Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 278. Təqsirləndirilən şəxsin axtarışı



Yüklə 1,91 Mb.
səhifə21/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

Maddə 278. Təqsirləndirilən şəxsin axtarışı

278.1. Təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılması zamanı və ya cinayət işi üzrə icraatın dayandirılması ilə eyni vaxtda elan edilə bilər.

278.2. Təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndikdə müstəntiq öz qərarı ilə onun axtarışını müvafiq təhqiqat orqanına tapşırır.

278.3. Təqsirləndirilən şəxsin axtarışı onun olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlər görülməsini nəzərdə tutur.

278.4. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər:

278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs və ona alternativ olan qətimkan tədbirini seçə və ya dəyişə bilər;

278.4.2. müstəntiq icraatında olan cinayət işi üzrə həbs və ona alternativ qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər.

Maddə 279. Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi

279.1. Cinayət işi üzrə dayandırılmış icraat müstəntiqin qərarı ilə aşağıdakı hallarda təzələnir:

279.1.1. cinayət işi üzrə icraatın dayandırılması üçün bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallar aradan qalxdıqda;

279.1.2. təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün plan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti olduqda.

279.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

279.3. Cinayət işi üzrə icraat, həmçinin ibtidai araşdırmaya prosessual rəhbəriyi həyata keçirən prokurorun və ya məhkəmə nəzarətini həyata keçirən məhkəmənin qərarına əsasən, müstəntiqin iş üzrə icraatın dayandırılması haqqında qərarı ləğv edilməklə təzələnə bilər.

279.4. Müstəntiq cinayət işi üzrə icraatın təzələnməsi barədə təqsirləndirilən şəxsə və müdafiəçiyə, habelə zərər çəkmiş şəxsə, onun nümayəndəsinə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verməlidir.

Maddə 280. İbtidai istintaq zamanı cinayət işi üzrə icraata xitam verilməsi qaydası

280.1. Cinayət işi üzrə icraata müstəntiqin əsaslandırılmış qərarına əsasən bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verilir.

280.2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

280.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

280.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

280.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;

280.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar;

280.2.5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar;

280.2.6. cinayət işi üzrə icraata xitam verilməsinin məcburiliyini şərtləndirən hallar;

280.2.7. bu Məcəllənin 39—41 və 46.5-ci maddələrində göstərilən müddəalardan birinə və ya bir neçəsinə istinad edilməklə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın əsaslandırılması;

280.2.8. cinayət işi üzrə qətimkan tədbirinin, əmlak üzərinə qoyulmuş həbsin və maddi sübutların taleyi barədə qeyd.

280.3. Cinayət işinin icraatına xitam verilməsinin əsasları ayrı-ayrı cinayət hadisələrinə və ya ayrı-ayrı şəxslərə şamil edilirsə, cinayət işi üzrə icraata yalnız onlara aid hissədə xitam verilir.

280.4. Cinayət işi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə, barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir.

280.5. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın çıxarıldığı vaxtdan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.



Maddə 281. Cinayət işi üzrə icraata xitam verildikdən sonra müstəntiqin hərəkətləri

281.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə göndərilir.

281.2. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərə cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin iş üzrə icraata xitam verilməsi barədə qərardan şikayət etmək qaydası izah olunur.

281.3. Bu Məcəllənin 281.1-ci maddəsində göstərilən şəxslərin cinayət işinin materialları ilə tanış olmaq hüququ bu Məcəllənin 284—286-cı maddələrində nəzərdə tutulmuş qaydada təmin olunur.



Maddə 282. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan şikayət

282.1. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan təqsirləndirilən şəxs, yaxud onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların nümayəndələri tərəfindən qərarın surəti onlara verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.

282.2. Cinayət işi üzrə icraata xitam verilməsi ilə əlaqədar şikayətin təmin edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun imtina etməsindən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət verilə bilər.

