Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 304. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması



Yüklə 1,91 Mb.
səhifə23/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

Maddə 304. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması

304.1. Məhkəmənin hazırlıq iclasında aşağıdakılar müəyyən edildikdə məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında əsaslandırılmış qərar çıxarır:

304.1.1. təqsirləndirilən şəxs gizləndikdə və onun olduğu yer məlum olmadıqda;

304.1.2. təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən ağır xəstəliyə tutulduqda;

304.1.3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğu olduqda.

304.2. Məhkəmə icraatı müdafiə hüquqlarına xələl gətirməməsi şərtilə bir və ya bir neçə təqsirləndirilən şəxs barəsində dayandırıla bilər. Bu Məcəllənin 304.1-ci maddəsində göstərilən hallarda təqsirləndirilən şəxslərdən hər hansı biri ilə bağlı iş üzrə icraat dayandırıldıqda həbsdə olan digər təqsirləndirilən şəxs barəsində icraat uzadılmamalı və hər bir halda 30 (otuz) gün müddətindən gec olmayaraq təzələnməlidir.



Maddə 305. Cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi

305.1. Məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir.

305.2. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir.

Maddə 306. Qətimkan tədbiri ilə bağlı məsələlərin həll edilməsi

306.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır:

306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı;

306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı;

306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi.

306.2. Cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır:

306.2.1. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda;

306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə.



Maddə 307. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair çıxarılan xüsusi qərar

307.1. Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.

307.2. Məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq bu Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntalardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir.

307.3. Məhkəmə tərəfindən çıxarılmış xüsusi qərar təsir tədbirlərinin görülməsi üçün aşağıdakı şəxslərə göndərilməlidir:

307.3.1. müstəntiq, təhqiqatçı və təhqiqat orqanının əməkdaşı barəsində — tabeliyindən asılı olaraq Azərbaycan Respublikası müvafiq mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə;

307.3.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və prokurorluğun müstəntiqi barəsində — Azərbaycan Respublikasının Baş prokuroruna;

307.3.3. çıxarılıb

307.4. Məhkəmə qərarının ünvanlandığı vəzifəli şəxslər həmin qərar onlara daxil olduqdan sonra 30 (otuz) gündən gec olmayan müddətdə aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

307.4.1. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq kobud pozuntulara yol vermiş şəxslərin məsuliyyəti məsələsini həll etmək;

307.4.2. görülmüş tədbirlər barədə məhkəməyə məlumat vermək.



XLI fəsil. Məhkəmə baxışının ümumi şərtləri

Maddə 308. İşə baxılarkən məhkəmə tərkibinin dəyişilməzliyi

308.1. Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə hakimlərin eyni tərkibində baxılır.

308.2. Hakimlərdən birinin məhkəmə baxışında iştirakı davam etdirmək imkanı olmadıqda o, digər hakimlə əvəz edilir, cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması isə bu Məcəllənin 309-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əvvəldən başlanır.

Maddə 309. Ehtiyatda olan hakim

309.1. Üç hakimdən ibarət kollegial məhkəmə tərkibi tərəfindən baxılan və baxılması üçün uzun müddət vaxt tələb olunan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərar əsasında çağırılmış ehtiyatda olan hakim iştirak edə bilər. Ehtiyatda olan hakimin iştirakına, həmçinin məhkəmə baxışının əvvəlində məhkəmə iclasının açılmasından dərhal sonra məhkəmə tərəfindən qəbul edilmiş qərar əsasında yol verilir.

309.2. Ehtiyatda olan hakim məhkəmə baxışında məhkəmə iclası açıldığı və ya məhkəmənin onun iştirakı haqqında qərar qəbul edildiyi andan iştirak edir. Hakimlərdən birinin çıxdığı halda ehtiyatda olan hakim onun məhkəmə tərkibinə daxil edildiyi andan başlayaraq hakimin hüquqlarından istifadə edir.

