Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir



Yüklə 6,29 Mb.
səhifə6/40
tarix14.04.2017
ölçüsü6,29 Mb.
#14069
1   2   3   4   5   6   7   8   9   ...   40
§ 3. Qeyri-kommersiya təşkilatları

Maddə 114. İctimai birliklər

114.1. İctimai birliyin təsisçilərinin (iştirakçılarının) ictimai birliyə verdikləri əmlak birliyin mülkiyyətidir. İctimai birlik bu əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

114.2. İctimai birliklərin iştirakçıları həmin birliklərin mülkiyyətinə verdikləri əmlaka, o cümlədən üzvlük haqlarına hüquqlarını saxlamırlar. Onlar ictimai birliklərin öhdəlikləri üçün, ictimai birliklər isə öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımırlar.

114.3. İctimai birlik ləğv edildikdə onun əmlakı ictimai birliyin nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

114.4. İctimai birliklərin ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.

Maddə 115. Fondlar

115.1. Fond üzvlüyü olmayan, fiziki və (və ya) hüquqi şəxslərin könüllü (38) əmlak haqları əsasında təsis etdikləri, sosial, xeyriyyə, mədəni, təhsil və ya digər ictimai faydalı məqsədlər güdən təşkilatdır.



115.1-1. Fond yaradılarkən onun nizamnamə kapitalı on min manatdan az olmamalıdır. (38)

115.2. Fondun təsisçilərinin (təsisçisinin) verdiyi əmlak fondun mülkiyyətidir. Fond həmin əmlakdan onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

115.3. Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

115.4. Təsisçilər yaratdıqları fondun öhdəlikləri üçün, fond isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

115.5. Fondun idarə edilməsi və onun orqanlarının formalaşdırılması qaydası fondun təsisçilər tərəfindən təsdiq edilən nizamnaməsi ilə müəyyənləşdirilir.

115.6. Fondun nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, fondun «fond» sözü də daxil edilmiş adı, fondun məqsədləri haqqında məlumatlar; fondun orqanları haqqında, o cümlədən fondun fəaliyyətinə nəzarət edən himayəçilik şurası haqqında, fondun vəzifəli şəxslərinin təyin edilməsi və azad edilməsi qaydası haqqında, fondun ləğvi zamanı onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.

115.7. Fondların ayrı-ayrı növlərinin, o cümlədən xeyriyyə təşkilatlarının xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir.

Maddə 116. Fondun nizamnaməsinin dəyişdirilməsi və onun ləğv edilməsi

116.1. Fondun nizamnaməsi fondun orqanları tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər nizamnamənin dəyişməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə səbəb olarsa, nizamnamədə isə nizamnamənin dəyişdirilməsi imkanı nəzərdə tutulmazsa və nizamnamə vəkil edilmiş şəxslər tərəfindən dəyişdirilməzsə, dəyişikliklər edilməsi hüququ fondun orqanlarının və ya fondun nizamnaməsi ilə onun fəaliyyətinə nəzarət etməyə vəkil edilmiş orqanın ərizəsinə əsasən məhkəməyə mənsubdur.

116.2. Fondun ləğvi haqqında qərarı maraqlı şəxslərin ərizəsinə əsasən yalnız məhkəmə qəbul edə bilər. Fond aşağıdakı hallarda ləğv edilə bilər:

116.2.1. fondun əmlakı onun məqsədlərinin həyata keçirilməsinə kifayət etmədikdə və lazımi əmlakın əldə edilməsi ehtimalı real olmadıqda;

116.2.2. fondun məqsədlərinə çatmaq mümkün olmadıqda, bu məqsədlər isə lazımi şəkildə dəyişdirilə bilmədikdə;

116.2.3. öz fəaliyyətində fond nizamnamədə nəzərdə tutulan məqsədlərdən yayındıqda;

116.2.4. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

116.3. Fond ləğv edildikdə onun əmlakı fondun nizamnaməsində göstərilən məqsədlərə, bu, mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.



Maddə 117. Hüquqi şəxslərin ittifaqları

117.1. Kommersiya təşkilatları özlərinin sahibkarlıq fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən dövlət və digər orqanlarda, beynəlxalq təşkilatlarda) məqsədi ilə ittifaqlar yarada bilərlər. Əgər iştirakçıların qərarı ilə ittifaqa sahibkarlıq fəaliyyətini həyata keçirmək həvalə edilirsə, belə ittifaq bu Məcəllə ilə nəzərdə tutulan qaydada təsərrüfat ortaqlığına və ya cəmiyyətə çevrilir və ya sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat cəmiyyəti yarada bilər və ya bu cür cəmiyyətdə iştirak edə bilər.

117.2. Qeyri-kommersiya təşkilatları özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər.

117.3. İttifaqın iştirakçıları özlərinin müstəqilliyini və hüquqi şəxs hüquqlarını saxlayırlar.

117.4. İttifaqın təsisçilərinin (iştirakçılarının) ona verdikləri əmlak ittifaqın mülkiyyətidir. Bu əmlakdan ittifaq onun nizamnaməsində müəyyənləşdirilmiş məqsədlər üçün istifadə edir.

117.5. İttifaq öz iştirakçılarının öhdəlikləri üçün məsuliyyət daşımır. İttifaqın iştirakçıları onun öhdəlikləri üçün nizamnamədə nəzərdə tutulan miqdarda və qaydada subsidiar məsuliyyət daşıyırlar.

117.6. İttifaqın adında onun iştirakçılarının fəaliyyətinin əsas predmeti, habelə «ittifaq» sözü göstərilməlidir.

117.7. İttifaq ləğv edildikdə onun əmlakı ittifaqın nizamnaməsində göstərilmiş məqsədlərə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir.

117.8. İttifaqların ayrı-ayrı növlərinin xüsusiyyətləri və hüquqi vəziyyəti bu Məcəllə ilə və qanunvericiliklə müəyyənləşdirilir (Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 9 avqust 2003-cü il).

Maddə 118. İttifaqın nizamnaməsi

İttifaqın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, ittifaq iştirakçılarının verdikləri haqların miqdarı, tərkibi və verilməsi qaydası, haqq verilməsi öhdəliyini pozmağa görə onların məsuliyyəti haqqında, ittifaqın idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya ittifaq iştirakçılarının şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında, ittifaqın ləğv edildiyi halda onun əmlakı barəsində sərəncam verilməsi qaydası haqqında məlumatlar göstərilməlidir.



Maddə 119. İttifaq iştirakçılarının hüquq və vəzifələri

119.1. Əgər ittifaqın nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, ittifaq iştirakçılarının onun xidmətlərindən əvəzsiz istifadə etmək ixtiyarı vardır.

119.2. İttifaqın iştirakçısı maliyyə ili qurtardıqda ittifaqdan çıxa bilər. Bu halda o, əgər ittifaqın nizamnaməsində ayrı müddət nəzərdə tutulmayıbsa, çıxdığı gündən bir il ərzində ittifaqın öhdəlikləri üçün öz haqqına mütənasib subsidiar məsuliyyət daşıyır. İttifaqın iştirakçısı ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş hallarda və qaydada digər iştirakçıların qərarı ilə ittifaqdan çıxarıla bilər. İttifaqın çıxarılmış iştirakçısının məsuliyyəti barəsində ittifaqdan çıxmaya aid qaydalar tətbiq edilir.

119.3. İştirakçıların razılığı ilə ittifaqa yeni iştirakçı daxil ola bilər. İttifaqa yeni iştirakçının daxil olması ittifaqın o daxil olanadək əmələ gəlmiş öhdəlikləri üçün onun subsidiar məsuliyyəti ilə şərtləndirilə bilər.



§ 4. Hüquqi şəxslərin inventar
siyahısı, illik balansı və auditi

(Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 120. Hüquqi şəxslərin inventar siyahısı

120.1. Öz təsərrüfat fəaliyyətinin əvvəlində hüquqi şəxs, əvvəla, əmlakının tərkibinə daxil olan obyektlərin, o cümlədən torpaq sahələrinin, daşınar obyektlərin, tələblərin və nağd pul məbləğinin, ikincisi, borclarının dəqiq siyahılarını tərtib etməyə, bu zaman ayrı-ayrı əmlak obyektlərinin və öhdəliklərinin dəyərini göstərməyə (inventar siyahısı) borcludur. Sonrakı dövrdə inventar siyahısı hər maliyyə ilinin sonu üçün tərtib edilir. İnventar siyahısı təsərrüfat ili qurtardıqda işlərin lazımi gedişinə uyğun müddətdə tərtib edilir.

