1958-1986-cı illərdə Azərbaycanda ədəbiyyat
və incəsənətin vəziyyəti
1958-ci ildə Moskva Azərbaycan partiya təşkilatını millətçilikdə suçladı və İmam Mustafayevi vəzifəsindən azad etdi. Onun əvəzinə rəhbərliyə gətirilən Vəli Axundov on il ərzində Azərbaycana rəhbərlik etdi. O, sərt xəttə meyl etməyən, yumşaq, ixtisasca həkim olan ziyalı bir rəhbər idi. Lakin Moskvadan gələn göstərişləri sözsüz icra edir və respublikanın maraqlarını müdafiə etməkdə iradə göstərmirdi. Millətçiliklə mübarizə pərdəsi altında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatı yad millətlərdən olan kadrlarla dolduruldu. Dövlət aparatının bütün sahələrində ermənilərin mövqeyi gücləndi.
Mətbuata, mədəniyyətə rəhbərlik edən şöbələrə isə, əsasən rus təhsilli, milli hissiyyatlardan uzaq, bəzən isə aşkar kosmopolit əqidəli adamlar təyin edildilər. Rus dilində yazıb yaradan azərbaycanlı müəlliflər üçün meydanı genişləndirmək, onlar üçün güzəştli şərait yaratmaq təşəbbüsləri özünü göstərməyə başladı. Hətta Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyi bayram kimi qeyd olundu. Bu kampaniya xalq tərəfindən soyuq qarşılansa da, mətbuatda aparılan səthi və yaltaq moskvapərəst təbliğat, gəncliyin milli hisslərinə qarşı yönəldilmişdi.
Lakin M.Ə.Sabirin və C.Məmmədquluzadənin 100 illik yubileylərinin qeyd edilməsi müsbət hadisələr idi. Bu iki sənətkarın fəaliyyəti milli tərəqqi ideyaları, xalqın şüurunu oyatmaq istəkləri ilə aşılanmışdı. 60-cı illərdə repressiya olunmuş Seyid Hüseyn, Hüseyn Cavid, Mikayıl Müşfiq, Y.V.Çəmənzəminli, Tağı Şahbazi və başqa yazıçıların irsi bərpa edildi, onların kitabları hazırlanıb çap olundu. Repressiya olunmuş sənətkarların yubileyləri keçirildi, onlar haqqında qiymətli monoqrafiya və məqalələr yazıldı. Tarixi ədalətsizliyin aradan qaldırılması xalq və oxucular tərəfindən rəğbətlə qarşılanır, gəncliyin vətəndaşlıq şüurunun sürətli inkişafına təkan verirdi.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ölkədə böyük iqtisadi və mənəvi dəyişikliklərə səbəb oldu. Onun gərgin əməyi sayəsində Azərbaycan qısa müddətdə aqrar ölkədən iri sənaye respublikasına çevrildi. O, Azərbaycan kəndini sənayeləşdirdi. Ölkədə qüdrətli aqrar-sənaye kompleksi yaratdı.
Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında ədəbiyyatın rolunu yüksək qiymətləndirdiyi qədər, dilin də ictimai həyatımızdakı müstəsna mövqeyinə daima böyük əhəmiyyət verirdi. Öz xalqını və dilini dərindən sevən bu şəxs, rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq, respublika mədəniyyətinin yük-səlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsinə və inkişafına xüsusi diqqət yetirmişdir. Məhz Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit olundu.
Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar İttifaqının məclislərində H.Əliyev parlaq Azərbaycan türkcəsində çıxışlar etməyə başladı. Onun rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratdı. Bunun özü də tarixi bir xidmət idi.
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. O, daim Bəxtiyar Bahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Əkrəm Əylisli kimi milli zəminə bağlı və istedadlı sənətkarları himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, milli dəyərlərimizlə bağlılığı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.
Heydər Əliyevin siyasətinin ayrılmaz bir qanadı onun milli tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi gözəl bilən ulu öndər, milli dövlət üçün milli tarixin və tarixçililk elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə, 70-ci illərdə Nizami Gəncəvinin və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması üçün partiya qərarları çıxardı. O zaman bu qərarlar ədəbiyyat elminin tərəqqisinə qüvvətli təsir göstərdi.
N.Nərimanova və Səməd Vurğuna həsr edilən böyük yebiley kampaniyaları da əhəmiyyətli idi. Onların fəaliyyəti və irsi Heydər Əliyev üçün əziz və misilsiz dərəcədə qiymətli idi. Rəhbər hələ o zaman mübahisələr doğuran “26-lar” kimi milli ruhlu filmin çəkilişinə, N.Nərimanovun gözəl obrazının yaradılmasına nail oldu. Səməd Vurğun yaradıcılığını isə, ulu öndər əzbər bilirdi və bədii şəkildə ifa etməyi sevirdi.
Heydər Əliyev hakimiyyətə gələn kimi Bakı erməniləri ilə mübarizəyə başladı. O, erməni məkrini əməli işdən tanıyırdı. Vəzifə pillələrində yüksəldikcə o, Bakıdakı erməni mafiyasının şiddətli müqaviməti ilə rastlaşırdı. Rəhbər gözəl bilir və görürdü ki, erməni millətçiliyinin dünyada çiçəklənməsi Azərbaycanın təbii sərvətləri və iqtisadiyyatındakı erməni basqısı ilə bağlıdır.
1958-1986-cı illər, ümumilikdə Azərbaycan Respublikasının həyatında iqtisadi və mənəvi-ədəbi tərəqqinin sürətlənməsi ilə seçilir. Belə tərəqqi, ilk növbədə bütün ölkədə gedən inkişafla, xüsusilə iqtisadi həyatda L.Brejnev siyasəti nəticəsində yaranan sürətli artımla bağlı idi. Lakin kənddə pambıqçılığın süni surətdə genişləndirilməsi əl əməyinin geniş tətbiqi və əhalinin sərt inzibati istismarı ilə müşayiət olunurdu.
1982-ci ildə Heydər Əliyev Moskvaya işə aparıldı. Onun əvəzinə ixtisasca tikinti mühəndisi olan Kamran Bağırov Azərbaycanın başçısı seçildi. Xeyirxah, ziyalı bir adam olan K.Bağırov rus təhsilli idi, ədəbiyyatla şəxsən maraqlanmır və ancaq dostlarının məsləhətləri ilə hərəkət edirdi. Dağlıq Qarabağ münaqişəsi başlananda o, çətin vəziyyətdə qaldı, çünki Moskvadan gələn əmrlərə müqavimət göstərə bilmirdi.
1960-1970-ci illərdə ədəbi inkişaf və yenilənmə meylləri
N.Xruşşovun islahatları sona çatmasa da, ölkədə mənəvi, siyasi və ədəbi şüurun inkişafında yeni bir mərhələ açdı. Bu islahatların dalğasında ərsəyə gələn yeni ziyalı nəsli bütün ölkə miqyasında altmışıncılar adı aldı. Bu nəsil ədəbiyyatda və həyatda yeni ümidlərdən, böyük dəyişikliklər arzusundan, sosialist demokratiyasından bəhrələnmə həvəsindən formalaşmışdı. Onlar marksizmi bəşəriyyətin bütün klassik mədəniyyətinin varisi kimi anlayır və belə təbliğ edirdilər. Azərbaycan ədəbiyyatında altmışıncılar nəslinin ilk nümayəndələri İsa Hüseynov, Çingiz Hüseynov, Sabir Əhmədov, İsi Məlikzadə, Əkrəm Əylisli, Məsud Əlioğlu, Yaşar Qarayev və başqaları idi. Bu nəsil üçün sosialist realizmi qəlibləri və ənənələri artıq öz aktual əhəmiyyətini itirmişdi. Müasirlik anlayışı tənqidin leksikonunda yenilikçiliyin, azad yaradıcı düşüncənin sinonimi olmuşdu.
Ümümbəşəri ədəbi-mənəvi dəyərlərə qayıdış dövrün xarakterik fikir tendensiyası idi. Proletar ədəbiyyatını bütün yerdə qalan ədəbiyyat tarixinə qarşı qoymaq meyli aradan çıxdı. Dünya ədəbiyyatı geniş tərcümə olunmağa, onun dəyərləri və böyük simaları öyrənilməyə və mənimsənilməyə başlandı. Ədəbiyyatın əsas mövzusu konret adamlar, onların mənəvi, ruhi aləmi oldu. Lakin sovet yazıçılarına bu barədə yazmaq, demək olar ki, qadağan idi. Yazıçılar mütləq adamların şüurlu əmək həyatını, sosializm quruculuğunda necə iştirak etdiklərini göstərməli idilər.
Lakin şəxsiyyətə pərəstişin tənqidindən sonra bu məhdudiyyətlər tamam getməsə də, bir qədər yumşaldı. Ədəbiyyata N. Xruşşovun siyasətini və islahatlarını dəstəkləyən cavan nəsil gəlməyə başladı. Beləliklə, ədəbiyyatda mühafizəkarlarla islahatçılar - 60-cı illər ədəbi nəsli arasında mübarizə meydana gəldi. Bu, həm də ümumbəşəri dəyərlərlə kommunist ideologiyası arasında üstüörtülü mübarizə idi. Partiya ideoloqları bu mübarizənin üzə çıxmasını istəmir və onun nəticələrindən qorxurdular. Lakin gah pərdə arxası, gah da aşkar şəkildə bu mübarizə ədəbi prosesin əsas məzmununu təşkil etdi və sovet dövründə ədəbiyyatın təzələnməsinin, müasirləşməsinin əsasını qoydu. Ədəbiyyatın siyasiliyi azaldı, o, partiya nəzarətindən qismən çıxdı.
Altmışıncılar deyəndə Stalinizmin ifşasından sonra ədəbiyyatda yaranan yeni, nisbətən demokratikləşmiş mühit və onun poeziya, nəsr, dramaturgiya, teatr sahəsindəki istedadlı nümayəndələri nəzərdə tutulur. Bu, xüsusi bir ədəbi hərəkat idi və onun üzə çıxması bu illərdə mətbuata qədəm qoyan cavan istedadlarla yaşlı mühafizəkarlar arasında getmiş mübarizə və mübahisələrin nəticəsi olmuşdur. Bu mübahisələr mətbuat və ədəbi tənqiddə əksini tapmış, yeni nəslin yaratdığı istedadlı əsərlər sayəsində ədəbi prosesdə aparıcı qüvvəyə çevrilmişdir.
60-cı illər ədəbiyyatı həm də yeni demokratik ruhlu, antistalinist kadrların ölkə rəhbərliyində geniş təmsil olunmağa başlaması ilə ərsəyə gələn bir hadisə idi. Bu illərdə bu ədəbi hərəkat həmin yeni antistalinist kadrların ölkə rəhbərliyində geniş təmsil olunmağa başlamasının nəticəsi idi. 60-cı illərdə bu ədəbi hərəkat çox vaxt «cavanlar» termini ilə adlanır və qeyri-rəsmi şəkildə olsa da, himayə olunurdu. Altmışıncılar hərəkatının əsas özəyi müharibədən sonra ədəbi təhsil almaq üçün Moskvaya oxumağa gedib qayıdan kadrlar - İsa Hüseynov, Çingiz Hüseynov, Əkrəm Əylisli, Yusif Səmədoğlu, Sabir Süleymanov və başqa yazıçılar idilər.
Moskvada ardıcıl ədəbi təhsil alan, dünya ədəbiyyatını öyrənən, ədəbi peşəkarlıq baxımından qocalardan bir-iki baş yüksək olan cavan nasirlər «qocaların» ilk növbədə dil və üslubunu, sənətkarlıq tərəfini bəyənmirdilər. Onlar bunu açıq deyir və imkan verildikcə yazırdılar. Artıq qocalar və cavanlar adı ilə yaranan bu qarşıdurmada yeni bir ədəbi nəsil və yeni bir nəsr formalaşmağa başladı. Bizim ədəbi tənqidin geniş işlətdiyi «yeni nəsr» anlayışı da təxminən bu mənanı daşıyır.
Qeyd etməliyik ki, «yeni Azərbaycan nəsri» termini ilk dəfə Bakı mətbuatında yox, Moskva ədəbi mətbuatında ortaya gəlib və orada yaşayıb rus dilində yazan, azərbaycanlı alim və tənqidçi Svetlana Əliyeva tərəfindən işlədilmişdir. Aydındır ki, belə termin Bakı ədəbi mühitində yaransaydı, mühafizəkarların, qocaların etirazına səbəb olardı. Çünki bu terminlə onlar özlərini keçmişə aid edilmiş adamlar sayardılar və bundan qeyzlənərdilər.
60-80-ci illər nəsrində yenilik həm dil-üslub və yazı mədəniyyətində, həm də qəhrəman konsepsiyasında öz əksini tapırdı.
Eyni zamanda, qeyd etməliyik ki, sovet dövründə ədəbi proses də qismən idarə olunurdu və ədəbiyyatda gedən bir sıra proseslərin kökləri kommunistlərin ideoloji siyasəti, partiyadakı iri məmurların mövqeləri kimi sosial şərtlərə gedib çıxır. Məsələn, 1958-1962-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olan Mehdi Hüseyn Moskvadan gələn meylə, Xruşşov islahatlarına əsaslanaraq cavan yazıçıları himayə edir, onların əsərlərini oxuyub redaktə edir, İttifaqın jurnalında çap etdirir və özü bu əsərlər haqda, məsələn, İsa Hüseynov haqqında məqalələr yazıb tərifləyirdi. Süleyman Rəhimov, Əli Vəliyev kimi «qoca» nasirlər isə bundan narahat olur, bəzən bu meyldə öz ədəbi avtoritetlərinə qarşı təhlükə görür, öz titullarından, rəsmi vəzifələrindən istifadə edərək «gəncləşdirmə» xəttinə qarşı çıxırdılar.
Cavanlar yaşlı nəsildən yaxşı və daha səviyyəli yazdıqlarını göstərmək üçün, ilk növbədə dilə, üsluba, bədii forma və quruluş məsələlərinə xüsusi diqqət yetirirdilər. 60-cı illər nəsrinin əsas xidmətlərindən biri nəsr dilini yenidən xalq dili mənbələrinə qaytarmaq cəhdləri idi. Bu istiqamətdə İsa Hüseynovun, Salam Qədirzadənin, İsmayıl Qarayevin, Əkrəm Əylislinin, İsi Məlikzadənin nəsr dili ədəbi tənqid və oxucular tərəfindən də yeni bir mərhələ, yeni keyfiyyətli hadisə kimi qarşılanırdı. Xüsusilə İsi Məlikzadə və Əkrəm Əylisli 60-cı illərdə baş verən bu üslubi çevrilişdə ən seçilən və ən istedadlı yaradıcılar idilər.
Rəsmi bolşevik ideologiyası yazıçılardan sosializm quran kütlənin obrazını və sosialist cəmiyyət quruculuğunun epik təsvirini tələb edirdi. Böyük tarixi işlərin miqyası iri, epik janrlar tələb edirdi. Ona görə sovet yazıçıları da istedadlarının xüsusiyyətlərindən asılı olmayaraq, hamısı roman yazmağa can atırdı.
1960-cı illər nəsrinin isə əsas, aparıcı janrı kiçik povest idi. Kiçik povest 60-70-ci illər nəsrinə məxsus olan xüsusi janr idi. Onun adında kiçik sözünün olması da təsadüfi deyildir. Bu illərdə povest və kiçik povest kimi, jurnallarda çap olunan əsərlərin çoxu, böyük və məhsuldar nəsr klassiklərinin janr ölçüləri ilə yanaşdıqda, sadəcə iri hekayələr idilər. 60-cı illər nəsrində hekayə bir janr kimi zəif idi və nəsrin axtarışlarını əks etdirən, dövr üçün aparıcı olan bir janr deyildi. Müasir nəsrin formalaşdığı 20-30-cu illərdə belə hekayə janrı yox, pyes və romanlar dövrün aparıcı janrı sayılmışdır. O zamanlar bunun bir çox səbəbləri vardı və bunların əksəriyyəti sovet ədəbiyyat ideoloqlarının yazıçılar qarşısında qoyduğu vəzifələrlə bağlı idi.
O zaman cavan yazıçılar öz sənətkarlıq üstünlüklərini, öz bədii ustalıqlarını göstərmək üçün hekayə və povestlərdən istifadə edirdilər. Belə əsərləri, xüsusilə kiçik povestləri bir-iki ay ərzində yazıb ortaya qoymaq, üzərində tez bir zamanda diqqətlə işləyib təkmilləşdirmək olurdu. Kiçik povestin digər üstünlüyü də vardı: balaca həcmli əsərdə yazıçı öz həyat biliyinin, həyat materialının dairəsindən çıxmır, süni uydurmalardan, yalançı, səthi epizmdən qaça bilirdi. Bu da qocalarla müqayisədə üstünlük idi: yaşlı nəsil sosial sifarişi yerinə yetirmək üçün çox zaman pis bildiyi əmək mövzusunda iri lövhələr yazmalı olurdu və bu halda onun əsərinin bədii səthiliyi üzə çıxır, onun haqqında bəhs etdiyi həyat materialını pis bildiyi görünürdü. Cavanlar isə kiçik formadan istifadə etməklə yaxşı bildikləri həyat faktlarından kənara çıxmır və bununla bədii səviyyədə, nəsrin keyfiyyətində, xarakterlərin konkretliyində müvəffəqiyyət qazanırdılar.
Bu mənada, kiçik povest janrı həm də cavanların, 60-cılar nəslinin operativ ədəbi mübarizə aparmaq üçün istifadə etdikləri bir alət idi. Qocalar bir roman üzərində üç-beş il işlədiyi halda, gənclər zərif, mükəmməl üslubda yazılmış hekayə və kiçik povesti üzə çıxarıb çap etdirir və təmsil etdikləri ədəbi hərəkata bu yolla xal qazandırırdılar. Beləcə, povest və kiçik povest, bəzən isə iri hekayə həcmində olan əsərlər cavan nəslin, 60-cı illər hərəkatının əsas formasına çevrildi və 70-80-ci illərdə «gəncləşmə» prosesinin əsas janrı kimi qaldı.
Ədəbiyyatşünaslıqda 60-80-ci illər nəsrindən danışanda, xüsusilə onu mühafizəkar qocaların basqısından müdafiə etmək istəyəndə, ən çox «xırda» qəhrəmanlar ətrafında söhbətlər getmiş, Y.Qarayev, A.Hüseynov, Elçin, A.Məmmədov, R.Əliyev, N.Cabbarov və b. tənqidçi və alimlər adi qəhrəmanları himayə etmişlər. Həmin mübahisələrlə bağlı mühüm bir məsələ üzərində xüsusi dayanmaq lazımdır: bu, ədəbiyyatın müsbət qəhrəman konsepsiyasından imtina etməsi məsələsidir. Həmin məsələ dövrün əsas problemi kimi geniş diskussiyalara səbəb olmuşdur.
Qəhrəman problemi ətrafında bütün diskussiyaların məğzi sosialist realizminin tələbləri ilə bağlı olmayan adi surətlərin ədəbiyyatda üstünlük təşkil etməyə başlamasından ibarət idi. Xırda, adi qəhrəmanlar isə cavan yazıçıların əsas yeniliyi, axtarışı idi, müqəvva qəhrəmandan uzaqlaşması idi. Sıravi qəhrəman məsələsi ilə bağlı ədəbiyyatda heç bir fikir cərəyanı, doktrina yox idi. Sadəcə, cavanlar müsbət qəhrəman yaratmağı anaxronizm sayırdılar, ona görə də yaxşı tanıdıqları adamlar haqda yazırdılar. Bunun əsas səbəbi isə sosrealizmin müsbət qəhrəman konsepsiyasından cavan nəsrin üz döndərməsi idi.
Qəhrəman problemi 60-cı illər nəsrinin özünütəsdiqinin əsas məsələsi idi. Bunsuz onlar 30-50-ci illər nəsri ilə müqayisədə ədəbiyyata hər hansı yenilik gətirdiklərini göstərə bilməzdilər. Ədəbiyyat tarixindən də məlumdur ki, təkcə ədəbi mərhələlər deyil, ədəbi cərəyanlar da bir-birlərindən yeni tipli qəhrəmanları ədəbiyyata gətirməklə fərqlənirlər. Bu baxımdan, 60-cıların çiyninə çox ağır bir yük düşürdü: öz qəhrəmanını tapıb ədəbiyyata gətirmək.
Lakin sovet sistemində 60-cı illərin ədəbi qəhrəmanını yaratmaq hələ işin hamısı deyildi; bu qəhrəmanı ədəbi fikirdə təsdiqləmək, qəbul etdirmək lazım idi. Bu isə asan məsələ deyildi. N.Xruşşov islahatlarından sonra rəhbərliyə bir çox cavan və demokratik ruhlu adamlar gəlsə də, aparatda, ədəbi mühitdə, nəşriyyat və redaksiyalarda köhnə fikirli, aşağı savadlı, ədəbiyyat haqda partiya ehkamlarından savayı heç nə bilməyən adamlar daha çox idi. İdeoloji kadrların bir çoxu isə gözləmə mövqeyində idilər, ədəbi siyasətin yenidən dəyişə biləcəyindən, üstəlik yeni repressiyalar gətirəcəyindən ehtiyat edirdilər.
Belə bir şəraitdə cavan ədəbi nəsli, onların həyat həqiqətinə, sovet həyatına obyektiv baxmaq istəyini himayə edən rəhbər partiya işçiləri özləri də çox ehtiyatlı tərpənirdilər. Cavanların müdafiə və himayəsi çox qeyri-rəsmi xarakter daşıyır, şifahi rəy kimi, yuxarıdan müdafiə kimi gedirdi. Amma cavanların əsərlərini ədəbi mərhələ kimi müdafiə edən ədəbi tənqid, demək olar ki, yox idi. Lakin bu yoxluq cavanlar haqda yazmaq istəyənlərin azlığı deyildi. Belə adamlar var idi, lakin onların əksəriyyəti dövlət və partiya postu olmayan, rəsmən yuxarıdan gələn fikri himayə edən adamlar olmadıqlarından, ədəbi mətbuat onları çap etməyə ehtiyat edirdi. Məsələnin qəlizliyi ondaydı ki, qocaları təmsil edən avtoritetlər – Süleyman Rəhimov, Əli Vəliyev və başqaları rəsmi partiya vəzifəsi tutan, MK üzvü olan şəxslər idilər. Onların rəyinə müxalif olan fikir sahibləri cavan alimlər, yazıçılar idi. Ona görə cavanları müdafiə edən yazıları çap etdirmək də çətin idi. Partiya mətbuatı belə yazıları yaxına qoymur, ehtiyatlı mövqedə duraraq ən yüksək səviyyədə qocalar və cavanlar məsələsinin necə həll olunacağını gözləyirdilər.
60-cıların rəhbəri və onlar arasında ən uğurlusu sayılan İsa Hüseynov qəhrəman məsələsində yazıçı mövqeyini tapsa da, tənqid tərəfindən çox amansız qarşılanırdı. Lakin indiyə qədər bu yazıçı ədəbi qəhrəman məsələsində cavan nəsil içərisində ən uğurlu yaradıcı sayıla bilər. O, kolxoz həyatından – yaxşı bildiyi mühitdən bəhs edən ilk əsərlərində partiyanın şəriksiz hakimiyyətinin təmsilçilərini qəbul etməyən, onları şübhə altına alan qəhrəmanlar yaradır və ibtidai şəkildə olsa da, şəxsiyyət azadlığı probleminə gəlib çıxmışdı.
Sərt tənqidlərə baxmayaraq, İsa Hüseynov öz müvazinətini itirmədi. Stalinizmin ifşası, konfliktsizliyin aradan qaldırılması kampaniyası bu istedadlı yazıçının himayə olunması üçün əsaslar verdi və tarixi gedişat onun istedadına müttəfiq oldu. Yazıçının rəsmi və qeyri-rəsmi şəxslərə qarşı sadəlövh «antiavtoritet» əsərləri müdafiə olundu və bunun nəsrimizin sonrakı inkişafı üçün misilsiz əhəmiyyəti ortaya çıxdı.
1960-cı illərin əvvəllərində İsa Hüseynov öz yeni qəhrəmanlarını öz uşaqlıq xatirələrində yenidən tapdı. Bu xatirələr müharibə dövrünə aid idi və o zaman sovet ədəbiyyatında müharibə mövzusuna yeni mövqedən yanaşma sahəsində axtarışlar gedirdi. Həmin axtarışlara bələd olan yazıçı öz uşaqlıq dövrünə müraciət etdi: orada müharibənin «kütləvi qəhrəman»lıq obrazından fərqlənən ağır faciəvi obrazı meydana çıxdı. Yazıçı uşaqlıqda tanıyıb-bildiyi, müşahidə etdiyi hadisələri qələmə aldı: müharibə zamanı arxa cəbhənin ağrı-acılı, əxlaqi baxımdan ziddiyyətli mənzərəsi Azərbaycan nəsrinə gəldi. Bəlkə bu həqiqətləri hamı bilirdi, lakin onları ədəbi fakta İsa Hüseynov çevirdi və beləcə, həm nəsrin, həm də öz yaradıcılığının 60-cı illəri üçün qəhrəman məsələsini həll etdi.
Lakin İsa Hüseynova nisbətən cavan olan, müharibə dövrü xatirələri onun kimi parlaq olmayan digər altmışıncılar qəhrəman problemində böyük çətinliklər qarşısında qaldılar. 50-60-cı illərdə sosial yönümlü kənd həyatını İsa Hüseynov, 60-cı illərdən sonra isə həm də İsi Məlikzadə və Sabir Əhmədov təmsil edirdi. Onlar üçün kənd ideal bir yer deyil, bəlkə də ölkədəki sosial ziddiyyətlərin əsas mərkəzi idi. 70-ci illərin əvvəllərindən İsi Məlikzadə də nəsrin bu qanadına xas olan yaradıcılıq süjetləri ilə çıxış etməyə başlayır.
1970-ci illərdə sovet gerçəkliyini tənqid etmək, onun ağrılı konfliktlərini ədəbiyyata gətirmək meylləri genişlənirdi. Bu proses əvvəlcə rus nəsrində, sonra isə milli respublikalarda da artdı. Sosial ziddiyyətlərin və konfliktlərin yazılması üçün imkanlar açılan kimi, əslində çox kasıb, qəddar, faktiki olaraq siniflərə bölünmüş sovet cəmiyyətinin müxtəlif eybəcərlikləri, yaraları, saysız-hesabsız insan faciələri, sərt quruluşun sındırdığı, minlərlə bədbəxt talelər ədəbiyyata gəlirdi. Bu isə hakim sovet ideologiyasının sosializmin real üstünlükləri haqqında gerçəkliyə uyğun gəlməyən miflərini dağıdır, adamların quruluşun ədalətli olması barədə təbliğata inamını sarsıdırdı. Beləcə, sovet ədəbiyyatında ölkədə aparılan eybəcər, yalançı təbliğat sisteminə zidd olan istiqamət formalaşırdı.
Rəsmi tənqid buna qarşı nə qədər sərt çıxış etsə də, ümumi ədəbi tendensiyanın qarşısını almaq mümkün olmurdu. Yenidən konfliktsizlik dövrünə qayıtmaq mümkün deyildi: ona görə konfliktli ədəbiyyatın imkanlarını heçə endirən «antimeşşanlıq» doktrinası dövriyyəyə buraxıldı. Sovet həyatını təsdiqləyən müsbət qəhrəman konsepsiyasına sığmayan həyat faktları və qəhrəmanlar meşşanlıq təzahürləri kimi təqdim olunur və guya sovet həyatına yad təzahürlər adlandırılırdı. Bu terminləri partiya mətbuatında çalışan tənqidçilər qeydə alır və əsas oldu-olmadı yeni çap olunan ədəbi əsərlərin təhlilinə tətbiq edirdilər.
Azərbaycan ədəbi tənqidinin bir cəhəti də 60-70-ci illərdə böyük ziyan vurur və cavan yazıçıları çaşdırırdı. Bu, bizim tənqiddə həmişə olmuş siyasi təəssübkeşlik meyli idi: 20-ci illərdə sovet ədəbi təşkilatları yaranan vaxtdan bir qrup istedadsız insanlar N.Nərimanov, C.Cabbarlı, S.Vurğun, M.İbrahimov kimi xalqımızın ədəbi tarixinin istinad səciyyəli şəxslərinə böhtanlar yağdırmışdılar.
Ədəbiyyatda siyasi təəssübkeşliyin fərqli cəhəti o idi ki, imzası ilə bu meyli təmsil edən şəxslərin özləri heç bir ədəbi, ya siyasi fikrin sahibi deyildilər. Onlar dövlətin, partiya məfkurəsinin vəkilləri kimi çıxış edirdilər. Yazdıqları məqalələrdəki fikirlərin əsas məğzi onlara məxsus deyildi. Lakin bu təəssübkeşlər rəsmi dövlət mətbuatında çıxış edərək ədəbi cəza dəstəsi rolunu oynayır, öz əməlləri ilə cavan yazıçılara, xüsusilə pis təsir göstərir, onların ədəbi inkişafını ləngidirdilər.
1958-ci ildə Moskva Azərbaycanı millətçilikdə suçlayandan sonra təəssübkeş tənqid yenidən daha da çiçəklənməyə başladı. Bunun əsas səbəbi bizdə partiya və dövlət aparatında stalinizmə rəğbət bəsləyənlərin çox olması idi. Onlar vəzifələrini itirməkdən qorxduqları üçün stalinizmi açıq müdafiə etmir, öz imzaları ilə heç nə yazmır, ədəbi mühitdəki əqidəsiz, üçüncü, beşinci dərəcəli adamlardan istifadə edirdilər. Onlar hər bir yeniliyi düşməncəsinə qarşılayır, ifşa edirdilər.
Təəssübkeş tənqidin sevimli hədəfi cavan yazıçılar idi. Yuxarıda himayədarı olmayan cavanları tənqid etmək risksiz idi, çünki onlar özlərini müdafiə edə bilmirdilər. Ona görə də əksər cavan yazıçıların ehtiyatkarlığı başadüşülən idi. Siyasi ittihamlarla tənqid olunanları nəşriyyatlar da yaxına qoymur, onların kitablarını plana salmaqdan imtina edirdilər. Çap olunan kitablar isə yazıçıların əsas dolanışıq mənbəyi idi.
60-cı illərin nəsrindəki ziddiyyətlər, xüsusilə qəhrəman, konflikt kimi problemlərin qoyuluşundakı qeyri-ardıcıllıq təkcə yazıçıların sənətkarlığı ilə bağlı məsələ deyildi. Bunların çoxunu anlayıb qiymətləndirmək üçün o zamankı ədəbi mühiti, bu mühiti idarə edən mərkəzləşdirilmiş və partiya məmurlarının əlində toplanmış siyasəti nəzərə almaq və araşdırmaq lazım gəlir. Siyasi təəssübkeş tənqidin ehtiyatkar mövqeyi həm ədəbi mətbuat, həm də partiya mətbuatı tərəfindən ciddi qəbul edilir, ədəbiyyatımızın inkişafına ağır zərbə vurur, çoxlarının ədəbi taleyini sındırırdı. Ədəbiyyatda ədəbi nəsillərin olması və onların bir-birini əvəz etməsi təbii idi. Belə olan halda ədəbi tənqidin cavan nəslin ədəbi təcrübəsini təhlil etməyə və obyektiv olaraq qiymətləndirməyə qorxması çox ziyanlı, ədəbi tərəqqiyə zidd olan bir hal idi.
Ədəbi orqanların sıravi işçi heyəti kənddən gəlmiş, rusca pis bilən və bəzən antirus ovqatlara meylli olan şair və publisistlər idi. 1959-cu ildə «Gülüstan» poemasını yazmış Bəxtiyar Vahabzadənin başçılığı ilə Söhrab Tahir, Xəlil Rza, Atif Zeynallı, Məmməd Araz (İbrahim), Sabir Rüstəmxanlı kimi qələm sahiblərindən ibarət vətənpərvər ədəbi nəsil formalaşmışdı. Cənubda milli hərəkat, 1956-cı ildə Azərbaycan dilinin tətbiqi ilə bağlı qərar, Cənubda Şəhriyarın «Heydərbabaya salam» poemasının meydana çıxması Azərbaycan ədəbi mühitində milli ovqatların güclənməsinə səbəb olmuşdu. Gənc yazıçılar sovet mühitinin qüsur və yaralarına, ətrafda hökm sürən yoxsulluğun köklərinə daha dərindən nəzər salmağa, bunların köklərini axtarmağa çalışırdılar. Həmin illərdə istər Moskva ədəbi mühitində, istərsə də Bakıda partiya mövqelərindən fərqlənən müxalif və vicdanlı həyat anlayışı və duyumu dövrün mütərəqqi rəmzi sayılırdı.
Stalinizmin ifşasından sonra mənəvi oyanma keçirən yaradıcı ziyalıların çoxu məişətdə bir cür danışmağa, rəsmən isə ayrı cür yazıb işləməyə məcbur edilirdi. Cəmiyyətin Allahı kimi sitayiş obyekti olmuş İ.Stalin «xalq düşməni» adlandırıldığı halda, rəsmi ideologiya ədəbiyyat adamlarından partiyanın «əsas xəttinə» sadiq olmağı tələb edirdi. Bu ədəbi mühitdə riyakarlıq və ikibaşlı vəziyyət yaradırdı. 60-cı illərin sonlarında artıq ədəbi mühitdə - xüsusilə Yazıçılar İttifaqına məxsus olan orqanlarda, ittifaqın aparatında ikili bir vəziyyət yaranmışdı. Yaradıcı adamların, demək olar ki, hamısı bir cür yazır, başqa cür düşünürdülər.
Əkrəm Əylisli 1978-1982-ci illərdə «Azərbaycan» jurnalının baş redaktoru vəzifəsində çalışmış və burada islahatçı, gəncləşdirici bir ədəbi siyasət yeritmişdir. Yazıçı lirik kənd nəsrinə xalqın ilkin dəyərlərinin əsası kimi baxır, onları ideallaşdırır və jurnalda bu səciyyəli əsərlərə geniş meydan verməyə çalışırdı. Lakin bu illər artıq kənd nəsrinin tükəndiyi illər idi.
Əkrəm Əylisli ədəbi mübahisələrdən qorxmayan, cəsarətli bir redaktor olmuşdur. Xalqımızın böyük lideri Heydər Əliyev də onun istedadını bəyənir və daim onu himayə edirdi.
Dostları ilə paylaş: |