AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Sosial elmlər və psixologiya fakültəsi



Yüklə 135,56 Kb.
tarix26.02.2017
ölçüsü135,56 Kb.
#9655
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

DİNİN TARİXİ VƏ FƏLSƏFƏSİ

ixtisası üzrə

P R O Q R A M

(Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi

BAKI – 2016

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ

Sosial elmlər və psixologiya fakültəsi

Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrası

DİNİN TARİXİ VƏ FƏLSƏFƏSİ

ixtisası üzrə

P R O Q R A M

(Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə doktoranturaya qəbul imtahanları üçün)

İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi

BAKI – 2016

Tərtib edən: Fəlsəfə tarixi və mədəniyyətşünaslıq

kafedrasının dosenti Q.C.Mürşüdlü
Elmi redaktor: Fəlsəfə üzrə elmlər doktoru,

prof. R.N.Aslanova
Rəyçilər: Fəlsəfə üzrə elmlər doktoru, prof. S.Y.Hüseynov
Fəlsəfə üzrə elmlər doktoru,

prof. Z.C.Hacıyev

İ Z A H A T V Ə R Ə Q İ

Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə (İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi) doktoranturaya qəbul imtahanı üçün nəzərdə tutulmuş proqram iki hissədən ibarətdir: birinci hissə dinlər tarixini, ikinci hissə isə dinin fəlsəfəsi problemlərini ehtiva edir. Proqram fəlsəfə ixtisasının və ilahiyyat fakültəsinin bakalavr və magistratura pillələrində fəlsəfə dinlər tarixi və dinin fəlsəfəsi üzrə tədris olunan kursların proqramları əsasında tərtib olunmuşdur. Proqram iddiaçıları imtahana hazırlıq zamanı istiqamətləndirmək, onların öyrənməli olduqları mövzular və bacarıqlar haqqında məlumat vermək məqsədi ilə yazılmışdır.

Dinin tarixi və fəlsəfəsi ixtisası üzrə (İxtisas şifri 7214.01 – dinin tarixi və fəlsəfəsi) doktoranturaya qəbul imtahanı verən iddiaçı aşağıdakı bilik və bacarıqlara malik olmalıdır - iddiaçı:


  • dinşünaslığın nəzəri problemlərinə dair geniş məlumatlı olmalı;

  • dinlər tarixinin öyrənilməsinə müxtəlif yanaşmaları, nəzəriyyə və konsepsiyaları təhlil etməyi bacarmalı;

  • dnlərin tarixi formaları, onların yaranması və təkamülü haqqında biliyə malik olmalı;

  • ayrı-ayrı dinlərin tarixinə və müasir vəziyyətinə dair biliyə, həmçinin bu sahədə araşdırma aparmaq bacarığına malik olmalı;

  • dinin fəlsəfi dərki sahəsində nəzəri və tematik biliklərə yiyələnmiş olmalı;

  • dinin fəlsəfi təhlili tarixi haqqında tam təsəvvürə malik olmalı, din fəlsəfəsinin çağdaş konsepsiyalarını bilməli;

  • din fəlsəfəsinin kateqorial-anlayış aparatını bilməli və din fəlsəfəsi üzrə ilk mənbələrlə işləmək vərdişinə sahib olmalı;

  • dinin tarixinə və fəlsəfəsinə dair əldə etdiyi bilikləri professional və gündəlik fəaliyyətdə istifadə etməyi bacarmalı;

  • dinin aktual problemlərini müəyyən etmək və öyrənmək, onları din fəlsəfəsinin prinsip və metodologiyasının tətbiqi əsasında təhlil etməyi bacarmalıdır.


I. DİNLƏR TARİXİ

Din” anlayışının etimologiyası. Müxtəlif mədəniyyətlərdə din fenomenini ifadə etmək üçün işlədilən anlayışlar. Avesta mətnlərində din sözü. İslamaqədərki türklərin dini görüşü ifadə etmək üçün istifadə etdikləri sözlər. Uzaq Şərq mədəniyyətində din anlayışı. Qərb dillərində istifadə olunan “religion” sözünün mənşəyi haqqında mülahizələr. Quranda din sözünün məna tutumu.



Dinlər tarixinin öyrənilməsinə müxtəlif (antropoloji, tarixi, teoloji) yanaşmalar. Dinlər tarixinin öyrənilməsi üzrə məktəblər: mifoloji, antropoloji, sosioloji, fenomenoloji və d. məktəblər. Dini etiqadların müxtəlifliyi. Dinlər arasında qarşılıqlı əlaqə.

Dinin strukturu və əsas elementləri: dini təsəvvürlər, dini hisslər və dini ayinçilik. Dinin təşkilati strukturu, dini institut və təşkilatlar. Dini şüurun daxili ziddiyyətliliyi. Dini şüur - insan idrakının konkret-hissi və abstrakt momentlərinin ziddiyyətli vəhdətidir.

Dinin funksiyaları: dünyagörüşü, nizamlayıcı, əlaqələndirici, əvəzləyici, birləşdirici-ayırıcı və s.

Dinlərin formaları və coğrafi yayılması: ibtidai tayfa-qəbilə dinləri; milli dinlər; dünya dinləri. Dinin yaranması və erkən formaları. İlkin din formaları problemi. İbtidai cəmiyyətdə dini şüurun formalaşmasında magiyanın mühüm rolu. Magik mərasimlərin differensiasiyası. Neolit dövründə dini şüurun inkişafı. Əcdadlar kultu və dəfnetmə mərasimləri.

Qəbilə-tayfa dinləri. Magiya, tabu, fetişizm, totemizm, animatizm, animizm.



1. Milli-dövlət dinləri. Milli din anlayışı. Milli dinlərin tayfa dinlərindən başlıca fərqi. Milli dinin dövlət dininə çevrilməsi.

Zərdüştilik dini. Zərdüştiliyə qədərki İran dinləri. Zərdüştilik dinin peyğəmbəri Zərdüşt. Avesta zərdüştilərin müqəddəs kitabıdır. Avestanın günümüzədək çatmış hissələri: Yəsna, Vəndidad, Vispered və Yəştlər. Müəllifi Zərdüşt olan Qatalar ən qədim himnlərdir. Zərdüştilik monodualist dindir. Ahura-Məzdaya etiqad, təktanrıçılığın təbliği. Dualizm ideyaları. Zərdüştiliyin dini prinsipləri, qiyamət günü, cənnət və cəhənnəm, çinvət körpüsü və s. haqqında təlimi. Zərdüştiliyin dini-mənəvi dəyərləri. Zərdüştilik müasir dövrdə.

Hindlilərin qədim milli dini hinduizm. Hinduizm Vedalar dinidir. Veda mətnlər toplusu. Brəhmənizm dininin təşəkkülü. Hinduizmin dini-fəlsəfi əsasları. Hinduizmdə sanatana dhərmə ənənəsi. Dhərmə, karma və sansara anlayışları. Allahlar haqqında təlim. Trimurti – Brəhmə, Şiva və Vişnu allahlar üçlüyü. Hinduizmin əsas istiqamətləri: şivaizm və vişnuizm. Hinduizmin dini-ayinçilik praktikası və əsas bayramları. Müasir hinduizm.