120.2. Əsas kapital obyektləri, habelə xammal, yardımçı və iş materialları, əgər onlar vaxtaşırı dəyişdirilirsə, onların ümumi dəyəri isə firma üçün ikinci dərəcəli əhəmiyyət daşıyırsa, eyni həcmlərdə və eyni dəyərlə qəbul edilməlidir, bu şərtlə ki, miqdar, dəyər və tərkib baxımından onların mövcudluğu yalnız cüzi dəyişikliklərə məruz qalsın. Bu əmlak obyektlərinin maddi inventarlaşdırılması üç ildən bir aparılır. Ehtiyat əmlakın eyni növlü obyektləri, habelə eyni növlü və ya təqribən bərabər qiymətli digər daşınar əmlak obyektləri bir qrupda birləşdirilir və hesablanmış orta dəyərlə qəbul edilir.

120.3. Əmlak obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunun inventar siyahısı təkcə ayrı-ayrı əmlak obyektlərinin müfəssəl qeydiyyatı ilə deyil, həm də qəbul olunmuş riyazi-statistik metodlardan istifadə etməklə seçmə sınaqlar yolu ilə də müəyyənləşdirilə bilər. Bu zaman tətbiq olunan prosedur lazımi mühasibat uçotu prinsiplərinə uyğun gəlməlidir. Bu qaydada tərtib edilmiş inventar siyahısının informasiya dəyəri maddi inventarlaşdırma vasitəsilə tərtib edilmiş inventar siyahısının informasiya dəyərinə uyğun gəlməlidir.

120.4. Təsərrüfat ilinin sonu üçün inventar siyahısı tərtib edilərkən, əgər əmlak obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunu müəyyənləşdirməyin mümkünlüyü lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn başqa üsulla təmin edilirsə, əmlak obyektlərinin həmin an üçün maddi inventarlaşdırılması tələb olunmur.

120.5. Təsərrüfat ilinin sonu üçün ümumi inventar siyahısında əmlak obyektlərini göstərmək məcburi deyildir, bu şərtlə ki:

120.5.1. hüquqi şəxs onların növlər, miqdar və dəyər baxımından mövcudluğunu təsərrüfat ili başa çatanadək sonuncu üç ayın və ya təsərrüfat ili başa çatdıqdan sonra ilk iki ayın günlərindən biri üçün tərtib edilmiş xüsusi inventar siyahısında göstərsin;

120.5.2. yuxarıda göstərilən lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn artan yekun və ya interpolyasiya metodları ilə xüsusi inventar siyahıyaalması sayəsində təsərrüfat ilinin sonunda mövcud olan əmlak obyektlərinin həmin an üçün lazımınca qiymətləndirilməsinin mümkünlüyü təmin edilsin.

Maddə 121. Hüquqi şəxsin ilkin və illik balansı

121.1. Öz fəaliyyətinin əvvəlində və sonralar təsərrüfat ilinin sonunda hüquqi şəxs onun kapitalı ilə öhdəlikləri arasında nisbəti göstərən balans (ilkin balans, balans) tərtib etməlidir. Hər təsərrüfat ilinin sonunda təsərrüfat ili üçün gəlirlərin və xərclərin müqayisəsi (mənfəətlə zərərin hesabı) tərtib edilir. Balans və mənfəətlə zərərin hesabı illik (yekun) balansı təşkil edir. İllik balans lazımi mühasibat uçotu prinsiplərinə müvafiq surətdə işlərin lazımi gedişinə uyğun müddətdə tərtib edilir. İllik balans aydın və dəqiq olmalıdır.

121.2. İllik balans hüquqi şəxsin qanuni təmsilçiləri tərəfindən Azərbaycan dilində və ölkənin valyutasında tərtib edilir və imzalanır.

121.3. İllik balansda bütün əmlak obyektləri, borclar, ardıcıl hesabat dövrləri arasında məsrəflər ilə mədaxilin uçotuna hədd qoyan maddələr, habelə xərclər və gəlirlər göstərilməlidir. Aktivlərin maddələrini passivlərin maddələrinə, xərcləri gəlirlərə hesablamaq olmaz.

121.4. Balansda əsas və dövriyyə kapitalı, öz kapitalı, öhdəliklər, habelə ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələr ayrıca göstərilməli və onların bölgüsü aparılmalıdır. Əsas kapital üzrə yalnız təsərrüfatın aparılması üçün daimi nəzərdə tutulan obyektlər göstərilməlidir. Firmanın təsis edilməsinə və öz kapitalının cəlb edilməsinə çəkilmiş xərcləri balansa aktivlərin maddələri kimi daxil etmək olmaz. Eyni qayda əsas kapitalın əvəzsiz əldə edilmiş qeyri-maddi əmlak obyektləri üçün də qüvvədədir.

121.5. Ehtiyatlar hüquqi şəxsə qarşı tələblərin irəli sürülüb-sürülməyəcəyinin və hansı miqdarda sürüləcəyinin məlum olmadığı hallarda öhdəliklər üçün yaradılır. Ehtiyatlar yarımçıq qalmış əqdlər üzrə gözlənilən zərərin ödənilməsi üçün yaradılır. Ehtiyatlar yalnız onların yaradılması zərurəti aradan qalxdıqda ləğv edilir.

121.6. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələrdə yekun gününədək çəkilmiş xərclər göstərilir. Bunlar həmin gündən sonrakı müəyyən dövrə aid xərclərdir. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələrin passivlərində yekun gününədək olan mədaxil göstərilir. Bunlar həmin gündən sonrakı müəyyən dövrə aid gəlirlərdir.

121.7. İllik balansda göstərilmiş əmlak obyektləri və öhdəliklər qiymətləndirilərkən aşağıdakı prinsiplər də nəzərə alınmalıdır:

121.7.1. təsərrüfat ilinin birinci gününə aid dəyər qiymətləri əvvəlki təsərrüfat ilinin yekun balansının dəyər qiymətləri ilə üst-üstə düşməlidir;

121.7.2. əmlak obyektləri və öhdəliklər yekun günü üçün ayrılıqda qiymətləndirilir;

121.7.3. dəyər qiymətləndirilməsi ehtiyatla aparılmalı, xüsusən yekun gününədək məlum olmuş və ya əmələ gəlmiş bütün gözlənilən risklər və zərər nəzərə alınmalıdır; bu qayda həmin risklərin və zərərin yalnız yekun günü ilə illik balansın tərtib edildiyi gün arasındakı dövrdə məlum olduğu halda da qüvvədədir;

121.7.4. mənfəət yalnız o halda nəzərə alınır ki, yekun gününədək o, həqiqətən reallaşmış olsun;

121.7.5. təsərrüfat ilinin xərcləri və gəlirləri illik balansda verilmiş və ya alınmış ödənişlər amili nəzərə alınmadan göstərilir;

121.7.6. əvvəlki təsərrüfat ili üçün illik balansın tərtibi zamanı istifadə olunmuş dəyər qiymətləndirilməsi metodları tətbiq edilməlidir.

121.8. Yuxarıda göstərilən prinsiplərdən kənara çıxmağa yalnız əsaslandırılmış, müstəsna hallarda icazə verilir; bu cür kənaraçıxmalar qoşmada izah edilməli və əsaslandırılmalıdır.

121.9. Balansın aktivlərində və passivlərində maddələrin dəyər qiymətləndirilməsi üçün aşağıdakı prinsiplər də tətbiq edilir:

121.9.1. əmlak obyektləri bu Məcəllənin 121.9.2 121.9.3-cü maddələrinə görə yol verilən amortizasiya ayırmaları çıxılmaqla, əldə etməyə və ya hazırlamaya çəkilmiş xərclər üzrə maksimum qiymətləndirilir;

121.9.2. əsas kapitalın istifadə müddəti məhdud olan əmlak obyektləri üzrə əldə etmə və ya hazırlama xərcləri əvvəlki təsərrüfat ili üçün planlı amortizasiya ayırmaları miqdarında azaldılır. Ayrıca təsərrüfat ili üçün tətbiq edilən planlı amortizasiya normaları müəyyənləşdirilərkən əldə etmə və ya hazırlama xərcləri əmlak obyektindən istifadə ediləcəyinin ehtimal olunduğu təsərrüfat illəri arasında bölünməlidir. Əsas kapitalın bütün əmlak obyektləri üzrə, hətta onların istifadəsi üçün müddət məhdudiyyəti olsa da, plandankənar amortizasiya ayırmaları həyata keçirilərək, əmlak obyektləri ağlabatan kommersiya qiyməti əsas götürülməklə yekun günü üçün onlara verilə bilən daha aşağı dəyər üzrə qiymətləndirilə bilər. Plandankənar amortizasiya ayırması əmlak obyektinin dəyərinin ehtimal edilən sürəkli azalması halında həyata keçirilir;

121.9.3. dövriyyə kapitalının əmlak obyektləri üzrə amortizasiya ayırmaları ona görə aparılır ki, onlar yekun günü üçün birja və ya bazar qiymətindən irəli gələn daha aşağı dəyər üzrə qiymətləndirilsin. Əgər birja və ya bazar qiymətini müəyyənləşdirmək mümkün deyilsə və əgər əldə etmə və ya hazırlama xərcləri yekun günü üçün əmlak obyektlərindən ötrü qəbul edilə bilən dəyərdən yüksəkdirsə, amortizasiya ayırmaları həmin dəyərədək həyata keçirilir. Bundan başqa, əgər ayırmalar zəruridirsə, onlar ağlabatan kommersiya qiyməti üzrə aparılmalıdır ki, gələcəkdə dəyərin azalıb-artması ilə əlaqədar əmlak obyektlərinin dəyər qiymətinin dəyişməsinin qarşısı alınsın;

121.9.4. əsas və dövriyyə kapitalında olan qısamüddətli və ya uzunmüddətli tələblər üzrə amortizasiya ayırmaları o halda aparılır ki, bu tələblərin əsasları və ya miqdarı barəsində borclunun etirazı vardır və ya borclunun əmlak vəziyyəti ilə əlaqədar olaraq onların ödənilməsi təmin edilmir, hüquqi şəxsin isə yetərli təminatları yoxdur. Belə tələblər tam miqdarda və ya ən azı ağlabatan kommersiya qiyməti əsas götürülməklə ödənilə bilən məbləğədək silinir;

121.9.5. bu Məcəllənin 121.9.2, 121.9.3 121.9.4-cü maddələrinə uyğun aşağı dəyər qiymətini amortizasiya üçün əsasların olmadığı halda da saxlamaq mümkündür;

121.9.6. amortizasiya ayırmaları bir də onun üçün həyata keçirilə bilər ki, əsas və dövriyyə kapitalının əmlak obyektləri yalnız vergi hüququna müvafiq surətdə yol verilə bilən amortizasiya üçün hesabdan silməyə əsaslanan daha aşağı dəyər üzrə qiymətləndirilsin;

121.9.7. hüquqi şəxsin nizamnaməsinə görə şəriklərin göstərdikləri kapital və ehtiyatlar nominal məbləğ üzrə qiymətləndirilir;

121.9.8. öhdəliklər geri ödənişlərin məbləğləri üzrə qiymətləndirilməlidir. Əgər öhdəliklər üzrə geri ödənişlərin məbləği xərclərin məbləğindən çoxdursa, yaranan fərq aktivlərin ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddəsi kimi qiymətləndirilə bilər və öhdəliyin qüvvədə olduğu dövr ərzində eyni ölçülü illik paylar şəklində silinir.

121.10. Əldə etmə xərcləri əmlak obyektini əldə etmək və onu istismara hazır vəziyyətə gətirmək üçün çəkilən xərclərdir, bu şərtlə ki, onlar ayrıca əmlak obyektinə aid edilə bilsin. Əldə etmə xərclərinə onlarla bağlı olan yanakı xərclər və əldə etməyə çəkilən əlavə xərclər də aiddir. Əldə etmə qiymətinin azalması əldə etmə xərclərindən çıxılır.

121.11. Hazırlama xərcləri əmlak obyektinin hazırlanması, genişləndirilməsi və ya onun ilk vəziyyətindən kənara çıxan dərəcədə xeyli yaxşılaşdırılması üçün malların işlədilməsi və xidmətlərin alınması nəticəsində əmələ gələn xərclərdir. Bu xərclərə xammala və materiallara çəkilən xərclər, istehsal xərcləri və istehsalın xüsusi xərcləri aiddir. Hazırlama xərcləri hesablanarkən onlara, hazırlamaya aid edilə bilmək şərti ilə, zəruri olan ümumi maddi məsrəflərin, zəruri olan ümumi istehsal xərclərinin və əsas kapitala amortizasiya ayırmalarının ağlabatan hissələri də aid edilə bilər. Ümumi idarəetmə ilə bağlı olan pay xərcləri, habelə müəssisənin sosial təsisatlarına, könüllü sosial sığorta və müəssisənin pensiya təminatı üzrə ödənişlərə çəkilən xərclər nəzərə alına bilər. Əvvəlki iki cümləyə uyğun xərclər yalnız o halda nəzərə alına bilər ki, onlar hazırlama dövrünə təsadüf etsin. Satış xərclərini hazırlama xərclərinə daxil etmək olmaz.

121.12. Borc kapitalı üçün faizləri hazırlama xərclərinə daxil etmək olmaz. Əmlak obyektinin hazırlanmasını maliyyələşdirən borc kapitalı faizləri hazırlama dövrünə təsadüf etdiyi halda nəzərə alına bilər; belə halda onlar əmlak obyektinin hazırlanmasına çəkilən xərclər sayılır.

121.13. Firma verilərkən hüquqi şəxsin firmanı satın almaq üçün icra etdiyi qarşılıqlı öhdəliyin verilən firmanın borcları çıxılmaqla ayrı-ayrı əmlak obyektlərinin verildiyi məqamdakı dəyərindən çox olan məbləği firmanın dəyəri kimi götürülə bilər. Hər sonrakı təsərrüfat ilində silinmə yolu ilə məbləğin dörddə bir hissəsi ləğv edilir. Firmanın dəyərinin silinməsi ondan istifadənin ehtimal olunduğu təsərrüfat illəri arasında planauyğun şəkildə bölüşdürülə bilər.

121.14. Lazımi mühasibat uçotu prinsiplərinə uyğun olaraq, eyni növlü əmlak obyektlərinin dəyər qiymətləndirilməsi barəsində belə bir ehtimalı ehtiyatda saxlamaq olar ki, birincilərin əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri və sonuncuların əldə etdikləri və ya hazırladıqları əmlak obyektləri birincilər tərəfindən və ya digər müəyyən ardıcıllıqla istifadə edilmiş və ya özgəninkiləşdirilmişdir.

Maddə 122. Balansın tərtibi

122.1. Balans hesab formasında tərtib edilir. Yekun gününədək on iki ay ərzində balans məbləği və dövriyyədən mədaxili müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi son məbləğdən yüksək olmayan hüquqi şəxslər aşağıda hərflərlə və Roma rəqəmləri ilə işarələnmiş bəndlərdəki aktivlərdə və passivlərdə verilən maddələri sonrakı bölgünü aparmadan yalnız ümumi məbləğdə göstərə bilərlər; tələb edilən ardıcıllıq gözlənilməlidir.

122.2. Balansın aktivlərinə aşağıdakılar daxil edilir:

A. Əsas kapital:

A.I. Qeyri-maddi əmlak obyektləri:

A.I.1. Konsessiyalar, əqli əmək nəticələrinin müdafiəsi hüquqları və oxşar hüquqlar və sərvətlər, habelə bu cür hüquqlar və sərvətlər üçün xüsusi icazələr (lisenziyalar);

A.I.2. Firmanın dəyəri;

A.I.3. Qeyri-maddi əmlak obyektləri üzrə icra edilmiş avans ödənişləri.

A.II. Əşya şəklində mayalar:

A.II.1. Torpaq sahələri və onlara bərabər hüquqlar və binalar, o cümlədən özgə torpaq sahələrindəki binalar;

A.II.2. Texniki avadanlıq və maşınlar;

A.II.3. Digər avadanlıq, firmanın ləvazimatı;

A.II.4. Əşya şəklində mayalar və tikilməkdə olan avadanlıq üzrə icra edilmiş avans ödənişləri.

A.III. Maliyyə qoyuluşları:

A.III.1. İqtisadi cəhətdən bağlı firmalarda pay iştirakları;

A.III.2. Qiymətli kağızlar;

A.III.3. İqtisadi cəhətdən bağlı firmalara qoyuluşlar;

A.III.4. Digər qoyuluşlar.

B. Dövriyyə kapitalı:

B.I. Ehtiyatlar:

B.I.1. Xammal, yardımçı və iş materialları;

B.I.2. Yarımçıq məhsul, yarımçıq xidmətlər;

B.I.3. Hazır məhsul və mallar;

B.I.4. İcra edilmiş avans ödənişləri.

B.II. Tələblər və digər əmlak obyektləri:

B.II.1. Göndərmə və xidmətlər üzrə tələblər;

B.II.2. İqtisadi cəhətdən bağlı firmalara tələblər;

B.II.3. Digər əmlak obyektləri.

B.III. Qiymətli kağızlar.

B.IV. Çeklər, kassa nəqdiyyəsi və kredit idarələrindəki nağdsız vəsait.

C. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələr.

Ç. Yekun (balans məbləği).

122.3. Balansın passivlərinə aşağıdakılar daxil edilir:

A. Öz kapitalı:

A.I. Nizamnamə kapitalı (tam və kommandit ortaqlıqlarında və kooperativlərdə onların üzvlərinin kapital hesablarındakı məbləğ);

A.II. Kapital ehtiyatı;

A.III. Mənfəətdən ehtiyata ayırmalar:

A.III.1. Qanun üzrə ehtiyat;

A.III.2. Nizamnamə üzrə ehtiyat;

A.III.3. Mənfəətdən ehtiyata digər ayırmalar;

A.III.4. Əvvəlki illərdən keçirilmiş mənfəət və ya keçirilmiş zərər;

A.III.5. İllik artıqlıq və ya illik əskiklik.

B. Ehtiyata ayırmalar:

B.I. Vergilərin ödənilməsi üçün ehtiyata ayırmalar;

B.II. Qeyri-müəyyən öhdəliklərin ödənilməsi üçün ehtiyata ayırmalar.

C. Öhdəliklər:

C.I. Borclar;

C.II. Kredit idarələri qarşısında öhdəliklər;

C.III. Sifarişlər üzrə alınmış avans ödənişləri;

C.IV. Göndərmə və xidmətlər üzrə öhdəliklər;

C.V. Köçürmə veksellərinin ödənişə qəbul edilməsi və öz veksellərinin çıxarılması üzrə öhdəliklər;

C.VI. İqtisadi cəhətdən bağlı firmalar qarşısında öhdəliklər;

C.VII. Vergilər və sosial ayırmalar üzrə öhdəliklər;

C.VIII. Digər öhdəliklər.

Ç. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələr.

D. Yekun (balans məbləği).

122.4. Əgər hüquqi şəxsin göstərilən maddələrdən birinə aid edilə bilən əmlak obyektləri və ya öhdəlikləri yoxdursa, balansda həmin maddəni göstərməmək olar. Əgər əmlak obyekti və ya öhdəlik balansın bir neçə maddəsinə uyğun gəlirsə, onların başqa maddələrə də mənsub olması göstərildikləri maddədə qeyd edilir. Əvvəlki təsərrüfat ilinin sonuna aid müvafiq məbləğ balansda hər maddə üzrə ayrıca qrafada göstərilir.

122.5. Hüquqi şəxsin təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsinə və genişləndirilməsinə çəkilən xərcləri, əgər onlardan balansda istifadə etmək mümkün deyilsə, aktivlərə balans subsidiyası kimi daxil etmək olar. «Təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsi və genişləndirilməsi xərcləri» adlanan həmin maddə balansda əsas kapitalın qarşısında göstərilir və qoşmada izah edilir. Əgər belə maddələr balansda aktivlər üzrə göstərilirsə, mənfəət yalnız o halda bölüşdürülə bilər ki, bölgüdən sonra qalan və istənilən vaxt nağdlaşdırıla bilən mənfəətdən ehtiyata ayırmalar, keçirilmiş mənfəət əlavə edilməklə və keçirilmiş zərər çıxılmaqla qiymətləndirmə məbləğindən az olmasın.

122.6. Başqa firmalara qoyulan və həmin firmalarla yaranmış uzunmüddətli əlaqələr sayəsində hüquqi şəxsin öz fəaliyyətinə xidmət üçün nəzərdə tutulan paylar həmin firmalarda iştirak sayılır. Bu zaman həmin iştirakın qiymətli kağızlarla təsdiq edilib-edilmədiyi vacib deyildir. Şübhə olduqda səhmdar cəmiyyətlərinə qoyulan, nominal məbləğləri bütövlükdə həmin cəmiyyətin nominal kapitalının beşdə bir hissəsini təşkil edən paylar iştirak sayılır.

