Din fəlsəfəsinin predmeti və problemləri. Din - fəlsəfi təhlilin predmeti kimi. Dinin tərifi problemi. Dinə verilən təriflər və onların təsnifatı: teoloji, fəlsəfi və elmi təriflər. Teoloji təriflərin xüsusiyyəti. İslam ilahiyyatçılarının din anlayışı. Xristian ilahiyyatçılara görə dinin tərifi. Dinin fəlsəfi tərifinin səciyyəvi cəhətləri. Fəlsəfədə dinə verilən bəzi təriflərin (A.Uaythedin, F.Şleyermaherin, M.İqbalın, B.Rasselin, Ə.Şəriətinin və b.) şərhi.
Elmi təriflərin teoloji və fəlsəfi təriflərdən fərqli xüsusiyyətləri. Dinə elmi və fəlsəfi tərif verilərkən istifadə olunan üsul və metodlar: deskriptiv, genetik, strukturalist, semantik və s.
Müxtəlif mədəniyyətlərdə din fenomenini ifadə etmək üçün işlədilən anlayışlar. Avesta mətnlərində din sözü. İslamaqədərki türklərin dini görüşü ifadə etmək üçün istifadə etdikləri sözlər. Uzaq Şərq mədəniyyətində din anlayışı. Qərb dillərində istifadə olunan “religion” sözünün mənşəyi haqqında mülahizələr. Quranda din sözünün məna tutumu.
Din fəlsəfəsinin problemlərini müəyyənləşdirməyin çətinliyi. Din fəlsəfəsinin məşğul olduğu əsas problemlər: dinin fəlsəfi tədqiqinin spesifikasının müəyyənləşdirilməsi, fəlsəfi biliklər və din haqqında elm sistemində din fəlsəfəsinin statusunun aşkar olunması; dinin genezisi və təbiətinin aşkar olunması üçün çeşidli konsepsiya və nəzəriyyənin təhlili; dinin ontoloji və epistemoloji əsaslarının aşkar edilməsi; Tanrının varlığına dair dini və fəlsəfi sübutların tədqiqi; dinin əsas postulatlarının fəlsəfi təhlili; dini təcrübə, dini inam, dini bilik və din dilinin fəlsəfi təhlili; dinin mədəni universumda yeri və fəlsəfi-dini antropologiyanın xüsusiyyətləri və s.
Din fəlsəfəsinin müstəqil bilik sahəsinə çevrilməsi.Din haqqında fəlsəfi biliklərin yaranması. Qədim Şərq fəlsəfəsində din haqqında ideyalar. Hindistanda lokayatların ilahinin varlığını, ruhun ölməzliyini, axirət dünyasının mövcudluğunu inkar etmələri. Çin filosofu Van Çunun səmanın ali varlıq sayılmasına qarşı mülahizələri.
Antik filosoflar dinin yaranması və tanrılar haqqında. Ksenofanın dinin və tanrıların mənşəyi və qnoseoloji şərtləri haqqında fikirləri. Evgemer dinin yaranmasında güclü şəxsiyyətlərin rolu haqqında. Platon tanrıların mənşəyi haqqında. Tanrıların və dinin mənbəyi haqqında Demokritin fikirləri. Onun axirət dünyasına inamı rədd etməsi. Demokrit ideyalarının Epikür və T.L.Kar tərəfindən davam etdirilməsi. T.L.Karın dinin yaranmasında qorxu hissini əsas götürməsi. Kriti və Sekst Empirikin dinin yaranması və tanrılar haqqında mülahizələri. “Tanrıların təbiəti haqqında” əsərində Siseronun dinin tədqiqinə metodoloji yanaşma prinsipləri. Onun dini fəlsəfədən ayırması.
Dinin fəlsəfi təhlil predmetinə çevrilməsində XYII-XYIII əsrlər Avropa maarifçilik fəlsəfəsi nümayəndələrinin rolu. Yeni dövr maarifçiləri və filosoflarının dinin yaranma səbəbləri, insan həyatında və ictimai həyatda yeri məsələsinə dair və etiqad azadlığı ilə bağlı fikirləri. T.Hobbs dinin yaranma səbəbləri və Bibliya haqqında. Volterin deizmi, Tanrı – Ali Zəka haqqında təlimi. Dinin fəlsəfi təhlilində P.Beylin “Tarixi-tənqidi lüğət” əsərinin əhəmiyyəti. Beyl dinin cəmiyyətdə yeri və rolu haqqında. Onun yalnız ateistlərdən ibarət cəmiyyətin mümkünlüyü haqqında mülahizələri. XYII-XYIII əsrlər fransız maarifçiləri və materialistlərinin dinin mənşəyi və mahiyyəti haqqında görşlərinin öyrənilməsində Holbaxın “Təbiətin sistemi” adlı əsərinin əhəmiyyəti. Holbaxın din haqqında mülahizələri.
Din fəlsəfəsinin formalaşmasında B.Spinozanın rolu. Onun Tanrı ilə təbiəti eyniləşdirməsi, fəlsəfə ilə ilahiyyatı bir-birindən ayırması. Spinoza dini etiqad və vicdan azadlığı haqqında. “İlahi-siyasi traktat”da Bibliya mətnlərinin elmi-tənqidi təhlilini verməsi. Bibliyanın şərhinin immanent üsulu. Spinozanın din fəlsəfəsində qorxu və ümid affektləri dinin mənbəyi kimi. Spinoza dinin insanın və cəmiyyətin həyatına təsiri haqqında.
D.Yumun “təbii din” anlayışının dinin nəzəri konstruksiya kimi fəlsəfi təhlilinə və konkret dinlərin empirik tədqiqinə imkan yaratması. Onun “Dinin təbii tarixi” əsərində dinin meydana gəlməsinə və monoteist dinlərin formalaşmasına dair mülahizələri. D.Yum ilk dini prinsiplərin törəmə, ikinci olması haqqında. Onun politeist dinlərin meydana gəlməsində emosiya və affektlərin roluna dair mülahizələri. Yum Tanrının varlığının sübutlarına münasibəti.