“Azərbaycan Respublikasında strateji məhsullar ixracının kompleks tədqiqi” mövzusunda



Yüklə 465.35 Kb.
səhifə1/7
tarix03.02.2017
ölçüsü465.35 Kb.
  1   2   3   4   5   6   7


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
Əlyazması hüququnda
Qurbanova Nərgiz İlqar qızı

“Azərbaycan Respublikasında strateji məhsullar ixracının kompleks tədqiqi” mövzusunda



MAGİSTR DİSSERTASİYASI
İxtisasın şifri və adı: 060401 “Dünya iqtisadiyyatı”

İxtisaslaşma: “Beynəlxalq iqtisadi münasibətlər”
Elmi rəhbər: Magistr proqramının rəhbəri:

prof.Ş.H.Hacıyev dos. M.R.Cəmilov



Kafedra müdiri:

prof.Ş.H.Hacıyev



BAKI - 2015

MÜNDƏRİCAT
Giriş............................................................................................................................3-4

I FƏSİL. MÜASİR BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR

SİSTEMİNDƏ İXRACIN YERİ VƏ ROLU......................................5-31
1.1. İxracın mahiyyəti, nəzəri əsasları və BİM sistemində yeri............................5-14
1.2. Dünya ixracının müasir vəziyyəti və inkişaf meyilləri...............................14-20



1.3. Azərbaycanın ixracının strukturu və ixrac siyasətininə



əsas xüsusiyyətləri .....................................................................................21-31
FƏSİL 2. AZƏRBAYCANIN STRATEJİ MƏHSULLAR İXRACININ

TƏHLİLİ.................................................................................................32-45

2.1. Neft və qaz strateji məhsullarının istehsalı və ixrac

potensialı......................................................................................................32-37
2.2. Neft və qaz strateji məhsullarının ixracının mövcud vəziyyəti və

dinamikası....................................................................................................37-45


FƏSİL 3. AZƏRBAYCANIN STRATEJİ MƏHSULLAR İXRACININ

İNKİŞAF PERSPEKYİVLƏRİ.......................................................... 46-74
3.1. XXI əsrdə Azərbaycanın enerji strategiyası və onun prioritet

istiqamətləri.................................................................................................46-53


3.1. Azərbaycan neftinin əsas ixrac marşrutları və Avropanın enerji

təhlükəsizliyi kontekstində onun şaxələndirilməsi problemləri..................53-68

3.2 Azərbaycanın beynəlxalq strateji enerji layihələrində iştirakı

və perspektivləri............................................................................................68-74



Nəticə və təkliflər...................................................................................................75-78

İstifadə edilmiş ədəbiyyat siyahısı.......................................................................79-80

Резюме/Resume..........................................................................................................81

Giriş

Mövzunun aktuallığı. Qloballaşma prosesinin genişləndiyi və dünya təsərrüfatı sisteminin bütövləşdiyi müasir dövrdə hər hansı bir ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunması, beynəlxalq iqtisadi münasibətlər sisteminə, xüsusən də onun ilkin və aparıcı forması olan beynəlxalq ticarət sisteminə səmərəli inteqrasiyadan asılıdır. Belə ki, beynəlxalq ticarətdə fəal iştirak edən ölkə, bir tərəfdən cəmiyyətin təlabatını daha dolğun ödəmək, milli iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, müasir texnika və texnologiyalar əldə etmək və bu istiqamətdə qarşıya çıxan problemləri həll etmək, digər tərəfdən isə, özünün beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olur. Məhz buna görə də, hazırda Azərbaycan Respublikası ikitərəfli ticarət-iqtisadi əlaqələri genişləndirməklə yanaşı, çoxtərəfli beynəlxalq ticarət sazişlərinə qoşulmaqla dünya ticarət sisteminə səmərəli şəkildə inteqrasiya olunmağa çalışır.

