MÜASİR CƏMİYYƏTDƏ AİLƏ İNSTİTUTU
Nəzakət Əjdər q. Salmanova, AMEA-nın
Fəlsəfə və Hüquqq institutu, Böyük elmi işçi
Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.
Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə də öz təsirini göstərib. Bəs bu təsirin miqyası nə dərəcədədir? Doğrudanmı, Azərbaycanda ailə institutu deformasiyaya uğrayıb?
Bu gün Avropa və Qərbdə ailə institutu ilə bağlı çox ciddi, çeşidli problemlərə rast gəlinir. Buna əsas səbəblərdən biri kimi "Kaliforniya sindromu" deyilən amil göstərilir. Qloballaşmanın nəticəsi olan bu dəhşətli sindrom insanların daha çox eqoistcəsinə davranmaları, rahatlıq və sərbəstliklərini daha çox düşünmələri, ailəni ikinci plana keçirmələri ilə nəticələnir. Qərbdə gənc oğlan və qızlar arasında erkən yaşlarından nikahdankənar münasibətlərin başlanması, habelə geniş vüsət alan "vətəndaş nikahı"nın az qala "müasirlik simvolu" kimi təqdim edilməsi cəhdləri ailə ənənələrinə ciddi zərbə vurur, boşanmaların çoxalması, doğuşun azalması demoqrafik problemlərin kəskinləşməsi ilə müşahidə olunur. Avropada "ailə institutu"nun sarsılması boşanma hallarının artması və demoqrafik problemin yaranması zəminində təzahür edir. Avropa Birliyinin Statistika komitəsi olan "UROSTAT"ın hesablamalarına görə, Avropa Birliyi ölkələrində boşanmalar orta hesabla 40 faiz təşkil edir. Bunun əsas səbəblərindən biri də gender probleminin şişirdilərək feminizm səviyyəsinə çatdırılması, ailə münasibətləri fonunda fərdi şəxsiyyət azadlığının ziyanlı stereotip kimi qabardılmasıdır.
Tarix boyu Azərbaycanda ailə müqəddəs hesab olunub. Qədim keçmişə malik xalqımızın tarixi qədər qədim dəyərləri də var. Bu dəyərləri xalqımız həmişə müqəddəs bilib qorumağa çalışıb. Bu gün bizim vətənə, əcdadlarımızın bizə miras qoyduğu dəyərlərə olan sevgimiz, hörmətimiz buradan qaynaqlanır. Bəs görəsən, tarixi köklərimizdən gələn bu xüsusiyyətləri kifayət qədər qoruya bilirkmi? Təəssüf ki, ailə institutumuz, ailə dəyərlərimiz əvvəlki kimi sağlam deyil. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək nəsillərə bəxş etdiyi ailə institutu aşınmaqdadır.
Qərblə Şərqin vəhdətində olan Azərbaycan məhz tarixən formalaşmış fundamental ailə dəyərləri ilə qloballaşma prosesinin bu mənfi təsirlərini özünə yaxın buraxmamağa çalışır. Xalqımızın tarixən formalaşmış mental keyfiyyətlərini, mənəvi-əxlaqi dəyərlərini bu gün də yaşadan azərbaycanlı gənci ailənin öz həyatında oynadığı müstəsna rolu düzgün dərk edir, nikaha girməyin, ailə başçısı olmağın məsuliyyətini dərk edir. Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Ailədaxili münasibətlərin ciddi əxlaq normalarına söykənməsi - böyüklərə hörmət və ehtiram, kiçiklərə sevgi, mərhəmət və diqqət kimi ənənələr ta qədimdən bu günə kimi gəlib çatıb. Bu dəyərləri yaşatmaq, əslində, xalqın milli özünəməxsusluğunu qoruyub saxlamaq, mənfi meyillərə etibarlı müqavimət göstərmək deməkdir.
Ancaq bu gün Avropanın bəzi ölkələrində, Qərbdə ailə institutlarının məhv olmağa doğru getdiyini düşünmürlər. Halbuki Azərbaycan ailə modelini öyrənən avropalılar bizim bu məsələdə onlardan nə qədər irəlidə olduğumuzu etiraf edirlər. Düzdür, bu gün bəşəriyyətin qloballaşmağa doğru getdiyi bir vaxtda biz qapalı bir cəmiyyətlə kifayətlənə bilmərik. Ancaq digər mədəniyyətlərin bizə diktə etdiyi, bizim dəyərlərimizə zidd olan mənəvi-estetik əsaslardan məhrum modellərə qapı açmamalıyıq. Əksinə öz ailə institutumuz, öz ailə dəyərlərimizlə başqlarına nümunə olmalıyıq.
Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, mədəniyyət və nəsillərin tarixi varisliyinin qoruyucusu, sabitlik və inkişaf meyarı sayılmışdır. Bəşəriyyət ailəni tarixən hər bir sivil cəmiyyətin əsasını təşkil edən, insanlığın ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirmişdir.
Ailə insan şəxsiyyətini mədəniyyətə qovuşduran, uşağa insan davranışının normalarını, qaydalarını mənimsədən, sosiallaşmasını təmin edən ilk məktəbdir. Sağlam cəmiyyətdə ilk növbədə bütün bəşəri xüsusiyyətləri, dəyərləri mədəni və estetik kriteriyaları özündə cəmləşdirən sağlam ailə modeli olmalıdır. Ancaq ailə dəyərlərimiz, ailə institutumuz artıq əvvəlki kimi möhkəm və sağlam deyil. Tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayan və xalqımızın gələcək varislərinə bəxş etdiyi ailə institutu tədricən aşınmaqdadır. Bunu Statistika Komitəsinin illik hesabatlarında da görə bilərik. Məsələn, 2010-cu ilin statistik nəticələrinə görə, Azərbaycanda 79 172 nəfər (hər 1000 nəfərə 8.9 faiz) evlənibdisə, 9061 nəfər də boşanıb (hər 1000 nəfərə 1 faiz). Statistikaya görə, 2000-2010-cu illərdə evlənənlərin sayı artsa da, boşananların da sayı yüksəlib.
Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə və Qadın Problemləri üzrə 2007-2010-cu illər üçün Milli Fəaliyyət Planı (MFP) tərtib edilmişdir. Onun əsasını «Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Olunması haqqında» Konvesiya, Pekin Fəaliyyət Platforması, Pekin+10 sənədləri, Minilliyin İnkişaf Məqsədləri və Azərbaycan Respublikasının qanunları, Prezidentin fərmanları, Hökumətin qərar və sərəncamları təşkil edir. Ailə və qadın problemləri üzrə MFP 2000-2005-ci illər üçün Azərbayjan qadınlarının problemləri üzrə ilk Milli Fəaliyyət Planının həyata keçirilməsi prosesində meydana çıxan məsələləri də qeyd etməklə alaraq, onların yeni şəraitdə yeni üsullarla həll olunmasını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, seçilmiş prioritetlər və məqsədlər mövcud problemlərin yalnız 4 il ərzində həlli mümkün olan fəaliyyətləri əhatə edir.
Ədəbiyyat
-
Семья как социальный институт. Гендер и общество / Под общ.ред. А.А.Широбоковой,С.В.Ураловой. – Иркутск, 2001
-
Семья в современном европейском обществе. – М.: 1996
-
Həsənova M. Azərbaycanda ailə: hüquqi və demoqrafik aspektləri. – B.: 2004
-
Hicran Hüseynova. Müasir cəmiyyətdə ailə institutu. Bakı: Azərbaycan. 2009, s.5
-
www. Evronews. Deyerler. orq
Dostları ilə paylaş: |