Maddə 283. Cinayət işi üzrə xitam verilmiş icraatın təzələnməsi

283.1. Cinayət işi üzrə icraat yalnız ona xitam verilməsi barədə qərar ləğv edildikdə və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi müddətləri keçmədikdə təzələnir.

283.2. Cinayət işi üzrə icraatın təzələnməsi barədə şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yazılı məlumat verilir.

XXXVIII fəsil. İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi

Maddə 284. İttiham aktının tərtib edilməsindən əvvəl cinayət işinin materilları ilə tanış etmə

284.1. İttiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir:

284.1.1. İbtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir;

284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir.

284.2. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır.

284.3. Təqsirləndirilən şəxsin müdafiəçisi və ya zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi təyin edilmiş vaxtda gələ bilmədikdə, müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi və ya nümayəndə bu müddət ərzində gəlmədikdə təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçi, zərər çəkmiş şəxsə, mülki iddiaçıya və mülki cavabdehə isə başqa nümayəndəyə malik olmaq imkan yaradılır.



Maddə 285. Cinayət işinin materialları ilə tanış etmə qaydası

285.1. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir.

285.2. Cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir.

285.3. Təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə, öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər.

285.4. Müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz. Eyni zamanda cinayət prosesinin iştirakçıları bu vaxtı süni surətdə uzatdıqda, müstəntiq cinayət işinin həcmini və onunla tanış olmaq üçün kifayət olan vaxtı nəzərə almaqla cinayət işinin materialları ilə tanış olmaq üçün cədvəl müəyyən edə bilər.

285.5. Cinayət işinin materialları ilə tanış olan şəxslər ona aid zəruri sənədlərdən çıxarışlar etmək, surət çıxarmaq, maddi sübutların fotoşəklini çəkmək hüququna malikdirlər.

285.6. Müstəntiq cinayət işinin materialları ilə tanış olan şəxslərə özündə şəxsi, ailə, dövlət, peşə və ya kommersiya sirrini əks etdirən sənədlərdən çıxarışlar etməyə, surət çıxarmağa, foto şəklini çəkməyə icazə verməməlidir.

Maddə 286. Cinayət işinin materialları ilə tanış etmə protokolu

286.1. Müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir.

286.2. Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur.

286.3. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir.

286.4. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir.

286.5. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir.



Maddə 287. Cinayət işinin materialları ilə tanış olduqdan sonra vəsatətlərin verilməsi

287.1. Cinayət işinin materialları ilə tanış olduqdan sonra müstəntiq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin və onların nümayəndələrinin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qəbul edilməsi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Cinayət prosesi iştirakçısının xahişi ilə yazılı vəsatətin hazırlanması və verilməsi üçün 48 saatadək vaxt verilə bilər.

287.2. Vəsatətin tam və ya qismən rədd edilməsi haqqında müstəntiq əsaslandırılmış qərar çıxarır və həmin qərarın surətini vəsatətin verildiyi andan 48 saatdan gec olmayaraq vəsatəti vermiş şəxsə təqdim edir. Vəsatət həll edilməyənədək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilə bilməz.

287.3. Müstəntiqin əlavə istintaq hərəkətlərinin aparılması və ya yeni prosessual qərarların qabul edilməsindən imtina olunması barədə qərarından bu vəsatətin rədd edilməsi barədə qərarın surəti verildiyi vaxtdan 48 saat müddətində istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilə bilər.

287.4. Məhkəməyə göndərilmiş iş üzrə vəsatətin rədd edilməsinə dair şikayətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən rədd edilməsi həmin vəsatətin məhkəmə qarşısında qaldırılmasına mane olmur.

Maddə 288. Vəsatət təmin olunduqdan sonra cinayət işinin materialları ilə tanış etmə

Vəsatətin kimin tərəfindən verilməsindən və kimin mənafeyinə toxunmasından asılı olmayaraq, vəsatət təmin edildikdən sonra müstəntiq təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə cinayət işinin materiallarının vəsatətə dair hissəsi ilə tanış olmaq üçün imkan yaratmalıdır.



Maddə 289. İttiham aktı

289.1. Bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir.

289.2. İttiham aktının giriş hissəsində aşağıdakılar göstərilir:

289.2.1. İttiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer;

289.2.2. İttiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi;

289.2.3. barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi).

289.3. İttiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:

289.3.1. cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar;

289.3.2. təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar;

289.3.3. təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar;

289.3.4. təqsirləndirilən şəxsi səciyyələndirən hallar;

289.3.5. zərər çəkmiş şəxsi səciyyələndirən hallar;

289.3.6. təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar.

289.4. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir.

289.5. İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir.

289.6. Müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır.

289.7. İttiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir.

289.8. İttiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir:

289.8.1. təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə;

289.8.2. maddi sübutlar və onların saxlanıldığı yer barədə;

289.8.3. müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak barədə;

289.8.4. mülki iddianın və ola biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün görülmüş tədbirlər barədə;

289.8.5. məhkəmə xərcləri barədə.

Maddə 290. Prokuror tərəfindən ittiham aktına baxılması

290.1. İttiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

290.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı halları yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir:

290.2.1. təqsirləndirilən şəxsə istinad edilən əməlin sübuta yetirildiyini və həmin əməlin cinayət tərkibi yaratmasını;

290.2.2. təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirildiyini;

290.2.3. İttihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilməsini;

290.2.4. cinayətin törədilməsində ifşa edilmiş bütün şəxslərin iş üzrə cəlb edilməsini;

290.2.5. cinayət işi üzrə icraata xitam verilməsi üçün əsasların mövcudluğunu;

290.2.6. təqsirləndirilən şəxsin əməllərinin düzgün tövsif edilməsini;

290.2.7. müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin düzgün seçilməsini;

290.2.8. mülki iddianın və ola biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlərin görülməsini;

290.2.9. cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsini və onların aradan qaldırılması üçün tədbirlərin görülməsini;

290.2.10. cinayətin törədilmə hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsini;

290.2.11. müstəntiqin tərtib etdiyi ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğunluğunu;

290.2.12. bu Məcəllənin müddəalarına uyğun olaraq ibtidai istintaqın aparılma qaydalarına riayət edilməsini.

290.3. Cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbəriyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:

290.3.1. cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmək və ittiham aktını təsdiq etmək;

290.3.2. öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək;

290.3.3. əlavə ibtidai istintaq aparılması və ya ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işinin öz göstərişləri ilə müstəntiqə qaytarmaq;

290.3.4. cinayət işi üzrə icraatı dayandırmaq;

290.3.5. cinayət işi üzrə icraata xitam vermək.

290.4. İttihama əlavələr edilməsi və ya onu faktiki hallarına görə əvvəl elan edilmiş ittihamdan əhəmiyyətli surətdə fərqləndirən, yaxud daha ağır ittihamla əvəz edilməsi üçün əsaslar olduqda əlavə edilmiş və ya dəyişilmiş ittihamın təqsirləndirilən şəxsə elan edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini müstəntiqə qaytarmalıdır.

290.5. İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:

290.5.1. müstəntiq tərəfindən seçilmiş qətimkan tədbirini ləğv etmək və ya dəyişdirmək;

290.5.2. zərurət olduqda müstəntiq tərəfindən qətimkan tədbirlərinin seçilmədiyi halda belə tədbirlərdən birini seçmək və ya təqsirləndirilən şəxs haqqında həbs, qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək.

Maddə 291. Məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısının prokuror tərəfindən dəyişdirilməsi

291.0. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror:

291.0.1. cinayət işini məhkəməyə göndərməzdən əvvəl məhkəmə iclasına çağırılmalı olan şəxslərin müstəntiq tərəfindən tərtib edilmiş siyahısını öz qərarı ilə ixtisar və ya ona əlavələr edə bilər;

291.0.2. həmin siyahıdan təqsirləndirilən şəxsi, onun müdafiəçisini və qanunu nümayəndəsini fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsi, mülki iddiaçını, mülki cavabdehi, onların nümayəndələrini və qanuni nümayəndələrini çıxara bilməz.



Maddə 292. Cinayət işinin məhkəməyə göndərilməsi

292.1. İttiham aktını təsdiq etdikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təxirə salmadan ittiham aktının surətini cinayət prosesi iştirakçılarına çatacaq sayda əlavə etməklə cinayət işini aidiyyəti üzrə məhkəməyə göndərir.

292.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, onların qanuni nümayəndələrinə və nümayəndələrinə gələcəkdə vəsatət və şikayətlərini məhkəməyə göndərmək hüququnu izah etməklə cinayət işinin məhkəməyə göndərilməsi barədə onlara dərhal məlumat verməlidir.

292.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror eyni zamanda təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin verilməsini təmin etməlidir. İttiham aktına və onun əlavələrinə dəyişikliklər edildiyi halda ittiham aktı yalnız sonuncu redaksiyada verilir.

292.4. Cinayət prosesinin aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş və tərcüməçi tərəfindən imzalanmış tərcümələri, habelə həmin sənədlərin məhkəmə icraatının aparıldığı dildə yazılmış surətləri verilməlidir.

XXXIX fəsil. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat

Maddə 293. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətin verilməsi

293.1. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair yazılı və ya şifahi formada təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora verilir.

293.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şifahi formada verildiyi halda o, protokola daxil edilir və şikayəti verilmiş və protokolu tərtib etmiş şəxslər tərəfindən imzalanır.

293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir:

293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi);

293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği);

293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi;

293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi;

293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş;

293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer;

293.3.7. şikayəti vermiş şəxsin imzası.

293.4. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət verən şəxsə bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edilir və bu barədə şikayətdə qeyd edilir. Şikayət şifahi verildikdə, bu izah protokola daxil edilərək şikayəti vermiş və protokolu tərtib etmiş şəxs tərəfindən imzalanır.



Maddə 294. Böyük ictimai təhlükə törətməyən cinayət üzrə şikayətə dair qəbul edilən qərarlar

294.1. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

294.1.1. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayəti dərhal qeydə almaq və ona baxmaq;

294.1.2. bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə, yazılı şikayətə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokola dərkənar qoymaqla şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açmaq;

294.1.3. bu Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasları olmaması qənaətinə gəldikdə, şikayətin daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq qəbul edilmiş qərarın əsaslarını göstərməklə cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxarmaq;

294.1.4. şikayətin məhkəmə aidiyyəti və ya istintaq aidiyyəti üzrə göndərilməsi qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayətin izlərinin rəsmiləşdirilməsi (hadisə yerinin baxışı, bu zaman aşkar edilmiş əşyaların götürülməsi və müayinəsi) üzrə təxirəsalınmaz istintaq hərəkətlərini aparmaq və cinayətin törədilməsini görmüş şahidlərdən izahat almaq öz qərarı ilə şikayəti toplanmış bütün materiallarla birlikdə müvafiq olaraq məhkəməyə və ya istintaq orqanına göndərmək.

294.2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat bu Məcəllənin 214 və 215-ci maddələrində nəzərdə tutulmuş qaydalara riayət etməklə həyata keçirilir.

294.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş prosedur daxilində aparıtması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandıqda, təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir.

294.4. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakıları yerinə yetirməlidir:

294.4.1. böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayət vermiş şəxsə onun şikayəti üzrə məhkəməyədək sadələşdirilmiş icraatın açılması barəsində yazılı məlumat vermək;

294.4.2. böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə dair məhkəməyədək sadələşdirilmiş icraat açılmasından imtina barədə qərar çıxardıqda 3 (üç) gün müddətində qəbul edilmiş qərarın surətinin şikayət vermiş şəxsə təqdim edilməsini və ya poçtla ona göndərilməsini təmin etmək.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin