Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi
12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.[23] 12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.
Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi
Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.[24]
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2004-cü il
№ 580-IIQ
Məlumat azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Məlumat azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur.
Maddə 2. Məlumat azadlığının təminatı
Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır.
Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır.
Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir.
Maddə 3. Qanunun təyinatı
Bu Qanun məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Maddə 4. Məlumat münasibətlərinin subyektləri
Məlumat münasibətlərinin subyektləri fiziki və hüquqi şəxslərdir.
Maddə 5. Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsipləri aşağıdakılardır:
məlumat azadlığının təmin edilməsi;
məlumatın açıqlığı və onun mübadilə edilməsinin azadlığı;
məlumatın obyektivliyi, tamlığı və həqiqiliyi;
məlumatın axtarılmasının, əldə edilməsinin, istifadə olunmasının, yayılmasının və qorunmasının qanuniliyi;
hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması;
şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması.
Məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;
dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;
statistik məlumatlardan, kitabxanaların, arxivlərin və muzeylərin fondlarından, habelə informasiya sistemlərindən maneəsiz istifadə edilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
dövlətin təhlükəsizliyinə xətər yaradan fövqəladə hallar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;