VIII mühazirə
264
könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi. «Sentrokaspi
diktaturası» süqut etdi. Sentyabrın 17-də Milli hökumət Bakıya
koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi. Noyabrın
9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi.
3. AXC-nin daxili siyasəti
Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və
mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini
genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr
Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifi
ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin
çağrılmasını öz üzərinə götürdü.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də
keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın
ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul
edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən
ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə
əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən
(2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə
seçilməsi nəzərdə tutulurdu.
Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq
ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer
ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı
(ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə,
gürcü və polyaklara – hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar
təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye
ittifaqına – 2 nəfər yer verilmişdi.
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər.
Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hü-
ququ verilirdi.
Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
265
Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan
cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul
etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək
qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa
çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi
qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki,
qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin
toplanması ilə parlamentin açılışı oldu.
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası
Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun
nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri,
Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın
nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi
P.Əliyev iştirak edirdi.
Ş.Rüstəmbəyovun təklifi ilə Ə.Topçubaşov parlamentin
sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi.
Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin
istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan
etdi. Parlament tərəfindən istefa qəbul edildi. İttihad partiyasının
üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi
məhbuslara əfv-ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra
mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi
ilə təsis iclası bağlandı.
Sonrakı iclaslarda maliyyə – büdcə, qanunvericilik tək-
lifləri, aqrar, fəhlə, hərbi işlər və s. komissiyalar yaradıldı.
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoys-
kiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar
bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament
Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə
almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin
tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə
verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun
qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi.
VIII mühazirə
266
General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və
Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına
nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə
Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə,
müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli,
əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11
fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəya-
natlarda müəyyən məsələlərdə fikir ayrılıqları olsa da, ümumi
bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin
müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını
qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər
xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri
möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət
quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni
müdafiə edə biləcək güclü ordu yaratmaq.
Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə
qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə
uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi
məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament
üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən
parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib,
parlamentin rəyasət heyətinə bildirməli idi.
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət
dili statusuna malik idi.
Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315
qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş,
qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi
nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət
Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi,
mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə
bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
267
təsdiqindən sonra qüvvəyə minirdi.
1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının
Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edil-
di. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə
görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən,
milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün
Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin
20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən
hadisələr buna mane oldu.
Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra
ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sür-
müşdü.
1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət
elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan
korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları
hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi
mükəlləfiyyət haqqında fərman verildi. Bütün bunların kifayət
etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan
Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım
göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində
öz əksini tapmışdı.
Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha
sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaxqala
diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə
bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi.
Bunun da komandanı Nuru paşa idi.
Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros
şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə
görə türk qoşunları Cənubi Qafqazdan geri çağrılırdılar. İngilis
qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk
zabitlərindən Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız
Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa və onun
silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət
VIII mühazirə
268
edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın
qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci
bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir,
15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft
mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular.
Tomson özünü Bakının general qubernatoru elan etdi. Şəhər
polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində
nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə
Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü.
Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir
neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu.
1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın
rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah şöbələrinin
zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün
Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara
alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan
hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox
idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin
müdavimləri də ordunun təşkilinə cəlb edilirdi.
1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi
qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il
üçün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat
ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi.
Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin
hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki,
mayın 25-də general Denikinin könüllü ordusu tərəfindən
Petrovsk və Dərbənd tutuldu. Bu da Azərbaycanda böyük hə-
yəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafiə Komitəsi
yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov,
A.Səfikürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular.
İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan
edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
269
hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər
görmək səlahiyyəti verildi.
Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürü-
şünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya
imperiyasının digər hissələrini geri qaytarmaq idi.
Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan
hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə
bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və
S.Mehmandarov imzaladılar. Müqavilədə hər iki dövlət öz
üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı
birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə
buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və
müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar
aparacaqlar.
Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini
ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi.
1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa,
Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər
boşa çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun baş-
çılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min
dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması
tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil,
aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi
və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar
Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün
Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya
qismət oldu.
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və
bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın
qərargahı Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general
mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının
qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi.
Gəncədə yerləşən suvari diviziyaya general-mayor Teymur
VIII mühazirə
270
Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi
xüsusi süvari diviziyonu,Yunis Şəkərovun atıcı batalyonu
üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və
ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda
bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2
hərb gəmisi var idi.
Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə təmin
etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş,
yenidən qurulub genişləndirilmişdi. Bundan başqa
İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi
dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun
şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya
könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü.
İngilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edən vaxt
(1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan
ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər
silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir
deyildi.
Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi
Nazirlik hərbi zavod yaratmaq fikrində idi. Çünki mövcud olan
emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi
materiallar çatışmırdı. Ona görə də bu emalatxanalar bəzən
kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu
emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir.
Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də
parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün
böyük qüvvə və külli miqdarda vəsait lazım idi.
Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxma-
yaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli
dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq
maarifi və səhiyyə məsələlərinin inkişafını da diqqət
mərkəzində saxlayırdı.
AXC-i yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
271
vermişdir.1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq
Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli
maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri
1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin
milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün
məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa
millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması
nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin
tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə
tədris edilməli idi.
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə
Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil
edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik
Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin
müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında
qərar qəbul etdi.
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağ-
damda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər
açılması haqqında qərarlar qəbul edildi.1918-ci ildə Zaqatalada
25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul
ayırmışdı.1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax,
Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci
kurslar açıldı.
1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun
müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət
etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər
Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.
Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də
xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı.
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək
ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi.
Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun,
Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.
VIII mühazirə
272
Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən
yalnız bir ali məktəbin – Bakı Universitetinin yaradılması üçün
imkan əldə edildi.
Azərbaycan Xalq Maarifi nazirinin müavini Həmidbəy
Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin
rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin
təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski
dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi.
1919-cu il mayın 19-da komissiya təsdiq edilir.
Mayın 31-də isə komissiya Bakı Universitetinin yara-
dılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini,
Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi.
Universitetin yaradılması haqqında layihə 1919-cu ilin
iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə
komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə
edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq
işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri
Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi.
Universitetin açılması məsələsi mübahisələr doğurdu.
Mübahisələr Universitetin rus dilində açılması məsələsində
fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad,
bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması
əleyhinə çıxdılar.
Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev,
Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər.
Tanınmış maarifçi Məmmədağa
Şahtaxtinski
«Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki,
Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq
Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək.
Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə
xidmət edəcəkdir.
1919-cu il sentyabrın 1-də parlament Bakı
Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
273
iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali
məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında
qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin
sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı:
Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank
təqaüd, 1000 frank da yol xərci, Rusiyaya göndərilən hər bir
adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci.
Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti
qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət
etməli idi.
100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i
Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi.
Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: Tarix-
filologiya, tibb, fizika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə
iki fakültə üçün (tarix-filologiya, tibb) ştat, smeta müəyyən
edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi
idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi.
Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfindən təsdiq
edilirdi.
1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs
günü elan edildi.
Bakı Dövlət Universitetinin açılması Azərbaycan
hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi.
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri
üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş
təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin
mədəniyyət, xalq maarifi sahəsində öz müqəddəratını təyin
etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən
əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi.
Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri
Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər.
4. AXC-nin xarici siyasəti
VIII mühazirə
274
1918–1920-ci illərdə AXC-nin xarici siyasətinin əsas
məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən iba-
rət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin
tanınması və qorunub saxlanmasında Qərb ölkələrinin
himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi.
Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov İstanbul,
Vyana, Berlinə, eləcə də Ermənistan və Gürcüstanın mər-
kəzlərinə səlahiyyətli səfir təyin edilmişdi. Verilən mandata
görə Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş
səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran,
Rusiya, ABŞ, İtaliya, İsveç, Hollandiya, Ermənistanın rəsmi
nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş və onlara
memorandum təqdim etmişdi. Memorandumda Qafqazın
coğrafiyası, onun çar dövründə inzibati bölgüsü, regionun
demoqrafik vəziyyəti, Azərbaycan respublikasında mövcud
vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin
mahiyyəti, mart soyqırımı, Qarabağ məsələsi barədə məlumat
verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı
olduğu əsaslandırılırdı.
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin
tanınması üçün əlindən gələni əsirgiməyəcəyini bildirmişdi.
Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azər-
baycana köməyi minimuma enmişdi. Türkiyə müttəfiqlərindən
asılı vəziyyətə düşmüşdü. Müttəfiqlər Osmanlının Azərbaycana
diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış,
Osmanlı hökumətinə bunu qadağan etmişdi.
1918-ci ilin iyulunda Azərbaycanın İstanbuldakı nüma-
yəndə heyəti buradakı İran konsulluğuna AXC-nin yaranması
haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan
adlı müstəqil dövləti tanımadığını bildirmişdi. İranın
narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti
beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı
Azərbaycan Xalq Cümhuriyyəti
(1918 – 1920)
275
məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında
İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə
heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran
heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta
hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını
nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qon-
şuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli
məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış
edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər
çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin
yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi,
törətdikləri vəhşiliklər mane olurdu.
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər mü-
haribədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün
Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın
7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən
nümayəndə heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi.
Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç
ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin
köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə
çatdılar.
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ
prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın
istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana
aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması,
ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin
bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh
konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə
olduğunu bildirmiş
və Azəpbaycan nümayəndələrinə
konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüşdü.
Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə
heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün
|