Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dedikdə, onların mətninin rəsmi dövri mətbu nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio və televiziya kanallarında səsləndirilməsi yolu ilə ümumi diqqətə çatdırılması nəzərdə tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya kanallarında səsləndirilməsi onların rəsmi dövri mətbu nəşrdə dərc edilməsini əvəz etmir.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir.
Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.
Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu aktın yerləşdirildiyi rəsmi dövri mətbu nəşrin çıxdığı (ictimai radio və televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.
Normativ hüquqi aktlar aşağıdakı üsullarla dərc edilir:
Azərbaycan Respublikasının Konstitusiyası, referendumda qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları “Azərbaycan” və “Xalq qəzeti” qəzetlərində;
Azərbaycan Respublikasının qanunları və onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları “Azərbaycan” qəzetində;
Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları “Xalq qəzeti” qəzetində.
Qanun, fərman və Nazirlər Kabinetinin qərarları ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc edilməsi və qüvvəyə minməsi tarixi onun ilk dərc edilməsi tarixi ilə müəyyən edilir.
Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir.
Ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ hüquqi aktların dərc edilməsinə yol verilmir.
Normativ hüquqi aktlar onların məcburi rekvizitləri göstərilməklə dərc edilir.
Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.