Xarici iqtisadi əlaqələr respublikamız üçün mühüm əhəmiyyət kəsb edir. Xarici ticarətin eləcə də onun komponentləri olan ixrac və idxalın düzgün müəyyən edilməsi ölkənin inkişafını şərtləndirir. Azərbaycanın böyük ixrac potensialına malik olması müsbət perespektivlərdən xəbər verir. Azərbaycan hazırda keçid dövrünü yaşayır və indi müəyyən edilən priotetlər gələcək Azərbaycanın iqtisadiyyatını formalaşdırır. Əsas meyllərin tədqiq edilməsi, Azərbayjan Respublikasının idxal və ixracının, xüsusilə strateji məhsullar ixracının kompleks tədqiqi dövrün obyektiv tələblərinə cavab verən, ixrac prioritetlərinin müəyyən olunması və ölkəmizin gələcək inkişafına xidmət baxımından çox əhəmiyyətlidir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycan Respublikasında strateji məhsulların, xüsusilə enerji ixracının kompleks tədqiq edilməsi, onun strukturunun təkmilləşdirilməsi yollarının müəyyən edilməsindən ibarətdir. Bu məqsədə çatmaq üçün qarşıya bir sıra vəzifələr qoyulmuşdur: Azərbaycanın ixracının inkişaf xüsusiyyətlərinin tədqiq edilməsi; strateji neft və qaz məhsullarının ixracının təhlil edilməsi; enerji ixracının genişləndirilməsi istiqamətlərinin müəyyən edilməsi.

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyeki Azərbaycan Respublikasının strateji məhsullar, xüsusilə karbohidrogen ixracı təşkil edir. Tədqiqatın predmetinə isə strateji məhsullar ixrac potensialının inkişaf meyilləri və qanunauyğunluqları və ixrac imkanlarının genişləndirilməsi perspektivləri aiddir.

Tədqiqat işinin elmi yeniliyi. Azərbaycanın strateji məhsullar ixracın kompleks tədqiq edilərək bu istiqamətdə ixrac potensialının genişləndirilməsi imkanları və perspektivləri müasir geoiqtisadi reallıqlar kontekstindən nəzərdən keçirilmiş və bu istiqamətdə bir sıra təkliflər və tösiyələr irəli sürülmüşdür.

Tədqiqatın informasiya bazası. İşin informasiya bazasını mövzu ilə əlaqədar yerli və xarici ölkə tədqiqatçılarının əsərləri, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Neft Şirkətinin, Mərkəzi Bankın statistik məcmuələri, BVF, UNCTAD və s. beynəlxalq təşkilatların illik hesabat materialları təşkil edir.

Tədqiqatın strukturu. İş giriş, 3 fəsildən, 8 paraqrafdan, nəticə və təkliflər və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

Birinci fəsildə beynəlxalq ticarət nəzəriyyələrində ixracın yeri və onun müasir konsepsiyaları, müasir dünya ticarətində ixracın mövcud vəziyyəti və əsas inkişaf meylləri, ixrac siyasətinin əsas cəhətləri və ixracın inkişaf amilləri tədqiq edilmişdir.

İkinci fəsildə keçid dövrü şəraitində Azərbaycanın ixracının inkişaf xüsusiyyətləri, strateji məhsullar ixracının potensialı, xüsusilə ölkənin neft-qaz resurslarının dünya bazarında yeri, neft-qaz ixracının dinamikası və coğrafiyası tədqiq edilmişdir.

Üçüncü fəsildə Azərbaycanın enerji strategiyası və onun prioritet istiqamətləri, strateji enerji məhsullarının ixracının genişləndirilməsi imkanları Avropanın enerji təhlükəsizliyi və həyata keçirilən transmilli enerji layihələri kontekstində qiymətləndirilmişdir.

I FƏSİL.

MÜASİR BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR



SİSTEMİNDƏ İXRACIN YERİ VƏ ROLU

    1. İxracın mahiyyəti, nəzəri əsasları və BİM sistemində yeri

Müasir şəraitdə bazar iqtisadiyyatı sisteminə keçid alan ölkələrin milli iqtisadiyyatlarının formalaşması və inkişafı yalnız daxili imkanlarla deyil, əhəmiyyətli dərəcədə xarici amillərlə, xüsusilə xarici ticarət əlaqələrindən daha geniş və səmərəli şəkildə istifadə edilməsi ilə mümkündür ki, bu da xarici ticarətin inkişafını zəruri edən mühüm amillərdən hesab olunur. Dünya ölkələri resurslarla təminatına görə fərqləndiyindən müxtəlif məhsullar istehsalı müxtəlif resurslar nisbətini tələb edir, qarşılıqlı faydalı mübadilə üçün ilkin şərtlər yaradır. Ölkənin xarici ticarət əlaqələrində fəal iştirakı onun müəyyən üstünlüklər əldə etməsinə şərait yaratmaqla iqtisadi inkişafın yüksəldilməsi üçün geniş imkanlar yaradır. Ona görə də dünya təsərrüfatı sistemində xarici ticarət münasibətləri daim diqqət mərkəzindədir.

Dünya dövlətləri arasında yaranan xarici ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə və dərinləşməsinə, mövcud maddi və mənəvi potensiallardan səmərəli istifadə edilməsinə, müasir elm və texnikanın ən yeni nailiyyətlərindən lazımi səviyyədə yararlanmağa, əsaslı struktur dəyişikliklərinin həyata keçirilməsinə, dövlətlərarası sıx dostluq və işgüzar münasibətlərin inkişafına, əhalinin təlabatının tam və hərtərəfli ödənilməsinə real imkanlar yaradır. Xarici faktorlardan təcrid olunmanın birmənalı şəkildə inkar edilməsi və onun alternativi kimi daxili və xarici amillərdən istifadənin dialektik vəhdəti prinsipinin irəli sürülməsi müasir iqtisadi inkişafın əsas məzmununu ifadə edir.

Mütəxəssislər tərəfindən aparılan təhlillərə əsasən beynəlxalq iqtisadi münasibətlərin (BİM) təqribən 85 faizə qədəri beynəlxalq ticarətin payına düşür. Beynəlxalq ticarət geniş bir struktura malik olmaqla dünya ölkələrinin xarici ticarətlərinin məcmusunu özündə əks etdirir. Cəmiyyətin iqtisadi tərəqqisi, dünya dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi və ölkələrdə iqtisadi artıma nail olmaq beynəlxalq ticarət vasitəsilə mümkün olur. Beynəlxalq ticarətin müxtəlif ölkələrin iqtisadiyyatlarındakı aparıcı rolu artım tempinə görə Ümumi Milli Məhsuldan (ÜMM) xeyli üstün olmasında özünü biruzə verir. Belə ki, son illərdə dünya üzrə ÜMM-in artımı 10 faiz olduğu halda, beynəlxalq ticarətin artımı 15 faiz olmuşdur.

Ümumiyyətlə, beynəlxalq ticarətin BİM sistemində yeri aşağıdakılarıla müəyyən edilir:



  • təsərrüfat əlaqələrinin bütün formalarının (kapital ixracı, istehsal kooperasiyası, elmi-texniki əməkdaşlıq və s.) nəticələri məhz onun vasitəsilə reallaşdırılır;

  • əmtəələrlə beynəlxalq ticarətin inkişafı son nəticədə xidmətlərlə beynəlxalq mübadilənin dinamikasını müəyyən edir;

  • beynəlxalq ticarətin inkişafı regional iqtisadi inteqrasiyanın mühüm şərtidir və beynəlxalq əmək bölgüsünün daha da dərinləşməsinə şərait yaradır;

  • beynəlxalq ticarət xarici investisiya və beynəlxlaq hesablaşmalar prosesini stimullaşdırır və s.

Xarici ticarət isə milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. O, milli iqtisadiyyatlar qarşısında duran sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.

Hazırda dünya ölkələri üçün xarici ticarət əlaqələrinin əhəmiyyəti bəzi iqtisadçıların öz əsərlərində irəli sürdüyü fikirlərində də açıq-aydın müşahidə edilir:

«Dünyanın hər hansı bir ölkəsinin iqtisadi müvəffəqiyyəti xarici ticarətlə bağlıdır»1, «Beynəlxalq ticarətin faydası dünyanın məhsuldar qüvvələrindən daha səmərəli istifadə olunmasındadır», «Beynəlxalq ticarət resursların beynəlxalq hərəkətinin əvəzləyicisi kimi çıxış edir. Onun vasitəsi ilə ölkələr ixtisaslaşmanı inkişaf etdirir, öz resurslarının məhsuldarlığını yüksəldir və bununla da istehsalın ümumi həcmini artıra bilirlər»3, «Hamı etiraf edir ki, xarici ticarət bütün ölkələrə fayda gətirir. Bütünlükdə beynəlxalq iqtisadi nəzəriyyələrin əksəriyyəti ticarətdən
fayda əldə etmək ideyasına, daha doğrusu əmtəələri alarkən, yaxud satarkən bütün ölkələrin ondan faydalanması ideyasına əsaslanır. Ticarət yalnız maddi nemətlər vasitəsilə fayda gətirmir. Belə ki, beynəlxalq miqrasiya və xarici istiqrazlar da qarşılıqlı surətdə faydalı olan ticarət formalarıdır: birinci halda işçi qüvvəsinin əmtəələrə və xidmətlərə mübadiləsi, ikinci halda isə bugünkü nemətlərin gələcəkdə istehsal ediləcək nemətlərə mübadiləsidir».

İstehsal və resurs çatışmazlığının aradan qaldırılması, gəlirin əldə edilməsi, rəqabətin gücləndirilməsi, daxili bazarın inkişafı, iqtisadi dinamizmə nail olunması, daxili tələbdən daha artıq istehsala nail olunması və bu kimi istiqamətlərdə xarici ticarətin milli iqtisadiyyat üçün əhəmiyyəti olduqca böyükdür. Bütün bunlar xarici ticarətin əhəmiyyətini və rolunu əyani şəkildə əks etdirməklə onun istər nəzəri, istərsə də praktiki problemlərinin hər bir ölkənin və ya ölkə qruplarının konkret şəraitinə müvafiq olaraq daima tədqiq edilməsini zəruri edir. Təsadüfi deyildir ki, müasir beynəlxalq iqtisadi münasibətlər üzrə aparılan tədqiqatların iki ən mühüm istiqamətindən birini məhz xarici ticarət problemlərinin elmi araşdırmaları təşkil edir.

Xarici ticarət obyekt və subyekt, məkan və zaman, iqtisadi və siyasi baxımdan da olduqca geniş, müxtəlif və qeyri-mütənasib xüsusiyyətlərlə xarakterizə olunur. Bütün bunlar xarici ticarətin ümumi prinsiplərini, qanunauyğunluqlarını və hüquqi əsaslarını müəyyən etsə də göstərilən amillər nəzərə alınmaqla hər bir ölkə üçün xarici ticarət siyasətinin və strategiyasının milli mənafelərlə regional və qlobal mənafelərin balanslaşdırılması əsasında müəyyən edilməsini, onun elmi-nəzəri və elmi-metodoloji cəhətdən əsaslandırılmasını zəruri edir. Qeyd edilən məsələlər müasir dövrdə respublikamız üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də xarici ticarətin keçdiyi yol nəzəri və praktiki cəhətdən kompleks şəkildə araşdırılmalı və ondan ölkə iqtisadiyyatının inkişafı üçün zəruri nəticələr çıxarılmalıdır.

İqtisadi inkişafda xarici ticarətin rolunun, mahiyyətinin və məqsədlərinin

müəyyənləşdirilməsində beynəlxalq ticarət nəzəriyyələrini nəzərə almaq olduqca

vacibdir.

Qeyd edək ki, xarici ticarətin öyrənilməsi probleminin əsası XVI-XVIII əsrlərdə merkantilizm dövründə qoyulmuşdur. Merkantilistlər xarici ticarəti sərvətin yeganə artım mənbəyi hesab edərək belə bir ideya ilə çıxış edirdilər ki, qabaqcıl ölkələr idxaldan daha çox ixrac etməli, dövlət milli iqtisadiyyatın himayəsinə əsaslanan siyasət yürütməli, yəni xaricdən idxal olunan mallara yüksək nəzarət etməli, proteksionist tariflər qoymalı, xammal istisna olmaqla ixrac, xüsusən hazır məhsulun ixracı həvəsləndirilməli və bununla da müsbət ticarət və tədiyə balansına malik olmalıdır.

Əslində bu nəzəriyyə məlum dərəcədə ölkələr arasında antaqonist münasibətlərin yaranmasının əsas səbəbi olmuşdur, çünki belə yanaşmada bir ölkə qalib, digəri isə məğlub olur.

Xarici ticarət nəzəriyyəsinin müasir inkişaf mərhələsinə qədər keçdiyi təkamül yoluna nəzər yetirdikdə aydın olur ki, sərbəst xarici ticarət əməliyyatlarının əsas mahiyyəti ilk dəfə klassik məktəbin görkəmli nümayəndəsi A.Smitin «Mütləq üstünlüklər nəzəriyyəsi»ndə aşkara çıxarılmışdır. O göstərirdi ki, dövlətlərarası ticarət münasibətlərinin əmələ gəlməsinin başlıca səbəbi ayrı-ayrı dövlətlərin malik olduğu təbii sərvətlər, resurslar arasındakı fərqlə izah olunur. Məhz bunun nəticəsində hər hansı bir ölkədə malik olduğu təbii üstünlük hesabına müəyyən məhsul istehsalı ucuz başa gəlir. İstehsal xərclərində olan bu fərqi A.Smit mütləq üstünlük adlandırırdı və belə bir iddia irəli sürürdü ki, xarici ticarətdən hər hansı bir ölkənin iqtisadi faydası heç də digər ölkənin ziyanı hesabına əldə edilmir, yəni xarici ticarətlə məşğul olan bütün ölkələr faydalanırlar. O, xarici ticarətin maksimum liberallaşdırılması ideyasını müdafiə etməklə hesab edirdi ki, beynəlxalq ticarət vasitəsilə ayrı-ayrı ölkələr varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir.

Klassik məktəbin digər nümayəndəsi olan D.Rikardo «Mütləq üstünlüklər nəzəriyyəsi»nin davamı olaraq, özünün «Müqayisəli üstünlüklər nəzəriyyəsi»ndə isbat etmişdir ki, hətta mütləq üstünlük şəraitində də az effektli olan məhsulun çox effektli olan məhsul istehsalı ilə əvəz edilməsi nəticəsində qazanc əldə etmək mümkündür. Belə ki, D. Rikardoya görə, müəyyən məhsul üzrə istehsal xərci başqa ölkədən az olduqda belə onu istehsal etmək deyil, almaq daha faydalıdır. Onun fikrincə, beynəlxalq ticarətin zəruri şərti kimi eyni bir əmtəənin müxtəlif xərclərlə istehsalı çıxış etdiyindən, hər bir ölkənin digər əmtəələrlə müqayisədə daha aşağı xərclərə malik olduğu əmtəə istehsalı üzrə ixtisaslaşması məqsədəuyğun olardı.

XX əsrin 30-cu illərində formalaşmağa başlayan neoklassik məktəbin nümayəndələri əmək-dəyər nəzəriyyəsinə əsaslanan klassiklərdən fərqli olaraq, beynəlxalq ticarəti istehsal amilləri nəzəriyyəsi ilə izah etməyə başladılar. Bunlara Jan Batist Seyin «İstehsal amilləri», Eli Hekşer və Bertil Olinin «İstehsal amillərinin nisbəti», Hekşer-Olin-Samuelsonun «İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi prinsipi » və s. nəzəriyyələri nümunə göstərmək olar.

İsveç iqtisadçıları E.Hekşer və B.Olin özlərinin «İstehsal amillərinin nisbəti» nəzəriyyəsində beynəlxalq ticarətin hərəkət istiqamətləri və strukurunun hansı amillərlə müəyyən edilməsini təyin etdilər. Nəzəriyyəyə görə işçi qüvvəsi ucuz olan ölkələr əmək tutumlu əmtəələr istehsalında, kapitalın qiyməti yüksək olmayan ölkələr isə kapital tutumlu əmtəələr istehsalında nisbi üstünlüyə malik olur. Sözügedən nəzəriyyəyə istinadən beynəlxalq ticarətin artması ilə müvafiq olaraq onda iştirak edən ölkələrin xeyri artır (istənilən əmtəənin istehsalında tam ixtisaslaşma mümkün olmasa da, nisbi ixtisaslaşmanın xeyri) və çoxalır. Bu isə ilk növbədə istehsal amillərinin qiymətlərinin müvazinətini təmin edir. Həmin nəzəriyyədə göstərilir ki, hər hansı bir ölkə bir tərəfdən malik olduğu bol istehsal amillərindən intensiv istifadə olunması ilə istehsal edilən malları ixrac və onlar üçün kəsirli istehsal amillərinin intensiv istifadəsilə hazırlanan malları isə idxal edirlər. Bu o deməkdir ki, ölkənin malik olduğu işçi qüvvəsi o zaman izafi hesab edilir ki, onun miqdarı ilə digər istehsal amilləri arasında nisbət bütün başqa ölkələrdən yüksəkdir. Məhsul isə o zaman əmək tutumlu hesab edilir ki, onun dəyərində işçi qüvvəsinə çəkilən xərclərin payı digər məhsulların dəyərində olduğundan çoxdur.

Pol Samuelson isə «İstehsal amillərinin nisbəti » nəzəriyyəsini inkişaf etdirməklə onun modelini dəqiqləşdirdi və bu model Hekşer-Olin-Samuelson modeli adlandırıldı. Bu modelə görə, beynəlxalq ticarət mübadilədə iştirak edən ölkələrdə istehsalın homogen amillərinin mütləq və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır. Daha sadələşdirilmiş şəkildə desək, ticarət nəticəsində əmtəələrin nisbi qiymətinin bərabərləşməsi son nəticədə bu əmtəələrin istehsalında istifadə edilən amillərin də nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır.

Hekşer-Olin nəzəriyyəsinin nəticələrini təsdiq etməyən təhlillər içərisində rus mənşəli amerikan iqtisadçısı Vasili Leontyev tərəfindən aparılan təhlil daha nəzərə çarpandır. V.Leontyev Hekşer-Olin teoremini ABŞ iqtisadiyyatının nümunəsində sınaqdan çıxararaq ABŞ-ın xarici ticarətini 1947, 1951 və 1967-ci illər üzrə təhlil etmiş və Hekşer-Olin nəzəriyyəsinin heç də doğru olmadığını müəyyən etmişdir. Belə ki, sözügedən nəzəriyyəyə əsasən, nisbətən baha işçi qüvvəsinə və nisbətən ucuz kapitala (kapitaltutumlu sahələrə) malik olan ABŞ-ın idxalı əməktutumlu əmtəələrə əsaslanmalı, ixracını isə kapital tutumlu əmtəələr təşkil etməlidir. Lakin reallıqda bu heç də belə deyildir, çünki ABŞ-ın ixracatı əməktutumlu, idxalatı isə kapitaltutumlu əmtəələrə əsaslanır. Müəyyən olunan bu təzad «Leontyev paradoksu» adlanır. V.Leontyev bu təzadı izah edərkən belə bir fikrə əsaslanmışdır: kapitalın həcminin istənilən nisbətində ABŞ əməyinin bir adam ili xarici əməyin üç adam ilinə bərabərdir. Bu da öz növbəsində ABŞ-da işçi qüvvəsinin əmək məhsuldarlığının yüksək olması ilə izah edilir.

Dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, xarici ticarət haqqında mövcud nəzəriyyələr beynəlxalq əmtəə mübadiləsinin səbəbləri, quruluşu və səmərəliliyi haqqında məsələlərə cavab verməyə qabildir.

Müasir dövrdə geniş yayılmış nəzəriyyələrdən M.Poznerin «Texnoloji üstünlüklər», R.Vernonun «Məhsulun həyat dövrü», M.Porterin «Beynəlxalq rəqabət gücü», P.Lindertin «İstehsal amillərinin dinamikası və xarici ticarət» nəzəriyyələrini nümunə göstərmək olar.

Beynəlxalq ticarəti yeni mövqedən izah edən M.Pozner “Texnoloji üstünlüklər”

nəzəriyyəsində texnoloji fərq hipotezini irəli sürmüşdür. Bu hipotezə görə, sənaye ölkələri arasındakı ticarətin böyük bir hissəsi yeni əmtəə istehsalına əsaslanır. Bu cür

əmtəələr müasir sənayeləşmiş ölkələrin novator müəssisələri tərəfindən hazırlanır və istehsal edilir. Yeniliklər isə patent və əqli mülkiyyət hüquqları ilə qorunur. Başqa bir sözlə, hər hansı bir yeniliyi ilk kəşf edən müəssisə onun inhisarçısı olur və başqalarının bu yenilikdən icazəsiz istifadə etməsinə qanunla yol verilmir.Texnoloji fərq teoreminə görə yeni bir əmtəə kəşf edən sənayeləşmiş ölkə bu əmtəənin ilk ixracatçısı olur, ancaq vaxt keçdikcə yeni əmtəə təqlid yolu ilə digər ölkələrin ixtiyarına keçir. Bu ölkələrdə əməyin ucuzluğu və ya təbii resurs üstünlükləri səbəbi ilə yeni əmtəə ilk istehsal ölkəsindən daha ucuz istehsal edilməyə başlanır. Beləcə də əmtəə daha az inkişaf etmiş ölkələr tərəfindən ixrac olunmağa başlayır. Əmtəəni ilk icad edən ölkə isə bu ölkələrlə rəqabəti uduzduğundan həmin əmtəəni idxal etməyə başlayır.

Texnoloji fərq teoreminin inkişaf etdirilmiş variantı isə R.Vernonun «Məhsulun həyat dövrü » nəzəriyyəsidir. Nəzəriyyədə irəli sürülən fikrə görə, ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz «həyatı»nın müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, texnoloji yeniliklər və yeni malların işlənməsi inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ-da baş verir. Elmi-texniki tərəqqinin mühüm istehsal amillinə çevrilməsi, dinamik xarakter daşıyan beynəlxalq ticarətin bir sıra qanunauyğunluğunu aşkar etməyə imkan verir.

Beynəlxalq ticarət nəzəriyyələrinin inkişafında XX əsrin 80-ci illərində Amerika iqtisadçısı Maykl Porterin « Beynəlxalq rəqabət gücü »nəzəriyyəsi mühüm əhəmiyyət kəsb etmişdir. O özünün bu nəzəriyyəsində klassik və neoklassik iqtisadçıların baxışları ilə neotexnoloji məktəbin təmsilçilərinin baxışlarını bir araya gətirə bilmişdir. Bildiyimiz kim, xarici ticarətin müasir ümumi problemlərindən biri xarici ticarəti həyata keçirən firmaların maraqları ilə milli iqtisadiyatın maraqlarının uzlaşdırılması məsələsidir. Bu problemin həlli belə bir sualı cavablandırmağa imkan verir, yəni necə olur ki, hər hansı ölkədə konkret firmalar dünya ticarətində konkret sahələrdə bir sıra məhsullar üzrə müəyyən üstünlük qazana bilirlər. Həmin suala cavab vermək üçün iqtisadçı alim M.Porter dünya ticarətinin ikidə bir hissəsini özündə cəmləşdirən on ən iri sənaye ölkələrinin şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya bazarında ölkənin rəqabət qabiliyyətinin bir-biri ilə qarşılıqlı fəaliyyətdə və əlaqədə olan dörd başlıca parametri mövcuddur: amillərin şəraiti; əmtəə və xidmətlərə tələb şəraiti; konkret situasiyaya uyğun firmaların strategiyası, onların strukturu və rəqabəti; ölkədə mövcud olan qohum və yaxın sahələrin xarakteri.

Hər bir ölkənin xarici ticarət əlaqələrinin səviyyəsinə bir sıra amillər, o cümlədən, ölkə tərəfindən həyata keçirilən xarici ticarət siyasəti, valyuta məzənnəsindəki dəyişikliklər, bazarın konyukturu, istehsal və istehlakın strukturunda baş verən dəyişikliklər müəyyən dərəcədə öz təsirini göstərir.

Xarici ticarət siyasəti anlayışı altında dövlətin müxtəlif vasitələrdən istifadə etməklə digər ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Ümumiyyətlə, xarici ticarət siyasəti hər bir cəmiyyətin iqtisadi tərəqqisinin güclü faktorlarından biridir və o, bu tərəqqini sürətləndirə və ləngidə bilər. Bu siyasətin milli iqtisadiyyata, milli maraqlara müsbət təsiri onda olur ki, o dövlət tərəfindən düzgün tənzim olunmaqla ixracı stimullaşdıra bilsin, ölkənin ixrac potensialı artsın, yəni ixrac yönümlü istehsal sahələrinin inkişafına diqqət yetirilsin, idxalda isə ekoloji cəhətdən təhlükəsiz və əhalinin sağlamlığı üçün zərərli olmayan malların, mənəvi və fiziki cəhətdən köhnəlməyə məruz qalmayan avadanlıqların, yeni texnologiyanın idxalına üstünlük verilsin.

Xarici ticarət siyasəti ölkənin beynəlxalq ticarətə müdaxilə etməsinin həcmindən asılı olaraq əsasən azad ticarət (fritrederçilik) və himayədarlıq (proteksionist) formalarında həyata keçirilir.

Azad ticarət siyasəti zamanı dövlət xarici ticarətə minimum müdaxilə siyasəti

yeridir və xarici ticarət azad bazar qüvvələri, tələb və təklif əsasında inkişaf edir.

Proteksionist siyasət zamanı isə tarif və qeyri-tarif vasitələrindən istifadə etməklə daxili bazarın xarici rəqabətdən müdafiəsi həyata keçirilir.

Xarici ticarət siyasəti hər bir ölkənin fəaliyyət məqsədindən asılı olaraq reallaşdırıılır ki, bunlara aşağıdakılar daxildir:

1. Xarici rəqabətdən müdafiə: ölkələr xarici istehsalçılarla rəqabət qabiliyyətində olmayan yerli istehsalçıları müdafiə üçün idxalı məhdudlaşdırırlar.

2. İqtisadi artımın təmin edilməsi: ölkələr xarici ticarət siyasətindən iqtisadi artımın bir vasitəsi kimi istifadə etməyə çalışırlar.

3. Bazar çatışmazlıqlarının aradan qaldırılması: xarici ticarət daxili bazarın strukturunun təkmilləşdirilməsi üçün geniş şəkildə istifadə edilir.

4. Daxili iqtisadi sabitliyin təmin edilməsi: xarici ticarət siyasəti işsizlik və inflyasiya kimi mənfi meyllərin aradan qaldırılması üçün istifadə olunur.

5. Dövlət büdcəsinin gəlirlə təmin edilməsi: bəzən idxala və ixraca tətbiq edilən çoxsaylı vergilər dövlət büdcəsinin gəlirlər hissəsində əhəmiyyətli paya malik olur.

6. Xarici bazarlarda inhisar mövqeyinin təmin edilməsi: bəzən xarici ticarət siyasətinin məqsədi dünya bazarlarında inhisar mövqe əldə etmək olur.

Yuxarıda sadalananlar onu göstərir ki, xarici ticarətin arxasında təkcə iqtisadi deyil, həm də siyasi baxımdan bir çox qanunauyğunluqlar gizlənir.

Müasir dövrdə dünyanın bir sıra ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçməsi xarici ticarətin genişlənməsi üçün yeni imkanlar yaradır. Ümumiyyətlə, xarici ticarətin müxtəlif ölkələrin iqtisadiyyatlarına verdiyi faydanı nəzərə alıb ondan maksimum dərəcədə yararlanmaq lazımdır. Ölkənin xarici ticarət sferasındakı uğurları onun dünya iqtisadiyyatına daha sıx inteqrasiya olunduğunu və iqtisadiyyatın açıqlıq dərəcəsinin yüksəldiyini göstərir. Corc Saksın fikirinə görə, hər hansı bir ölkənin iqtisadi həyatındakı irəliləyişi onun xarici ticarətində özünü biruzə verir. Hələlik heç bir ölkəyə dünya iqtisadiyyatından təcrid olunmuş halda sağlam milli iqtisadiyyat qurmaq nəsib olmayıb. Bu baxımdan da BİM-in yarıdan çoxunu əhatə edən və ayrı-ayrı ölkələrin dünya təsərrüfatı sisteminə inteqrasiyasında vacib faktor kimi çıxış edən bu amildən lazımi səviyyədə istifadə etməklə iqtisadi inkişafa nail

olmaq mümkündür.


    1. Каталог: application -> uploads -> 2015
      2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
      2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
      2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
      2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
      2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
      2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
      2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
      2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
      2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
      2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


      Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə