SABİR RÜSTƏMXANLI
(1946)
Həyatı və fəaliyyəti. Sabir Rüstəmxanlı müasir poeziyamızda milli cərəyanın görkəmli nümayəndəsi, 1980-1990-cı illərdə milli şüurun yüksəlişini ifadə edən istedadlı şairdir. O, həm də 1980-ci illərdən milli azadlıq hərəkatının rəhbərlərindən biri olmuşdur.
Sabir Xudu oğlu Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Xudu kişinin ailəsi çoxuşaqlı idi: onun doqquz oğlu və bir neçə qızı olmuşdu. Yardımlıda, dağ kəndində böyüyən Sabir qardaşların ən böyüyü idi. Ona görə kiçik yaşlarından ağır təsərrüfat işlərində iştirak edir, valideynlərinə kömək olmağa çalışırdı. Kənd məktəbində də Sabir müstəqil və çalışqan, gözəl hafizəli, oxumağa həvəsli bir uşaq kimi müəllimlərinin diqqətini cəlb edirdi. Orta məktəbi əla qiymətlərlə bitirən Sabirin ədəbiyyata, şeirə xüsusi meyli var idi. Hələ on bir yaşı olanda «Kəndim» adlı ilk şeiri 1957-ci ildə «Yeni kənd» adlı rayon qəzetində dərc edilir. Bu, gələcək şairin mətbuatda ilk çıxışı idi və onun bütün sonrakı taleyini mətbuatla bağladı.
1963-cü ildə Sabir orta məktəbi bitirib Bakıya gəlir, sənədlərini Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verir və universitetə daxil olur. Adi kənd məktəbini bitirən Sabir bədii kitab oxumağa hələ orta məktəbdə vərdiş etmişdi: dərsliklərdən əlavə etdiyi mütaliələr, əvvəlcə instituta qəbulda, sonra isə təhsilin gedişində onun əlindən tutdu.
Sabir Bakıya gələn kimi 60-cı illərin romantika ilə dolu ədəbi mühitinə düşdü, redaksiyalara, çoxsaylı ədəbi dərnəklərə ayaq açdı. Əlinə döşən qəzet və jurnalları, şeir və nəsr kitablarını yorulmadan oxudu. Onda genetik bir kəndli yorulmazlığı, ədəbiyyata isə hüdudsuz bir maraq var idi.
Yaradıcılığı. 1964-cü ildə Sabir Rüstəmxanlının Bakı mətbuatında ilk şeiri çap olundu. Bu, «Azərbaycan gəncləri» qəzetində dərc olunmuş «Kənd yolu» şeiri idi. Həmin vaxtdan gənc şairin ədəbi fəaliyyəti yığcam, lakin həmişə mətləbli şeirləri ilə ədəbi mühitdə tanınmağa başladı.
Sabir Rüstəmxanlı hələ tələbə ikən 1967-ci ildən xalq yazıçısı Mirzə İbrahimovun tövsiyəsi ilə «Ədəbiyyat və incəsənət» qəzetində ədəbi işçi işləməyə başlamış, həyatının 11 ilini bu qəzetlə bağlamışdır. Burada 1978-ci ilə qədər ədəbi işçi, xüsusi müxbir, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Siyasi azadlığın olmadığı sovet dönəmində «Ədəbiyyat və incəsənət» qəzetinin və ədəbi mətbuatın xüsusi nüfuzu vardı. Yalnız ədəbi mətbuatda nisbi bir azadlıq, özünüifadə imkanları mövcud idi. Yazıçılar İttifaqına rəhbərliyi dövründə Mirzə İbrahimov xalq içindən çıxan adamsız, lakin istedadlı gəncləri bura toplamaqla qəzetdə milli ovqatlı qələm adamlarının balaca bir özəyini yaratmışdı. Qəzetdə çalışan Sabir Əhmədov, Sabir Rüstəmxanlı bu özəyin əsas adamları idilər. Tələbəlikdən ədəbi mətbuatın ən qaynar nöqtəsinə döşən Sabir Rüstəmxanlı burada qələm və fikir sahibi kimi tez bir zamanda yetkinləşdi, mətbuatın ali mənasının xalqa və onun gələcəyinə xidmət olduğunu anladı.
