Lirikası
Al bayrağa
Müəllif: Əhməd Cavad
Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə, neyçün böylə al!?
Hakim olub bir toprağa,
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?
Bu bənzəyiş nədən gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..
[3]
Ana
Şu bürüşmüş əllərində göydən enmiş bir qüvvət var,
Nə zaman ki, xəstə könlüm ölgün düşüb inlər, ağlar!
Fırtınalı göylərimi yıxmaq istər ildırımlar,
Nə zaman ki, qərib ruhum yad ellərdən cana doyar!
Sən о zamatı yetişərsən bir risalət qüvvəsilə!
Bir analıq ürəyilə... Nədir, Allah üçün söylə,
Bu ərənlər silahını kimdən aldın, anlat böylə?..
Ağıldan da əvvəl mənə sən verdiyin о təmiz süd,
Vicdanıma dinlətdiyin о səmimi, о saf öyüd,
Müqəddəsdir, gücün varsa, insan oğlu, gəl də unut?!
Bəzən olur, həyatımın dağlarını duman alır,
О gün sənin titrək laylan yollarıma işıq salır!
Sənin məmnun olduğun gün, ruhum məndən məmnun qalır,
Inandım ki, cənnət sənin ayağının altındadır![3]
Dostları ilə paylaş: |