Metafora. Poetik müqayisənin bir növü də metaforadır. Bədii dildə çox yayılmış metafora köçürmək mənasını ifadə edir. Azərbaycan dilçiliyində bu anlayış istiarə sözü ilə ifadə olunur.Beləliklə,metafora və yaxud istiarə bir əşya və hadisənin müəyyən əlamətinin başqa əşya, hadisə üzərinə köçürülməsi nəticəsində meydana gəlir:
Alov hücüm çəkdi insan ömrünə [123, 79]
Gecə keçir, yuxu qaçır, yatmıram [123, 81]
Onda de, ey gözəl, bu kuzə kimi,
Sındırdın eşqinlə vuran qəlbimi [123, 14]
Baxır minarələr qəmli sükutla [123, 111]
Nəsə yer söyləyir, göy pıçıldayır
Bir ulduz danışır, mənimlə ulduz [123, 114]
Qumral saçlarını
daradı kulək [123, 64]
Sirrini pıçıldar göy otlar mənə
Bəyaz kəfən biçər buludlar mənə [123, 167]
Sanki çiçək səpdi üzlərə odlar
Yuxudan gecənin özü oyandı
Alovlar çağladı, atəşlər axdı [123, 161]
Sən cahana soyuq qəlblə baxar olsan [123, 163]
Dağa duman çöküb, çən yeridikcə,
Gözünü açdıqca günəşli bahar [123, 160]
Bir sükut içində yatır bağça-bağ
Ürəyim eşidir, ürəyim duyur [123, 158].
Misallardan göründüyü kimi, metafora da müqayisə, oxşatma əsasında yaradılır. «Metaforada da müqayisə-bənzətmə vardır. Müqayisədə bənzədilən və bənzəyən obyektlərin hər ikisi adlandırılır. Metaforada isə bənzədilən olur, bənzətmə obyekti isə işlədilmir.Metafora, adətən, bir sözdən ibarət olur. Müqayisə isə ən azı iki söz, yaxud bir söz və bir qoşmadan ibarət olur» [6, 128]. Bundan başqa, metafora təşbehə nisbətən daha mürəkkəb məcaz növüdür. Metaforadakı mürəkkəblik isə ondakı mücərrədlikdən-qarşılaşdırılan əşyaların birinin iştirak etməməsindən yaranır. Başqa sözlə,metaforada qarşılaşdırılan əşyalardan biri faktik olaraq iştirak etmir, hətta adı da çəkilmir, həmin əşya onun bir əlamətinin başqa əşyaya şamil edilməsi yolu ilə metaforada iştirak edir.
Metafora yolu ilə bir əşya üzərində müxtəlif əlamət və keyfiyyət köçürmək mümkün olduğundan məcazın bu növü şeirin emosional gücünün artmasında ciddi əhəmiyyət kəsb edir.»Metaforik söz və ifadələrin əsas bədii keyfiyyəti təsvirlə üzvi surətdə bağlılığında və təcəssüm etdirdiyi obrazlarla yaxınlığındadır» [42,101]. Bu cəhətdən də sənətkar poeziyada metaforadan daha çox istifadə etməyə çalışır. Hətta bəzən şair nəzərə çatdırmaq istədiyi bir fikirlə əlaqədar olaraq bir neçə metafora işlədərək, demək olar ki, metafora silsiləsi yaradır. Bütün bu cəhətləri nəzərə alaraq, deyə bilərik ki, «frazeoloji birləşmələrin ən mühüm xüsüsiyyətləri ekspressivlik, metaforiklik və emosionallıqdır» [57,69].
Dostları ilə paylaş: |