Maddə 98. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ləğv edilməsi
98.1. Psixi pozuntusu olan şəxslərə təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi həkim-psixiatr komissiyasının rəyi əsasında məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı ilə məhkəmə tərəfindən həyata keçirilir.
98.2. Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxs bu tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədi ilə altı ay müddətində bir dəfədən az olmayaraq həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadıqda məcburi müalicəni həyata keçirən müəssisənin müdiriyyəti məcburi müalicənin müddətinin uzadılması haqqında məhkəməyə öz rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir.
98.3. Şəxsin psixi vəziyyətinin yaxşılaşması səbəbindən onun barəsində əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi zərurəti olduqda və ya tibbi xarakterli digər məcburi tədbirlərin tətbiqinə ehtiyacı olduqda, tibbi xarakterli məcburi tədbirlərin dəyişdirilməsi və ya onların tətbiqinin ləğv edilməsi məhkəmə tərəfindən həyata keçirilir.
98.4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edildikdə məcburi müalicə edilən şəxs barəsindəki materialları məhkəmə səhiyyə orqanlarına göndərir. (102)