İudaizm etnik dini. İudaizmin meydana gəlməsi. Yəhvaya sitayiş kultunun yaranması. Yəhudiliyin (iudaizmin) müqəddəs mətnləri. Tanaha (Əhdi-Ətiq) daxil olan mətnlər: Tövrat ( “On nəsihət” və “Musanın beş kitabı”), Zəbur, Münsiflərin kitabları və s. Qanun və rəvayətlər toplusu Talmud (“Mişna” və “Gemara”). İudaizmin dini mərasimləri və bayramları. İudaizmin mistik istiqaməti – kabbala. Sionizm.

Daosizm dini. Daosizmin fəlsəfi təlim kimi meydana gəlməsi və dini ayinçilik sisteminə çevrilməsi. Lao-szı və onun dao haqqında təlimi, “Dao de szin” əsəri. Daosizmin buddizmlə oxşar cəhətləri. Daosizmin sitayiş obyektləri və ayinçilik praktikası. Daosizmin mənəvi idealı. Daosizmdə zahidlik; si, szin, şen anlayışları.

Konfusiçilik dini. Konfusiçilik etik-fəlsəfi təliminin yaranması və dini sistemə çevrilməsi. Konfusi və “Lun yuy” kitabı. Səma kultunun və əcdadlar kultunun dirçəldilməsi. İnsanın kamilləşməsi proqramı. Konfusinin təbliğ etdiyi fəzilətlər: insanpərvərlik, borc hissi, səmimilik, ədəb-ərkanlıq və oğulluq ehtiramı - jen, çjen, i, li, və syao əxlaqi keyfiyyətləri. Konfusiçilikdə dini ritualların əhəmiyyəti.

2. Dünya dinləri. Dünya dinləri, onların xarakterik cəhətləri və coğrafi yayılması.

Buddizm dini. Buddizm təliminin banisi Siddihartha Hautamanın fəaliyyəti və nurlanması. Buddizmdə düqhə və nirvana anlayışları. Buddanın dörd nəcib həqiqət və səkkiz salehlik yol haqqında təlimi. Buddizm dininin formalaşması və dünya dininə çevrilməsi. Buddizm dini ədəbiyyatı Tripitaka və Dhammapada. Buddizmin əsas istiqamətləri (mahayana, hinayana). Buddizmin əsas ayin və bayramları. Müasir dünyada buddizm.

Xristianlıq dini. Xristianlığın meydana gəlməsi, onun dini-fəlsəfi mənbələri. İisus Xristosun həyatı və fəaliyyəti. Onun tarixi şəxsiyyət olub-olmamasına dair mübahisələr: dişünaslıqda mifoloji və tarixi məktəblər. Bibliya xristianların dini mətnlər toplusu kimi – Əhdi-ətiq (39 kitab) və Əhdi-cədid. Xristianlığın dövlət və dünya dininə çevrilməsi. Etiqad simvollarının qəbul edilməsi. İisus Xristosun iki təbiəti haqqında ehkama dair mübahisələr. Monofizitlər və diofizitlər.

Xristianlığın parçalanması: katolisizm və pravoslavlıq. Parçalanmanın, ideya və ayinçilik ixtilaflarının səbəbləri. Katolisizmin özəl xüsusiyyətləri. Vatikan dünya katoliklərinin mərkəzi kimi. Katolisizmin əsas ehkamları, ayin, mərasim və bayramları.

Şərqi xristianlıq – pravoslavlıq. Katoliklər və pravoslavlar arasında etiqad, ayin və mərasim fərqləri. Pravoslav kilsəsi. Pravoslavlığın əsas ehkamları, ayin, mərasim və bayramları.

Protestantizmin yaranması, onun əsas istiqamət və sektaları. Lüterançılıq və anqlikançılıq, onların meydana gəlməsi və fərqli cəhətləri. Svinqliançılıq və kalvinizm protestantizmin istiqamətləri kimi. Protestantizm müasir dünyada.

Azərbaycanda xristianlığın yayılması. Xristianlığın coğrafiyası.

İslam dini. Məhəmməd peyğəmbərin həyatı və ilk vəhy alması. Təkallahlığı təbliğ etməsi. Kəəbənin fəthi və İslam dininin formalaşması. İslamın yayılması və dünya dininə çevrilməsi. İslamın müqəddəs kitabı Quran, onun quruluşu və məzmunu. Məkkə və Mədinə vəhyləri. Sünnələr, onların toplanması və səhih hədis topluları.

İslam dininin əsas ehkamları (kəlmeyi-şəhadət, namaz, oruc, zəkat, həcc). İslamda imanın əsas şərtləri. İslamda ayin və bayramlar, onların dini baxımdan əhəmiyyəti. İslam əsasında yaranan dini elmlər (fiqh, kəlam və s.).

İslamda parçalanma və ixtilafların səbəbləri. İslamda əsas cərəyanlar: sünnilik və şiəlik. İslamda xaricilik cərəyanı. Onların arasında ideya və ayin fərqləri. Sünnilikdə dörd hüquq məktəbi (malikilər, şafiilər, hənbəlilər və hənifilər). Şiəliyin cəfəri məktəbi.

İslam mistisizmi. Sufiliyin mənbələri və əsas cəhətləri. Quran və sufilik. İslam müasir dünyada. Mədəniyyətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsində islamın yeri və rolu.

Azərbaycanda islamın yayılması. Azərbaycanda dini tolerantlıq və dinlərarası dialoq.

Qeyri-ənənəvi dinlər, onların ideya mənbələri. Bəhailik, onun yaranması və əsas prinsipləri.



Ədəbiyyat

  1. Alici Mustafa. Müslüman- Hıristiyan Diyaloğu. İst., İz Yayınlar, 2010.

  2. Aslanova R. İslam və mədəniyyət. Bakı, 2002.

  3. Azərbaycan fəlsəfə tarixi, I cild. Bakı, Elm, 2014.

  4. Belyayev Y.A. Müsəlman təriqətləri. B., 1990.

  5. Bərki Ə.H., Kəskioğlu O. Xatəmül-Ənbiya Həzrəti Məhəmməd və həyatı. Ankara, 1997.

  6. Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər. B., 1997.

  7. Әliyev R.Y. İslam . ­ II nәşri. ­ Bakı, "Әbilov, Zeynalov vә oğulları", 2004.

  8. Əliyev R. Dinin əsasları. Bakı, 2003.

  9. Əlizadə A. Xristianlıq: tarix və fəlsəfə (ilk şağlar). B., 2007.

  10. Xəlilov S.Sivilizasiyalararası dialoq. B., 2009.

  11. İslam: Tarix. Fəlsəfə. İbadətlər. B., 1994.

  12. Qocatürk N. İslam mədəniyyətində sufizm. B., 2010.

  13. Masse A. İslam. B., 1992.

  14. Quluzadə M. Azərbaycanda dövlət və din münasibətlərində din-islam amili. Bakı, 2001.

  15. Mustafayev E. İslam sxolastikasında insanın iradə azadlığı problemi. B., 2005.

  16. Paşazadə A. Qafqazda islam. Tarix və müasirlik. B., 1996.

  17. Tümer G., Küçük A. Dinler tarihi. Ankara, 1997.

  18. Алов А.А., Владимиров Н.Г., Овсиенко Ф.Г. Мировые религии. М., 1998.

  19. Васильев Л.С. История религий Востока. М., 1988.