309.3. Çıxmış hakimin əvəzinə işdə iştirak edən ehtiyatda olan hakim onun göstərdiyi hər hansı məhkəmə hərəkətlərinin təzələnməsini tələb etmək hüququna malikdir.

309.4. Çıxmış hakimin əvəzinə işdə iştirak edən ehtiyatda olan hakim məhkəmə hərəkətlərinin təzələnməsini tələb etmədikdə və ya onun tələbi ilə məhkəmə hərəkətləri təkrar olunduqdan sonra məhkəmə baxışı davam etdirilir.

Maddə 310. Məhkəmə iclasında qaydanın təmin edilməsi

310.1. Məhkəmə baxışı zamanı məhkəmənin iclas zalına daxil olmasından əvvəl icra məmuru elan edir:

«Məhkəmə gəlir». Bundan dərhal sonra məhkəmə iclasında iştirak edən bütün şəxslər ayağa qalxmalıdırlar və yalnız məhkəmə öz yerini tutduqdan sonra onlar öz yerlərini tuta bilərlər.

310.2. Məhkəmə baxışında iştirak edən və ya məhkəmə iclasında olan bütün şəxslər qaydanın təmin edilməsi üçün aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

310.2.1. məhkəmə iclasında sədrlik edənin bütün göstərişlərini və icra məmurunun onlara əsaslanan tələblərini yerinə yetirmək;

310.2.2. məhkəmə iclası zamanı sakitliyə və təmizliyə riayət etmək;

310.2.3. yerlərindən qalxmamaq və məhkəmə iclası zalında gəzməmək;

310.2.4. yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə foto, kino, audio, video, kompüter və digər yazan texniki vasitələrdən istifadə etmək;

310.2.5. yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə danışmaq, vəsatətlər qaldırmaq və ya etirazlar etmək;

310.2.6. məhkəmə iclasında sədrlik edən müraciət etdikdə qalxmaq və yalnız onun icazəsi ilə əyləşmək;

310.2.7. məhkəməyə «hörmətli məhkəmə», hakimə isə «hörmətli hakim» sözləri ilə müraciət etmək;

310.2.8. məhkəmə iclasında çıxış edən şəxslərin çıxışını kəsməmək, şərh etməmək və ya onların ünvanına atmacalar atmamaq;

310.2.9. təhqiredici və nalayiq ifadə və hərəkətlərdən, habelə təqsirləndirilən və ya zərər çəkmiş şəxsin, şahidin və cinayət prosesinin digər iştirakçılarının dindirilməsi zamanı yönəldici suallardan çəkinmək.

310.3. Məhkəmənin açıq iclasında iştirak etmək arzusunda olan şəxslər iclas zalına iclasdan əvvəl və ya iclaslararası tənəffüsdə zalda boş yerlərin olduğu halda buraxılırlar. 16 yaşından aşağı olan şəxslər tərəf və ya şahid olmadıqda məhkəmə iclası zalına buraxılmırlar. Məhkəmə iclasının keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə məhkəmə iclasında sədrlik edənin göstərişi əsasında iclas zalına buraxılan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri və əşyaları yoxlanıla bilər.

310.4. Məhkəmə iclasında qaydanın təmin edilməsi icra məmuruna həvalə edilir. Yuxarıda göstərilən qaydalardan kənara çıxmağa yalnız məhkəmə iclasında sədrlik edənin icazəsi ilə yol verilməsinə nəzarət edir və ola biləcək pozuntuların qarşısını alır.

310.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmə iclasının keçirilməsi zamanı məhkəməyə hörmətsizlik göstərilməsi təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

310.6. Dövlət ittihamçısı və müdafiəçi istisna olmaqla, məhkəmə iclasında qaydanı kobud surətdə pozan şəxslər barəsində əvvəlcə edilmiş xəbərdarlıqdan sonra məhkəmənin qərarı əsasında aşağıdakı tədbirlər görülə bilər:

310.6.1. əlli beş manatadək cərimə;

310.6.2. 3 saatdan 48 saatadək müddətə tutma;

310.6.3. məhkəmə baxışının bütün müddətinə və ya bu müddətin bir hissəsinə məhkəmənin iclas zalından xaric etmə.

310.7. Məhkəmənin qərarı ilə məhkəmə iclasına yenidən buraxılmış cinayət prosesinin iştirakçısı onun olmadığı dövrdə aparılmış prosessual hərəkətlərlə tanış olmaq hüququna malikdir.

Maddə 311. Təqsirləndirilən şəxsin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri

311.1. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edir və bu Məcəllənin 91.5 və 91.6-cı maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir.

311.2. Təqsirləndirilən şəxsin iştirakı olmadan məhkəmə baxışına yalnız aşağıdakı müstəsna hallarda yol verilir:

311.2.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda olan təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən qəsdən boyun qaçırdıqda;

311.2.2. cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmamaq şərtilə böyük ictimai təhlükə törətməyən cinayətdə təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihama məhkəmədə onun iştirakı olmadan baxılması barədə vəsatət qaldırdıqda.

311.3. Məhkəmə baxışı təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə onun müdafiəçisinin məhkəmə iclasında iştirakı məcburidir.

311.4. Bu Məcəllənin 311.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, təqsirləndirilən şəxs məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

311.5. Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə o, məhkəmənin qərarı əsasında məhkəmə iclasına məcburi gətirilə bilər və bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar olduqda, onun barəsində qətimkan tədbiri seçilə bilər və ya seçilmiş qətimkan tədbiri daha ağırı ilə əvəz edilə bilər.



Maddə 312. Müdafiəçinin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri

312.1. Müdafiəçi təqsirləndirilən şəxsin ərizəsinə (vəsatətinə) əsasən və ya bu Məcəllənin 92.3.2 — 92.3.13-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə baxışı zamanı məhkəmənin bütün iclaslarında iştirak edərək bu Məcəllənin 92.9 və 92.11-ci maddələrində nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.

312.2. Məhkəmə iclasına gəlməmiş müdafiəçinin əvəz edilməsinə təqsirləndirilən şəxsin razılığı ilə yol verilir.

312.3. Üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməmiş müdafiəçi məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Müdafiəçi üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

312.4. Təqsirləndirilən şəxs tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı uzun müddət ərzində (hər bir halda 10 (on) gündən artıq olmamaq şərti ilə) üzrlü səbəblərə görə mümkün olmadıqda məhkəmə işin baxılmasını təxirə salaraq təqsirləndirilən şəxsə başqa müdafiəçi seçməyi təklif etmək, o, imtina etdikdə isə vəkillər kollegiyasının müvafiq qurumu vasitəsilə ona yeni müdafiəçi təyin etmək hüququna malikdir. Məhkəmə baxışını təxirə salaraq, müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək, məhkəmə belə qərarın qəbul edilməsinin məqsədəuyğunluğunu (məhkəmə baxışına artıq sərf edilmiş vaxtı, icraatın mürəkkəbliyini və bununla əlaqədar məhkəmə baxışına yeni cəlb olunmuş müdafiəçi tərəfindən icraat materiallarının öyrənilməsinə sərf ediləcək vaxtı və digər halları) nəzərə alır. Məhkəmə icraata yeni cəlb edilmiş müdafiəçini həmin icraatın bütün materiallarının öyrənilməsi üçün kifayət edən vaxtla təmin edir. Cinayət işinə yeni cəlb edilmiş müdafiəçi onun işə cəlb olunduğu vaxtadək məhkəmə baxışında aparılmış istənilən hərəkətin təkrar edilməsi barədə vəsatət qaldıra bilər.

312.5. Müdafiəçi üzrlü səbəblər olmadan və məhkəməyə əvvəlcədən bildirmədən gəlmədikdə və onun bu məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda cinayət işinə baxılması təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

312.6. Müdafiəçi məhkəmə iclasına təkrarən gəlmədikdə və onun bu məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda da cinayət işinə baxılması təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Bu halda məhkəmə bu Məcəllənin 312.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin əvəz edilməsi məsələsini həll edərək Azərbaycan Respublikasının vəkillər kollegiyasının rəyasət heyəti qarşısında həmin vəkilin intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldıra bilər.

Maddə 313. Mülki cavabdehin məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri

313.1. Mülki cavabdeh bu Məcəllənin 93.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə verilmiş iddia ilə bağlı öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə məhkəmə baxışı zamanı məhkəmə iclaslarında iştirak edir.

313.2. Mülki cavabdeh və ya onun nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə baxışının davam etdirilməsinə və mülki iddianın baxılmasına mane olmur.

Maddə 314. Dövlət ittihamçısının məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri

314.1. Dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edərək məhkəmədə irəli sürülmüş ittihamı müdafiə etmək üçün bu Məcəllənin 84.6 və 84.7-ci maddələri ilə nəzərdə tutulmuş hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir.

314.2. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir.

314.3. Dövlət ittihamçısının ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Dövlət ittihamçısı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlmədikdə və onu başqa dövlət ittihamçısı ilə əvəz etmək mümkün olmadıqda, məhkəmə baxışı təxirə salınır və başqa vaxta keçirilir. İşə yeni cəlb edilmiş dövlət ittihamçısına məhkəmədə ittihamın müdafiəsinə hazırlaşması üçün vaxt verilir.

314.4. Dövlət ittihamçısı ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəməyə əvvəlcədən məlumat vermədən məhkəmə iclasına təkrarən üzrlü səbəb olmadan gəlmədikdə və onun həmin məhkəmə iclasında əvəz edilməsi mümkün olmadıqda məhkəmə Azərbaycan Respublikasının Baş prokuroru qarşısında dövlət ittihamçısının intizam məsuliyyətinə cəlb edilməsi haqqında məsələ qaldırmaq hüququna malikdir.

Maddə 315. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri

315.1. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Bu zaman o, xüsusi ittihamçı kimi, həmçinin bu Məcəllənin 88.4-cü maddəsinda nəzərdə tutulmuş hüquqlardan istifadə edir.

315.2. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

315.3. Zərər çəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham üzrə məhkəmə baxışı zamanı məhkəmə iclasına təkrarən gəlmədikdə, cinayət prosesi tərəflərindən birinin xahişi ilə məhkəmə baxışı yenidən təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Lakin belə hallarda zərər çəkmiş şəxs (xüsusi ittihamçı) məhkəmə iclasına üzrlü səbəblərə görə gəlməsinin təkrarən mümkünsüzlüyünü məhkəmə iclası başlananadək məhkəməyə bildirməmişsə, məhkəmə öz qərarı ilə onun barəsində məcburi gətirilmə haqqında qərar çıxara bilər.

315.4. Xüsusi ittihamçının xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrlü səbəblərə görə məhkəmə iclasına gəlməsi mümkün olmadıqda, o, məhkəmə iclası başlananadək bu barədə məhkəməyə məlumat verməlidir. Məhkəmə xüsusi ittihamçının məhkəmə iclasına gəlməməsi səbəbini üzrlü hesab etdikdə, cinayət işinin məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir.

315.5. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə cinayət işinin məhkəmədə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir.



Maddə 316. Məhkəmə baxışında mülki iddiaçının iştirakı və onun gəlməməsinin nəticələri

316.1. Mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər.

316.2. Mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir.

316.3. Mülki iddiaya dair məhkəmə:

316.3.1. mülki iddiaçının və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəmə baxışı zamanı mülki iddiaya onların məhkəmə iclasında iştirakı olmadan baxmalıdır;

316.3.2. bu Məcəllənin 181.7-ci maddəsinin müddəalarına müvafiq olaraq mülki iddia dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə, məhkəmə baxışı zamanı mülki iddiaya mülki iddiaçının və ya onun nümayəndəsinin gəlib-gəlməməsindən asılı olmayaraq baxmalıdır.



Maddə 317. Məhkəmə iclasına gəlməmiş şahid, ekspert və ya mütəxəssisin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsinin mümkünlüyü barədə məsələnin həlli

317.1. Bu Məcəllənin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər.

317.2. Məhkəmə bu Məcəllənin 317.1-ci maddəsində göstərilmiş şəxslərin gəlməməsi səbəbindən məhkəmə baxışının təxirə salınması qərarına gəldikdə məhkəmə iclasına gəlmiş şahidi, eksperti, mütəxəssisi, zərər çəkmiş şəxsi, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini dindirmək hüququna malikdir. Belə halda cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə həmin məhkəmə tərkibi tərəfindən onun təxirə salınmasından sonra baxılması zamanı dindirilmiş şahid, ekspert və mütəxəssisin təkrarən çağırılmasına cinayət prosesi tərəflərinin fikri nəzərə alınmaqla zərurət olduqda yol verilir.

Maddə 318. Məhkəmə baxışının hədləri

318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışını dayandırmalıdır. Bu halda məhkəmə müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının 10 (on) gün müddətində təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxmaq üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə əsaslandırılmış qərar çıxarır. Bundan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təqsirləndirilən şəxsə qarşı yeni ittiham irəli sürülərsə, məhkəmə baxışı məhkəmə iclasında həmin ittihamın elan olunması ilə təzələnir və məhkəmə baxışının davam etdirilməsi ümumi qaydada həyata keçirilir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətlərin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Cinayətin tövsifinin dəyişməsi nəticəsində məhkəmə aidiyyətinin dəyişdirilməsi zərurəti yaranarsa, məhkəmə qərarına əsasən məhkəmədə işin baxılmasına xitam verilir və iş ümumi qaydada aidiyyəti üzrə baxılmaq üçün müvafiq məhkəməyə göndərilir.

318.3. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bilər. Bu qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbərinə və Azərbaycan Respublikasının Baş prokuroruna göndərilir.



Maddə 319. Məhkəmə baxışının təxirə salınması və məhkəmədə icraatın dayandırılması

319.1. Məhkəmə iclasına çağırılmış şəxslərdən hər hansı birinin məhkəmə iclasına gəlməməsinə görə və ya məhkəmənin təşəbbüsü ilə, yaxud cinayət prosesi tərəflərinin vəsatətləri üzrə yeni sübutların tələb edilməsi zərurəti ilə əlaqədar məhkəmə baxışının keçirilməsi mümkün olmadıqda məhkəmə:

319.1.1. təxirə salınma müddəti göstərilməklə məhkəmə baxışını təxirə salır;

319.1.2. məhkəmə iclasına şəxsin gəlməsi və ya yeni sübutların tələb edilməsi üçün lazımi tədbirlər görür.

319.2. Təqsirləndirilən şəxs gizləndikdə və ya xroniki, yaxud digər ağır xəstəliyə tutulduğuna görə onun məhkəmə iclasına gəlməsi qeyri-mümkün olduqda məhkəmə həmin təqsirləndirilən şəxs tapılanadək və ya sağalanadək onun barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatı dayandırır, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmə baxışını mümkün olduqda davam etdirir. Məhkəmə baxışının ayrı-ayrılıqda aparılması cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olduqda, məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraatı bu Məcəllənin 304.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla dayandırır.

319.3. Məhkəmə bu Məcəllənin 53.1.3 və 53.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmədən gizlənən təqsirləndirilən şəxsin axtarışını elan etmək və bu məsələ üzrə qəbul etdiyi qərarı onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin