Maddə 350. Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və ya sair ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.