  20. Введение в общее религиоведение. Под ред. И.Н.Яблокова. М., 2008.

  21. Всеобщая история религий мира. М., 2010.

  22. Горелов А.А. История мировых религий. М., 2005.

  23. Грюнeбаум Г.Э. фон. Классический ислам. М., 1988.

  24. Ибн Хишам. Жизнеописание пророка Мухаммеда. М., 2011.

  25. История религии: В 2 т. М., 2002.

  26. Ислам. Энциклопедический словарь. М., 1991.

  27. Иудаизм и христианство. М.,1995.

  28. Журавский А.В. Христианство и ислам. Социальные проблемы диалога. М., 1990.

  29. Классики мирового религиоведения. М., 1996.

  30. Мистики XX века: Энциклопедия. М., 1996.

  31. Оливер П. Мировые религиозные верования. М., 2003.

  32. Радугин А.А. Введение в религиоведение. М., 2000.

  33. Радхакришнан С. Индийская философия, т.1. М., 1993.

  34. Религиозные традиции мира: В 2 т. М., 1996.

  35. Саидбаев Т.С. Ислам. М., 1993.

  36. Сидоров С. Буддизм: история, каноны, культура. М., 2005.

  37. Токарев С.А. Ранние формы религии. М., 1990.

  38. Томпсон М. Мировые религиозные верования. М., 2003.

  39. Торчинов Е.А. Религии мира. СПб, 1997.

  40. Хрестоматия по исламу. М., 1994.

  41. Христианство: Словарь. М., 1994.

  42. Шантени де ля Соссей Д.П. Иллюстрированная история религии. М., 1992.

  43. Шлейермахер Ф. Речи о религии к образованным людям ее презирающим. М., 1994.

  44. Элиаде М. Очерки сравнительного религиоведения. М., 1999.

  45. Юнусов А. Ислам в Азербайджане. Б., 2004.

  46. Ясперс К. Смысл и назначение истории. М., 1991.


Mənbələr

  1. Avesta. Birinci kitab. B., 1995.

  2. İncil. Əhdi-Cədid. Stokholm, 1995.

  3. Qurani Kərim // Tərc. Bünyadov Z., Məmmədəliyev V. B., 2004.

  4. əş-Şəhrəstani M. Dini təriqətlər və fəlsəfi təlimlər. Bakı, 1998.

  5. Библия. М., 1976.

  6. Дхаммапада. М., 1960.

  7. Конфуций. Лунь юй. Изречения. М., 2007.

  8. Лао-Цзы. Дао де-цзин. Алматы, 2004.

  9. Ригведа. Избранные гимни. М., 1972.


II. DİN FƏLSƏFƏSİ

Din fəlsəfəsi kursuna giriş. Din və fəlsəfə, onların qarşılıqlı münasibəti, oxşar və fərqli tərəfləri. Dinin və fəlsəfənin qnoseoloji obyektinin eyniliyi və idrak metodlarının fərqli xüsusiyyətləri.

Din fəlsəfəsinin məzmun tutumuna müxtəlif mövqelərdən - dinşünaslığın bir hissəsi kimi, fəlsəfi biliyin müstəqil sahəsi kimi, fəlsəfənin mövzularından biri kimi və dini fəlsəfə kimi - yanaşma. “Din fəlsəfəsi”, “dini fəlsəfə”, “fəlsəfi teologiya” və “dinşünaslıq” anlayışlarının və bu adlar altındakı bilik sahələri arasında qarşılıqlı münasibətin şərhi. Sözün geniş mənasında din fəlsəfəsi: yaranması və mahiyyəti. Sözün məhdud mənasında din fəlsəfəsi və onun əsas xüsusiyyəti. Din fəlsəfəsinin təşəkkülünün tarixi formaları.

Din fəlsəfəsinin formalaşmasını şərtləndirən əsas amillər. Fəlsəfənin ilahiyyatdan ayrılması və onun nəticələri. Tarixi bilik sahəsinin genişlənməsi və müxtəlif dinlərə dair empirik materialların toplanması din fəlsəfəsinin və elmi dinşünaslığın elm kimi formalaşmasının mühüm şərtləri kimi.

İslam dünyasında dinlərin müqayisəli öyrənilməsi. Əbu Reyhan Biruni müqayisəli dinşünaslığın parlaq nümayəndəsi kimi. Onun əsərlərində müxtəlif xalqların dini bayram və adətləri haqqında məlumatların toplanması. Dinlərin komparativist təhlilində M. əş-Şəhrəstaninin “Dini təriqətlər və fəlsəfi təlimlər” kitabının əhəmiyyəti.

Orta əsrlərdə Avropada dinin öyrənilməsinin səciyyəvi xüsusiyyəti.

Din fəlsəfəsinin predmeti və problemləri. Din - fəlsəfi təhlilin predmeti kimi. Dinin tərifi problemi. Dinə verilən təriflər və onların təsnifatı: teoloji, fəlsəfi və elmi təriflər. Teoloji təriflərin xüsusiyyəti. İslam ilahiyyatçılarının din anlayışı. Xristian ilahiyyatçılara görə dinin tərifi. Dinin fəlsəfi tərifinin səciyyəvi cəhətləri. Fəlsəfədə dinə verilən bəzi təriflərin (A.Uaythedin, F.Şleyermaherin, M.İqbalın, B.Rasselin, Ə.Şəriətinin və b.) şərhi.

Elmi təriflərin teoloji və fəlsəfi təriflərdən fərqli xüsusiyyətləri. Dinə elmi və fəlsəfi tərif verilərkən istifadə olunan üsul və metodlar: deskriptiv, genetik, strukturalist, semantik və s.

Müxtəlif mədəniyyətlərdə din fenomenini ifadə etmək üçün işlədilən anlayışlar. Avesta mətnlərində din sözü. İslamaqədərki türklərin dini görüşü ifadə etmək üçün istifadə etdikləri sözlər. Uzaq Şərq mədəniyyətində din anlayışı. Qərb dillərində istifadə olunan “religion” sözünün mənşəyi haqqında mülahizələr. Quranda din sözünün məna tutumu.

Din fəlsəfəsinin problemlərini müəyyənləşdirməyin çətinliyi. Din fəlsəfəsinin məşğul olduğu əsas problemlər: dinin fəlsəfi tədqiqinin spesifikasının müəyyənləşdirilməsi, fəlsəfi biliklər və din haqqında elm sistemində din fəlsəfəsinin statusunun aşkar olunması; dinin genezisi və təbiətinin aşkar olunması üçün çeşidli konsepsiya və nəzəriyyənin təhlili; dinin ontoloji və epistemoloji əsaslarının aşkar edilməsi; Tanrının varlığına dair dini və fəlsəfi sübutların tədqiqi; dinin əsas postulatlarının fəlsəfi təhlili; dini təcrübə, dini inam, dini bilik və din dilinin fəlsəfi təhlili; dinin mədəni universumda yeri və fəlsəfi-dini antropologiyanın xüsusiyyətləri və s.



Din fəlsəfəsinin müstəqil bilik sahəsinə çevrilməsi. Din haqqında fəlsəfi biliklərin yaranması. Qədim Şərq fəlsəfəsində din haqqında ideyalar. Hindistanda lokayatların ilahinin varlığını, ruhun ölməzliyini, axirət dünyasının mövcudluğunu inkar etmələri. Çin filosofu Van Çunun səmanın ali varlıq sayılmasına qarşı mülahizələri.

Antik filosoflar dinin yaranması və tanrılar haqqında. Ksenofanın dinin və tanrıların mənşəyi və qnoseoloji şərtləri haqqında fikirləri. Evgemer dinin yaranmasında güclü şəxsiyyətlərin rolu haqqında. Platon tanrıların mənşəyi haqqında. Tanrıların və dinin mənbəyi haqqında Demokritin fikirləri. Onun axirət dünyasına inamı rədd etməsi. Demokrit ideyalarının Epikür və T.L.Kar tərəfindən davam etdirilməsi. T.L.Karın dinin yaranmasında qorxu hissini əsas götürməsi. Kriti və Sekst Empirikin dinin yaranması və tanrılar haqqında mülahizələri. “Tanrıların təbiəti haqqında” əsərində Siseronun dinin tədqiqinə metodoloji yanaşma prinsipləri. Onun dini fəlsəfədən ayırması.

Dinin fəlsəfi təhlil predmetinə çevrilməsində XYII-XYIII əsrlər Avropa maarifçilik fəlsəfəsi nümayəndələrinin rolu. Yeni dövr maarifçiləri və filosoflarının dinin yaranma səbəbləri, insan həyatında və ictimai həyatda yeri məsələsinə dair və etiqad azadlığı ilə bağlı fikirləri. T.Hobbs dinin yaranma səbəbləri və Bibliya haqqında. Volterin deizmi, Tanrı – Ali Zəka haqqında təlimi. Dinin fəlsəfi təhlilində P.Beylin “Tarixi-tənqidi lüğət” əsərinin əhəmiyyəti. Beyl dinin cəmiyyətdə yeri və rolu haqqında. Onun yalnız ateistlərdən ibarət cəmiyyətin mümkünlüyü haqqında mülahizələri. XYII-XYIII əsrlər fransız maarifçiləri və materialistlərinin dinin mənşəyi və mahiyyəti haqqında görşlərinin öyrənilməsində Holbaxın “Təbiətin sistemi” adlı əsərinin əhəmiyyəti. Holbaxın din haqqında mülahizələri.

Din fəlsəfəsinin formalaşmasında B.Spinozanın rolu. Onun Tanrı ilə təbiəti eyniləşdirməsi, fəlsəfə ilə ilahiyyatı bir-birindən ayırması. Spinoza dini etiqad və vicdan azadlığı haqqında. “İlahi-siyasi traktat”da Bibliya mətnlərinin elmi-tənqidi təhlilini verməsi. Bibliyanın şərhinin immanent üsulu. Spinozanın din fəlsəfəsində qorxu və ümid affektləri dinin mənbəyi kimi. Spinoza dinin insanın və cəmiyyətin həyatına təsiri haqqında.

D.Yumun “təbii din” anlayışının dinin nəzəri konstruksiya kimi fəlsəfi təhlilinə və konkret dinlərin empirik tədqiqinə imkan yaratması. Onun “Dinin təbii tarixi” əsərində dinin meydana gəlməsinə və monoteist dinlərin formalaşmasına dair mülahizələri. D.Yum ilk dini prinsiplərin törəmə, ikinci olması haqqında. Onun politeist dinlərin meydana gəlməsində emosiya və affektlərin roluna dair mülahizələri. Yum Tanrının varlığının sübutlarına münasibəti.

İ.Kanta görə dinin fəlsəfəsi. Din fəlsəfəsinin təşəkkülündə alman mütəfəkkirlərinin rolu. Din fəlsəfəsinin fəlsəfəsinin xüsusi sahəsinə çevrilməsində İ.Kantın xidmətləri. Kantın dinin fəlsəfi təhlilini ehtiva edən əsərləri. Kantın din fəlsəfəsinin nəzəri mənbələri: Yum və Russo.

Kant tərəfindən ənənəvi metafizikanın və teologiyanın tənqidi. Onun nəzəri zəkanı məhdudlaşdırması. Kant spekulyativ və təcrübi zəkanın qarşılıqlı münasibəti haqqında. Kant fəlsəfəsində “ali xoşbəxtlik” anlayışı. “Ali xoşbəxtliyin” elementləri, əxlaq və səadət. Təcrübi zəkanın postulatları. Tanrının varlığının elmi sübutunun mümkünsüzlüyünü əsaslandırması. Tanrının varlığının klassik sübutlarının rəddi.

Zəkanın tənqidi və əxlaq dininin mahiyyəti. Tanrının varlığının əxlaqi sübutu. Tanrı ideyası zəkanın idealı kimi. Dinin əxlaqa münasibəti Kantın din fəlsəfəsinin əsas məsələsi kimi: “Din yalnız zəka dairəsində”.

Kanta görə dini etiqadın təsnifatı: əxlaq dini və statutar (tarixidin, kilsə dini) din. Əxlaq dininin səciyyəsi. Statutar dinin xüsusiyyəti. Saf əxlaq dini və ibadət dininin fərqi.



Hegelin din fəlsəfəsi. Hegelin ruh fəlsəfəsi. Din mütləq ruhun formalarından biri kimi. Hegel tərəfindən din fəlsəfəsinin fəlsəfi biliyin müstəqil sahəsi kimi formalaşdırılması. “Dinin fəlsəfəsinə dair mühazirələr”. Hegelə görə fəlsəfə və din, onların qarşılıqlı münasibəti. Əbədi həqiqətin dərkində fəlsəfə ilə dinin metod fərqləri. Hegelin Tanrıya etiqadı rasionallaşdırması.

Hegel fəlsəfəsində din anlayışı. Dinin şərhində həqiqi, mütləq din adlandırdığı xristianlığı əsas götürməsi. Tanrı – mütləq ideya kimi. Dinin İlahi ruhun törəməsi kimi şərhi. Tanrının varlığının ənənəvi sübutlarına münasibəti. Vəhy dini.

Dini şüur formalarının dini münasibətlərin formaları kimi nəzərdən keçirilməsi. Dini münasibətlərin formalarının obyektiv və subyektiv tərəfləri. Dini münasibətlərin (şüurun) formaları və onlar arasında fərqlər: dini hiss, seyretmə (seyrədalma, dalma), təsəvvür və təfəkkür. Dinin spekulyativ anlayışının şərhi.

Dinin Hegel təsnifatı. Xalq dini və pozitiv din. Dinin inkişafının pillələri: təbii din, mənəvi fərdiyyət dini, mütləq din və onların səciyyəsi. Təbii dinin səviyyələri. Mənəvi fərdiyyət dininin formaları. Mütləq dinin – xristianlığın səciyyəsi: xristianlıq həqiqət, azadlıq və ruh kimi. Hegel təsnifatında islama yer ayrılmaması.

Din fəlsəfəsinin fəlsəfi biliyin müstəqil sahəsinə çevrilməsində və inkişafında Hegelin xidmətləri.

Dinin mənbəyi və mahiyyətinə dair nəzəriyyə və konsepsiyalar. Din fəlsəfəsində dinin mənbəyi və mahiyyəti problemi. Dinin mənbəyi anlayışı. Dinin mənbəyi və mahiyyətinə dair ehtimal və nəzəriyyələrin təsnifatı: teoloji-fəlsəfi və elmi-fəlsəfi nəzəriyyələr. Dinin mənbəyinə dair teist nəzəriyyələr. Xristianlıqda dinin mənbəyi problemi. V.Şmidtin pramonoteizm nəzəriyyəsi. İslamda dinin əbədiliyi ideyası.

