Normativ hüquqi aktlar aşağıdakı müddətlərdə rəsmi dərc edilməlidir:
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat müddətində;
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları(hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması barədə fərmanlar) Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində;
Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən sonra.
Qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları istisna olmaqla, səlahiyyətli dövlət orqanlarından rəsmi nəşr orqanlarına (Hüquqi Aktların Dövlət Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ hüquqi aktlar onların daxil olduğu gündən 5 gündən gec olmayaraq dərc edilməlidir.
Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə dərc edilə, habelə televiziya və radio ilə ümumi diqqətə çatdırıla, məlumat yayılmasının digər üsulları ilə ötürülə bilər.
Natamam normativ hüquqi aktlar “Çıxarış” qeydi ilə dərc edilə bilər.
Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab edilir.
Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi yalnız onun hüquqi məlumatın yayılması üzrə fəaliyyətə irəli sürülən tələblərə əməl olunmaqla rəsmi dərc edilməsindən sonra həyata keçirilir. Bu zaman hər bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə mənbəyi, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın yayılması üçün xüsusi razılığa (lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın yayılması üçün belə xüsusi razılığın (lisenziyanın) verilmə nömrəsi və tarixi hökmən göstərilir.
Dostları ilə paylaş: |