§1. Əsas müddəalar
Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri
43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.
43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.
43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
Maddə 44. Hüquqi şəxsin hüquq qabiliyyəti
44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
44.2. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər.
44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla nəzərdə tutulan hallarda və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.
44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması zəruri olan fəaliyyəti həyata keçirmək hüququ belə lisenziyanın alındığı andan və ya lisenziyada göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.
Maddə 45. Hüquqi şəxsin yaradılması
45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.
45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.
Maddə 47. Hüquqi şəxsin nizamnaməsi
47.1. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir.
47.2. Hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. (38)
47.3. Nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Lakin hüquqi şəxslər və onların təsisçiləri (iştirakçıları) həmin dəyişiklikləri nəzərə almaqla hərəkət etmiş üçüncü şəxslərlə münasibətlərdə həmin dəyişikliklərin qeydə alınmadığına istinad edə bilməzlər.
Maddə 48. Hüquqi şəxslərin dövlət qeydiyyatı
48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən qeyri-kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
48.2. Hüquqi şəxsin yaradılması qaydasının pozulması və ya onun nizamnaməsinin bu Məcəllənin 47-ci maddəsinə uyğun gəlməməsi hüquqi şəxsi dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda yol verilir. Hüquqi şəxsin yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə qeydiyyatdan imtinaya yol verilmir. Dövlət qeydiyyatına almaqdan imtina edilməsindən, habelə qeydiyyatdan yayınmaqdan məhkəməyə şikayət verilə bilər.
48.3. Hüquqi şəxs yalnız qanunla müəyyənləşdirilmiş hallarda yenidən qeydə alınmalıdır.
Maddə 49. Hüquqi şəxsin orqanları
49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir.
49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər.
49.3. Hüquqi şəxs adından çıxış edən şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini ödəməlidir.
49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. (29)
Maddə 50. Hüquqi şəxsin adı
50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.
50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli səxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. (38)
50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.
50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.
Maddə 51. Hüquqi şəxsin olduğu yer
Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının (48) yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır.
Maddə 52. Hüquqi şəxsin məsuliyyəti
52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir.
52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.
Maddə 53. Nümayəndəliklər və filiallar
53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.
53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.
53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. (38)
Maddə 54. İdarə
54.1. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır.
54.2. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.
54.3. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.
54.4. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.
54.5. Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.
Maddə 55. Hüquqi şəxsin yenidən təşkili
55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
55.2. Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.
55.3. Məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Göstərilən sənədlərin məhkəmə tərəfindən təsdiq edilməsi Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.
55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır.
55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.
Maddə 56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi
56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir.
56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir.
56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir.
Maddə 57. Təhvil aktı və bölünmə balansı
57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır.
57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur.
57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur.
Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatlar
58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar.
58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.
58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 59. Hüquqi şəxsin ləğvi
59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər:
59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq;
59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda;
59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə.
59.3. Bu Məcəllənin 59.2-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər.
59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir.
59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər.
Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş şəxsin vəzifələri
60.1. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqana ləngimədən məlumat verməyə borcludurlar. Həmin orqan isə hüquqi şəxsin ləğv prosesində olduğu barədə məlumatları hüquqi şəxslərin dövlət reyestrinə daxil edir.
60.2. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğvetmə komissiyasını (təsviyəçini) təyin edir və bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydasını və müddətlərini müəyyənləşdirirlər.
60.3. Ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir.
Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası
61.1. Ləğvetmə komissiyası hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət ləğvetmə haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Ləğvetmə komissiyası kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə hüquqi şəxsin ləğvi haqqında kreditorlara bildiriş göndərir.
61.2. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə komissiyası aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir.
61.3. Əgər ləğv edilən hüquqi şəxsdə olan pul vəsaiti kreditorların tələblərini ödəmək üçün yetərli deyildirsə, ləğvetmə komissiyası hüquqi şəxsin əmlakını açıq hərracda satır.
61.4. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası bu Məcəllənin 62-ci maddəsində müəyyənləşdirilmiş növbəlik qaydasında, aralıq ləğvetmə balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq ödəyir.
61.5. Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Həmin balansı hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. Ləğvetmə komissiyası təsdiq olunmuş ləğvetmə balansını hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir.
61.6. Kreditorların tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakı, əgər hüquqi şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə (iştirakçılarına) verilir.
61.7. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır.
Maddə 62. Kreditorların tələblərinin ödənilməsi
62.1. Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə ödənilir:
62.1.1. birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir;
62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o, fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır;
62.1.3. üçüncü növbədə işdənçıxma müavinətlərinin verilməsi və əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin ödənilməsi üzrə, müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar aparılır;
62.1.4. dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir;
62.1.5. beşinci növbədə qalan kreditorlar ilə hesablaşmalar aparılır.
62.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.
62.3. Ləğvetmə komissiyası kreditorun tələblərini ödəməkdən imtina etdikdə və ya onlara baxmaqdan boyun qaçırdıqda kreditorun ixtiyarı var ki, hüquqi şəxsin ləğvetmə balansı təsdiq edilənədək ləğvetmə komissiyasına qarşı iddia ilə məhkəməyə müraciət etsin.
62.4. Ləğvetmə komissiyasının tələblər irəli sürülməsi üçün müəyyənləşdirdiyi müddət qurtardıqdan sonra kreditorun bildirdiyi tələblər kreditorların vaxtında bildirdikləri tələblər ödənildikdən sonra ləğv edilən hüquqi şəxsin qalan əmlakından ödənilir.
62.5. Ləğv edilən hüquqi şəxsin kreditorlarının ləğvetmə komissiyası tərəfindən qəbul edilməmiş tələbləri kreditorun iddia ilə məhkəməyə müraciət etmədiyi hallarda, habelə məhkəmə qərarı ilə kreditora ödənilməsindən imtina edilmiş tələbləri ödənilmiş sayılır (Azərbaycan Respublikasının 3 mart 2006-cı il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Az.-n» q., 13 may 2006-cı il).
Maddə 63. Hüquqi şəxsin müflis olması
63.1. Əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.
63.2. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyənləşdirilir.
§ 2. Kommersiya təşkilatları
Maddə 64. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri
64.1. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər.
64.2. Təsərrüfat ortaqlıqları tam ortaqlıq və ya kommandit ortaqlığı formasında yaradıla bilər.
64.3. Təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər.
64.4. Yalnız fərdi sahibkarlar və (və ya) kommersiya təşkilatları tam ortaqlıqların iştirakçıları və kommandit ortaqlıqlarında tam ortaqlar ola bilərlər.
64.5. Təsərrüfat cəmiyyətlərinin iştirakçıları və kommandit ortaqlıqlarının maya qoyanları fiziki və hüquqi şəxslər ola bilərlər.
64.6. Dövlət orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi çıxış edə bilməzlər.
64.7. Təsərrüfat ortaqlıqları və cəmiyyətləri bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, başqa təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin təsisçiləri (iştirakçıları) ola bilərlər.
64.8. Təsərrüfat ortaqlığının və ya cəmiyyətinin əmlakına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan və ya əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
64.9. Təsərrüfat cəmiyyəti iştirakçısının mayasının pulla qiymətləndirilməsi cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında razılaşmaya əsasən yerinə yetirilir və müstəqil ekspert yoxlamasından (auditdən) keçirilməlidir.
Dostları ilə paylaş: |