Dinin mənbəyi haqqında elmi-fəlsəfi konsepsiya və nəzəriyyələrin təsnifi və onların səciyyəsi. Siyasi nəzəriyyə və onun növləri: a. Evgemerizm nəzəriyyəsi. Ölmüş başçıların, hökmdar və qəhrəmanların iahiləşdirilməsi dinin obyekti kimi; b. Aldatma (uydurma) nəzəriyyəsi (Kriti, T.Hobbs, J.J.Russo, Kondorse və b.). Burada dinin siyasətçilərin uydurması və dövləti idarə etmə vasitəsi hesab olunması.

Dinin mənbəyinə dair naturalist nəzəriyyələr: a). qorxu nəzəriyyəsinin mahiyyəti (Demokrit, T.L.Kar, Spinoza, Yum və b.). Təbiətin dinin mənbəyi hesab olunması; b). koqnitiv nəzəriyyələr – astral-mifoloji konsepsiya (Ş.Düpüi, K.Volney, B.Bauer və b.). Dinin mifologiyaya əsaslanması ideyası. E.Teylorun animizm nəzəriyyəsi. Ruhi varlıqlara inam ibtidai dinin “minimumu” kimi; c). adaptasiya (uyğunlaşma) nəzəriyyəsi – L.Levi-Bryül, R.Marett və M.Eliadenin konsepsiyaları. Dinin insanın təbiətə uyğunlaşması vasitəsi kimi şərhi. Dinin mənbəyi haqqında antropoloji nəzəriyyələr: a). sosioloji nəzəriyyə - E.Dürkheymin fəlsəfi-sosioloji konsepsiyası; b). psixoloji nəzəriyyə - Z.Freyd dinin mənbəyinin insanın qeyri-şüuri istəkləri ilə əlaqədar olması haqqında; c). fəlsəfi-antropoloji nəzəriyyə - L.Feyerbax dinin mənbəyinin insanın asılılıq hissində olması haqqında. Onun Tanrı ilə insanı, dinin predmeti ilə insanın mahiyyətini eyniləşdirməsi. “Xristianlığın mahiyyəti” əsəri dinin fəlsəfi təhlili nümunəsi kimi. Feyerbax fəlsəfəsində dinin tipologiyası: təbii dinlər və mənəvi-bəşəri dinlər, onların səciyyəsi.

Klassik marksizmdə dinin mahiyyəti və mənşəyi problemi. K.Marks insan mahiyyəti və onun fantastik gerçəkliyə çevrilməsi haqqında. Marksizmdə dinin real gerçəkliyin təhrif olunmuş inikası kimi dəyərləndirilməsi. Dinin Engels tərəfindən verilmiş tərifi. Marksizm klassikləri dinin aradan qalxması şərtləri haqqında.



XIX əsr Azərbaycan maarifçiləri dinin mənşəyi və mahiyyəti haqqında. Azərbaycan maarifçilərinin fəlsəfəsində dinin mənşəyi və mahiyyəti məsələsi. Mirzə Fətəli Axundzadə dinin yaranma səbəbləri və mənbələri haqqında. “Kəmalüddövlə məktubları” traktatı dinin fəlsəfi təhlilinin nümunəsi kimi.

C.Əfqani tərəfindən dinin fəlsəfi-sosioloji təhlili. Dinin mədəniyyət sistemində yeri məsələsi. Əfqani təlimində dinlərin təsnifi: həqiqi və batil inanclar.



Dini təcrübə. Dini şüur (dini münasibət) din fenomeni olaraq din fəlsəfəsinin predmeti kimi. Dini sistemlərdə şüurun iki səviyyəsi: adi dini şüur və konseptual, nəzəri-sistemləşdirilmiş dini şüur. Dini təcrübə dini münasibətin (şüurun) formasıdır. Dini təcrübə anlayışının məzmun tutumu. Dini təcrübə - dini hiss və yaşantıların məcmusu kimi. Dini təcrübə dini ənənənin tərkib hissəsi, dini münasibətlərin mühüm cəhətidir. U.Ceymsin “Dini təcrübənin müxtəlifliyi” əsərinin dini təcrübənin tədqiqində əhəmiyyəti. U.Ceyms müəyyən psixi hal və yaşantının, təcrübənin dinin formalaşmasında ilkinliyi haqqında. Dini təcrübənin öyrənilməsində F.Şleyermaher və R.Otto kimi teoloq-filosofların rolu.

Dini təcrübənin əsas xüsusiyyətləri: onun obyektivliyi, passiv və fərdi xarakter daşıması. Dini təcrübədə transsendent varlıqla əlaqənin dərk olunması. transsendent varlıqla əlaqənin dərk olunmasıdır. Dini yaşantı. Dini yaşantıda başlıca şərtlər - möcüzə hissi, yeni dəyərlər hissi, müqəddəslik hissi və s.

Dini təcrübənin tipləri. Dini təcrübənin tiplərinin dini təcrübə yaşayan və bir-birindən fərqlənən psixoloji şəxsiyyət tipləri üzrə verilməsi.

Mistik təcrübə və onun məzmunu. Mistisizmlə dini ənənənin qarşılıqlı münasibəti. Mistik təcrübənin əsas xüsusiyyəti - subyekt-obyekt fərqinin ya aradan qalxması, ya da kəskin zəifləməsi, “Mən” və “Tanrının” vəhdəti yaşantısı.

Mistik təcrübəyə hazırlığın əsas mərhələləri: cismani istək və arzulardan təmizlənmə; iradənin təmizlənməsi; ağlın nurlanması; Tanrıya qovuşma.

Mistik təcrübənin əsas tipləri. U.Ceymsə görə mistik təcrübənin keyfiyyətləri: sözlə ifadə olunmazlıq; intuitivlik; qısa müddətlilik; iradənin fəaliyyətsizliyi.

Sufizm ənənəsində mistik təcrübə.

Dini inam. Dini inam dini münasibətin (şüurun) əsas formalarından biridir. Dini inamın əsas məzmunu və predmeti. Dini inamın teoloji anlamı. Dini inamın fəlsəfi şərhi. Dini inamın elementləri: koqnitiv (idraki), emosional və iradi elementlər. Dini münasibətin inam kimi idraki aspektdən nəzərdən keçirilməsi. İnam və bilik problemi. Bilik dini inam fenomeninin komponenti kimi. Dini inama münasibətdə müxtəlif yanaşmalar. Dini inamın koqnitiv – intellektual fenomen kimi şərh edilməsi (K.Volney, Ş Düpüi, B.Bauer və b.). Dini inamda emosional-iradi elementə üstünlük verilməsi (U.Cems, Z.Freyd, K.Yunq və b.).

Elmi və dini bilik. Elmi biliyin faktiki sübut və dəlillərə, təcrübə və müşahidəyə əsaslanması. Dini bilikdə ehtimal olunan fikirlərin həqiqət kimi təsdiqlənməsi. Elmi biliklə dini biliyin obyektinin fərqliliyi. Dini etiqadlar sisteminin əsaslandırılmasında ağılın rolunun müsbət dəyərləndirilməsi: qəti və mötədil rasionalizm. Dini biliyin rasional arqumentasiyalar vasitəsilə əsaslandırılmasını lüzumsuz hesab edən fideist istiqamət. Fideizmin iki növü haqqında məlumat.



