirirlər. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün ekspert və işçi qruplardan ibarət olan ekspert komissiyası yaradılır.
Ekspert qrupuna qiymətləndirilən məhsulun yaradılması və istismarı sahəsində yüksəkixtisaslı və xüsusi hazırlıq keçmiş mütəxəssis, tədqiqatçı, konstruktor, texnoloq, dizayner, əmtəəşünas, iqtisadçılar daxil edilir. Qrupa daxil olan ekspertlərin sayı qiymətləndirmənin dəqiqliyinə qoyulan tələbdən asılıdır və burada 7-dən 20- dək adam ola bilər. Qiymətləndirmə qiyabi sorğu ilə keçirildikdə ekspertlərin sayının yuxarı həddi məhdudlaşdırılmır.
Ekspert qrupu (komissiyası) qiymətləndirilən məhsulun keyfıyyət göstəriciləri haqqında informasiyaları ekspert üsulunu istifadə etməklə toplayır.
Bu vaxt ekspert qrupu yekun qərarı ekspertlərin qiymətlərinin ortalaşdırılması əsasında və ya ekspertlərin səsverməsini («komissiyalar» metodu) keçirməklə qəbul edir. Ekspert metodunda subyektivliyi azaltmaq üçün ekspertlərin sorğularını bir neçə turda keçirmək tövsiyə edilir.
Ekspert «komissiyalar» metodunda ekspertlərin sanki (virtual) səsverməsı keçirilir. Əvvəlcə ekspertlər bir-birindən asılı olmayaraq məhsula qiymətlər qoyurlar, sonra qoyulmuş qiymətlərin açıq müzakirəsi aparılır, ekspertlər yenə bir-birindən asılı olmayaraq hər bir keyfiyyət parametrinə qiymətlər verirlər. Bundan sonra korrektə edilmiş fərdi qiymətlərə görə ekspert qiymətləri hesablanır. Bu işi ekspert komissiyasının işçi qrupu həyata keçirir. Bundan başqa, işçi qrupu ekspertlərin sorğu prosedurunu təşkil edir, alınan nəticələri təhlil edir və ekspert komissiyasının yekun nəticəsini tərtib edir.
Eynicins məhsulun keyfiyyətinin qiymətləndirilməsində işçi qrup və ekspertlərin, ekspert komissiyasının daimi olaraq eyni mütəxəssislərdən formalaşdırılması tövsiyə edilir. Bu onunla bağlıdır ki, tərkibi nisbətən daimi olan komissiyada işlədikcə təcrübə toplanır, ekspertlərin təhsil səviyyəsi yüksəlir, ümumi prinsip və yanaşmalar formalaşır. Bütün bunlar isə ekspert komissiyasının işinin bütövlükdə səmərəsini artırır.
Ekspert komissiyasının işinin əsas mərhələlərinin ardıcıllığı aşağıdakılardan ibarət olur:
məhsulun keyfıyyətinin ekspert qiymətləndirilməsi işlərinin təşkili və aparılmasına məsul olan şəxslərin təyin edilməsi;
ekspert işçi qrupların formalaşdırılması;
qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin təsnifi və çeşidinin təyini;
ekspertlərin sorğusunun aparılması üçün anket və izahat yazılarının hazırlanması;
məhsulun keyfiyyətinin (və ya keyfiyyət göstəricilərinin) ekspert qiymətləndirilməsi nəticələrinin təhlili və tərtibi.
Keyfiyyətin ekspert qiymətləndirilməsi təcrübəsində, o cümlədən məhsulun istehlak xassələrinin ekspert qiymətləndirilməsində əsasən kompleks və operativ ekspertiza metodları istifadə olunur.