§ 14. Qiymətli kağızların tədavülü
Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər
1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.
1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə müvafiq olaraq bağlanılır və həyata keçirilir.
1078-20.3. Adlı qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatı ilə yaranır.
1078-20.4. Qiymətli kağızların tədavülü zamanı qanun pozuntuları aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı qanun pozuntusu ilə müşayiət olunan əqdlərin bağlanılmasını və icrasını dayandıra bilər.
1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-20.6. Hüquqi və fiziki şəxslərin borclarının qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
1078-20.7. Adlı investisiya qiymətli kağızlarla əqdlər broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda həmin əqdlər notarial qaydada təsbit olunmalıdır.
1078-20.8. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı yüzdən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmləri ilə alqı-satqı əqdləri fond birjası vasitəsilə bağlanmalıdır (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-21. Qiymətli kağızlar üzrə hüquqların ötürülməsi
1078-21.1. Qiymətli kağızlara hüquqlar bu Məcəllənin 993-cü maddəsinə və bu maddədə müəyyən edilmiş xüsusiyyətlərə uyğun olaraq ötürülür.
1078-21.2. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür.
1078-21.3. Depozitarda saxlanılan adsız sənədli qiymətli kağızlar üzrə hüquqlar qiymətli kağızların yeni sahibinin «depo» hesabına köçürülməsi yolu ilə ötürülür.
1078-21.4. Adlı sənədsiz qiymətli kağızlar üzrə hüquqlar qiymətli kağızların sahibinin «depo» hesabından yeni sahibin «depo» hesabına köçürülməsi yolu ilə ötürülür.
1078-21.5. Adlı sənədli qiymətli kağızlar üzrə hüquqlar yeni sahibə qiymətli kağızları (sertifikatları) verməklə reyestrdə müvafiq qeydin aparılması yolu ilə ötürülür. Depozitarda saxlanılan adlı sənədli qiymətli kağızlar üzrə hüquqlar sahibin «depo» hesabından yeni sahibin «depo» hesabına qiymətli kağızların köçürülməsi yolu ilə ötürülür.
1078-21.6. Qiymətli kağızlarla təsbit edilmiş hüquqlar əldə edən şəxsə həmin kağızlar üzrə hüquqlar keçən andan keçir.
1078-21.7. Orderli qiymətli kağızlara hüquqlar ixtiyarlı sahibin kağız üzərində etdiyi sərəncam vasitəsi ilə yeni sahibə ötürülür.
1078-21.8. Qanunvericiliklə bu Məcəllənin tələbləri nəzərə alınmaqla qiymətli kağızların ayrı-ayrı növləri üzrə hüquqların keçməsinə əlavə üsul və xüsusatlar müəyyən edilə bilər.
1078-21.9. Adlı sənədli qiymətli kağızlar üzrə hüquqların ötürülməsi zamanı qiymətli kağızın sertifikatının yeni sahibin adına rəsmiləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-21.10. Yeni sahib hüquqların keçməsi üzrə qanunvericiliklə müəyyən edilmiş hərəkətlərin icrası və hüquqların qeydiyyatından sonra qiymətli kağızlar üzrə hüquqları əldə edir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-22. Qiymətli kağızlarla təsbit edilmiş hüquqların həyata keçirilməsi
1078-22.1. Sənədli qiymətli kağızlarla təsbit edilmiş hüquqlar qiymətli kağızların sahibi tərəfindən həmin qiymətli kağızların sertifikatının təqdim edilməsi ilə həyata keçirilir.
1078-22.2. Sənədsiz qiymətli kağızlarla təsbit edilmiş hüquqlar həmin qiymətli kağızlar barədə reyestr və ya depo hesablarında mülkiyyətçi, yaxud nominal saxlayıcı barədə olan məlumatlarla reyestrdə qeydə alınmış şəxs barədə məlumatların eyniləşdirilməsi ilə həyata keçirilir.
