Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları



Yüklə 104,44 Kb.
Pdf görüntüsü
tarix25.03.2023
ölçüsü104,44 Kb.
#90019
növüQaydalar
unvanvermedeyiwiklik



Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli 
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin 
aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda 
dəyişikliklər edilməsi barədə 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini 
rəhbər tutaraq qərara alıram: 
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 
nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, 
№11, maddə 981; 2010, №7, maddə 610, №8, maddə 720) ilə təsdiq edilmiş 
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak 
obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin: 
1.1. 1.4-cü bənddə “kadastrının tərkib hissəsi olmaqla” sözləri “kadastrı ilə 
əlaqələndirilməklə” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə 
əlavə edilsin: 
"Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə 
təmin etmək məqsədi ilə tərtib edilir və aparılır .”; 
1.2. 2.1-ci bənddə “nəqliyyat infrastrukturu obyektlərinin” sözlərindən sonra 
“(prospekt, küçə və s.)” sözləri əlavə edilsin; 
1.3. 2.4-cü bəndin birinci yarımbəndində “onun adı dəyişdirildikdə” 
sözlərindən sonra “(bu halda ünvan nömrələri dəyişilmir)” sözləri əlavə edilsin; 
1.4. 3.7.1-ci yarımbənddə “adı” sözündən sonra “və kodlaşdırılmış nömrəsi” 
sözləri əlavə edilsin; 
1.5. 3.7.2-ci yarımbənddə “adı (adları)” sözlərindən sonra “və kodlaşdırılmış 
nömrəsi (nömrələri)” sözləri əlavə edilsin; 
1.6. 3.7.4-cü yarımbənddə "nömrə" sözü "ünvan nömrəsi” sözləri ilə əvəz 
edilsin; 
1.7. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin: 
"3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat 
infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri 
ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə 
bağlanılır. "; 
1.8. 3.8-ci bənddə “(nömrəsinin)” sözü “(ünvan nömrəsinin)” sözləri ilə
“Qaydaların 3.9-3.21-ci bəndlərinə” sözləri “Qaydalara” sözü ilə əvəz edilsin; 
1.9. 3.9-cu, 3.10-cu, 3.11-ci, 3.12-ci, 3.13-cü, 3.14-cü və 3.15-ci bəndlər 
aşağıdakı redaksiyada verilsin: 
“3.9. Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin 
və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat 
infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla 


ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq 
sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. 
3.10. Dalanlarda yerləşən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-
yaşayış sahələrinin girişlərinə ünvan nömrələrinin verilməsi dalanın nəqliyyat 
infrastrukturu obyektinə çıxışı nəzərə alınmaqla, həmin çıxışdan başlayaraq həyata 
keçirilir. 
3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir 
tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və 
qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən 
mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi 
mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin 
ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin 
və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan 
nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən 
təmin edilir. 
3.12. Bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar 
istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, 
həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə 
uyğun olaraq vahid ünvan verilir. 
3.13. Nəqliyyat infrastrukturunun mərkəzi xətlərinin yerləşmə mövqeyi ünvan 
reyestrində qeydə alınır. Ünvan reyestrində nəqliyyat infrastrukturu obyektlərinin 
adları və nəqliyyat infrastrukturu obyektinin başlanğıc və son nöqtələrinin coğrafi 
koordinatları haqqında məlumat saxlanılmalıdır. 
3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu 
Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan 
nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, I, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, 
digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında 
inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə 
olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər 
statusa malikdir. 
3.15. Ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu 
obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat 
bazasına daxil edilir. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması zamanı 
inzibati ərazi vahidlərinə və nəqliyyat infrastrukturu obyektlərinə verilmiş 
nömrələr təkrarlanmır. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, 
nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi 
xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada həyata keçirilir.”; 
1.10. 3.16-cı, 3-17-ci, 3-18-ci, 3.19-cu və 3.22-ci bəndlər ləğv edilsin; 
1.11. 4.2-ci bəndin üçüncü yarımbəndində: 
1.11.1. “Xidmət” sözü “Komitə” sözü ilə əvəz edilsin; 
1.11.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: 


“Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin 
mülkiyyətçisinə bu barədə məlumat verir. ”; 
1.12. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin: 
“4.4. Yeni nəqliyyat infrastrukturu obyekti istifadəyə verildiyi və ya nəqliyyat 
infrastrukturu obyektinin adı dəyişdirildiyi halda, ad verən müvafiq icra 
hakimiyyəti orqanı 3 gün müddətində Komitəni bu barədə məlumatlandırır. ”. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
2.1. üç ay müddətində ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət 
orqanlarının informasiya sistemlərinin dairəsini müəyyən etsin və bu barədə 
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
2.2. ünvan reyestri ilə digər dövlət orqanlarının informasiya sistemləri 
arasında informasiya mübadiləsinin aparılmasını təmin etmək məqsədi ilə zəruri 
tədbirləri həyata keçirsin; 
2.3. iki ay müddətində nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, 
nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi 
xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi qaydalarını təsdiq etsin və bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
2.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu 
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan 
Respublikasının Prezidentinə təqdim etsin; 
2.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu 
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 
2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu 
Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay 
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu 
obyektləri və onlarda baş vermiş dəyişikliklərə dair məlumatların nəqliyyat 
infrastrukturu obyektlərinin kodlaşdırılması və ünvan reyestrinə daxil edilməsi 
məqsədi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak 
Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq təqdim olunmasını təmin etsinlər. 
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti 
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana 
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə məlumat versin. 
5. Bu Fərman qüvvəyə mindiyi günədək verilmiş daşınmaz əmlak 
obyektlərinə dair sənədlərdə qeyd edilən ünvanlar dəyişdirildikdə, həmin 
sənədlərdən ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə 
olunur. 
6. Bu Fərmanın 1-ci bəndi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir. 


İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 10 fevral 2012-ci il 
№ 590 

Yüklə 104,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin