CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLMƏLİ OLAN ŞƏXSLƏR
M a d d ə 1 9 . Cinayət məsuliyyətinin ümumi şərtləri
Bu Məcəllə ilə müəyyən olunmuş yaş həddinə çatmış və cinayət törətmiş anlaqlı şəxs
cinayət məsuliyyətinə cəlb edilir.
M a d d ə 2 0 . Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi
20.1. Cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
20.2. On dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az
ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq
hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama
məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə,
ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları
girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı
maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya
psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya
yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir.
20.3. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman bu Məcəllənin
20.1 və 20.2-ci maddələrində nəzərdə tutulmuş yaş həddinə çatmamış şəxslər barəsində görülən
tədbirlər və həmin tədbirlərin tətbiqi qaydası müvafiq qanunla müəyyən edilir.
18
M a d d ə 2 1 . Anlaqsızlıq
21.1. İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız
vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq
və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki
xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət
məsuliyyətinə cəlb edilmir.
21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs
barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilə bilər.
21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək
psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin)
faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək
imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə
tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.
M a d d ə 2 2 . Anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxsin cinayət
məsuliyyəti
22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması
nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai
təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət
məsuliyyətinə cəlb edilir.
22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən
nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi üçün əsas ola bilər.
M a d d ə 2 3 . Sərxoş halda törədilmiş cinayətə görə məsuliyyət
Səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər
güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət
məsuliyyətindən azad olunmur.
5-ci fəsil
TƏQSİR
M a d d ə 2 4 . Təqsirin formaları
24.1. Əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs
cinayət törətməkdə təqsirli sayılır.
24.2. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.
M a d d ə 2 5 . Cinayətin qəsdən törədilməsi
25.1. Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən
törədilmiş cinayət sayılır.
25.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk
etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu
halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur.
25.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk
etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və
belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə
törədilmiş hesab olunur.
M a d d ə 2 6 . Cinayətin ehtiyatsızlıqdan törədilməsi
26.1. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində
törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır.
26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə
biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını
alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına
özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur.
26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə
biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə
biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına
etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.
6-cı fəsil
BAŞA ÇATMAYAN CİNAYƏT
M a d d ə 2 7 . Başa çatmış və başa çatmayan cinayət
27.1. Şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə
nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab
olunur.
27.2. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur.
27.3. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu
maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə
tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.
M a d d ə 2 8 . Cinayətə hazırlıq
28.1. Cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud
cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün
qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa
çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur.
28.2. Yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq cinayət
məsuliyyətinə səbəb olur.
M a d d ə 2 9 . Cinayət etməyə cəhd
Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik),
şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd
hesab olunur.
M a d d ə 3 0 . Cinayət törətməkdən könüllü imtina etmə
30.1. Cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə
hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya
hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.
30.2. Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət
məsuliyyətinə cəlb olunmur.
30.3. Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət
məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.
30.4. Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına
vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa
çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi,
bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş
köməkdən imtina etmişdirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırmışdırsa,
cinayət məsuliyyətinə cəlb olunmur.
30.5. Təşkilatçı və ya təhrikçi bu Məcəllənin 30.4-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri
ilə icraçı tərəfindən cinayətin törədilməsinin qarşısını ala bilmədikdə, məhkəmə cəza təyin
edərkən onların hərəkətlərini yüngülləşdirici hal hesab edə bilər.
7-ci fəsil
CİNAYƏTDƏ İŞTİRAKÇILIQ
M a d d ə 3 1 . İştirakçılıq
İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır.
M a d d ə 3 2 . İştirakçılığın növləri
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları
sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində
bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda
cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs
icraçı sayılır.
32.3. Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik
etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya
bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
32.4. Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət
törətməyə sövq edən şəxs təhrikçi sayılır.
32.5. Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət
törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş
şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud
cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini
və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam
verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır
.
