Din dilinin fəlsəfi təhlili. Fəlsəfədə linqivistik çevriliş və din dilinin fəlsəfi tədqiqat obyektinə çevrilməsi. Dinin analitik fəlsəfəsinin spesifikliyi. Din dili probleminin L.Vitgenşteyn tərəfindən qoyuluşu və şərhi. L.Vitgenşteynin “dil oyunu” nəzəriyyəsi.
Din dili dini inamın mövcudluq vasitəsidir. Din dilinin xüsusiyyətləri. Din dili elementləri dini məna daşıyan işarələr sistemi kimi. Din dilinin qatları: təbii dil və süni dil. Təbii dil qatının ilkinliyi. Süni dil qatının xüsusiyyəti.
Dini şüurun simvolik aspekti. Müxtəlif dinlərin simvolları və onların şərhi.
Din mədəni universum sistemində. Müasir humanitar bilikdə mədəniyyət anlayışı: antropoloji, aksioloji, normativ və s. yanaşmalar.
Mədəniyyət və din münasibətlərinin sosial-tarixi və nəzəri-idraki xarakteri. Din və mədəniyyətin genezisi. XX əsrin tanınmış ilahiyyatçı-filosofu P.Tillix mədəniyyət və dinin qarşılıqlı münasibəti haqqında. Dinin sivilizasiyalar tarixində rolu və əhəmiyyəti. K.Douson yeni mədəniyyətin yaranmasında islamın rolu haqqında. Mədəniyyətin dinə əsasən tipologiyalarının tərtib olunması (A.Toynbi və S.Hantinqtonun tipologiyaları və s.).
Dinin digər mədəni universalilərlə qarşılıqlı təsiri. Din və mif, onların oxşar və fərqli cəhətləri. Mifin sinkretik məzmun daşıması. Dinin ilkin formaları (animizm, fetişizm, totemizm və s.) mifoloji sinkretizmin ayrılmaz hissəsi kimi. Mifoloji bütövlüyün parçalanması və dinin, eləcə də digər mədəniyyət formalarının yaranması. Dində mifoloji süjetlərdən istifadə olunması.
Din və incəsənətin qarşılıqlı münasibətləri. Din və incəsənət gerçəkliyin hissi-əyani obrazlar vasitəsilə mənimsənilməsi formasıdır. İncəsənət mifoloji bütövlüyün ayrılmaz hissəsi kimi. Dini ideyaların ifadəsi üçün incəsənət növlərindən istifadə edilməsi. İncəsənəti və dini eyniləşdirən konsepsiyaların məzmunu. Dinin və incəsənətin fərqli cəhətləri. Din fövqəlhissi reallıqdan asılılıq hissi və pərəstişdir. İncəsənət reallığın obrazlı mənimsənilməsi vasitəsidir. Dini incəsənət. İslam aləmində dini incəsənətin xüsusiyyətləri. Dində və incəsənətdə simvollar.
Din və əxlaqın qarşılıqlı münasibəti məsələsinə müxtəlif yanaşmalar: 1. əxlaqın dinə bağlılığını irəli sürən görüşlər; 2. din və əxlaqın bir-birindən asılı olmadığını qəbul etməklə bərabər, onların qarşılıqlı əlaqəsini təsdiq edən görüşlər. Əxlaqın dinə əsaslandığını iddia edən görüşlərin əsas xüsusiyyəti. Platonun “Yevtifron” dialoqu və fəlsəfə tarixində “Yevtifron dilemması” problemi. Xristian ilahiyyatçı filosofların bu problemdən irəli gələn əxlaq nəzəriyyələri. İslam dünyasında fəqih və kəlamçıların “hüsn və qubh məsələsi” adlandırdıqları problemin mahiyyəti. İslam fəlsəfəsində (mütəzilik, əşərilik, maturidilik) bu problemin fərqli şərhi və ortaq cəhətləri. Din və əxlaqı müstəqil fenomen hesab edən təlimlərin formaları: a. dinlə əxlaqın qarşılıqlı münasibətini təsdiqləyən və b. dinlə əxlaqın qarşılıqlı əlaqəsini inkar edən görüşlər. Onların mahiyyəti. Çağdaş din fəlsəfəsində din və əxlaqın avtonomluğunu qəbul etməklə bərabər, onların arasında qarşılıqlı əlaqənin mövcudluğunu təsdiqləyən düşüncələrin üstünlük təşkil etməsi.
Din və elm, onların ortaq və fərqli tərəfləri. Elmin və dinin idraki metodlarının fərqi. Müxtəlif dinlərin (xristianlıq, islam və s.) elmə münasibəti. Elmin ayrı-ayrı sahələri ilə dinin əlaqəsi. Dinlə elmin münasibətlərinin səciyyəsi. Antik dövrdə dinlə elmin münasibətinin indifferent xarakteri. Orta əsrlərdə və Yeni dövrdə xüsusən xristian dünyasında dinlə elm arasında münasibətin kəskinləşməsi. XX əsrin əvvəllərindən başlayaraq din və elm arasında gərginliyin səngiməsi. Din və elm bəşəriyyətin mənəvi mədəniyyətinin iki mühüm fenomenidir.