1078-22.3. Sənədli qiymətli kağızların sertifikatları depozitarda saxlandıqda həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqlar sahibin tapşırığı ilə depozitarda saxlanılan qiymətli kağızın sertifikatının (sahiblərin siyahısı əlavə olunmaqla) depozitar tərəfindən təqdim edilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-23. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi
1078-23.1. Qiymətli kağızlar girovla və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər. Bu, dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilir.
1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri qərarlar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı rəsmi reyestrdə əks etdirilir.
1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir.
1078-23.5. Girov kağızı və ipoteka şəhadətnaməsinin ipoteka kağızının tədavülü qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il və 17 aprel 2007-ci il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55; «Azərbaycan» q., 19 avqust 2007-ci il).
Maddə 1078-24. Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları
Xarici emitentlərin qiymətli kağızlarının Azərbaycan Respublikasında tədavülə buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-25. Xarici investorlar tərəfindən qiymətli kağızların əldə edilməsi
Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının xarici investorlar tərəfindən əldə edilməsi qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla məhdudlaşdırılmır (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-26. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası
1078-26.1. Qiymətli kağızların birləşdirilməsi bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının mütənasib azaldılması yolu ilə dəyişdirilməsidir. Qiymətli kağızların nominal dəyəri olduqda, onların birləşdirilməsi nominal dəyərin mütənasib artırılması ilə müşayiət olunur.
1078-26.2. Qiymətli kağızların xırdalanması (bölünməsi) bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir.
1078-26.3. Qiymətli kağızların konvertasiyası bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına (həmin emitent yenidən təşkil edildikdə) əvəzsiz dəyişdirilməsidir (səhmin istiqraza dəyişdirilməsi istisna olmaqla). Bu zaman dəyişdirilmiş qiymətli kağızlar ləğv olunurlar.
1078-26.4. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası həmin qiymətli kağızların yerləşdirilməsi zamanı emitent tərəfindən cəlb edilmiş vəsaitlərin miqdarının dəyişdirilməsinə gətirmir, qiymətli kağızlar sahiblərindən geri alınan qiymətli kağızların dəyərinin qaytarılması üçün əsas deyil və qiymətli kağızlar sahibləri tərəfindən əlavə xərclər edilmədən həyata keçirilir.
1078-26.5. Emitentin yerləşdirilmiş qiymətli kağızlarının birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası haqqında qərarı müvafiq icra hakimiyyəti orqanında qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır.
1078-26.6. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-26.7. Qiymətli kağızların birləşdirilməsi, xırdalanması (bölünməsi) və konvertasiyası və ödənilməsi bu qiymətli kağızların əvvəlki sertifikatlarının ləğv olunması ilə müşayiət olunur (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-27. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi
1078-27.1. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi aşağıdakı hallarda həyata keçirilir:
1078-27.1.1. emitentin qərarı ilə;
1078-27.1.2. qiymətli kağızların emissiyasının baş tutmamış hesab edildiyi halda müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;
1078-27.1.3. qiymətli kağızların buraxılışı məhkəmə tərəfindən etibarsız hesab edildikdə;
1078-27.1.4. emitentin fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam verildikdə;
1078-27.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
1078-27.2. Yerləşdirilmiş qiymətli kağızlar dövriyyədən çıxarıldıqda və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər etməlidir.
1078-27.3. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumat (ödəniş nəticəsində tədavüldən çıxarılması istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildiyi gündən yeddi iş günü müddətində rəsmi kütləvi informasiya vasitələrində dərc olunmalıdır.
1078-27.4. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi barədə məlumatın dərc edildiyi gündən onların dövriyyəsinə yol verilmir. Bu məlumatın dərc edildiyi gündən həmin kağızlarla bağlanmış müqavilələr əhəmiyyətsizdir.
1078-27.5. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi bu barədə müvafiq məlumat dərc edildikdən sonra həyata keçirilir.
1078-27.6. Qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
§ 15. Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları
Maddə 1078-28. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin növləri
1078-28.1. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərinə aşağıdakılar aid edilir:
1078-28.1.1. broker fəaliyyəti;
1078-28.1.2. diler fəaliyyəti;
1078-28.1.3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət;
1078-28.1.3. aktivlərin idarə edilməsi üzrə fəaliyyət; (43)
1078-28.1.4. klirinq fəaliyyəti;
1078-28.1.5. depozitar fəaliyyəti;
1078-28.1.6. qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət;
1078-28.1.7. fond birjası.
1078-28.2. Qanunvericiliklə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin digər növləri də müəyyən edilə bilər.
1078-28.3. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-28.4. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə eyni zamanda məşğul olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının (banklar istisna olmaqla) (39) qiymətli kağızlar bazarına aid olmayan digər sahibkarlıq fəaliyyəti növləri ilə eyni zamanda məşğul olmasına yol verilmir.
1078-28.5. Qiymətli kağızlar bazarında peşəkar fəaliyyəti həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsi, dayandırılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-28.6. Azərbaycan Respublikasının Milli Bankı Mərkəzi Bankı qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növlərini və ya həmin fəaliyyət növləri çərçivəsində ayrı-ayrı əməliyyatları xüsusi razılıq (lisenziya) olmadan həyata keçirə bilər (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-29. Broker fəaliyyəti
1078-29.1. Broker fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-29.2. Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeni tapşırığını icra etməlidir.
1078-29.3. Broker müvafiq tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu, müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.
1078-29.4. Brokerin müştərisinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz.
1078-29.5. Broker komisyoner kimi fəaliyyət göstərdikdə, komissiya müqaviləsində nəzərdə tutulduqda, müştərinin onun sərəncamına verilmiş pul vəsaitlərindən (qiymətli kağızlara investisiya üçün nəzərdə tutulmuş və ya qiymətli kağızların alınmasından əldə edilmiş) onları qaytarılması anına qədər, müqavilə şərtlərinə uyğun olaraq qiymətli kağızlarla əməliyyatlarda təkrarən istifadə edə bilər. Bu fəaliyyətin nəticəsində əldə edilən gəlirin istifadəsi qaydaları müqavilə ilə müəyyən edilir.
1078-29.6. Broker eyni zamanda diler fəaliyyəti ilə məşğul olduqda, ona müştəri tərəfindən verilmiş sifarişdə diler fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aparıldığı əməliyyatlarla əqdin istiqaməti və şərtləri eyni olduqda, o, ilk növbədə müştərinin tapşırığını yerinə yetirməlidir.
1078-29.7. Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitləri qaytarılmalıdır.
1078-29.8. Broker fəaliyyətini tənzimləyən qaydalar və broker ilə müştəri arasında bağlanılmış müqaviləyə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
1078-29.9. Broker cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. (35)
Maddə 1078-30. Diler fəaliyyəti
1078-30.1. Diler fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-30.2. Diler əvvəlcədən elan etdiyi şərtlərə uyğun gələn alqı-satqı müqavilələrinin bağlanmasından həmin şərtləri dəyişdirmək yolu ilə imtina edə bilməz.
1078-30.3. Diler fəaliyyətini tənzimləyən qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-31. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyət Aktivlərin idarə edilməsi üzrə fəaliyyət (43)
1078-31.1. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.
1078-31.1. Aktivlərin idarə edilməsi üzrə fəaliyyət yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır. (43)
1078-31.2. İdarəçiyə idarə olunmaq üçün qiymətli kağızların və ya pul vəsaitlərinin verilməsi həmin qiymətli kağızlara və ya pul vəsaitlərinə mülkiyyət hüququnun keçməsinə səbəb olmur.
1078-31.2. İdarəçiyə idarə edilmək üçün qiymətli kağızların, pul vəsaitlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakın verilməsi həmin qiymətli kağızlara, pul vəsaitlərinə və əmlaka mülkiyyət hüququnun keçməsinə səbəb olmur. (43)
1078-31.3. İdarəçi ilə müştərisi arasında və ya idarəçinin bir neçə müştəriləri arasında maraqlar ixtilafı yarandıqda idarəçi bu barədə müştərilərinə dərhal məlumat verməlidir. Əks təqdirdə, bunun nəticəsində müştəriyə dəymiş zərər idarəçi tərəfindən ödənilməlidir.
