Natarazurbanizasiya bir mənada ölkənin az inkişaf etmiş olmasının göstəricisi olsa da, öz təbii qanunauyğunluğu içində müntəzəm urbanizasiya prosesi, eyni zamanda ölkənin gələcək tərəqqisi üçün də ümid mənbəyi olmuşdur. İnkişaf etmə mərhləsində olan ölkələrdə şəhərlər get- gedə daha çox əhalini özünə cəlb etməklə, milli gəlirdə daha çox pay sahibi olmaqla, daha çox əmtəə və xidmət istehsal etməklə ölkənin dominant regionu olmağa can atırlar. Bu şəhərələrin idarəsi xüsusilə əhəmiyyətli, lakin çox çətin məsələyə çevrilmişdir.
Urbanizasiya prosesinin yaranmasında iqtisadi, texnoloji, siyasi və sosioloji amillərin böyük rolu vardır. İqtisadi amillərdən birincisi kəndliləri yaşadıqları kəndlərdən şəhərlərə sarı istiqamətləndirən miqrasiya amilidir. Kənd təsərrüfatında müasir texnoloji avadanlıqların tətbiqi ilə ibtidai üsulların aradan çıxması, bir sözlə kapitalist sənayenin kənd təsərrüfatına sirayət etməsi, bu sahədə işçi qüvvəsinə tələbatı xeyli azaltmışdır. Urbanizasiyanın sürətlənməsinə təkan verən amillərdən digəri isə müsbət miqrasıya adlandıra biləcəyimiz, kəndlilərin firavan və təminatlı həyat tərzi əldə etmək və şəhərin yüksək mədəni, sosial, iqtisadi mühitindən istifadə etmək ümidi ilə kəndlərdən şəhərə axınıdır.
Xülasə etsək, urbanizasiyanışərtləndirən mənfi amilləri belə sıralaya bilərik:
— əhali artımının təzyiqi; — torpaq çatışmazlığı və torpaq bölgüsündə ədalətsizlik; — gizli işsizlik, yetərsiz iş təminatı; — aşağı məhsuldarlıq; kənd təsərrüfatında makinalaşma; — bəzi mövsümlərdə iqtisadi fəaliyyətin yetərsizliyi; — təbii fəlakətlər; — kənd təsərrüfatı icraatları; kənd təsərrüfatı ərazilərinin xüsusiyyətləri; — iqlim şəraiti və eroziya; Urbanizasiyanı doğuran müsbət amillər isə bunlardır; — kənd və şəhər arasındakı gəlir müxtəlifliyi; — daha yaxşı və mütərəqqi təhsil imkanı; — şəhər həyatının cazibəsi, daha yüksək həyat standartı; — iş imkanları, nəqliyyat imkanları; — müasir səhiyyə xidmətləri. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə urbanizasiya fərqli xüsusiyyətlərə malikdir. Belə ki, inkişaf etrmiş ölkələrdə urbanizasiya prosesi sənayeləşmə ilə qovuşmuşdur. Sənaye urbanizasiyanı doğurmuşdur. İnkişaf edən və ya az inkişaf etmiş ölkələrdə isə bunun əksinə sənayeləşmədən daha sürətli urbanizasiya prosesi sezilir. Birinci qrup ölkələrdə, yəni urbanizasiyanın sənayeləşmənin nəticəsi olduğu ölkələrdə cərəyan edən urbanizasiya prosesi tarazlı, ikinci qrupdaki urbanizasiya isə nataraz urbanizasiya adlanır. İnkişaf edən ölkələrin şəhərləşmə dinamikasını inkişaf etmiş ölkələrin urbanizasiya prosesindən ayıran xüsusiyyətlərdə biri də, XX əsrin bir əhali partlayışına şahidlik etməsidir. Bunun nəticəsində inkişaf etməkdə olan ölkələrdə urbanizasiyanin sürətlənməsi demoqrafik xüsusiyyətə malik olmuşdur. II Dünya müharibəsindən sonra tibbdəki nailiyyətlərin də təsiri ilə, doğum nisbəti xeyli artmışdır. Bu nisbət inkişaf edən ölkələrdə daha yüksək olmuşdur. Başqa tərəfdən ölüm nisbətinin də kəndlərə nisbətdə şəhərlərdə daha aşağı olması şəhərlərdə təbii əhali artımının tempini yüksəltmişdir.
Bundan əlavə İEÖ-də şəhərlərdə ekoloji vəziyyətin kəskin xarakter alması nəticəsindəə suburbanizasiya prosesi yaranmışdır. Suburbanizasiya şəhər əhalisinin bir hissəsinin şəhər ətrafına köçməsidir. Misal olaraq ABŞ-da əhalinin 65%-i şəhər ətrafında yaşayır. Suburbanizasiya prosesi əsasən İEÖ-ə xasdır. Bunun səbəbi İEÖ-də şəhər ətrafı ilə şəhər mərkəzində yaşayış səviyyəsi eynidir. Onun üçün də yerli əhali şəhər ətrafında yaşamağa üstünlük verir. Buna görədə hal-hazırda İEÖ-də şəhər əhalisinin xüsusi çəkisi artmır.