Din və fəlsəfənin qnoseoloji obyektinin eyniliyi və onlar arasında fərqlər. Din və fəlsəfənin qarşılıqlı münasibətinin səciyyəsi Antik mədəniyyətdə din və fəlsəfənin yanaşı mövcudluğu. Qədim hind, Çin, orta əsrlər xristian və islam mədəniyyətlərində din və fəlsəfənin sintezi. Yeni dövr Avropa mədəniyyətində bu iki fenomenin qarşıdurması. İslam dünyası filosofları din və fəlsəfənin qarşılıqlı əlaqəsi haqqında. Farabi və İbn Rüşdün fikirlərinin müqayisəsi. K.Yaspers din və fəlsəfənin əlaqəsi haqqında.
Tanrının varlığının sübutları.Tanrının varlığının sübutu din fəlsəfəsinin və fəlsəfi teologiyanın əsas problemlərindən biri kimi. Monoteist dinlərdə (iudaizm, xristianlıq, islam, siqhizm) Tanrının varlığının teoloji sübutu. Quranda və hədislərdə Allahın varlığının sübuta ehtiyacı olmayan həqiqət kimi təsbit olunması.
Tanrının varlığının fəlsəfi sübutlarının tipləri: 1. Ən mükəmməl varlıq kimi Tanrı anlayışından çıxış edərək onun varlığının sübutu (ontoloji sübut); 2. Dünya və insan təcrübəsinin müxtəlif aspektlərinə əsaslanan sübutlar (kosmoloji, teleoloji, antropoloji və s.).
Tanrının varlığının klassik, yaxud ənənəvi sübutları: ontoloji, kosmoloji, teleoloji. Ontoloji sübut. “Mükəmməl varlıq” anlayışı ontoloji sübutun əsasıdır. Monoteist dinlərdə Tanrının mükəmməl varlıq olması ideyası. İbn Sina fəlsəfəsində “vacibül-vücud” anlayışı ontoloji sübut kimi. A.Avqustinin ontoloji sübutu. A.Kenterberilinin Tanrının varlığına dair aprior (ontoloji) və aposterior sübutları. Onun ontoloji sübuta üstünlük verməsi. Ontoloji sübut ətrafında gedən mübahisələr. Rahib Qaunilonun tənqidi. Ontoloji sübutun Kant tərəfindən tənqidi və onun çağdaş fəlsəfədə davamçıları (G.Rayl, K.Bayer, J.J.Smart və b.). Dekart, Spinoza və Leybnis fəlsəfəsində ontoloji sübutun yeni nümunələri. Çağdaş din fəlsəfəsində Norman Malkolmun ontoloji sübutu dirçəltmək cəhdləri. F.Akvinalının Tanrının varlığına dair arqumentləri.
Kosmoloji sübut. Antik fəlsəfədə kosmoloji sübutun örnəkləri. Kosmoloji sübutun iki forması: kəlami sübut və F.Akvinalının sübutları. İslam dini-fəlsəfi düşüncəsində “vacibül-vücud” anlayışı kosmoloji sübut kimi. Əl-Kindi və əl-Qəzalinin sübutları. Farabinin və İbn Sinanın imkan dəlili. F.Akvinalının kosmoloji sübutu. Leybnis fəlsəfəsində kosmoloji sübut. Kosmoloji sübutun tənqidi (İbn Rüşd və İ.Kant). Kosmoloji sübutun çağdaş din fəlsəfəsində müdafiə olunması (Kreyq, Teylor, Suinbern və b.).
Teleoloji sübut. Antik fəlsəfədə teleoloji sübutun ilk nümunələri. Monoteist dinlərin müqəddəs kitablarında nizam və məqsəd ideyası. Müsəlman filosoflar aləmin yaradılışının məqsədəuyğunluğu haqqında. Əl-Kindi və Farabi ilahi nizamlayıcının varlığı haqqında. İbn Sina fəlsəfəsində Allah aləmin nizam və tərtibinin səbəbkarı kimi. Əl-Qəzalinin məqsəd və nizam ideyasını aləmin gözəlliyi fikriylə birgə nəzərdən keçirməsi. İbn Rüşdün teleoloji sübutla bağlı görüşləri. F.Akvinalının teleoloji sübutu əsaslandırması. İngilis filosofu U.Peylinin ( XYIII əsr) aləmin məqsədəuyğunluğuna dair arqumentləri. Teleoloji sübutun tənqidi (D.Yum, İ.Kant).
Əxlaqi sübut. Tanrının varlığının əxlaqi sübutunun İ.Kant tərəfindən əsaslandırılması. Əxlaqi borc qanunu. Təcrübi zəkanın postulatları (azadlıq, ölməzlik, Tanrı).