Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 196. Cinayət prosesində iştirak edən şəxslərin çəkdikləri xərclərin ödənilməsi



Yüklə 1,91 Mb.
səhifə15/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Maddə 196. Cinayət prosesində iştirak edən şəxslərin çəkdikləri xərclərin ödənilməsi

196.1. Cinayət mühakimə icraatı zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin, habelə hal şahidinin, tərcüməçinin, mütəxəssisin, ekspertin və şahidin aşağıdakı xərcləri ödənilməlidir:

196.1.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə əlaqədar dəmiryolu və avtomobil nəqliyyatında (taksidən başqa) və nəqliyyatın digər növlərində, habelə cinayət prosesini həyata keçirən orqanın razılığı ilə hava nəqliyyatında yol xərcləri;

196.1.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə daimi yaşayış yerindən kənarda yaşamaq zəruriyyətində qaldıqda gündəlik xərclər, bu xərclər idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən ödənilmədikdə;

196.1.3. idarə, müəssisə, təşkilat və ya işə götürən tərəfindən orta aylıq əmək haqqının saxlanıldığı hallar istisna olmaqla, cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etmənin bütün müddəti üçün orta aylıq əmək haqqı;

196.1.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə istintaq və ya digər prosessual hərəkətdə iştirak edərkən, xarab olan və ya itirilən əmlakın bərpa olunması və ya əldə edilməsinə çəkilən xərclər.

196.2. Dövlət orqanları, idarələri, müəssisələri və təşkilatları zərər çəkmiş şəxsin, mülki iddiaçının, onların qanuni nümayəndələrinin, habelə hal şahidinin, tərcüməçinin, ekspertin və şahidin cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət mühakimə icraatında iştirak etdiyi müddətdə onların orta aylıq əmək haqqını saxlamalıdırlar.

196.3. Mütəxəssisin və ekspertin gördüyü işlə əlaqədar sərf edilmiş kimyəvi reaktivlərin və digər materialların xərcləri, habelə bu məqsədlə avadanlıqdan istifadəyə, kommunal xidmətlərə görə çəkdiyi xərclər ödənilir.

196.4. Cinayət mühakimə icraatı zamanı çəkilən xərclər cinayət prosesini həyata keçirən orqan tərəfindən öz təşəbbüsü ilə və ya bu Məcəllənin 196.1-ci maddəsində göstərilən şəxslərin ərizələri üzrə cinayət prosesini həyata keçirən orqanın qərarına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş miqdarda ödənilməlidir. Göstərilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və ya cinayət təqibi üzrə təqsirli bilinmiş şəxsin (şəxslərin) hesabına ödənilir.

XXII fəsil. Məhkəmə məsrəfləri

Maddə 197. Məhkəmə məsrəfləri

197.1. Məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:

197.1.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərər çəkmiş şəxsə vurulmuş ziyana görə kompensasiya qismində ödənilmiş məbləğ;

197.1.2. zərər çəkmiş şəxsə, mülki iddiaçıya, onların qanuni nümayəndələrinə, şübhəli və ya təqsirləndirilən şəxsə, pulsuz hüquqi yardım göstərmiş müdafiəçiyə, tərcüməçiyə çağırışa və gündəlik xərclərə görə ödənilmiş məbləğ;

197.1.3. andlı iclasçılara cinayət işinin baxılmasında iştirak etməsinə görə ödənilmiş haqqın məbləği;

197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ;

197.1.5. şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği;

197.1.6. maddi sübutların saxlanması, göndərilməsi və tədqiqi üçün çəkilmiş xərclərin məbləği;

197.1.7. cinayət işi üzrə istintaq eksperimenti və ya ekspertiza keçirilərkən korlanmış və ya məhv olmuş əşyaların dəyərinin və bu kimi digər məsrəflərin ödənilməsinə çəkilmiş xərclərin məbləği;

197.1.8. cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləği.

197.2. Bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir.

Maddə 198. Məhkəmə məsrəflərinin tutulması

198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.6—197.1.8-ci maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

198.2. Məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər.

198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.

198.4. Yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər.

198.5. Xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır.

198.6. Hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar.

198.7. Məhkəmə məsrəflərinin tutulmasına dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) il keçərsə, müddətin keçməsi ilə əlaqədar həmin məsrəflərin tutulması hüququna xitam verilir. Göstərilən müddət keçdikdən sonra ödəniş kimi tutulmuş məhkəmə məsrəflərinin məbləği geri qaytarılmır.



Altıncı bölmə. Cinayət mühakimə icraatı zamanı-konfidensiallıq və müddət məsələləri

XXIII fəsil. Cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması

Maddə 199. Şəxsi və ailə sirrinin qorunması

199.1. Cinayət mühakimə icraatı zamanı şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

199.2. Prosessual hərəkətlərin gedişində hər hansı şəxsin şəxsi həyatına aid məlumatların, habelə onun gizli saxlanılmasını lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları bu məlumatların yayılmamasını öhdələrinə götürür və onlardan bu barədə yazılı iltizam alınır.

199.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə onun şəxsi həyatına aid məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə özünün və ya başqasının həyatına aid məlumatları bildirməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

199.4. Şəxsi və ya ailə sirlərini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

199.5. Şəxsi həyatın toxunulmazlığının pozulması, şəxsi və ya ailə sirrinin yayılması nəticəsində hər hansı şəxsə vurulan ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməlidir.



Maddə 200. Dövlət sirrinin qorunması

200.1. Cinayət mühakimə icraatı zamanı dövlət sirrini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

200.2. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir. Cinayət prosesini həyata keçirən orqan şəxsə dövlət sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

200.3. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu ona etibar edilmiş dövlət sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq dövlət orqanının rəhbərinə yazılı məlumat verməlidir.

200.4. Dövlət sirrini özündə əks etdirən məlumatlarla bağlı cinayət işlərinin icraatı bu cür məlumatların yayılmaması barədə öhdəlik götürmüş müstəntiqlərə, prokurorlara və ya hakimlərə həvalə edilir. Öz vəzifələrinin icrası zamanı hakimlər, habelə dövlət sirri təşkil edən məlumatlarla bağlı cinayət işləri üzrə cinayət mühakimə icraatında müdafiəçi qismində çıxış edən vəkillər dövlət sirri ilə işləməyə «Dövlət sirri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. Dövlət sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq edilməlidir.

200.5. Məhkəmə və prokurorluq orqanlarında dövlət sirrinin mühafizəsinin təmin olunmasına nəzarət bu orqanların rəhbərləri tərəfindən təşkil edilir.



Maddə 201. Peşə və kommersiya sirrinin qorunması

201.1. Cinayət mühakimə icraatı zamanı peşə və kommersiya sirlərini təşkil edən məlumatların qorunması üçün bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş tədbirlər görülür.

201.2. Prosessual hərəkətlər aparılarkən peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların zərurət olmadan toplanmasına, istifadə və yayılmasına yol verilmir. Müstəntiqin, prokurorun və ya məhkəmənin tələbi ilə istintaq və məhkəmə hərəkətlərinin iştirakçıları həmin məlumatları yaymamalıdırlar və onlardan bu barədə iltizam alınır.

201.3. Cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsə peşə və ya kommersiya sirlərini əks etdirən məlumatların bildirilməsini və ya təqdim olunmasını məhkəmənin müvafiq qərarı əsasında təklif etdikdə, həmin şəxs bu məlumatların başlanmış cinayət işi üzrə toplanılmasının zəruriliyinə əmin olmaq, əks təqdirdə onları verməkdən imtina etmək hüququna malikdir.

201.4. Cinayət prosesini həyata keçirən orqan şəxsə peşə və kommersiya sirrini özündə əks etdirən məlumatların bildirilməsinin və ya təqdim olunmasının zəruriliyinə istinad edərək tələb etdikdə, o, dindirmə və ya digər istintaq hərəkəti protokoluna bu məlumatların alınmasının zəruriliyi barədə təsdiqedici qeydlər daxil etməlidir.

201.5. Cinayət prosesini həyata keçirən orqan dindirmə və ya digər istintaq hərəkəti protokolunda bunun qadağan edilməsi barədə qeydlər etməyibsə, dövlət qulluqçusu və ya hər hansı mülkiyyət formasına malik müəssisə və ya təşkilatın işçisi ona etibar edilmiş peşə və kommersiya sirrini təşkil edən məlumatlara dair ifadə verməsi barədə dərhal müvafiq orqanın, müəssisə və təşkilatın rəhbərinə yazılı məlumat verməlidir.

201.6. Peşə və ya kommersiya sirrini açıqlayan sübutlar qapalı məhkəmə iclasında tədqiq olunmalıdır.

XXIV fəsil. Cinayət mühakimə icraatında müddətlər

Maddə 202. Müddətlərin hesablanması

202.1. Cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablanır.

202.2. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır.

202.3. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır.

202.4. Cinayət mühakimə icraatı zamanı şikayət və ya digər sənəd müddət keçənədək poçta, həbsdə olan və tibbi müəssisələrə yerləşdirilmiş şəxslər üçün isə şikayət və ya digər sənəd müddət keçənədək həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmişsə, müddət buraxılmış sayılmır. Şikayətin və ya digər sənədin poçta verilməsi tarixi poçtun ştempeli, həbsdə saxlama yerinin və ya tibb müəssisəsinin müdiriyyətinə verilmə tarixi isə dəftərxananın, yaxud həmin müəssisələrin vəzifəli şəxslərinin qeydlərinə əsasən müəyyən edilir.

202.5. Cinayət mühakimə icraatı zamanı vəzifəli şəxslərin müəyyən olunmuş müddətlərə riayət etməsi prosessual sənədlərdə müvafiq qeydlərlə təsdiq olunur. Cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur.



Maddə 203. Müddətin buraxılmasının nəticələri və onun bərpa olunması qaydaları

203.1. Cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır.

203.2. Cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddəti bitmişsə, onun icrası göstərilən şəxsin vəsatəti və ya xahişi ilə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər.

203.3. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir.

203.4. Təhqiqat və ya istintaq orqanının müddətin bərpasından imtina etməsindən prokurora şikayət verilə bilər. Məhkəmənin buraxılmış müddətin bərpasından imtina etməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin öz səlahiyyəti daxilində ona müraciət etmək üçün buraxılmış müddəti bərpa etmək hüququ vardır. Digər prosessual müddətlərin uzadılması və ya bərpa olunması məsələsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həll edilir.

Xüsusi hissə

Yeddinci bölmə. Cinayət təqibi üzrə məhkəməyədək icraat

XXV fəsil. Cinayət işinin başlanması

Maddə 204. Törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxslərin məlumatları

204.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.

204.2. İstintaq hərəkətlərinin aparılması və ya məhkəmə baxışı zamanı, törədilmiş və ya hazırlanan cinayət haqqında verilmiş şifahi məlumat müvafiq olaraq istintaq hərəkəti və ya məhkəmə iclası protokoluna yazılır. Digər hallarda ayrıca protokol tərtib edilir. Protokolda məlumatı verən şəxsin soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış və ya iş yerinin ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, habelə onun təqdim etdiyi vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd haqqında məlumatlar qeyd edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs tərəfindən vətəndaşın şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilmədikdə onun şəxsiyyəti haqqında məlumatların yoxlanılması üçün digər tədbirlər görülməlidir.

204.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs 16 (on altı) yaşına çatmışsa, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

204.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında və məlumat verən şəxsə onların məlum olduğu hallar barədə məlumatlar protokolda birinci şəxs adından qeyd olunur.

204.5. Protokolu törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şəxs və məlumatı qəbul edən vəzifəli şəxs imzalayırlar.

204.6. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma fiziki şəxs adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

204.7. Bu Məcəllənin 204.1, 204.2, 204.4 və 204.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar şəxsin təqsirini könüllü boynuna alma haqqında ərizə ilə müraciət etdiyi hallara da şamil edilir.



Maddə 205. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatları

205.1. Törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks və ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.

205.2. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubuna cinayətin törədilməsini təsdiq edən sənədlər əlavə edilməlidir.

205.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında hüquqi şəxsin (vəzifəli şəxsin) məktubunda hüquqi şəxsin tam adı, yaxud vəzifəli şəxsin soyadı, adı, atasının adı, ərizəçinin xidməti ünvanı, onun cinayətə münasibəti, məlumatı aldığı mənbə, eləcə də məktuba əlavə edilən sənədlər haqqında məlumatlar qeyd edilməlidir.

205.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında imzalanmamış və ya saxta imza ilə imzalanmış, yaxud uydurma hüquqi şəxs (vəzifəli şəxs) adından yazılmış ərizə və ya digər anonim məlumat cinayət işinin başlanması üçün səbəb ola bilməz.

Maddə 206. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında kütləvi informasiya vasitələrinin məlumatları

206.1. Cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

206.2. Törədilmiş və ya hazırlanan cinayətlərlə əlaqədar kütləvi informasiya vasitələrinə ünvanlanmış, dərc edilməmiş yazışmalar kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri tərəfindən bu Məcəllənin 205-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət təqibi orqanlarına göndərilə bilər.

206.3. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatları dərc etmiş və ya aidiyyəti üzrə göndərmiş kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, habelə həmin məlumatların müəllifləri onlarda olan və cinayət haqqında məlumatı təsdiq edən sənədləri təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə təqdim etməlidirlər.



Maddə 207. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası

207.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar isə 20 (iyirmi) gündən, bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək.

207.2. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında məlumatlara baxarkən həmin cinayətlərdən zərər çəkmiş şəxslərin şikayəti olduğu halda yoxlama apara bilər. Belə şikayət olmadığı halda ictimai-xüsusi ittiham qaydasında təqib olunan cinayətlər haqqında digər şəxslərin məlumatları təhqiqatçı və ya müstəntiq tərəfindən nəzərə alınmamalıdır. Həmin məlumatlara prokuror bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda baxa bilər.



207.3. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda aşağıdakı hərəkətlər yerinə yetirilir:

207.3.1. müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir;

207.3.2. toplanmış yoxlama materialları əsasında cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilir.

207.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, habelə hadisə yerinə baxış keçirə bilər. Hadisə yerinə baxış istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır.

207.5. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:

207.5.1. cinayət işi başlamaq;

207.5.2. cinayət işinin başlanmasını rədd etmək;

207.5.3. məlumatı istintaq aidiyyəti üzrə göndərmək;

207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək.

207.6. Bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

207.7. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlərə dair şikayətlərə baxılması qaydası bu Məcəllənin 293—297-ci maddələri ilə müəyyən olunur.

Maddə 208. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsi

208.0. Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına aşağıdakı hallarda səbəb olur:

208.0.1. təhqiqatçı, müstəntiq və ya prokuror cinayətin törədilməsini göstərən halları, yaxud cinayətin törədilməsindən dərhal sonra onun izlərini və nəticələrini aşkar etdikdə;

208.0.2. təhqiqatçı cinayət haqqında məlumatı təhqiqat orqanının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarından və ya bu Məcəllənin 86-cı maddəsinə müvafiq olaraq digər cinayətin təhqiqatı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.3. müstəntiq cinayət haqqında məlumatı bu Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq digər cinayətin istintaqı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.4. prokuror cinayət haqqında məlumatı bu Məcəllənin 84-cü maddəsinə müvafiq olaraq digər cinayətin ibtidai araşdırması və ya məhkəmə icraatı zamanı, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda;

208.0.5. məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin