MƏŞĞƏLƏLƏRDƏ NİTQ İNKİŞAFI ÜZRƏ İŞİN TƏŞKİLİ
Yeganə Xanoğlan qızı Məmmədova,
Azərbaycan Müəllimlər İnstitutunun doktorantı
Ana dili tədrisi məktəbəqədər tərbiyə müəssisələrində böyük pedaqoji əhəmiyyəti olan məsələdir. Uşaqların təfəkkür səviyyəsini müəyyənləşdirməkdə və onun inkişaf yolunu təmin etməkdə ana dili tədrisinin ümumi təlim sistemində rolu son dərəcə böyükdür. Ana dili məşğələlərində uşaqlar biliklər əsasında fikir mübadiləsi keçirir, öz fikirlərini düzgün, aydın, səlis ifadə etmək üçün müvafiq sözlər axtarır, tapdıqları sözləri fəal lüğətlərində işlətməyə çalışırlar. Bu məqsədlə tərbiyəçilər səylə çalışmalı, məşğələlərdə nitq inkişafının müxtəlif cəhətlərini-söz yaradıcılığını, nitqin qrammatik cəhətini və rabitəli nitqinin qarşılıqlı inkişafının əlaqələndirilməsini təmin etməlidirlər.
Uşaq bağçalarında nitq inkişafı üzrə iş iki formada gedir:
1) nitq inkişafı üzrə xüsusi məşğələlərdə;
2) uşaqların öz yoldaşları, bağçanın işçiləri, xüsusilə tərbiyəçi ilə sərbəst ünsiyyətləri prosesində.
İkinci kiçik qrupdan (3 yaşdan) başlayaraq uşaq bağçalarında nitq inkişafına həsr olunmuş xüsusi məşğələlər təşkil edilir. Belə məşğələlərdə əsas məqsəd uşağın həmin dövrədək ailədə, körpələr evində, uşaq bağçasında öyrəndiklərini sistemə salmaq, onun nitq inkişafı sahəsindəki qabiliyyətini artırmaq və bu prosesi sürətləndirməkdir. Məşğələlər uşağın məsuliyyətini artırır, onu kollektivlə birlikdə dinləməyə, yoldaşlarının nitqinə fikir verməyə, onlarla söhbət etməyə, onların qarşısında şeir oxumağa, nağıl danışmağa alışdırır. “Uşaq bağçalarının təlim- tərbiyə proqram”ında nitq inkişafı ilə əlaqədar xüsusi məşğələlər “Nitq inkişafı”, “Təbiətlə tanışlıq və nitq inkişafı”, “Bədii ədəbiyyat”, “Ana dili”, “Savad təliminə hazırlıq və nitq inkişafı” başlıqları altında verilir.
Tədqiqatlar göstərir ki, məktəbəqədər yaşlı uşaqların nitqinin inkişafında ən yaxşı və səmərəli yanaşma məşğələlərin inteqrativ qurulmasıdır. Bunun üçün işin müvafiq qaydada planlaşdırılması əhəmiyyətli hesab edilir. Məşğələnin inteqrativ qurulması onun keyfiyyətinə bir neçə cəhətdən təsir göstərir:
-
Məşğələlərin inteqrasiyası onların saylarının azalması ilə nəticələnir. Məzmunca yaxın məşğələlər sintez edilir.
-
Məşğələlərin inteqrasiyası həftəlik saatların minimum səviyyəyə endirilməsi imkanını yaradır. Bu isə təlim yükünün-məşğələlərin sayının azalmasına gətirib çıxarır.
-
Uşaqların həyati əhəmiyyəti olan bilik, bacarıq və vərdişlər qazanmalarına, onların şəxsiyyət kimi formalaşması üçün ən zəruri praktik işlərin həyata keçirilməsinə imkan yaranır.
İnteqrativlik təlim sistemində pedaqoji prosesin mərkəzində dayanan tərbiyəçinin vəziyyətini, fəaliyyət istiqamətini dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Bu zaman uşaqlar öz təfəkkürünün düşüncəsi, tərbiyəçilər isə uşağın inkişafı üçün şərait təşkilatçısı olur.
Məşğələlərdə nitq inkişafı üzrə işin qarşısında duran vəzifələri iki istiqamətdə ümumiləşdirmək olar: a) uşaqlara ana dilində düzgün və təmiz danışmağı öyrətmək; b) uşaqların nitqinin inkişaf etdirilməsi üzrə işi ilk növbədə ətraf aləmlə, təbiətlə tanışlıq prosesində təşkil etmək.
Hər bir tərbiyəçi bilməlidir ki, uşağın söz ehtiyatı onun təsəvvürlərinə müvafiq olmalıdır. Bəzən uşaqlarda kifayət qədər təsəvvür olur, lakin onları ifadə edən sözlər olmur. Bəzən əksinə, uşaq canlı təsəvvürə əsaslanan çoxlu söz bildikdə onların mənasını dərk etmədən işlədir. Bu halın aradan qaldırmaq üçün tərbiyəçilər məşğələləri planlı aparmalı, əşya, hadisə haqqında uşaqda geniş təsəvvür yarandıqdan sonra, həmin sözləri uşağın fəal nitqinə daxil etməlidirlər. Deməli, biz məşğələ prosesində uşaqların nitqinin inkişafı üçün iki halı öyrətməliyik.
-
Söz və cümlələri başa düşmək qabiliyyəti.
-
Sözün formasını, söz birləşmələrini və cümlələri nitqdə işlətmək qabiliyyəti.
Beləliklə, məktəbəqədər təhsil müəssisələrində nitq inkişafı üzrə təşkil edilən məşğələlərin məzmununu üç mərhələyə bölmək olar:
Birinci, uşağın söz ehtiyatının get-gedə zənginləşməsi, yəni sözlər öyrənib bu sözlərdən istifadə etməsi;
İkinci, nitqin fonetik cəhətdən inkişaf etməsi, yəni uşağın səsləri düzgün tələffüz etmək xüsusiyyətinin inkişafıdır. Bu bir tərəfdən səsləri düzgün eşitmək, digər tərəfdən isə səsləri düzgün tələffüz etməkdə ifadə olunur;
Üçüncü, uşaq nitqinin qrammatik cəhətdən təkmilləşməsi, danışıq hissinin inkişaf etməsidir. Bu prosesin düzgün qurulması, uşaqların yaşına və anlaq səviyyəsinə uyğun təşkili, məktəbəqədər yaş dövrünün sonunda onların aşağıdakı nitq bacarıqlarına yiyələnməsinə imkan verir.
Beləliklə, məktəbəqədər yaşlı uşaqların nitqinin inkişaf etdirilməsi üzrə bütün işlər onların hərtərəfli inkişafına, məktəbdə müvəffəqiyyətlə oxumalarını təmin etmək imkanı verir. Uşaq bağçalarında nitq inkişafı üzrə iş apararkən diqqət hər şeydən əvvəl, uşağın lüğət ehtiyatının zənginləşməsinə, nitqin səs mədəniyyətinin tərbiyə edilməsinə, nitqin qrammatik quruluşunun formalaşdırılmasına yönəldilməlidir.
Nəhayət, qeyd edilməlidir ki, uşaq bağçalarında Azərbaycan dili məşğələlərinə, o cümlədən uşaqların nitqinin inkişafı üzrə işlərə verilən tələblərlə I sinifdə Azərbaycan dili tədrisinin, uşaqların nitqinin inkişafı arasında müəyyən varislik, uyğunluq təmin edilməlidir. Uşaq bağçalarının məktəbəhazırlıq qruplarında uşaqların nitqi elə inkişaf etməlidir ki,onlar I sinifdə sərbəst, düzgün, sürətlə, ifadəli, şüurlu oxumağa, qrammatik, leksik çalışmaları yerinə yetirməyə, gördükləri, eşitdikləri, yerinə yetirdikləri haqqında müstəqil danışmağa hazır olsunlar.
Dostları ilə paylaş: |