1078-31.4. İdarəçinin öhdəlikləri üzrə tənbeh tədbirləri müştərinin idarə etməyə verilmiş əmlakına yönəldilə bilməz.
1078-31.5. İdarəçinin fəaliyyətini tənzimləyən qaydalar və idarəçi ilə müştərinin müqaviləsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
1078-31.6. İdarəçi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir. (35)
Maddə 1078-32. Klirinq fəaliyyəti
1078-32.1 Klirinq fəaliyyətini yalnız hüquqi şəxslər (bundan sonra — klirinq təşkilatları) həyata keçirir.
1078-32.2. Qiymətli kağızlarla əqdlər üzrə hesablaşmaları həyata keçirən klirinq təşkilatları qiymətli kağızlarla əqdlərin icra olunmaması risklərini azaltmaq üçün zəmanət fondu yaratmalıdır. Zəmanət fondunun minimal məbləği bağlanılacaq əqdlərin təmin edilməmiş hissəsindən az olmamalıdır.
1078-32.3. Klirinq fəaliyyətinin həyata keçirilməsinin qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-33. Depozitar fəaliyyəti
1078-33.1. Depozitar fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
1078-33.2. Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-33.3. Depozitarın qiymətli kağızların saxlanılması və uçotu üzrə xidmətlərindən istifadə edən şəxs deponent adlandırılır.
1078-33.4. Depozitar müqaviləsinin bağlanılması qiymətli kağızlar üzrə mülkiyyət hüququnun depozitara keçməsinə əsas deyildir.
1078-33.5. Depozitarın öhdəlikləri üzrə tənbeh tədbirləri deponentin qiymətli kağızlarına yönəldilə bilməz.
1078-33.6. Depozitar, depo hesabları üzrə yazıların tamlığını və düzgünlüyünü təmin etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə, depo hesabları üzrə yazıların tamlığına və düzgünlüyünə görə məsuliyyət daşıyır.
1078-33.7. Depozitar sisteminin strukturu, onun üzvlərinin qarşılıqlı münasibətlərinin prinsipləri, məzmunu və formasına olan tələblər, onların fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-33.8. Depozitar eyni zamanda reyestrsaxlayıcı peşəkar fəaliyyətini həyata keçirdikdə emitentlə bağlanılmış müqaviləyə əsasən qiymətli kağız sahiblərinin və (və ya) nominal saxlayıcıların depo hesablarına əsasən reyestri aparır. Bu halda digər depozitarlarda saxlanılan qiymətli kağızlar qiymətli kağız sahiblərinin reyestrini aparan depozitarda nominal saxlayıcı hesabında əks etdirilir.
1078-33.9. Azərbaycan Respublikasının Milli Bankı Mərkəzi Bankı dövlət qiymətli kağızlarına hüquqların uçotunu aparan depozitarla bağlanılmış müqavilə əsasında həmin qiymətli kağızlar üzrə ayrı-ayrı depozitar əməliyyatlarını aparmaq hüququna malikdir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-34. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət
1078-34.1. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə yalnız hüquqi şəxslər məşğul ola bilər.
1078-34.2. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirən şəxs (bundan sonra — reyestrsaxlayıcı) qiymətli kağız sahiblərinin reyestrinin aparılması sistemində qeydə alınmış emitentin qiymətli kağızları ilə əqdləri bağlaya bilməz.
1078-34.3. Qiymətli kağız sahiblərinin reyestri müəyyən tarixə qeydə alınmış qiymətli kağızların sahiblərinin və nominal saxlayıcılarının, onlara məxsus qiymətli kağızların sayının və növünün eyniləşdirilməsini təmin edən siyahıdır. Qiymətli kağızların reyestrində emitent haqqında məlumat, hər bir qiymətli kağız sahiblərinə və nominal saxlayıcılarına məxsus olan qiymətli kağızların sayı, nominal dəyəri, növü, forması, öhdəliklər ilə yükləndirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər məlumatlar göstərilməlidir.
1078-34.4. Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətin həyata keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-34.5. Adsız qiymətli kağızların sahiblərinin reyestri aparılmır.
1078-34.6. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmidən artıq olduqda, qiymətli kağız sahiblərinin reyestrinin aparılması yalnız qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı tərəfindən keçirilməlidir. Bir emitentin adlı investisiya qiymətli kağızlarının sahiblərinin sayı iyirmi və daha az olduqda, onların reyestri həm qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan reyestrsaxlayıcı, həm də emitentin özü tərəfindən aparıla bilər.
1078-34.7. Emitentin eyni növ qiymətli kağızlarının sahiblərinin reyestri eyni zamanda yalnız bir reyestrsaxlayıcı tərəfindən aparılmalıdır.
1078-34.8. Reyestrsaxlayıcı reyestrdən verdiyi çıxarışlar üzrə yazıların tamlığını və düzgünlüyünü təmin etməlidir və öz öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
1078-34.9. Emitent reyestrsaxlayıcısını dəyişdiyi halda, bu barədə kütləvi informasiya vasitələrində elan verməli və ya bütün qiymətli kağız sahiblərinə öz hesabına yazılı bildiriş göndərməlidir.
1078-34.10. Qiymətli kağız sahiblərinin reyestrində qiymətli kağızların nominal saxlayıcısı qismində broker (yalnız deponentləşdirilməmiş qiymətli kağızlar üzrə) və ya depozitar çıxış edə bilərlər.
1078-34.11. Qiymətli kağızlar depozitarda deponentləşdirildikdə depozitar həmin qiymətli kağızların sahiblərinin reyestrində nominal saxlayıcı kimi qeydə alınır.
1078-34.12. Qiymətli kağızların nominal saxlayıcısı həmin qiymətli kağızlarla təsbit edilmiş hüquqları yalnız onların mülkiyyətçisi tərəfindən bu barədə səlahiyyət aldıqda həyata keçirə bilər.
1078-34.13. Reyestrin aparılması sistemində nominal saxlayıcının adının qeyd edilməsi qiymətli kağızlara mülkiyyət hüququnun nominal saxlayıcıya keçməsinə əsas deyildir.
1078-34.14. Bir nominal saxlayıcının müştəriləri olan qiymətli kağız sahiblərinin arasında əqdlərin nəticələri reyestrdə əks etdirilmir.
1078-34.15. Qiymətli kağızların bir nominal saxlayıcıdan başqa nominal saxlayıcıya ötürülməsi haqqında məlumat nominal saxlayıcılar tərəfindən üç iş günü ərzində reyestrsaxlayıcıya təqdim olunmalıdır.
1078-34.16. Qiymətli kağız sahibləri tərəfindən qiymətli kağızlar üzrə hüquqların həyata keçirilməsinin təmin edilməsi üçün nominal saxlayıcı reyestrsaxlayıcının tələbi ilə müəyyən tarixə nominal saxlayıcısı olduğu şəxslərin siyahısını yeddi iş günü ərzində ona təqdim etməlidir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-35. Fond birjası
1078-35.1. Fond birjası — qapalı səhmdar cəmiyyəti formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır.
1078-35.2. Adında «Fond birjası» ifadəsini yalnız fond birjası peşəkar fəaliyyətini həyata keçirən şəxs istifadə edə bilər.
1078-35.3. Fond birjası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlar əsasında fəaliyyətini tənzimləyən daxili qaydaları təsdiq etməlidir.
1078-35.4. Fond birjasının nizamnamə kapitalının minimal miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-35.5. Fond birjası yalnız adi adlı səhmlər emissiya edə bilər.
1078-35.6. Fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər.
1078-35.7. Fond birjası ticarəti öz üzvləri arasında təşkil edir. İstisna qaydasında Azərbaycan Respublikasının Milli Bankı Mərkəzi Bankı birja ticarətində birja üzvü olmadan iştirak edə bilər.
1078-35.8. Fond birjasının işçiləri qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və onların təsisçiləri ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar kimi iştirak edə bilməzlər (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-36. Fond birjasının üzvləri
1078-36.1. Fond birjasının üzvləri birjanın daxili qaydalarına uyğun olaraq birja ticarətində bilavasitə iştirak etmək hüququna malik olan broker və ya dilerlərdir.
1078-36.2. Fond birjası üzvlüyünə daxil olması, fond birjası üzvlüyündən çıxarılması, xaric edilməsi və birjada üzvlüyün dayandırılması qaydaları, habelə fond birjasında üzvlərin fəaliyyətinin qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmçinin birjanın nizamnaməsi və digər daxili sənədləri ilə müəyyən edilir.
1078-36.3. Fond birjasının üzvlərinin broker və diler fəaliyyətinə xüsusi razılıqları (lisenziyaları) olmalıdır və onlar birja tərəfindən onların ödəniş qabiliyyətinə və özlərinin fəaliyyətlərinin təşkilinə dair müəyyən edilən ixtisas tələblərinə cavab verməlidirlər.
1078-36.4. Birjada üzvlüyə aşağıdakı hallarda xitam verilir:
1078-36.4.1. birja üzvlüyündən könüllü qaydada çıxdıqda;
1078-36.4.2. müvafiq icra hakimiyyəti orqanının qərarı nəticəsində birja üzvü olan brokerə və dilerə verilən xüsusi razılıq (lisenziya) ləğv edildikdə;
1078-36.4.3. birjanın müvafiq idarəetmə orqanının qərarı ilə birja üzvü birja qaydalarını kobud surətdə pozduqda və ya birja tərəfindən müəyyən edilən ixtisas tələblərinə cavab vermədikdə;
1078-36.4.4. birjanın fəaliyyətinə xitam verildikdə.
1078-36.5. Fond birjası öz üzvlərinin sayını məhdudlaşdırmaq hüququna malikdir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-37. Fond birjası tərəfindən yığılan ödənişlər
1078-37.1. Fond birjası tərəfindən aşağıdakı hallarda pul ödənişləri müəyyən edilə bilər:
1078-37.1.1. fond birjasının üzvlüyünə daxil olmaq üçün;
1078-37.1.2. qiymətli kağızların listinqi üçün;
1078-37.1.3. birja əqdlərinin təşkili üçün.
1078-37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarda, birjanın nizamnaməsi və birja qaydaları ilə nəzərdə tutulmuş digər hallarda da ödənişlərin alınması müəyyən edilə bilər (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-38. Birja əqdləri
1078-38.1. Birja ticarətinin iştirakçıları arasında bağlanılmış müqavilə birja əqdidir.
1078-38.2. Fond birjasında bağlanılmış bütün əqdlər qanunvericiliklə və birja qaydaları ilə müəyyən edilmiş qaydada qeydiyyata alınmalıdır və rəsmiləşdirilməlidir.
1078-38.3. Birjanın müvafiq səlahiyyətli orqanı birja qaydalarına əsasən birja üzvünü müvəqqəti olaraq birja əqdlərinin bağlanılmasından kənarlaşdıra bilər (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Maddə 1078-39. Birja qaydaları
1078-39.1. Fond birjası qiymətli kağızların birjada dövriyyəyə buraxılma qaydalarını, onları birjada kotirovka edilən qiymətli kağızların siyahısına daxil edilməsi (listinq) və göstərilən siyahıdan çıxarılması (delistinq), birjada əqdlərin bağlanması, qeydiyyatı, icrası və təmin edilməsi, əqdlər üzrə hesablaşmaların aparılması, birja üzvləri arasında birja əməliyyatlarının aparılması zamanı yaranan mübahisələrin həlli və fond birjasının fəaliyyətilə əlaqədar digər qaydaları müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq qəbul edir.
1078-39.2. Fond birjası ticarətin aparılması vaxtı haqqında, birjada ticarətə buraxılmış qiymətli kağızların siyahısı və qiymətləri (kotirovkası), ticarət sessiyasının nəticələri haqqında və qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatları vaxtında təqdim etməklə aparılan ticarətin şəffaflığını təmin etməlidir (Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunu ilə əlavə edilmişdir – «Azərbaycan» q., 6 mart 2004, № 55).
Dostları ilə paylaş: |