Neft və qaz ehtiyatlarının zəngin olması ölkənin enerji təhlükəsizliyinin aradan qaldırılmasında mühüm rol oynayır. Üstəlik bu enerji resurslarının ixracı həm iqtisadi həm də siyasi əhəmiyyətə malikdir. Lakin təcrübə göstərir ki, enerji resursları ilə zəngin olan ölkələrin tədricən ixracda bu resusrsların həcmini artırması ilə əltdə etdiyi iqtisadi artım bir çox hallarda iqtisadi zəifləməyə də səbəb ola bilər. 1970-ci illərdə Ərəb-İsrail müharibələri nəticəsində zəngin neft ehtiyatına malik olan ölkələrdə baş verən iqtisadi dalğalanmalar bu illərdə qlobal neft böhranının yaranmasına səbəb olmuşdur. İlk dəfə 1977-ci ildə “The Economist” jurnalı Holland sindromu (Dutch Disease) başlıqlı yazı dərc etmişdir, daha sonra 1982-ci ildə W.Max Corden ve J.Peter Neary bununla bağlı “Booming Sector and De-industrialization in a Small Economy” adlı məqalədə Holland sindromunun nəzəri analizlərini vermişlər. Sonrakı iqtisadi analizlərdə də əsas təməl məsələ neft “bum”undan sonra neftlə zəngin olan ölkələrin əhəmiyyətli dərəcədə “gəlir partlayışı” yaşamaqları fonunda, iqtisadiyyatın digər sektorlarını- qeyri neft sektorunu inkişaf etdirməməsi ölkə iqtisadiyyatının tənəzzülünə səbəb olacağı vurğulanır. [11, s.7] Ölkə iqtisadiyyatı yalnız bir strateji məhsulun ixracı üzərində deyil, çoxşaxəli ixrac fəaliyyəti üzərində qurulmalı və dövlət büdcəsinə alternativ mənbələrdən gəlirlərin daxil olmasını təmin etməyə yönəlik fəaliyyətlərin məcmusunu dəstəkləməlidir. Enerji sektoru, enerjinin istehsalı və ixracı bazar konyukturundan birbaşa asılı olan sahələr olduğundan bu dövlət büdcəsinin gəlirlərinə, sosial infrastruktur layihələrinə yönəlik xərclərə kəskin təsir edə bilir. Ölkə ixracında dominant mövqeyə malik olan enerji resusrsları ixracı əsasən qeyri-neft istehsal sahələrinin ikinci plana keçməsinə və ölkənin milli valyutasının süni olaraq bahalaşmasına yol açır. Məhz bu səbəbdəndir ki, ölkənin çoxşaxəli ixracının formalaşdırılması prioritet istiqamətlərdəndir. Holland sindromu müxtəlif modifikasiyalarda Norveç, Venesuela, Meksika, Nigeriya, Zamibiyada neft sektorunun intensiv istismarı nəticəsində, ö cümlədən Kolumbiyada kofe istehsalında, Fil dişi sahillərində ağac materiallarının istehsalı sahələrində özünü biruzə vermişdir. Qeyd olunan ölkələrdə holland sindromu adı çəkilən məhsulların ixracda və ÜDM-da əsas pay təşkil etməsi səbəbilə meydana gəlmişdir. Holland sindromu özünü əsasən emal və kənd təsərrüfatı sahəsinin zəif inkişaf xüsusiyyətləri ilə səciyyələnir. Xüsusilə İEOÖ-də kənd təsərrüfatının ekstensiv inkişafı, bu tip ölkələrdə ETT-nin aqrar sahəyə tətbiq imkanlarından istifadə edilməməsi səbəbindən qaynaqlanır. Holland sindromu ilə bağlı qeyd olunanları ümumiləşdirib onu qeyd edək ki, neft ehtiyatları ilə zəngin olan ölkələrdə neft-qaz sektroundan əlavə digər qeyri-neft sahələri xüsusilə sənaye və kənd təsərrüfatı sektoru zəif inkişaf etmişdir. Bu səbəbdəndir ki, holland sindromuna məruz qalmış ölkələr beynəlxalq əmək bölgüsü və xarici bazarlarda özülərinin iqtisadi güc mövqeyini nümayiş etdirə bilmirlər. [21, s.114-116] Qeyri-neft sektorunun və xüsusilə qeyri-neft ixracının inkişaf etdirilməsi ilə bir çox neft ölkələrində müxtəlif iqtisadi strategiyalar işlənib hazırlanmışdır. Bu sahədə Norveç, İndoneziya, Hollandiya bu iqtisadi strategiya və modelləri uğurla tətbiq etsələr də, Nigeriyada bu uğursuz olmuşdur.