19
M a d d ə 3 3 . Cinayətin iştirakçılarının məsuliyyəti
33.1. Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində
faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir.
33.2. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci
maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq
maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.3. Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin
törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu
Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə
tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
33.4. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin xüsusi subyekti
olmayan və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində iştirak edən şəxs,
həmin cinayətə görə onun təşkilatçısı, təhrikçisi və köməkçisi qismində məsuliyyətə cəlb
olunur.
33.5. İcraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə,
digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət
məsuliyyətinə cəlb edilirlər. Öz iradəsindən asılı olmayan səbəblərdən başqa şəxsləri cinayətin
törədilməsinə təhrik etməyə nail olmayan şəxs də cinayətə hazırlığa görə cinayət məsuliyyətinə
cəlb edilir.
M a d d ə 3 4 . Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi
34.1. Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən
cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.2. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət
qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.
34.3. Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox
şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə
tərəfindən törədilmiş cinayət hesab olunur.
34.4. Ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil
cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar
qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təºkilat) hesab olunur.
34.5. Cinayətkar birliyin (cinayətkar təşkilatın) məqsədlərinin yerinə yetirilməsi ilə əlaqədar
belə birliyin (təşkilatın) üzvü (üzvləri) tərəfindən, habelə cinayətkar birliyin (cinayətkar
təşkilatın) tapşırığı ilə həmin birliyin üzvü (üzvləri) olmayan şəxs (şəxslər) tərəfindən törədilən
cinayət, cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayət hesab olunur.
34.6. Mütəşəkkil dəstə və ya cinayətkar birlik yaratmış, yaxud onlara rəhbərlik etmiş şəxs bu
Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulan hallarda onları yaratmağa
və rəhbərlik etməyə görə, habelə mütəşəkkil dəstənin və ya cinayətkar birliyin törətdiyi, bu
şəxsin niyyəti ilə əhatə olunan bütün cinayətlərə görə məsuliyyət daşıyır. Mütəşəkkil dəstənin
və ya cinayətkar birliyin digər üzvləri həmin cinayətlərdə iştirakına görə bu Məcəllənin Xüsusi
hissəsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş hallarda, habelə hazırlanmasında və ya
törədilməsində iştirak etdikləri cinayətlərə görə cinayət məsuliyyəti daşıyırlar.
34.7. Bu Məcəllənin Xüsusi hissəsinin maddələri ilə nəzərdə tutulmayan hallarda
mütəşəkkil dəstənin yaradılması onun törədəcəyi cinayətə hazırlığa görə cinayət məsuliyyətinə
səbəb olur.
34.8. Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara
və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur.
M a d d ə 3 5 . Ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsi (icraçının
ekstsessi)
35.1. İcraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin
digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi, icraçının ekstsessi
hesab olunur.
35.2. İcraçının ekstsessinə görə cinayətin digər iştirakçıları cinayət məsuliyyətinə cəlb edilə
bilməzlər.
8-ci fəsil
ƏMƏLİN CİNAYƏT OLMASINI ARADAN QALDIRAN HALLAR
M a d d ə 3 6 . Zəruri müdafiə
36.1. Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını,
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq
yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini
aşmamışdırsa, cinayət sayılmır.
36.2. Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün
şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa
şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq
imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
36.3. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən
qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
M a d d ə 3 7 . Cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması
37.1. Cinayət törətmiş şəxsin səlahiyyətli dövlət hakimiyyəti orqanlarına gətirilməsi və ya
yeni cinayətlər törətməsinin qarşısının alınması məqsədi ilə tutulduğu zaman ona zərər
yetirilməsi, əgər həmin məqsəd üçün bütün digər təsir imkanlarından istifadə lazımi nəticə
verməmişsə və bunun üçün zəruri olan tədbirlərin həddi aşılmamışdırsa, cinayət sayılmır.
37.2. Cinayət törətmiş şəxsin tutulması üçün tətbiq edilən vasitələrin və üsulların törədilmiş
əməlin və həmin əməli törətmiş şəxsin ictimai təhlükəlilik dərəcəsinə, habelə tutulmanın
hallarına aşkar surətdə uyğun gəlməməsi və zərurət olmadan şəxsə açıq-aşkar həddən artıq
zərər vurulması şəxsin tutulması üçün zəruri olan tədbirlərin həddini aşmaq hesab olunur.
Həddi bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur.
M a d d ə 3 8 . Son zərurət
38.1. Son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxslərin həyatını,
sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini bilavasitə qorxu altına alan
təhlükəni aradan qaldırmaq üçün bu Məcəllə ilə qorunan obyektlərə zərər vurmaq yolu ilə
törədilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni başqa vasitə ilə aradan qaldırmaq
mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, cinayət
sayılmır.
38.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan
qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin
qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son
zərurət həddini bu qaydada aşma, yalnız qəsdən zərər vurulduqda cinayət məsuliyyətinə səbəb
olur.
M a d d ə 3 9 . Əsaslı risk
39.1. İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində bu Məcəllə ilə qorunan
obyektlərə zərər vurulması cinayət sayılmır.
39.2. Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq
mümkün deyildirsə və risk edən şəxs bu Məcəllə ilə qorunan obyektlərə zərər dəyməsini
aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.
39.3. Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə
müşayiət olunan risk əsaslı hesab edilmir.
M a d d ə 4 0 . Əmrin və ya sərəncamın yerinə yetirilməsi
40.1. Müəyyən edilmiş qaydada verilmiş və icrası şəxs üçün məcburi olan əmr və ya
sərəncamı yerinə yetirərkən həmin şəxs tərəfindən bu Məcəllə ilə qorunan obyektlərə zərər
vurulması cinayət sayılmır. Belə zərərə görə qanunsuz əmr və ya sərəncam vermiş şəxs cinayət
məsuliyyəti daşıyır.
40.2. Bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş
şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur.
40.3. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb
olmur.
UÇÜNCÜ BÖLMƏ
CƏZA HAQQINDA
9-cu fəsil
CƏZANIN ANLAYIŞI, MƏQSƏDİ VƏ NÖVLƏRİ
M a d d ə 4 1 . Cəzanın anlayışı və məqsədi
41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza
cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə
ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının
məhdudlaşdırılmasından ibarətdir.
41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq
edilir.
M a d d ə 4 2 . Cəzanın növləri
42.0. Cəzanın növləri aşağıdakılardır:
42.0.1. cərimə;
42.0.2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
42.0.3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə;
42.0.4. ictimai işlər;
42.0.5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə;
42.0.6. islah işləri;
42.0.7. hərbi xidmət üzrə məhdudlaşdırma;
42.0.8. əmlak müsadirəsi;
20
42.0.9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
42.0.10. azadlığın məhdudlaşdırılması;
21
42.0.11. intizam xarakterli hərbi hissədə saxlama;
42.0.12. müəyyən müddətə azadlıqdan məhrum etmə;
42.0.13. ömürlük azadlıqdan məhrum etmə.
M a d d ə 4 3 . Əsas və əlavə cəzalar
43.1. İctimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi
hissədə saxlama, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə
və ömürlük azadlıqdan məhrum etmə cəza növləri yalnız əsas cəza kimi tətbiq edilir.
22
43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan
məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir.
43.3. xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə,
nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə , əmlak müsadirəsi və Azərbaycan
Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi
tətbiq edilir.
23
M a d d ə 4 4 . Cərimə
44.1. Cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən
təyin edilən pul tənbehidir.
44.2. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla
on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin)
bir mislindən on mislinədək miqdarda müəyyən olunur.
24
44.3. Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin
müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər.
44.4. Cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah
işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
25
M a d d ə 4 5 . Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə
45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin
Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar
şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin
edilə bilər.
45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam
xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin
edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu
cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara
əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti
hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Dostları ilə paylaş: |