Sabir Rüstəmxanlı tənqid qələmindən həmişə Azərbaycan ədəbiyyatının milli azadlıq ideallarının təbliği üçün istifadə etmişdir. Onun məqalələrində böyük xalq şairi Mirzə Ələkbər Sabirin və Cəlil Məmmədquluzadənin söz, mətbuat və vətənçilik ənənələri mərkəzi yer tutur. Sabir «Molla Nəsrəddin» məktəbindən həm öz sələfləri kimi xalqı sevməyi öyrənir, həm də «Molla Nəsrəddin» ədəbi məktəbinin milli tərəqqi və azadlıq ideallarını tərənnüm edirdi. 1964-cü ildə yazdığı proqram xarakterli «Vətən» şeirində o, Sabir şeirini Azərbaycan və Vətən məfhumunun ayrılmaz parçası kimi tərənnüm edirdi:
21 azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin «Fəxriyyə» şeiridi,
Dağları dumanda itən
Vətən… Vətən…
Sabir Rüstəmxanlı öz elmi işində də Sabirdən və Mirzə Cəlildən uzaqlaşmadı, 1976-cı ildə «Molla Nəsrəddin və folklor» mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. Əsərdə jurnalın həm dil və üslub, həm də fikir və yumor ənənələri baxımından xalq ruhu və düşüncəsi ilə ayrılmaz bağlılığı elmi dəlillərlə əsaslandırılmışdır.
Sabir Rüstəmxanlının «Tanımaq istəsən» adlı ilk şeir toplusu 1970-ci ildə çapdan çıxmış və həcmcə qırxa qədər şeirdən ibarətdir. Bu və sonrakı «Sevgim, sevincim» (1974), «Xəbər gözləyirəm» (1979) kitabları həcmcə iri deyildir, lakin onlarda şairin həyata münasibətinin milli boyası aşkar şəkildə özünü göstərir. «Zirvənin dərdi», «Yollarımız», «Qan yaddaşı», «Anaya məktub» kimi şeirlər bunu təsdiq edən gözəl poetik nümunələr idi. 70-ci illərdə şairin poetik fərdiyyəti, mövzu dairəsi formalaşır, lakin bu illər hələ kifayət qədər məhsuldar deyildi. Redaksiyadakı ağır və gündəlik yaradıcı zəhmət şairin vaxtını alır, ona bütün qüvvəsi və istedadı ilə poeziya üzərində köklənməyə imkan vermirdi. Sabir böyük ailənin Bakıda dayaq yeri idi. Bir-birinin ardınca böyük şəhərə gəlib ali məktəblərə daxil olan qardaşlarının problemləri də onun çiynində idi və onun vaxtını alırdı.
1978-ci ildə şairin həyatında mühüm hadisə baş verdi: o, «Ədəbiyyat və incəsənət» qəzetindən uzaqlaşdı. Çünki Yazıçılar İttifaqında aparılan gəncləşdirmə siyasəti ziddiyyətli idi. Riyakarlığa qarşı barışmaz olan şair yuxarıların ikiüzlü tənqid siyasətinə etiraz olaraq qəzetdən getdi. Bu gedişin səbəbinin intriqalarla bağlı olmasına baxmayaraq, şairin yaradıcılıq taleyində mühüm əhəmiyyət kəsb etdi. Artıq onun poeziya ilə məşğul olmağa, öz maraqları üzrə mütaliə etməyə kifayət qədər vaxtı qalırdı.
Həmin 1978-ci ildə Sabir Rüstəmxanlı «Yazıçı» nəşriyyatında redaksiya müdiri, sonra isə baş redaktorun müavini işləməyə başladı. Burada qəzet üçün xarakterik olan gündəlik ağır redaktə işi yox idi. Bundan əlavə, şair nəşriyyatın rəhbərlərindən biri kimi planlaşdırma sahəsi ilə məşğul olur, Azərbaycanın tarixinə və milli ruhlu qələm sahiblərinə planlarda daha geniş yer verilməsinə çalışırdı. Burada onun ədəbi siyasətə, xüsusilə kitab çapına daha məqsədyönlü təsir göstərmək imkanı yarandı.
1980-ci illərə doğru Sabir Rüstəmxanlının poeziyasında aşkar bir yüksəliş müşahidə olunur. Bu, sovet ideoloji və siyasi sisteminin ağır böhran keçirdiyi bir dövr idi. Ədəbiyyatda, tarixə münasibətdə, xüsusilə poeziyada sovet ideoloji dəyərlərinin kəskin tənqidi və yenidən qiymətləndirilməsi dövrü idi. Tarixi və mənəvi proseslərə daha həssas olan poeziya bu dövrdə daha fəal idi.
1980-ci illər üsyankar, mübariz ruhlu poeziyanın çiçəklənmə dövrü idi. Bu dövr Sabir Rüstəmxanlı kimi xalq taleyi ilə yaşayan və onu tərənnüm edən istedadların parlaması üçün vaxtın yetişməsi demək idi. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz kimi milli təəssübkeş şairlərin sırasında onlara görə hələ cavan olan Sabir Rüstəmxanlının səsi bütün gurluğu ilə eşidilməyə başladı. 80-ci illərdə çıxan «Gəncə qapısı» (1981), «Sağ ol, ana dilim» (1983), «Qan yaddaşı» (1986) kitablarında müstəqil Azərbaycan qurmağın mənəvi və əxlaqi proqramı verilir. Şair ən adi həyat faktlarını, məlumat və detalları da milli azadlıq yolunda yaxınlaşan mübarizələr baxımından mənalandırır, hər misrası ilə oxucunun vətəndaşlıq şüuruna öz tutmağa, ona təsir göstərməyə çalışırdı. Hər bir vətəndaş özünü xalqın ayrılmaz parçası kimi dərk etməyincə, hər addımda xalqın dəyərlərini düşünməyincə, milli qurtuluş mümkün deyil.
