Rəhbərlik üslubunun sosial-psixoloji məziyyətləri ilk dəfə məşhur alman psixoloqu Kurt levinin “Qrup dinamikası” məktəbində təsvir olunmuşdur. “ 30-cu illərin axırları idi.Kurt levinin rəhbərliyi ilə R.Lippit və R.Vayt ABŞ-da Ayova universitetində müxtəlif situasiyalarda uşaqlarda aqressiv davranışın səviyyəsini eksperimental yolla öyrənirdilər. On yaşlı uşaqları 3 qrupa ayırmışdır. Birinci qrupda lider uşaqların fəallığını sərt direktivlərlə məhdudlaşdırırdı, ikinci qrupda isə qrup diskussiyaları və qərar qəbulu prosesində onlara yaxından kömək göstərirdi; üçüncü qrupda isə uşaqlara əməlli-başlı sərbəstlik verilmişdi. Uşaq aqressivliyinin öyrənilməsi məramı ilə aparılan bu eksperimentlərdə, prof.S.Seyidovun qeyd etdiyi kimi sosial-psixoloji hadisələrin tamamilə yeni bir layı-rəhbərlik üslubu fenomeni kəşf olundu. Müəssisələrdə öz-özünə seçimli bir ənənə əmələ gəlib: işçilər rəhbər işçiyə hörmət edirlər və onun sözü ilə oturub-dururlar. Lakin bu monofaktorlu proses deyil və müxtəlif amillərdən, ilk növbədə cəzalandırma (məcburiyyət) və rəğbətləndirmə (mükafatlandırma) sisteminin nə dərəcədə səmərəli olmasından asılıdır. Onların səmərəsi isə bilavasitə rəhbər işçinin şəxsiyyəti ilə şərtlənir. Nümunə hakimiyyəti bu sahədə xüsusilə önəmlidir. Rəhbər işçinin bir şəxsiyyət kimi keyfiyyətləri isə bilavasitə onun peşə keyfiyyətləri ilə əlaqədardır. Onun ekspert kimi hakimiyyəti min bir görünməz tellə peşə erudisiyası, peşə səriştəsi kökündə formalaşır. Rəhbər işçi zavodda və ya fabrikdə birinci mühəndis, məktəbdə birinci pedaqoq sayılanda, onun imici və reytinqi köklü hakimiyyət faktoruna çevrilir.