Xaricdən xalis faktor gəliri = Başqa ölkələrdə milli faktorlardan olan gəlir — Həmin ölkənin ərazisində olan xarici faktorlardan olan gəlir.
ÜDM-a mümkün qədər bütün qanuni istehsal olunan və satılan əmtəə və xidmətlər alma və portağallardan kitab və filmlərə; bərbərin kəsdiyi saçdan həkim və vəkilin məsləhətlərinə qədər daxil olunmalıdır.
ÜDM mənzil kirayəsinin bazar dəyərini də nəzərə alır. İcarəyə verilən yerlər üçün o, çox asanlıqla ya icarədarların xərclərinin məbləği kimi, ya da icarəyə verənlərin gəlirlərinin məbləği kimi müəyyən edilir. Lakin insanların çoxu öz şəxsi evlərində yaşayırlar və deməli, heç bir icarə xərcləri ödəmirlər. Dövlət vətəndaşların bu qrupunun ÜDM-a əlavəsini nəzərə alaraq, onun tərkibinə bu vətəndaşların «icarə ödəmələrinin» bazar qiymətlərinə uyğun ölçülmüş xəyali məbləğini daxil edir. Əslində ÜDM-a həm mənzil sahiblərinin «icarədar» kimi ehtimal edilən xərcləri, həm də icarəyə verənlər kimi onların gəlirlərinin xəyali məbləği də daxildir.
Dəyərinin ölçülməsinin çətinliyi ilə əlaqədar olaraq ÜDM-a daxil edilməyən bir qrup əmtəələr mövcuddur. Bunlara qeyri -qanuni yollarla istehsal olunan və satılan (məsələn, narkotik maddələr) ya da yalnız ailənin təlabatını ödəmək üçün ev təssərrüfatları tərəfindən istehsal olunan əmtəələr aiddir. Buna görə də ÜDM-da mağazadan alınan tərəvəzlər nəzərə alınır, lakin həyətyanı sahədə becərilib ailə tərəfindən istehlak olunanlar isə nəzərə alınmır.
Belə kənara çıxmalar bəzən paradoksal vəziyyətlərə gətirib çıxarır. Bağçadakı otları təmizləməyə görə kimsə kiməsə haqq ödədikdə onun əməyinin nəticələri ÜDM-a daxil edilir. Lakin onlar evlənərsə vəziyyət tamamilə dəyişir. Bu zaman əmək bazarında reallaşmayan otları təmizləyənin əməyi ÜDM-a daxil edilmir. Beləliklə, demək olar ki, onların ailə qurması ölkənin ÜDM-nun azalmasına gətirib çıxara bilər.
İqtisadiyyatda istehsal olunan bütün məhsullar son və aralıq məhsullarına bölünür. Son məhsul ( final goods) — hər hansı makroiqtisadi agentə istehlak üçün gedən və növbəti emal və satış üçün nəzərdə tutulmayan son məhsuldur. Aralıq məhsul ( intermediate goods) sonrakı istehsal və satış prosesinə göndərilən məhsuldur. Aralıq məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə üsulundan asılı olaraq, eyni mal həm son, həm də ara məhsul ola bilər. Məsələn, evdar qadının borş üçün aldığı ət son məhsul ola bilər, belə ki, son istehlak üçün alınıb. “Makdonalds” restoranı tərəfindən alınan ət isə ara məhsuldur, belə ki, emal ediləndən sonra çizburgerin içinə qoyularaq son məhsul olacaq.
ÜDM-ə yalnız son məhsulun daxil edilməsi ikiqat (təkrar) hesabdan ( double accounting) qaçmağa imkan verir. Məsələn, avtomobilin dəyərinə polad hazırlanacaq dəmirin, prokat alınacaq poladın, avtomobilin hazırlanacağı prokatın dəyəri daxil olur.
Həmin səbəbdən bütün alqı-satqılar da ÜDM-ə daxil edilmir, belə ki, onların dəyəri artıq bir dəfə son istehlakçı tərəfdən alındığı zaman nəzətə alınmışdır.
Son məhsulun bu dəyəri onun ara və ya son məhsul olduğunu demək mümkün olmadığı səbəbindən bilavasitə hesablana bilmədiyi üçün, onu əlavə dəyər (value added) üzrə hesablayırlar. Bu metod ona əsaslanır ki, son məhsulun məcmu dəyəri məcmu əlavə dəyərə bərabərdir. Bunu aşağıdakı misalla göstərək.
Zənn edək ki, fermer taxılı yetişdirmiş, onu dəyirmançıya 5 dollara satmış, dəyirmançı onu üyüdüb una çevirmişdir. Dəyirmançı unu çörək bişirənə 8 dollara satmışdır. Çörək bişirən məhsulunu 17 dollara bulka satana satmış, o da öz növbəsində çörəyi alıcıya 25 dollara satmışdır. Taxıl dəyirmançı, un çörək bişirən, xəmirdən hazırlanan məmulat isə bulka satan üçün aralıq məhsuldur, çörək isə satıcı üçün son məhsuldur.
Hər bir istehsalçının (firmanın) əlavə etdiyi dəyər satışdan gələn qazancdan başqa istehsalçılardan alınmış xammal və materialların fərqinə bərabərdir ki, bu da hər bir istehsalçının (firmanın) məcmu buraxılış həcminə payını ifadə edir.