Qrafik 2.4 Azərbaycanın qeyri-neft ixracında məcmu spesifik-mal ixracı üzrə ixtisaslaşma əmsalı funksiyası (seçilmiş məhsullar üzrə)
Mənbə: Qrafik ARDSK-nin məlumatları və əsasında müəllif tərəfindən hazırlanmışdır.
Azərbaycanın qeyri-neft sektorunda məcmu spesifik-mal ixracı üzrə ixtisaslaşma əmsalının funksiyasının qrafiki təsvirinə diqqət yetirdikdə ən çox sağa meyl etmiş məhsullar sırasına ilk olaraq pambıq daha sonra tütün və tütünün sənaye əvəzediciləri, nüvə reaktroları qazanlar, mexaniki qurğular onların hissələri, elektrik maşınları və avadanlıqları, spirtli və spirtsiz içkilər ixrac məhsullarını aid etmək mümkündür. Başqa sözlə Azərbaycanın qeyri-neft ixracında ənənəvi məhsullara məhz bu adı çəkilən məhsulları aid etmək mümkündür. Digər tərəfdən Qrafik 2.4-ə nəzər salsaq burada ən çox sola meyl etmiş məhsullara qiymətli metallar, mirvari və bahalı daş-qaşlar, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, tərəvəz məhsullarını aid etmək mümkündür. Bunlar isə ölkə üçün qeyri-ənənəvi, başqa sözlə yeni yaradılan istehsal və ixrac sahələridir. Ümumilikdə Azərbaycanda pambıq ixracı həcmi müstəqilliyin ilk dönəmlərində daha çox olsa da, sonralar bu məhsulun ixracında azalma tendensiyası müşahidə edilməkdədir. 1995-ci il üçün pambıq üzrə ixrac həcmi göstəricisini 100% qəbul etsək 2015-ci il üçün bu faiz 16% təşkil edir. Başqa sözlə 21 illik müddətlik dönəmdə pambıq ixracında 84%-lik azalma müşahidə edilməkdədir. Nüvə reaktorları, mexaniki qurğular və onun hissələri ölkə ixracında demək olarki stabil mövqeyə malik olmuşdur. Qeyri-ənənəvi ixrac sahələrinə gəldikdə isə burada xüsusi olaraq şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixracını qeyd etmək lazımdır. Təsadüfi deyil ki, cədvəl 2.4-ə diqqət yetirsək 2015-ci ilin ixrac göstəricilərində bu sahə qeyri-neft ixracının ümumi 18%-ni təşkil edir. Qeyri-ənənəvi məhsul ixracı üzrə artım tempi xüsusilə 2004-2009-cu illər aralığında sürətlənməyə başlanmışdır ki, bunun da əsas səbəbi kimi qeyri-neft sektorunda bu sahələrə cəlb olunan investisiya həcminin artması ilə izah etmək olar.
Dostları ilə paylaş: |