Din dilinin fəlsəfi təhlili. Fəlsəfədə linqivistik çevriliş və din dilinin fəlsəfi tədqiqat obyektinə çevrilməsi. Dinin analitik fəlsəfəsinin spesifikliyi. Din dili probleminin L.Vitgenşteyn tərəfindən qoyuluşu və şərhi. L.Vitgenşteynin “dil oyunu” nəzəriyyəsi.

Din dili dini inamın mövcudluq vasitəsidir. Din dilinin xüsusiyyətləri. Din dili elementləri dini məna daşıyan işarələr sistemi kimi. Din dilinin qatları: təbii dil və süni dil. Təbii dil qatının ilkinliyi. Süni dil qatının xüsusiyyəti.

Dini şüurun simvolik aspekti. Müxtəlif dinlərin simvolları və onların şərhi.

Din mədəni universum sistemində. Müasir humanitar bilikdə mədəniyyət anlayışı: antropoloji, aksioloji, normativ və s. yanaşmalar.

Mədəniyyət və din münasibətlərinin sosial-tarixi və nəzəri-idraki xarakteri. Din və mədəniyyətin genezisi. XX əsrin tanınmış ilahiyyatçı-filosofu P.Tillix mədəniyyət və dinin qarşılıqlı münasibəti haqqında. Dinin sivilizasiyalar tarixində rolu və əhəmiyyəti. K.Douson yeni mədəniyyətin yaranmasında islamın rolu haqqında. Mədəniyyətin dinə əsasən tipologiyalarının tərtib olunması (A.Toynbi və S.Hantinqtonun tipologiyaları və s.).

Dinin digər mədəni universalilərlə qarşılıqlı təsiri. Din və mif, onların oxşar və fərqli cəhətləri. Mifin sinkretik məzmun daşıması. Dinin ilkin formaları (animizm, fetişizm, totemizm və s.) mifoloji sinkretizmin ayrılmaz hissəsi kimi. Mifoloji bütövlüyün parçalanması və dinin, eləcə də digər mədəniyyət formalarının yaranması. Dində mifoloji süjetlərdən istifadə olunması.

Din və incəsənətin qarşılıqlı münasibətləri. Din və incəsənət gerçəkliyin hissi-əyani obrazlar vasitəsilə mənimsənilməsi formasıdır. İncəsənət mifoloji bütövlüyün ayrılmaz hissəsi kimi. Dini ideyaların ifadəsi üçün incəsənət növlərindən istifadə edilməsi. İncəsənəti və dini eyniləşdirən konsepsiyaların məzmunu. Dinin və incəsənətin fərqli cəhətləri. Din fövqəlhissi reallıqdan asılılıq hissi və pərəstişdir. İncəsənət reallığın obrazlı mənimsənilməsi vasitəsidir. Dini incəsənət. İslam aləmində dini incəsənətin xüsusiyyətləri. Dində və incəsənətdə simvollar.

Din və əxlaqın qarşılıqlı münasibəti məsələsinə müxtəlif yanaşmalar: 1. əxlaqın dinə bağlılığını irəli sürən görüşlər; 2. din və əxlaqın bir-birindən asılı olmadığını qəbul etməklə bərabər, onların qarşılıqlı əlaqəsini təsdiq edən görüşlər. Əxlaqın dinə əsaslandığını iddia edən görüşlərin əsas xüsusiyyəti. Platonun “Yevtifron” dialoqu və fəlsəfə tarixində “Yevtifron dilemması” problemi. Xristian ilahiyyatçı filosofların bu problemdən irəli gələn əxlaq nəzəriyyələri. İslam dünyasında fəqih və kəlamçıların “hüsn və qubh məsələsi” adlandırdıqları problemin mahiyyəti. İslam fəlsəfəsində (mütəzilik, əşərilik, maturidilik) bu problemin fərqli şərhi və ortaq cəhətləri. Din və əxlaqı müstəqil fenomen hesab edən təlimlərin formaları: a. dinlə əxlaqın qarşılıqlı münasibətini təsdiqləyən və b. dinlə əxlaqın qarşılıqlı əlaqəsini inkar edən görüşlər. Onların mahiyyəti. Çağdaş din fəlsəfəsində din və əxlaqın avtonomluğunu qəbul etməklə bərabər, onların arasında qarşılıqlı əlaqənin mövcudluğunu təsdiqləyən düşüncələrin üstünlük təşkil etməsi.

Din və elm, onların ortaq və fərqli tərəfləri. Elmin və dinin idraki metodlarının fərqi. Müxtəlif dinlərin (xristianlıq, islam və s.) elmə münasibəti. Elmin ayrı-ayrı sahələri ilə dinin əlaqəsi. Dinlə elmin münasibətlərinin səciyyəsi. Antik dövrdə dinlə elmin münasibətinin indifferent xarakteri. Orta əsrlərdə və Yeni dövrdə xüsusən xristian dünyasında dinlə elm arasında münasibətin kəskinləşməsi. XX əsrin əvvəllərindən başlayaraq din və elm arasında gərginliyin səngiməsi. Din və elm bəşəriyyətin mənəvi mədəniyyətinin iki mühüm fenomenidir.

Din və fəlsəfənin qnoseoloji obyektinin eyniliyi və onlar arasında fərqlər. Din və fəlsəfənin qarşılıqlı münasibətinin səciyyəsi Antik mədəniyyətdə din və fəlsəfənin yanaşı mövcudluğu. Qədim hind, Çin, orta əsrlər xristian və islam mədəniyyətlərində din və fəlsəfənin sintezi. Yeni dövr Avropa mədəniyyətində bu iki fenomenin qarşıdurması. İslam dünyası filosofları din və fəlsəfənin qarşılıqlı əlaqəsi haqqında. Farabi və İbn Rüşdün fikirlərinin müqayisəsi. K.Yaspers din və fəlsəfənin əlaqəsi haqqında.

Tanrının varlığının sübutları. Tanrının varlığının sübutu din fəlsəfəsinin və fəlsəfi teologiyanın əsas problemlərindən biri kimi. Monoteist dinlərdə (iudaizm, xristianlıq, islam, siqhizm) Tanrının varlığının teoloji sübutu. Quranda və hədislərdə Allahın varlığının sübuta ehtiyacı olmayan həqiqət kimi təsbit olunması.

Tanrının varlığının fəlsəfi sübutlarının tipləri: 1. Ən mükəmməl varlıq kimi Tanrı anlayışından çıxış edərək onun varlığının sübutu (ontoloji sübut); 2. Dünya və insan təcrübəsinin müxtəlif aspektlərinə əsaslanan sübutlar (kosmoloji, teleoloji, antropoloji və s.).

Tanrının varlığının klassik, yaxud ənənəvi sübutları: ontoloji, kosmoloji, teleoloji. Ontoloji sübut. “Mükəmməl varlıq” anlayışı ontoloji sübutun əsasıdır. Monoteist dinlərdə Tanrının mükəmməl varlıq olması ideyası. İbn Sina fəlsəfəsində “vacibül-vücud” anlayışı ontoloji sübut kimi. A.Avqustinin ontoloji sübutu. A.Kenterberilinin Tanrının varlığına dair aprior (ontoloji) və aposterior sübutları. Onun ontoloji sübuta üstünlük verməsi. Ontoloji sübut ətrafında gedən mübahisələr. Rahib Qaunilonun tənqidi. Ontoloji sübutun Kant tərəfindən tənqidi və onun çağdaş fəlsəfədə davamçıları (G.Rayl, K.Bayer, J.J.Smart və b.). Dekart, Spinoza və Leybnis fəlsəfəsində ontoloji sübutun yeni nümunələri. Çağdaş din fəlsəfəsində Norman Malkolmun ontoloji sübutu dirçəltmək cəhdləri. F.Akvinalının Tanrının varlığına dair arqumentləri.

Kosmoloji sübut. Antik fəlsəfədə kosmoloji sübutun örnəkləri. Kosmoloji sübutun iki forması: kəlami sübut və F.Akvinalının sübutları. İslam dini-fəlsəfi düşüncəsində “vacibül-vücud” anlayışı kosmoloji sübut kimi. Əl-Kindi və əl-Qəzalinin sübutları. Farabinin və İbn Sinanın imkan dəlili. F.Akvinalının kosmoloji sübutu. Leybnis fəlsəfəsində kosmoloji sübut. Kosmoloji sübutun tənqidi (İbn Rüşd və İ.Kant). Kosmoloji sübutun çağdaş din fəlsəfəsində müdafiə olunması (Kreyq, Teylor, Suinbern və b.).

Teleoloji sübut. Antik fəlsəfədə teleoloji sübutun ilk nümunələri. Monoteist dinlərin müqəddəs kitablarında nizam və məqsəd ideyası. Müsəlman filosoflar aləmin yaradılışının məqsədəuyğunluğu haqqında. Əl-Kindi və Farabi ilahi nizamlayıcının varlığı haqqında. İbn Sina fəlsəfəsində Allah aləmin nizam və tərtibinin səbəbkarı kimi. Əl-Qəzalinin məqsəd və nizam ideyasını aləmin gözəlliyi fikriylə birgə nəzərdən keçirməsi. İbn Rüşdün teleoloji sübutla bağlı görüşləri. F.Akvinalının teleoloji sübutu əsaslandırması. İngilis filosofu U.Peylinin ( XYIII əsr) aləmin məqsədəuyğunluğuna dair arqumentləri. Teleoloji sübutun tənqidi (D.Yum, İ.Kant).

Əxlaqi sübut. Tanrının varlığının əxlaqi sübutunun İ.Kant tərəfindən əsaslandırılması. Əxlaqi borc qanunu. Təcrübi zəkanın postulatları (azadlıq, ölməzlik, Tanrı).



Tanrı haqqında təlimlər. Müxtəlif dinlərdə Tanrının atributlarına dair ideyalar. Monoteist dinlərdə Tanrının təkliyi, əzəli, əbədi, qadir və mütləq varlıq olmasının əsaslandırılması. Xristianlıqda Tanrı konsepsiyası: Müqəddəs üçlük təlimi. Quran Tanrının sifətləri haqqında.

Din fəlsəfəsində Tanrı haqqında təlimlər. Tanri-aləm münasibətləri. Teizm.

Deizmin mahiyyəti. Deizmdə “ilk mühərrik”, “ilk təkanverici” anlayışı. Deist filosoflar. Fəlsəfə tarixində panteist ideyalar. İ.S.Eriugenanın panteizmi. C.Bruno və B.Spinoza fəlsəfəsində Tanrı-aləm münasibətləri. Müsəlman dini-fəlsəfi düşüncəsində panteizm. İbn Ərəbinin vəhdəti-vücud təlimi. Panenteizm.

Tanrının varlığına skeptik baxışlar. Ateizm, aqnostisizm və sekulyarizm. L.Feyerbaxın ateizmi. K.Marksın və F.Engelsin elmi ateizm təlimi.



Dini antropologiya. Mifoloji və dini təsəvvürlərdə insanın mənşəyi məsələsi. Dini antropologiyanın xüsusiyyətləri. Dini antropologiyada ruhla bədənin münasibəti məsələsi. Fərdi ruhun ölməzliyi ideyası. Səmavi dinlərdə insan anlayışı. İnsanın yer üzündə Tanrının nümayəndəsi və təmsilçisi kimi dəyərləndirilməsi.

Xristianlığın insan haqqında təlimi. İslam dinində insan, onun mahiyyəti. Səmavi dinlərdə insanın iradə azadlığı problemi. İslam fəlsəfəsində iradə azadlığı: cəbərilik, qədərilik, mütəzilik, əşərilik və maturidilik təlimləri.

Fəlsəfi antropologiyanın formalaşması və inkişafı. Fəlsəfə tarixində insan problemi. Antropologiyanın fəlsəfi fənn kimi formalaşması. Bu sahədə Yeni dövr Avropa filosoflarının (R.Dekart, T.Hobbs, İ.Kant, L.Feyerbax və b.) rolu. M.Şeler çağdaş fəlsəfi antropologiyanın yaradıcısı kimi.

Dini antropologiyada ölümdən sonrakı həyat və ruhun ölməzliyi problemi. İslam dinində ölüm və ölməzlik. Fəlsəfi baxımdan ölməzlik.



Dini müxtəliflik və dinlərarası dialoq problemi. Çağdaş dünyada baş verən kürəsəl proseslərdə din faktorunun yeri və rolu. Dini müxtəliflik və dinlərarası münasibətlər çağdaş din fəlsəfəsinin problemi kimi. Dinlər arasında oxşarlıq və fərqliliyin tarixi kökləri. Dini müxtəlifliyin mahiyyəti. Çağdaş din fəlsəfəsində dinlərin müxtəlifliyi probleminə dair nəzəriyyələr. Dini inhisarçılıq və ya ənənəvi eksklüzivizm. Dini əhatəedicilik və ya inklüzivizm. C.Hikin plüralizm modeli. Bu nəzəriyyə və ya paradiqmaların mübahisə predmeti və məzmunu. Dini çoxluq və dini plüralizmin bir-birindən fərqi.

Dinlərarası ziddiyyətlər, onların xüsusiyyəti, genezisi: dini mətnlərə yanaşmada fərqlilik; sosial-mədəni mühitin doğurduğu problemlər; dinlərin siyasiləşməsi və siyasi faktorlar və s. Müxtəlif (tarixi, siyasi, sosio-mədəni və s. ) xarakterli ziddiyyətlərin konfessional formada reallaşması. Dini ziddiyyətlərin beynəlmiləlləşməsi. Dindaxili ziddiyyətlər, onların səbəbləri.

Mədəniyyətlərarası münasibətlərin tənzimlənməsində və dialoqun qurulmasında müxtəlif din mənsublarının yaxınlaşmasının, dinlərarası razılıq və sazişin əhəmiyyəti. Dini sahədə dialoqun məzmunu və əsas formaları. Qərb din fəlsəfəsində dinlərarası dialoqun dəstəklənməsi (C.Hik, N.Smart, V.Smit və b.). Xristian aləmində dialoq çağırışları. İslamın dini dözümlülük ənənələri.

Azərbaycanda dini tolerantlıq cəmiyyətin sabit inkişafının faktoru kimi. Respublikamızda müxtəlif dini konfessiyalar arasında əməkdaşlıq və dialoqun inkişafı.



Ədəbiyyat

  1. Alici Mustafa. Müslüman- Hıristiyan Diyaloğu. İst., İz Yayınlar, 2010.

  2. Aslanova R. Qloballaşma və mədəni müxtəliflik. Bakı, Elm, 2004.

  3. Bünyadzadə K. Şərq və Qərb: ilahi vəhdətdən keçən özünüdərk. B., 2006.

  4. Xəlilov S. Baxış bucağı. B., 2009.

  5. Xəlilov S. İnam, şübhə və idrak / BDU İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2010, №14 (sentyabr).

  6. Xəlilov S. Sivilizasiyalararası dialoq (dəqiqləşdirilmiş ikinci nəşr). Bakı, 2009.

  7. Xəlilov S. Qərb fəlsəfəsində islama və xristianlığa iki fərqli münasibət // Xəlilov S. Fəlsəfə: tarix və müasirlik (fəlsəfi komparativistika). Bakı, 2006.

  8. İsmayıloğlu M. Din fəlsəfəsi. B., 2011.

  9. Kılıç R. Ahlakın dini temeli. 4. Baskı. Ankara, 2003.

  10. Kurucan A. İslamda dialoq və tolerantlıq. Bakı, Xəzər nəşriy., 2008.

  11. Qedirova R. Gazali ve İbn Rüşd`de Din-felsefe münasibeti // BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2006, №5 (mart).

  12. Quliyev E. Dinlərarası dialoqa Quran mövqeyindən yanaşma / Dövlət və Din toplusu, 2009, №1 (9), fevral.

  13. Mehdiyev N. Dini epistemologiya / BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).

  14. Mehdiyev N. Fideizm ya da Tanrı inancının irrasionallığı / Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1, 2009.

  15. Mehmet S.Aydın. Din felsefesi. 5. Baskı. Ankara, 1996.

  16. Mehmet Aydın. Allahın mövcudluğuna inanmağın rasionallığı / Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, №1, 2009.

  17. Mehmet Bayrakdar. Din Felsefesine Giriş. 2. Baskı. Ankara, 2005.

  18. Memiş İ. Kur`an-I Kerim`de İnsan ve insane-tefekkürilişkisi / BDU İlahiyyat fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).

  19. Mustafayev E. İslam fəlsəfi görüşündə iradə azadlığı problemi http://www.oner.by.ru/elshen.htm

  20. Mürşüdlü Q. C.Əfqaniyə görə qəza və qədərin mahiyyəti. Bakı Universitetinin Xəbərləri, Sosial-siyasi elmlər seriyası, 2006, №1.

  21. Mürşüdlü Q. C.Əfqaniyə görə dinin fəlsəfəsi. Bakı Dövlət Universiteti İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, 2008, №09 (aprel).

  22. Rüstəmov İ.Ə. Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri. B., 2001.

  23. Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi. Bakı, 2008.

  24. Zeynalov M. Fəlsəfə tarixi. Ali məktəblər üçün dərslik. Bakı, 2000.

  25. Аринин Е.И. Философия религии. Принципы сущностного анализа. Архангельск, 1998.

  26. Армстронг К. История Бога. Тысячелетние искания в иудаизме, христианстве и исламе. К.-М.: "София", 2004.

  27. Введение в общее религиоведение. Под ред. И.Н.Яблокова. М., 2008.

  28. Иудаизм и христианство. М.,1995.

  29. Журавский А.В. Христианство и ислам. Социальные проблемы диалога. М., 1990.

  30. Кимелев Ю.А. Философия религии. Систематический очерк. М., 1998.

  31. Красников А.Н. и др. Проблемы философии религии и религиоведения. Калининград, 2003.

  32. Мамедов А.К. Философия религии Канта // Религии мира: история и современность. Ежегодник, 1986. М., 1987.

  33. Митрохин Л.Н. Философия религии (опыт истолкования Марксова наследия). М., Республика, 1993.

  34. Радхакришнан С. Индийская философия, т.1. М., 1993.

  35. Свободомыслие и атеизм в древности, средние века и в эпоху Возрождение. М., 1986.

  36. Томпсон М. Философия религии. М., 2001.

  37. Зеленков М.Ю. Религиозные конфликты: проблемы и пути их решения в начале ХХI века (политико-правовый аспект). Воронеж, 2007.

  38. Шахов М.О. Религиозное знание, объективное знание о религии и наука". Вопросы философии", 2004, №11.

  39. Шохин В.К. Философия религии и её исторические формы. М., 2010.

Mənbələr

  1. Afqani C. Dehriyyuna Reddiye (Natüralizm eleştirisi). İst.,1997.

  2. Axundzadə M. F. Kəmalüddövlə məktubları // Əsərləri, 3 cilddə. Bakı, 2005. II cild.

  3. Əfqani C. Təfsirçinin təfsiri (ingiliscədən tərc. Q.Mürşadlü). “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2010, №2.

  4. İkbal M. İslamda Dini Düşüncenin Yeniden Doğuşu. İst., 1984.

  5. İqbal M. Dini təcrübədən doğan kəşflərin fəlsəfi təhlili. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, 2008, №5-6.

  6. İqbal M. İslam mədəniyyətinin ruhu // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı, 2009, №1.

  7. İncil. Əhdi-Cədid. Stokholm, 1995.

  8. Quran (tərc. Z.Bünyadov və V.Məmmədəliyev). B., 2001.

  9. Marks K., Engels F. Din haqqında. B., 1965.

  10. əş-Şəhrəstani M. Dini təriqətlər və fəlsəfi təlimlər. Bakı, 1998.

  11. Гегель Г.В.Ф. Философия религии. В 2-х т. М., 1975-1977. Т.1.

  12. Де ла Соссе П.Ш. Учебник по истории религий

http://www.upelsinka.com/Russian/classic_sossey_1.htm

  1. Джемс В. Многообразие религиозного опыта. М., 1993.

  2. Кант И. Трактаты и письма.М., 1980.

  3. Кант И. Моральный принцип религии

http://www.upelsinka.com/Russian/classic_kant_1.htm

  1. Леви-Брюль Л. Сверхъестественное в первобытном мышлении. М., 1994.

  2. Левин Г.Д. Можно ли религиозное знание приравнять к научным гипотезам? "Вопросы философии", 2004, №11.

  3. Лекции по философии религии Гегеля

http:/tainimirozdania/ucoz.ru/publ/25-1-0-229

  1. Самыгин С.И., Нечипуренко В.И., Полонская И.Н.. Религиоведение: социология и психология религии. Ростов-на-Дону; "Феникс", 1996.

  2. Спиноза Б. Богословско-политический трактат // Избр.произв. в 2-х т. М., 1957. т. 2.

  3. Тайлор Э.Б. Первобытная культура. М., 1989.

  4. Фейербах Л. Сущность христианства. М., 1965.

  5. Шлейермахер Ф. Речи о религии. Монологи. М., 1994.

  6. Юм Д. Естественная история религии // Соч. В 2-х т. М., 1965. Т. 2.

  7. Элиаде М. Священное и мирское. М., 1994.




Yüklə 135,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin