TƏLƏBƏ: Əzizova Səbinə
FAKÜLTƏ: Filologiya və tərcümə
İXTİSAS: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
QRUP: 328Am
TƏDRİS İLİ: 2020-2021
FƏNN: Azərbaycan ədəbiyyat tarixi 4
SƏRBƏST İŞİN MÖVZUSU: “Əhməd Cavad lirikası”
MÜƏLLİM: İslam Qəribov
Giriş Əhməd Cavad XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir. Onun adı haqlı olaraq ədəbiyyatımızın tarixində H.Cavid,A.Səhhət, M.Hadi, A.Şaiq kimi böyük sənətkarlarla bir sırada çəkilir. Bir romantik şair kimi yaradıcılığa başlayan Ə.Cavad keçən əsrin əvvəllərinin tez-tez dəyişən gurultulu ictimai-siyasi hadisələri içində əvvəllər bir qədər tərəddüd etsə də zaman keçdikcə onun ilham pərisinin qanadları bərkimiş, xalqın tərəqqisi, milli istiqlal, əslə-kökə qayıtmaq, türkçülük, dövlətçilik idealları onun həyat mövqelərini daha da möhkəmləndirmiş, sənətkarlıq baxımından yeni zirvələrə ucalmasını təmin etmişdir. Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Mikayıl Müşfiq kimi Ə.Cavadın da yaradıcılığı uzun müddət süni surətdə xalqın taleyindən, tarixindən ayrı salınmışdı. Buna görə də gecdən-gec işıq üzü görmüş tək-tük naqis nəşrlər istisna edilərsə, demək olar ki, sovet hakimiyyəti illərində Azərbaycanda Əhməd Cavadın mükəmməl elmi-tekstoloji araşdırmalar əsasında tərtib olunmuş bircə dənə də sanballı kitabı çap edilməmişdir. Nə qədər kədərli olsa da belə bir faktı etiraf etmək lazımdır ki, indiyədək əlimizdə Ə.Cavadın müvafiq sənədlər əsasında yazılmış müfəssəl elmi tərcümeyi-halı da yoxdur. Ədəbiyyatımızın bu ağ ləkələrini aradan qaldırmaq, şairin həyat və yaradıcılığını əsaslı şəkildə öyrənmək və əsərlərinin elmi-tənqidi mətnini hazırlayıb nəşr etdirmək ədəbiyyatşünaslıq elmimizin yaxın müddət üçün ən vacib vəzifələrindən biridir. Lakin Türkiyədə nəşr edilmiş “Çırpınırdın, Qara dəniz!” (Ankara, 1990) kitabına onun tərtibçisi Sərvət Gürcanın yazdığı müxtəsər müqəddimədə Ə.Cavadın tərcümeyi-halı barədə çox müxtəsər də olsa məlumat vardır.
“Sən ağlama, mən ağlaram” (Bakı, 1991) kitabında şair Məmməd Aslanın müqəddimə əvəzinə verilmiş “Ruhların kölgəsində”, Niyazi Axundovun yenə də həmin kitabın sonunda dərc edilmiş“Atam Əhməd Cavad” adlı məqalələrində şairin tərcümeyi-halının bir sıra vacib məqamları, özü və ailə üzvləri haqqında uzun müddət oxuculara və ədəbi ictimaiyyətə məlum olmayan bəzi çox mühüm faktlar açıqlanmışdır.Y.İsmayılovun “Tale” (“Azərbaycan gəncləri”, 1 oktyabr 1988-ci il), Rəhman Həsənovun “Əhməd Cavad yanğısı” (“Azərbaycan müəllimi”, 24 fevral 1989-cu il), K.Muradov və A.Şərifovun “Xüsusi arxivdə saxlanan qovluq” (“Xalq qəzeti”, 7 mart1992-ci il) məqalələri də bu baxımdan maraq doğurur. “Əhməd Cavad yanğısı” məqaləsində müəllif şairin vaxtilə suallarına öz əli ilə cavab yazdığı anketinə əsasən onaun tərcümeyi-halının bəzi faktlarını dəqiqləşdirməyə çalışmışdır. “Azərinform” xəttilə buraxılmış son məqalədə isə Ə.Cavadın həbs edilməsi, saxta ittiham əsasında “mühakiməsi”, ömrünün son günləri, güllələnməsi və ailəsinin başına gətirilmiş faciələr haqqında dəqiq məlumat var[1]