Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 329. Şahid ifadələrinin elan edilməsi



Yüklə 1,91 Mb.
səhifə25/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

Maddə 329. Şahid ifadələrinin elan edilməsi

329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

329.2. Şahid ifadələrinin audio yazısının səsləndirilməsinə, video və ya kino çəkilişinin göstərilməsinə yalnız onun dindirilməsi protokolu və ya şahidin ifadələri yazılan hissədə məhkəmə iclasının protokolu elan edildikdən sonra yol verilir.

Maddə 330. Zərər çəkmiş şəxsin dindirilməsi

330.1. Zərər çəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir.

330.2. Məhkəmə iclasında zərər çəkmiş şəxs şahidlərin dindirilməsindən və digər sübutların tədqiq edilməsindən əvvəl dindirilir. Yalnız təqsirləndirilən şəxsin dindirilməsi istisna təşkil edə bilər.

330.3. İttihamı müdafiə edən zərər çəkmiş şəxsi əvvəl ittiham tərəfi, sonra müdafiə tərəfi və daha sonra məhkəmə dindirir.

330.4. Cinayət prosesinin tərəfləri etiraz etmədiyi halda məhkəmə zərər çəkmiş şəxsin vəsatəti əsasında ona dindirildikdən sonra məhkəmənin iclas zalını tərk etməyə icazə verə bilər.

330.5. Müstəsna hallarda həyatına real təhdidlər olduqda, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, ona təsir göstərilməsinin qarşısının alınması məqsədilə zərər çəkmiş şəxsin və ya dövlət ittihamçısının vəsatəti üzrə, yaxud məhkəmənin təşəbbüsü ilə və yalnız onun əsaslandırılmış qərarı əsasında, həmin şəxsə məhkəmə iclasında bilavasitə iştirak etmədən texniki vasitələrdən istifadə olunmaqla ifadə vermək imkanı yaradıla bilər.



Maddə 331. Məhkəmə baxışında ekspertiza

331.1. Məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir.

331.2. Məhkəməyədək icraat zamanı rəy vermiş ekspert aşağıdakı hüquqlara malikdir:

331.2.1. məhkəmə baxışında və ekspertizanın predmetinə aid olan sübutların tədqiq edilməsində iştirak etmək;

331.2.2. təqsirləndirilən, zərər çəkmiş şəxsin, şahidlərin dindirilməsində, maddi sübutların müayinəsində və digər istintaq hərəkətlərinin aparılmasında iştirak etmək.

331.3. Ekspertin rəyi tədqiq edildikdən sonra məhkəmə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinləməklə cinayət prosesi tərəflərinin vəsatəti əsasında və ya öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir.

331.4. Cinayət işi üzrə ibtidai araşdırma zamanı ekspertiza təyin edilmədikdə cinayət prosesinin tərəfləri məhkəmə baxışında ekspertizanın təyin edilməsi haqqında vəsatət qaldıra bilərlər.

331.5. Cinayət prosesinin tərəfi özünün yazılı vəsatətində aşağıdakıları göstərməlidir:

331.5.1. ekspertin rəy verəcəyi sualları;

331.5.2. hansı halların araşdırılmalı olduğunu;

331.5.3. kimin ekspert qismində cəlb edilməsi məsələsinə dair təkliflərini.

331.6. Cinayət prosesinin hər bir tərəfi aşağıdakı hüquqlara malikdir:

331.6.1. ekspertizanın təyin edilməsi haqqında əks tərəfin vəsatəti ilə tanış olmaq;

331.6.2. bu Məcəllənin 331.5-ci maddəsində nəzərdə tutulmuş məsələlərə dair öz fikrini bildirmək.

331.7. Bu Məcəllənin 140.0.1 — 140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün ibtidai araşdırma zamanı ekspertiza keçirilməmişdirsə, məhkəmə ekspertizanın aparılmasını təmin etməlidir. Bu və digər hallarda ekspertiza təyin edildikdə, məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəflərinə ekspert qarşısında suallar qoymağı, ekspertizanın aparılmasının kimə tapşırılması və nəyin tədqiq edilməsi barədə öz mülahizələrini bildirməyi təklif edir. Məhkəmə cinayət prosesinin tərəflərinə aid olan şəxslərdən hər hansı birinin vəsatəti üzrə tərəflərə öz mülahizə və suallarını bildirmək üçün imkan yaradılması məqsədilə məhkəmə iclasında tənəffüs elan edir.

331.8. Cinayət prosesinin tərəfləri ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Onları belə obyektlər sırasından xaric edərək məhkəmə əsaslandırılmış qərar çıxarmalıdır.

331.9. Məhkəmə baxışında ekspertizanın aparılması qaydası haqqında yekun nəticə məhkəmənin qərarında öz əksini tapır.

331.10. Ekspert təyin edilmiş şəxsə ekspertizanın təyin edilməsi haqqında məhkəmə qərarının surəti verilir və ona ekspertin hüquq və vəzifələri izah edilir.

331.11. Tədqiqat üçün zəruri olan halda məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra məhkəmə iclasını təxirə sala bilər.

331.12. Ekspertin rəyi yazılı şəkildə məhkəməyə təqdim edilir və sədrlik edənin göstərişi ilə məhkəmə iclasında elan olunur.



Maddə 332. Ekspertin dindirilməsi

332.1. Məhkəmə iclasına çağırılmış ekspert aşağıdakı ardıcıllıqla dindirilir:

332.1.1. vəsatəti əsasında ekspertizanın aparıldığı şəxs;

332.1.2. həmin tərəfə aid olan digər şəxslər;

332.1.3. əks tərəfə aid olan şəxslər;

332.1.4. məhkəmə.

332.2. Ekspertiza cinayət prosesinin tərəflərin vəsatəti əsasında və ya məhkəmənin təşəbbüsü ilə aparıldıqda, eksperti növbə ilə ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə dindirir.

Maddə 333. Maddi sübutlara baxış keçirilməsi

333.1. Məhkəmədə olan maddi sübutlara, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmənin maddi sübut kimi qəbul etdiyi əşyalara növbə ilə ittiham, müdafiə tərəfləri və məhkəmə tərəfindən baxış keçirilir. Maddi sübut kimi qəbul edilmiş əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim etdikdə, həmin tərəf onu birinci baxışdan keçirir. Baxış keçirilən zaman maddi sübutlar məhkəmə iclasında sədrlik edən tərəfindən şahidə, ekspertə və mütəxəssisə təqdim edilə bilər. Elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün həmin şəxslər məhkəmənin diqqətini maddi sübuta baxış keçirilərkən aşkar edilmiş, əhəmiyyətli olan bütün hallara yönəltməlidir.

333.2. Məhkəmə iclasına təqdim edilə bilməyən maddi sübutlara baxış keçirilməsi bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara riayət edilməklə aparılır.

Maddə 334. Sənədlərin elan edilməsi

Məhkəməyədək icraatın materiallarına əlavə edilmiş, cinayət prosesi tərəflərinin məhkəməyə təqdim etdikləri və ya məhkəmənin təşəbbüsü ilə tələb edilmiş sənədlərdə elan edilmiş ittihamın məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli olan hallar əks və ya təsdiq edildikdə, həmin sənədlər məhkəmə iclasında elan edilir.



Maddə 335. Yerin və binanın baxışı

335.1. Məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra aşağıdakı hallarda məhkəmə baxışı zamanı yerin və ya binanın baxışını aparır:

335.1.1. məhkəməyədək icraat zamanı yerin və binanın baxış protokolunun elan edilməsi ilə kifayətlənməyi qeyri-mümkün hesab etdikdə;

335.1.2. yerin və ya binanın baxışı əvvəllər aparılmadıqda.

335.2. Yerin və binanın baxışı növbə ilə ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə tərəfindən aparılır.

335.3. Zərurət olduqda yerin və binanın baxışı şahidlərin, ekspertin və mütəxəssisin iştirakı ilə aparılır.

335.4. Cinayət təqibi ilə bağlı olan halları nəzərə almaqla və cinayət prosesi tərəflərinin razılığı ilə məhkəmə yerin və binanın baxışının aparılmasını baxılmalı olan obyektlərin yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsinə tapşırmaq hüququna malikdir. Belə halda baxış hal şahidlərinin iştirakı ilə aparılır, bu Məcəllənin 236.6.1—236.6.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq tərtib edilmiş protokol isə məhkəmə iclasında elan edilir.

Maddə 336. Tanınma üçün təqdim etmə, istintaq eksperimentinin aparılması, tədqiqat üçün nümunələrin götürülməsi

336.1. Məhkəmə baxışı zamanı tanınma üçün təqdimetmə, istintaq eksperimenti, tədqiqat üçün nümunələrin götürülməsi cinayət prosesi tərəflərinin iştirakı ilə bu Məcəllədə müvafiq istintaq hərəkətlərinin məhkəməyədək icraatı üçün nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir.

336.2. Bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş hallarda tanınma üçün təqdim etmə, istintaq eksperimentinin aparılması, tədqiqat üçün nümunələrin götürülməsi qapalı məhkəmə iclasında aparıla bilər.

336.3. Məhkəmə baxışı qaydalarına riayət etməklə tanınma üçün təqdim etməni, istintaq eksperimentinin aparılmasını, tədqiqat üçün nümunələrin götürülməsini həyata keçirmək mümkün olmadıqda, məhkəmə cinayət prosesi tərəflərinin razılığı ilə göstərilən hərəkətlərin müəyyən müddətdə həyata keçirilməsini məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşıra bilər. Zəruri hallarda göstərilən hərəkətlərin həyata keçirilməsi müddətində məhkəmə baxışında tənəffüs elan edilə bilər.

336.4. Tərtib edilən tanınma üçün təqdim etmə protokolu, istintaq eksperimentinin protokolu, ekspert tədqiqatı üçün nümunələrin götürülməsi protokolu məhkəmə iclasında elan edilir.

Maddə 337. Sübutların tədqiqatının məhdudlaşdırılması

337.1. Dövlət ittihamçısı ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət olmasını hesab etdikdə məhkəmə istintaqının ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət qaldıra bilər. Məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinləyərək aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:

337.1.1. həmin vəsatəti təmin etmək;

337.1.2. tədqiq edilməmiş sübutların irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyətə malik olduğunu hesab etdikdə, vəsatəti rədd etmək.

337.2. Müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququna malikdir. Belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalıdır.

Maddə 338. Məhkəmə istintaqının qurtarması

338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində aşağıdakı hərəkətləri yerinə yetirir:

338.1.1. məhkəmənin məhkəmə çıxışlarına keçmək üçün hazır olduğunu onlara bildirir;

338.1.2. onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir;

338.1.3. onların məhkəmə istintaqının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutların işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır.

338.2. Məhkəmə istintaqının tamamlanması barədə vəsatəti həll edərək məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların hərtərəfli, tam və obyektiv araşdırılması tələbini rəhbər tutur.

338.3. Məhkəmə istintaqının tamamlanması barədə vəsatət məhkəmənin əsaslandırılmış qərarı ilə təmin edildikdə, məhkəmə iclasında sədrlik edən məhkəmə istintaqının qurtardığını elan edir. Vəsatət təmin edilmədikdə məhkəmə istintaqı davam edir.

XLIV fəsil. Məhkəmə çıxışları və təqsirləndirilən şəxsin son sözü

Maddə 339. Məhkəmə çıxışlarının başlanması

339.1. Məhkəmə istintaqı qurtardıqdan sonra məhkəmə iclasında sədrlik edən məhkəmə çıxışlarına başladığını elan edir.

339.2. Məhkəmə çıxışlarında iştirak edən şəxslərdən hər hansı biri məhkəmə çıxışlarına hazırlaşmaq üçün vaxt verilməsi haqqında vəsatət qaldırdıqda, məhkəmə iclasında sədrlik edən müddətini göstərməklə məhkəmə iclasında tənəffüs elan edir.

Maddə 340. Tərəflərin çıxışları

340.1. Məhkəmə çıxışları dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və ya onun nümayəndəsi, mülki iddiaçı və ya onun nümayəndəsi, təqsirləndirilən şəxs (yalnız müdafiəçi işdə iştirak etmədiyi halda) və ya onun müdafiəçisi, mülki cavabdeh və ya onun nümayəndəsi tərəfindən növbə ilə söylənilən nitqlərdən ibarətdir.

340.2. Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə, işdə bir neçə zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və onların nümayəndələri, təqsirləndirilən şəxs və onun müdafiəçisi, mülki cavabdeh və onun nümayəndəsi iştirak etdikdə, məhkəmə iclasında sədrlik edən öz çıxışlarının ardıcıllığını müəyyən etmək üçün onlara vaxt verir. Zərurət olduqda bu məqsədlə məhkəmə iclasında fasilə elan edilə bilər. Göstərilən şəxslər öz çıxışlarının ardıcıllığı barədə razılığa gəlmədikdə, məhkəmə onların fikrini dinləyərək müvafiq qərar qəbul edir.

340.3. Cinayət prosesinin tərəfləri öz çıxışlarında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş sübutlara istinad edə bilməzlər. Özünün gəldiyi nəticənin əsaslandırılması üçün yeni sübutlardan istifadə etmək zərurəti yarandıqda cinayət prosesinin tərəfi hansı halların və hansı sübutlar əsasında əlavə tədqiqat tələb edildiyini göstərməklə məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırır. Məhkəmə cinayət prosesinin digər tərəfinin fikrini dinləyərək vəsatətin təmin və ya rədd edilməsi barədə qərar qəbul edir.

340.4. Məhkəmə, məhkəmə çıxışlarını müəyyən vaxtla məhdudlaşdıra bilməz, lakin məhkəmə çıxışlarında iştirak edən şəxslər məhkəmədə baxılan ittihama aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onların çıxışlarını dayandırmaq hüququna malikdir.

Maddə 341. Replikalar

Məhkəmə baxışının bütün iştirakçılarının məhkəmə çıxışları səsləndikdən sonra dövlət ittihamçısı, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesi tərəfləri nümayəndələrinin çıxışlarında deyilənlərə dair qısa etiraz və qeydlərlə bir dəfə də çıxış etmək hüququna malikdirlər.



Maddə 342. Təqsirləndirilən şəxsin son sözü

342.1. Məhkəmə çıxışları və replikalar qurtardıqdan sonra təqsirləndirilən şəxsə son söz verilir. Təqsirləndirilən şəxs son sözünü söyləyərkən ona suallar verilməsinə yol verilmir.

342.2. Məhkəmə təqsirləndirilən şəxsin son sözünün müddətini müəyyən edə bilməz. Təqsirləndirilən şəxs məhkəmədə baxılan ittihama açıq surətdə aid olmayan hallara toxunduqda, məhkəmə iclasında sədrlik edən onun sözünü kəsmək hüququna malikdir.

342.3. Təqsirləndirilən şəxs son sözündə elan edilmiş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyətə malik olan yeni halları barədə məlumat verdikdə, məhkəmə, məhkəmə istintaqını təzələyir.



Maddə 343. İttihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin təklifləri

343.1. Təqsirləndirilən şəxsin son sözü qurtardıqdan sonra, məhkəmə müşavirə otağına gedənədək cinayət prosesinin tərəfləri məhkəmə baxışının nəticələri əsasında yekun məhkəmə qərarının layihəsinin variantını məhkəməyə təqdim edə bilərlər.

343.2. Cinayət prosesi tərəflərindən biri yekun məhkəmə qərarının layihəsi barədə təklif verdikdə, o, həmin layihəni cinayət prosesinin digər tərəfinə də verməlidir.

XLV fəsil. Yekun məhkəmə qərarının çıxarılması

Maddə 344. Məhkəmənin müşavirə otağına getməsi

344.0. Məhkəmə çıxışları qurtardıqdan, təqsirləndirilən şəxsin son sözü dinlənildikdən, cinayət prosesinin tərəflərinə yekun məhkəmə qərarının layihəsinə dair öz təkliflərini vermək üçün imkan yaradıldıqdan sonra aşağıdakı hərəkətlər yerinə yetirilir:

344.0.1. məhkəmə iclasında sədrlik edən məhkəmə baxışının başa çatdığını elan edir;

344.0.2. məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmə müşavirə otağına gedir.



Maddə 345. Hakimlərin müşavirəsinin gizliliyi

345.1. Məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarının çıxarılması ilə bağlı məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilir (hakim tərəfindən baxılır).

345.2. Müşavirə otağında yalnız müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışı zamanı məhkəmə tərkibinə daxil olan hakimləri ola bilərlər. Yekun məhkəmə qərarının məhkəmə tərəfindən müzakirə edilməsi (hakim tərəfindən baxılması) və çıxarılması zamanı müşavirə otağında digər şəxslərin olması qəti qadağandır.

345.3. Aşağıdakı hallarda hakimlər müşavirə otağında olmalarına fasilə verə bilərlər:

345.3.1. nahar etmək zərurəti olduqda;

345.3.2. İş günü başa çatdıqda;



345.3.3 istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə.

345.4. Hakimlər müşavirə zamanı məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı müzakirə edilərkən və çıxarılarkən söylənilən mülahizələri yaya bilməzlər.



Maddə 346. Məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən məsələlər

346.1. Məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):

346.1.1. cinayət hadisəsinin olmasının sübuta yetirilib-yetirilmədiyi;

346.1.2. təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilmədiyi;

346.1.3. təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyətinin sübuta yetirilib-yetirilmədiyi;

346.1.4. cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilmədiyi;

346.1.5. təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığı;

346.1.6. əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmadığı;

346.1.7. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən halların olub-olmadığı;

346.1.8. cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı;

346.1.9. törətdiyi əmələ görə təqsirləndirilən şəxsin cəzalanmalı olub-olmadığı;

346.1.10. təqsirləndirilən şəxsə residivə görə cəzanın təyin edilməsi üçün əsasların olub-olmadığı;

346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, güzəşt edilməsi, həmin cinayətə görə nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsi haqqında andlı iclasçıların verdikti, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla) təyin edilməli olduğu;

346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı;

346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu;

346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı;

346.1.15. yetkinlik yaşına çatmamış təqsirləndirilən şəxs barəsində tərbiyəvi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı;

346.1.16. təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı;

346.1.17. mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı;

346.1.18. cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək əmlak müsadirəsinin təmin edilməsi məqsədilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığı;

346.1.19. maddi sübutlar məsələsinin necə həll edilməli olduğu, hansı əmlakın müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilməli olduğu;

346.1.20. qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi;

346.1.21. məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu;

346.1.22. cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması;

346.1.23. xüsusi qərarın çıxarılması üçün əsasların olub-olmadığı, belə əsaslar olduqda kimin barəsində və hansı məzmunda çıxarılacağı.

346.2. Təqsirləndirilən şəxsin cinayət törədildiyi zaman və ya cinayət törədildikdən sonra öz hərəkətlərinə hesabat vermək və ya onları idarə etmək qabiliyyəti barədə məsələ məhkəməyədək icraat və ya baxış zamanı qalxdıqda və bununla əlaqədar məhkəmə-psixiatriya ekspertizası təyin edilməli olduqda, təqsirləndirilən şəxsin anlaqlılığı barədə məsələ bir daha məhkəmə tərəfindən müzakirə edilməlidir.



Maddə 347. Məhkəmənin yekun qərarının çıxarılması qaydası

347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız bu Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər hakimlər tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır.

347.2. Məhkəmə iclasında sədrlik edən bütün məsələləri hakimlərin müzakirəsinə bu Məcəllənin 346.1-ci maddəsində göstərilən ardıcıllıqla çıxarır (hakim isə baxır).

347.3. Müzakirə edilən hər bir məsələ üzrə qəti qərar qəbul edilir. Onun qəbul edilməsi üçün hər bir hakim təsdiqedici və ya inkaredici cavab verməlidir. Səsvermədə iştirak edən hakimlərdən heç biri bitərəf qalmamalıdır. Bütün hallarda məhkəmə iclasında sədrlik edən axırda səs verir.

347.4. Bütün məsələlər sadə səs çoxluğu ilə həll edilir. Ömürlük azadlıqdan məhrum etmənin tətbiqi barədə qərar hakimlər tərəfindən yalnız yekdilliklə qəbul edilə bilər.

347.5. Müşavirə otağında müzakirə edilən məsələlərdən hər biri üzrə məhkəmə iclasında sədrlik edən tərəfindən təklif olunan qərar birinci səsə qoyulur. Hakimlərdən biri təqsirləndirilən şəxsə bəraət verilməsinin lehinə səs verdikdə, digər iki hakimin isə həmin cinayətin tövsifi və cəza tədbirinə dair qərarları üst-üstə düşmədikdə, bəraət verilməsini təklif etmiş hakimin səsi həmin məsələlər üzrə təqsirləndirilən şəxs üçün ən əlverişli qərarı təklif etmiş hakimin səsinə əlavə edilir.

347.6. Qərarın qəbul edilməsi zamanı xüsusi rəy vermiş hakim həmin rəyi məhkəmənin yekun qərarının elan edildiyi vaxtdan 3 (üç) günədək müddətdə yazılı şəkildə bildirmək hüququna malikdir. Xüsusi rəy məhkəmə iclasında sədrlik edənə təqdim edilir və yalnız apellyasiya və kassasiya instansiyası məhkəməsində icraat zamanı açıla bilən möhürlənmiş zərfdə onun tərəfindən məhkəmə icraatının materiallarına əlavə edilir.

347.7. Bu Məcəllənin 347.1 — 347.6-cı maddələrinin tələblərinin yerinə yetirilməsi barədə məhkəmə iclasında sədrlik edən protokol tərtib edir və bu protokolda hakimlərin soyadları qeyd edilməklə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilmiş məsələlər və məsələlərdən hər birinin həll edilməsi zamanı hakimlər tərəfindən verilmiş səslərin sayı göstərilməlidir. Həmin protokol yalnız apellyasiya və kassasiya instansiyası məhkəməsində icraat zamanı açıla bilən möhürlənmiş zərfdə məhkəmə icraatının materiallarına əlavə edilir.



Maddə 348. Bəzi məsələlər üzrə məhkəmənin yekun qərarların qəbul edilməsi xüsusiyyətləri

348.1. Məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər.

348.2. Aşağıdakı hallarda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır:

348.2.1. əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda;

348.2.2. cinayət törətdikdən sonra təqsirləndirilən şəxs cinayət cəzasının təyin edilməsini və ya icrasını istisna edən psixi xəstəliyə tutulduqda;

348.2.3. təqsirləndirilən şəxs cinayət törətdikdə və onun anlaqsız olduğunu istisna etməyən psixi pozuntu vəziyyətində olduqda;

348.2.4. təqsirləndirilən şəxs cinayət törətdikdə və onun alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olduqda.

348.3. Bəraət hökmü çıxararkən məhkəmə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul edir.

348.4. Hər hansı şəxs bir neçə cinayətin törədilməsində ittiham edildikdə, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.12, 346.1.14 — 346.1.16-cı maddələrində göstərilmiş məsələləri cinayətlərdən hər biri üzrə ayrılıqda həll edir.

348.5. Cinayətin törədilməsində bir neçə təqsirləndirilən şəxs ittiham edildikdə, bu Məcəllənin 346.1-ci maddəsində göstərilən bütün məsələlər təqsirləndirilən şəxslərdən hər birinin barəsində həll edilir.

348.6. Şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir:

348.6.1. şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini;

348.6.2. şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin