206.1. Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsi—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.2. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə;
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
206.4. Bu Məcəlləninn 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 206.1-ci maddəsində «külli miqdar» dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin dörd min manatdan yuxarı olan məbləq başa düşülür.
2. Bu Məcəllənin 206.2-ci maddəsində «mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar» dedikdə, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür. (1, 45, 69, 85, 131)