1988-ci ilin yazında Ermənistanda və Dağlıq Qarabağ erməniləri içərisində Azərbaycan torpaqlarını işğal etmək uğrunda mübarizə başladı. Buna cavab olaraq da Azərbaycanın hər yerində etiraz mitinqləri başladı. Bu mitinqlər Bakının Azadlıq meydanında xüsusilə izdihamlı keçir, yüz minlərlə vətəndaş ölkənin ərazi bütövlüyünü müdafiə etməyə toplaşırdı. Sovet quruluşunun dağılmadığı bir şəraitdə bu mübarizələr çox ağır şəraitdə gedirdi. Sovet cəza orqanları bütün yollarla xalq hərəkatının qarşısını almağa çalışırdılar. Moskvanın ermənipərəst mövqe tutduğu bir şəraitdə xalqın geniş kütlələrinin torpaqların dinc yolla müdafiəsinə qaldırılması və bu mübarizəyə mütəşəkkil xarakter verilməsi həyati əhəmiyyətli bir məsələ idi.
Qarabağ hadisələrinin qızğın vaxtında şairin publisistik səciyyəli «Ömür kitabı» əsəri çapdan çıxdı və mitinqlərdə gecələyən gəncliyin əlindən düşməyən bir əsər oldu. Kitabın əsas fikri həqiqi vətəndaşın öz ömrünü xalqın azadlıq və tərəqqisinə həsr etməsi zərurəti idi. Əsərdə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixi parlaq və təsirli lövhələr şəklində verilir, gəncliyi Qarabağ cəbhəsində qızışan döyüşlərə hazırlayırdı.
Belə ağır şəraitdə Sabir Rüstəmxanlı sovet cəza orqanlarının hədələrindən qorxmadı və Azadlıq meydanında toplaşan yüz minlərlə insanın iştirak etdiyi mitinqlərin əsas təşkilatçılarından və idarə edənlərdən biri oldu. Bu, böyük məsuliyyət idi. Sabir Rüstəmxanlı üzərinə düşmüş tarixi vəzifəni şərəflə yerinə yetirdi, bir müddət həbsdə saxlansa da, milli ideallarından öz döndərmədi. O, 1990-cı ilin seçkilərində Ali Sovetin deputatı seçildi, sonra isə Milli Məclisin deputatı oldu.
Sabir Rüstəmxanlı ölkəmizdə müstəqil, demokratik mətbuatın ilk qaranquşlarından olan «Azərbaycan» qəzetinin təsisçisi və redaktoru olmuşdur (1989-1991). Şair bu qəzeti geniş ziyalı dairələrinin mətbuat orqanına çevirdi. Yeni siyasi partiyaların təşəkkül tapmadığı şəraitdə «Azərbaycan» qəzeti demokratik ictimai rəyin yaradılmasında və istiqamətləndirilməsində mühüm rol oynadı. SSRİ dağıldıqdan sonra Sabir Rüstəmxanlı müstəqil Azərbaycanın ilk Mətbuat və İnformasiya naziri oldu: 1991-ci ildə bu vəzifəyə gələn şair yeni müstəqil mətbuatı himayə edir, demokratik dəyərlərin cəmiyyətdə kök atmasına çalışırdı. 1995-ci ildə S.Rüstəmxanlı bu vəzifədən istefa verdi və müstəqil siyasətçi kimi hələ 1992-ci ildə yaratdığı Vətəndaş Həmrəyliyi Partiyasında sədr kimi fəaliyyətini davam etdirdi.
Sabir Rüstəmxanlı 2006-cı ildə anadan olmasının 60 illiyi münasibəti ilə Xalq şairi fəxri adına layiq görülmüşdür.
Vətənpərvərlik şüurunun tərənnümü. Sabir Rüstəmxanlının poeziyası vətən və vətəndaşlıq ideallarının tərənnümü üzərində qurulmuşdur. Onun yaradıcılığı 1980-1990-cı illərdə milli ədəbiyyat cərəyanının parlaq timsalıdır. O, ədəbiyyatda ilk addımlarını böyük milli şairimiz Bəxtiyar Vahabzadənin ardıcılı və davamçısı kimi atmışdır: Sabirin 60-70-ci illər yaradıcılığında bu təsir xüsusilə aşkar duyulurdu. Şeiri konkret mətləb üzərində qurmaq, aydın bir vətənpərvər fikrin ifadəsinə nail olmaq onun lirikasının əsas cəhəti kimi diqqəti cəlb edir. Onun konkret, çox zaman müəyyən obraz və detalla bağlı olan şeirlərində aydın və məntiqli, diri və təhlili dil də diqqəti cəlb edirdi. Şairin qələmində bu xüsusiyyətlər təkmilləşdikcə, onun praktik fərdiyyəti də qabarıqlaşır, şeirinin ritmik özünəməxsusluğu daha qabarıq olurdu.
Sabir Rüstəmxanlı poeziyasında vətənsevərliyin öz xüsusiyyətləri vardır. O, vətəni təntənəli sözlərlə tərifləməyi sevmir, öz yurd sevgisini görümlü obrazlarda təqdim etməyə çalışır. Şair üçün vətənin obrazlı timsalı, ilk növbədə onun doğma kəndidir, bu kənddəki ata ocağıdır, atasının torpaq becərməkdən qabarmış əlləridir, anasının çörək yapdığı təndirdir, kəndin boz torpağı və bulağıdır, başı dumanlı dağlardır, meşə və ağaclardır, nəhayət uşaqlıq xatirələri, kənd qızları, payız yağışlarıdır. Bu obrazların hər birində şair vətənin müqəddəsliyindən və əbədiliyindən bir nişanə görür.
Kənd şair üçün həm də üç addımlıq sonuncu mənzildir, qəbir evidir. «Üç addım yer ayır…» şeirində şair lirik vəsiyyətini bildirir. Bu vəsiyyət onun kəndlə, onun qədim qəbiristanlığı ilə dialoqu kimi qurulub: şair kəndə üz tutub, onun torpağına üz tutub onun üçün son mənzillik üç addımlıq yer ayırmasını xahiş edir.
Üç addım yer ayır, kənd qəbiristanı,
Günlərin birində qayıdacağam.
Şair şeirin sonunda bu qayıdışı özünəməxsus bir tərzdə izah edir: onun mayası bu torpaqdandır, bu kəndin torpağındandır. Ömrün sonunda o bu müqəddəs torpağa öz borcunu qaytarmaq istəyir:
Mayam o torpaqdan götürülmüşdü,
Gələrəm, torpağa borcum qalmasın.
Torpaq Sabir Rüstəmxanlı poeziyasında vətən məfhumunun sinonimidir, çünki vətənin əbədiliyi torpaqdadır, onun həmişəyaşarlığında, əbədi olaraq təzələnmək, ölüb-dirilmək qabiliyyətindədir. Torpaq hər bahar yenidən canlanır və sinəsi üstə yaşatdığı insanlara da yeni həyat verir.
Şair hələ 1978-ci ildə «Bir qarış vətən torpağı» adlı süjetli şeir yazmışdır. Şeirdə sülhsevər, öz xalqını qoruyan bir hökmdar obrazı yaradılıb: düşmən müharibə yolu ilə onun yurdunu viran qoymaq istəyir, amma bunu açıq demir. Birinci dəfə öz elçisini göndərib hökmdarın atını istəyir. Hökmdar öz xalqını qırğına verməmək üçün öz atını düşmənə verir. Düşmən elçiləri gedir, lakin bir müddətdən sonra yenə qayıdırlar və daha ağır şərt irəli sürürlər: hökmdar saraydakı ən gözəl hərəmini verməlidir. Hökmdar tərəddüd etsə də, müharibə olmasın deyə öz sevimli hərəmini də düşmənə təhvil verir. Silahlı elçilər gedir, lakin yenə təzə bir şərtlə qayıdırlar. Bu dəfə düşmən sərhəddəki on addımlıq boş bir ərazinin onlara bağışlanmasını istəyirlər. Bu dəfə hökmdar açıq şəkildə düşmənə müharibə elan edir. Nə üçün? Ona görə ki, at və hərəm onun özününkü idilər. Amma torpaq hökmdara məxsus deyil, ona görə onu verməyi ən böyük təhqir sayır, düşmənlərə öz tutub deyir:
Ey düşmənlərim,
döyüşə hazıram mən.
Ancaq torpaq verməyə mənim nə ixtiyarım?
Hökmdar düşmən elçisinin on addım torpaq barədə işlətdiyi «gərəksiz» sözünü ən pis təhqir hesab edir, çünki o torpağın altında bu xalqın ulu babaları yatır.
… Sıyırdı qılıncını,
özü getdi qabağa.
Yurdun ot bitirməyən
bir qarış torpağıyçın
Vətən qalxdı ayağa.
Bu şeir Qarabağ müharibəsindən on il əvvəl yazılmışdı. Doğma xalqının tarixini gözəl bilən Sabir Rüstəmxanlı nankor erməni millətçilərinin Azərbaycana qarşı torpaq iddialarından yaxşı xəbərdar idi. Ona görə də cavan nəslə ünvanlanan şeirlərində torpaq və vətən məfhumlarını yanaşı qoyurdu, torpağın müqəddəsliyi anlayışının təbliğinə xüsusi önəm verirdi.
Yeni nəsillərdə vətənçilik duyğusunun tərbiyəsi M.Ə.Sabir poeziyasından bəri ədəbiyyatımızın mühüm mövzusu olub. Vətəni sevməyən insanlar azadlığın və müstəqilliyin böyük mənasını dərk edə bilməzlər. Ona görə qeyrətli poeziyanın əsas hədəflərindən biri həmişə vətənpərvərlik şüurunun tərbiyəsi və tərənnümü olmuşdur.
80-ci illərdə Sabir Rüstəmxanlı poeziyasında yaradılan lirik vətən obrazı doğma kəndin torpaq, ocaq, yurd yeri kimi yenidən dərk edilməsi ilə bağlı idi. Şairin 60-cı illərdə çıxan kitablarında da kənd obrazı mühüm yer tutur. Lakin bu hələ nostalji hisslərlə, şəhər qəribliyi ilə bağlı motivlər idi. 80-ci illərin kənd şeirləri isə vətənçilik şüurunun tərənnümü ilə bağlı idi. Sabir Rüstəmxanlının 80-ci illər kəndi artıq etnoqrafik mövzu deyil. Bu kənd xalq ruhunun və xalq yaddaşının əbədi daşıyıcısı və timsalıdır. «Dağlara qovuşuram», «Daş», «Mən sarvanam», «Atamın əlləri», «İçimdəki dərd ağacı», «Torpaqdadır», «Bulaq» və digər lirik şeirlər bu baxımdan gözəl nümunələrdir.
Sabir Rüstəmxanlının kəndə həsr olunmuş şeirlərinə dərin və səmimi bir xalqçılıq məfkurəsi hakimdir. O, öz xalqının məxsusi ruhuna, bu ruhun bənzərsizliyinə və böyük tarixi missiyasına inanır. Şair zərdüştilikdən bəri vətənimizdə yaranmış bütün mənəvi-tarixi dəyərlərin xalq ruhu ilə dərindən bağlılığına inanır, Azərbaycan xalqını onun yaşadığı torpaqlarda yaranmış bütün tarixi-mədəni irsin varisi sayır. Xalqçılıq ideyalarına dərin inamı və onların tərənnümçüsü kimi Sabir Rüstəmxanlı poeziyası Səməd Vurğun vətənçiliyinin davamıdır, onun yeni inkişaf mərhələsidir.
Bütövlük mövzusu. Sabir Rüstəmxanlının poeziyasında böyük və bütöv vətən obrazı mərkəzi yer tutur. Bu, şairin özünün yaratdığı vətən obrazıdır, poetik bir obrazdır. Şair çox zaman Azərbaycanın sərhədlərini Şah İsmayıl Xətainin fəth edib birləşdirdiyi bütün ərazilər kimi təsəvvür edir. Bir çox şeir və poemalarında isə böyük Azərbaycanın tarixi və mənəvi sərhədləri poetik məntiqlə təsəvvür edilir. Şair üçün Dərbənd də, Füzulinin yaşayıb öldüyü Kərbəla şəhəri də, ana dilimizdə danışan İraq türkmənlərinin oylaqları da, Aşıq Ələsgər sazının səsləndiyi Qərbi Azərbaycan torpaqları da, Nəsiminin soyulduğu Hələb şəhəri də böyük vətənin parçalarıdır. Ona görə şairin poeziyasındakı vətən obrazı tarixi-poetik bir obraz sayıla bilər. Azərbaycan xalqının böyüklüyü, onun torpaqlarının genişliyi həm də milli yaddaşın dərinliklərindədir. Şair bu yaddaşın varisi və bərpaedicisidir.
Sabir Rüstəmxanlı yaradıcılığında bütöv Azərbaycan obrazının formalaşmasında 1976-cı ildə çap etdirdiyi «Bütövlük» poeması mərkəzi yer tutur. Bu poema ABŞ-ın Vyetnamda apardığı çoxillik müharibədə məğlub olması və onun siyasi nəticəsi kimi Cənubi və Şimali Vyetnam respublikalarının birləşməsi münasibəti ilə yazılmışdı. Lakin Vyetnam xalqının qələbəsi və dövlətinin bütövləşməsi poemanın əsas mövzusu deyildi. Şairin poemada əsl məqsədi başqa idi: o, Cənubi və Şimali Azərbaycan haqda danışırdı, Vyetnam mövzusu isə bunun üçün bir bəhanə idi. Poemanın çap olunduğu dövrdə senzura Azərbaycanın ikiyə parçalanması mövzusuna qadağa qoymuşdu. Ona görə də iki Vyetnam dövlətinin birləşməsi faktından çıxış edən şair, əslində Azərbaycan xalqının taleyindən danışırdı.
1828-ci ildə İran və Rusiya imperiyaları arasında bağlanan Gülüstan sülh müqaviləsi Şimali Azərbaycanın Rusiya tərkibinə keçməsi ilə nəticələnmişdi. Müharibənin nəticəsi olan bu saziş qanı, dili, tarixi və dini bir olan Azərbaycan xalqını iki hissəyə böldü və Cənub və Şimal əraziləri arasında dövlət sərhədinin yaranması ilə nəticələndi. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranan vaxtdan bu mövzu poeziya və publisistikamızda müəyyən yer tutmuşdur. S.Rüstəm, S.Vurğun, B.Vahabzadə kimi şairlərimizin yaradıcılığında davam etmiş bu mövzunu Sabir Rüstəmxanlı 80-ci illərdə, müstəqil dövlətimizin yaranması ərəfəsində davam etdirmiş, vətəndaşlıq poeziyamızda yeni bir səhifə aça bilmişdir.
Şair poemada müstəqilliyi bir tərəfdən ABŞ-ın təsirindən qurtarmış Cənubi Vyetnamın siyasi nailiyyəti, o biri tərəfdən isə ikiyə bölünüb dövlətçiliyini itirmiş Azərbaycanın siyasi idealı kimi tərənnüm edir:
Müstəqillik! İlk inamım, ilk həsrətim,
Müstəqillik! Xalqın məslək bayrağıdır.
Müstəqillik - hər ölkənin, məmləkətin,
Zülm, əsarət orbitindən çıxmağıdır!
Zülm və əsarət orbiti deyəndə şair Cənubi və Şimali Azərbaycanın vəziyyətini nəzərdə tuturdu: Cənub Tehrandan, Şimal isə Moskvadan idarə olunurdu. Şair öz oxucusunu azadlıq gününə hazırlayır, ona xatırladır ki, ey gənclik, sənin də müstəqil dövlətin yoxdur.
«Bütövlük» poeması şairin yaradıcılıq yolunda yeni bir səhifə idi. Əsərin uğuru onda idi ki, şair senzura qadağalarını aşa bilən bədii vasitə tapmışdı. ABŞ-a qarşı mübarizə motivi arxasında Azərbaycan xalqının ikiyə bölünməsi, dövlətçiliyini itirməsi faciəsini rəmzi şəkildə olsa da, öz xalqına çatdıra bilmişdir, milli idealları səmimi formada tərənnüm edə bilmişdir.
Bu poema şairin ədəbi nüfuzunu artırdı və onu vətən mövzusuna, ikiyə bölünmə mövzusuna daha yaxından bağladı. Nəticədə bütövlük və böyük Azərbaycan mövzusu şairin yeni-yeni əsərlərinin ana mətləbinə çevrildi. Şairin «Bütövlük» poemasının davamı kimi, onun tamamlanması kimi Cənub mövzusuna həsr olunmuş silsilə poemaları meydana çıxdı. 1976-cı ilin sonunda 21 Azər faciəsi haqda yazdığı «Azərbaycan irticası», 1978-ci ildə yazdığı «Didərginlər», 1985-ci ildə yazdığı «Vətənsiz» poemaları bir silsilə təşkil etdi və dövrün poetik mənzərəsində hadisəyə çevrildi.
«Azərbaycan irticası» əsərinin adı rəsmi İran mətbuatının leksikonundan götürülmüşdür. Fars şovinistləri hər il S.C.Pişəvərinin başçılığı ilə qurulan hökumətin yıxıldığı 21 Azər (dekabr) gününü bayram edir, bunu «Azərbaycan irticası» üzərində qələbə adlandırırlar. Şair poemada xalqımızın şanlı Azadlıq hərəkatına qarşı belə böhtanlara cavab verir. Şair deyir: Təbrizin susmağı müvəqqətidir, inqilab beşiyi olan bu şəhər bir gün öz qəti sözünü deyəcəkdir. İrticanın qələbəsi müvəqqəti ola bilər. Şair fars şovinizminə öz tutaraq deyir:
İstəyirsən bir milləti
Əridəsən öz içində.
Gizlədəsən, itirəsən
Sən günəşi toz içində.
Qardaşdan da dönsə Təbriz,
İnqilabdan dönən deyil.
Şair yaxşı bilirdi ki, 1945-1946-cı illərdə Təbrizdə yaradılan milli hökumət, onun fəaliyyəti və məğlubiyyəti həm Şimalda, həm də Cənubda milli hissiyyatların güclənməsinə misilsiz təsir göstərmişdi. Ona görə də şair bu hərəkatın tarixini diqqətlə öyrənmiş və bir sıra şeir və poemalarını bu hərəkata, onun iştirakçılarına həsr etmişdi.
Müəllifin belə poemalarından biri də «Didərginlər» idi. Didərgin deyərkən müəllif siyasi mühacirləri nəzərdə tuturdu. Lakin şairin poema qəhrəmanı kimi seçdiyi şəxslər Balaş Azəroğlu, Söhrab Tahir, Hökumə Billuri və başqaları Bakıda yaşayırdılar, onlar tam mənada siyasi mühacir deyildilər. Onlar da yüzlərlə digər Təbriz mücahidləri kimi 21 Azər faciəsindən sonra bu taya Şimali Azərbaycana gəlmişdilər. Əslində onlar öz vətənlərində idilər Təbrizdən Bakıya gəlmişdilər. Lakin sovet dövlətinin siyasəti nəticəsində onların cibində iranlı siyasi mühacir pasportu var idi, Moskva bilərəkdən onlara vətəndaşlıq vermir və onlar üçün düzəldilmiş siyasi partiyanın əli ilə İranın siyasi işlərinə qarışırdı.
Cənubdan Şimala gəlmiş həmvətənlərimizin formal siyasi mühacir statusu ilə yaşaması Sovet Dövlətinin riyakar siyasətinin nəticəsi idi. Sovet Azərbaycanında görkəmli şairlər kimi tanınan Balaş Azəroğlu, Söhrab Tahir, əslində Sabir Rüstəmxanlı üçün bədii bir vasitə idi: müəllifin əsl məqsədi xalqın taleyindən, onun öz torpağında hüquqsuz yaşamasından danışmaq idi:
Vətəni ola-ola
şair mühacir olsun,
Ayağı ola-ola
gəzə bilməyə
babalarından yadigar torpağı!
Milli hökumətin fəalları olmuş şairlərin taleyi şairə xalqımızın çoxəsrlik azadlıq mübarizələrinin epizodu kimi maraqlıdır. Xaqani də, Nəsimi də, Füzuli də mühacirətdə yaşamışdılar. Ona görə poema «Didərginlər» adlandırılıb. Xarici qəsbkarlar xalqımıza öz evinə sahiblik etmək imkanı vermirdilər. Ona görə xalqımız çox zaman öz torpağının üstündə mühacir qismində yaşamışdır. Tarixin bu acı həqiqətləri şairi qəzəbləndirir və bu qəzəbdə xalqımızın müstəqillik hüququ və istəyi səslənir, şair mühacirlik anlayışına geniş milli məna verir:
Yurdumuzdan aralı
dilimiz də mühacir!
Uzaq qəbiristanlarda
ölümüz də mühacir!
Haqqa bayraqdar olan
Xiyabani mühacir!
Pişəvəri mühacir!
Solmaz saydığın bağça
ayrılıqdan solurmuş.
Qardaşın evində də
mühacirlik olurmuş!
Poema nikbin sonluqla bitir: müstəqilliyin itməsi əbədi deyildir, azadlığa çatan Vətən bir gün bağlı qapıları açacaqdır. Onda doğma torpağın qürbətləşməsinə son qoyulacaq, xalq öz evinin və taleyinin sahibi olacaqdır. Poemanın yazıldığı vaxtdan on beş il sonra şairin arzuları çin oldu: xalqımız müstəqillik əldə etdi, onun balaları Azərbaycan vətəndaşlığını təmsil edən milli pasportların sahibi oldular: onlarla cənublu didərgin sərhədlərin açılmasından istifadə edib Cənuba getdi, öz ana-bacıları, əziz qohum-qardaşı ilə görüşə bildilər.
Nəsr əsərləri. Sabir Rüstəmxanlı mətbuata gəldiyi dövrdən nəsr və publisistikaya meylli olmuş, hekayə və məqalələr yazmışdır. Ədibin 2002-ci ildə çıxmış «Atamın ruhu» kitabında beş povesti, iki pyesi və hekayələri toplanmışdır. Bu kitaba ad vermiş povest avtobioqrafik xarakterlidir. Yazıçı burada həyatının son həftələrini yaşayan atası Xudu kişinin obrazını yaratmış, onun ölümünü və vəsiyyətini qələmə almışdır. Əsərdə zəhmət və halallıq probleminə toxunulur, müəllifin atası ilə gözə görünməyən bağları təsvir edilir.
Sabir Rüstəmxanlının nəsrində də vətənçilik ideyaları, tarixi mövzu aparıcıdır. Bu baxımdan müəllifin «Ölüm zirvəsi» romanı xüsusilə qiymətlidir. Gəncə hakimi olmuş Cavad xan Rusiya imperiyasına qarşı sonadək vuruşmuş ən qeyrətli hökmdarlardan biri olmuşdur. Ona görə sovet vaxtı onun bioqrafiyasına və ruslarla döyüşlərinə müraciət etmək qeyri-mümkün idi. Cavad xan Ziyadxan oğlu Rusiyaya qarşı mübarizənin simvolu, düşmənə nifrət rəmzi idi. Onun adı şairin milli ruhlu şeirlərində tez-tez çəkilirdi. Nəhayət, 2005-2006-cı illərdə müəllif Cavad xan haqqında romanı yazıb tamamladı.
Müəllif uzun illər xanlıqlar dövrü ilə maraqlanmış və həmin dövrün siyasi hadisələrini ilk mənbələr, arxiv materialları əsasında yaxşı öyrənmişdi. Belə hazırlıq müəllifə imkan verdi ki, bu əsərdə Azərbaycanın Rusiya tərəfindən işğal olunması ərəfəsində baş verən hadisələrin, ümumi tarixi vəziyyətin geniş mənzərəsini yaratsın. Bunun nəticəsində əsərdə həm Rusiya sarayında, həm də İranda gedən danışıqlar və siyasi tədbirlər də geniş əksini tapmışdır.
Tarixi sənədlər əsasında yazılmış romanda vətənpərvərlik və cəngavərlik ruhu aparıcıdır. Yazıçı xalq içindən çıxmış qoçaq, təəssübkeş, torpağa sadiq insanların silsilə obrazını yaratmışdır. Gəncənin müdafiəsinə hazırlıq ümumxalq işinə çevrilir, torpağa bağlı insanlar canlarından belə keçməyə hazır olduqlarını göstərirlər. Rus ordusunun hücumları zamanı gəncəlilərin mənəvi üstünlüyünə, döyüşçülərin misilsiz cəsurluğuna baxmayaraq, rus qoşunu artilleriyadan istifadə etməklə üstünlük qazanır. Cavad xanın isə artilleriyası yox idi, döyüş vasitələrinə böyük ehtiyacı var idi.
Cavad xan başda olmaqla Gəncənin müdafiəçiləri şəhər qalası ətrafında və onun içində son damla qanlarınadək vuruşur, düşmənə ağır itki verərək məğlub olurlar. Rus qoşunu amansız müqavimətinə görə şəhərdən və onun ətraf kəndlərindən intiqam alır, dinc əhalini, qadın və uşaqları da amansızlıqla qılıncdan keçirirlər.
Romanda Ziyad xan general Sisianov xəttinin təsvirinə xüsusi diqqət verilmişdir. General Sisianov ermənilərlə yaxınlıq edən lovğa, amansız bir sərkərdə kimi qələmə alınmışdır. O, imperiyanın təmsilçisi və əsgəri olması ilə fəxr edir, özünü mədəni bir insan hesab edir. O, hər ciddi məsələdə namərd ermənilərdən istifadə edir, onların Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi üçün əlindən gələni edir.
Sisianovdan fərqli olaraq Cavad xan torpağa və xalqın gücünə, məğrurluğuna, kafirlərə nifrətinə güvənir. O, döyüşün nəticəsi barədə düşünmür, Cavad xan bilir ki, torpaq uğrunda döyüşmək, son damla qanadək düşmənə müqavimət göstərmək lazımdır. O, nəinki bu əqidəni daşıyır, onu həm də bütün qədim şəhərin əhalisinə aşılamağa çalışır, sadə xalqı yadelli düşmənlə mübarizəyə səfərbər edir.
Sabir Rüstəmxanlı göstərir ki, Azərbaycan xalqı Sisianovdan öz intiqamını layiqincə almışdır. Bu intiqamı yazıçı belə təsvir edir: «Hüseynqulu xan bir neçə atlı ilə əlində xonça Qoşa Qala qapısından çıxdı. İndiki Nizami heykəlinin yerində üz-üzə dayandılar. Xan xonçadan Qala Qapısının açarını götürdü, Sisianova verəcəkdi. General Xəzərə yolunu açan bu açardan ötrü sinov gedirdi. Sevinci yerə-göyə sığmırdı. Elə bu an Hüseynqulunun yanındakı əmisi oğlu mauzerdən açdığı atəşlə Sisianovun ürəyini deşdi. Hüseynqulu xan generalın başını kəsib xonçaya qoydu və pıçıldadı:
Köməyinə gələ bilmədim, Cavad xan, məni bağışla! Amma intiqamını aldım!..»
Romanda Cavad xan Sisianov qarşıdurmasının sonu belədir. Xalqı istila etməyə gələn general öz başını da orada qoyur.
«Ölüm zirvəsi» müstəqillik şəraitində yazılan ən qiymətli tarixi romanlardan biridir. Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin həqiqi tarixi bu əsərdə tam çılpaqlığı ilə, tam dəqiqliyi ilə qələmə alınır, gənc nəsillər tarixi həqiqəti tam həcmdə öyrənə bilirlər.
Sabir Rüstəmxanlının ədəbi fəaliyyəti müstəqillik ərəfəsində ədəbiyyatda milli cərəyanın ən parlaq səhifəsi idi. Onun poeziyası və publisistikası müstəqillik uğrunda mübarizə aparmış vətənpərvər gəncliyin əqidə tərbiyəsinə ciddi təsir göstərmişdir.
Ədəbiyyat:
Yusifli C. Sabir Rüstəmxanlı: yaddaşın poetikası, B., 2006.
Dostları ilə paylaş: |