122.7. Hüquqi şəxsin üçüncü şəxslərə və ya iqtisadi cəhətdən bağlı firmalara uzun müddətə, lakin verildiyi andan ən azı iki il müddətinə verdiyi ssudalar qoyuluşlar sayılır. Qoyuluş kimi sənəddən sənədə keçirilmə üçün yalnız ssudanın verildiyi ilkin şərtləşdirilmiş müddət əsas götürülür.

122.8. Hüquqi şəxsin öhdəlikləri üzrə şəriklərin kreditorlar qarşısında məsuliyyətinə nizamnaməyə əsasən məhdudiyyət qoyan kapital göstərilmiş kapital sayılır. Göstərilmiş kapital üzrə verilməmiş mayalar aktivlərdə əsas kapital qarşısında ayrıca göstərilir və müvafiq surətdə adlandırılır; o cümlədən verilmiş mayalar qeyd edilir. Zərər nəticəsində öz kapitalı tükəndikdə və passivlərin aktivlərdən artıqlığı əmələ gəldikdə, həmin məbləğ balansın axırında aktivlərdə «öz kapitalı ilə ödənilməyən əskiklik» adı altında ayrıca göstərilir.

122.9. Kapital ehtiyatları kimi aşağıdakılar göstərilir:

122.9.1. hüquqi şəxsin səhmləri buraxılarkən, yeni buraxılan səhmlər də daxil olmaqla, nominal məbləğdən artıq əldə edilən məbləğ;

122.9.2. hüquqi şəxsin səhmlərinin əldə edilməsi üçün konversiya və opsion borc istiqrazları buraxılarkən əldə edilən məbləğ;

122.9.3. öz səhmlərinə görə preferensiyalar üçün şəriklərin verdikləri əlavə ödənişlərin məbləği;

122.9.4. şəriklərin əldə etdikləri mayalara uyğun olaraq cəmiyyətin kapitalına qaytarılmaq hüququ olmadan verdikləri nominal məbləğdən yuxarı digər ödənişlərin məbləği.

122.10. Qanuni göstərişlərə, nizamnaməyə və ya şəriklərin müvafiq qərarına uyğun olaraq, illik artıqlıqdan tutulası vergiləri çıxmaqla ondan ehtiyata ayrılan məbləğlər mənfəətdən ehtiyata ayırmalar sayılır.

Maddə 123. Mənfəətin və zərərin hesabı

123.1. Mənfəətin və zərərin hesabı pilləli formada tərtib edilir. Bu zaman aşağıdakı maddələr göstərilən ardıcıllıqla ayrıca qeyd edilir:

123.1.1. dövriyyədən mədaxil;

123.1.2. hazır məhsulun və yarımçıq məhsulun mövcudluğunun artımı və ya azalması;

123.1.3. öz istehsalının kapitala çevrilmiş məhsulu;

123.1.4. ümumi balans;

123.1.5. xammala, yardımçı və iş materiallarına, mallar və xidmətlər əldə edilməsinə çəkilən xərclər;

123.1.6. əmək haqqı və sosial sığorta xərcləri;

123.1.7. əsas kapitalın qeyri-maddi əmlak obyektləri üzrə amortizasiya ayırmaları və təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsinə çəkilən, aktivlər üzrə keçən xərclər;

123.1.8. digər istehsal məsrəfləri;

123.1.9. müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri;

123.1.10. iqtisadi cəhətdən bağlı firmalar da daxil olmaqla, pay iştirakları üzrə gəlirlər;

123.1.11. əsas kapitalın qiymətli kağızları və qoyuluşlar üzrə gəlirlər;

123.1.12. digər faizlər və oxşar gəlirlər;

123.1.13. maliyyə qoyuluşları və dövriyyə kapitalının qiymətli kağızları üzrə amortizasiya ayırmaları;

123.1.14. faizlər və oxşar xərclər;

123.1.15. adi təsərrüfat fəaliyyətinin nəticələri;

123.1.16. fövqəladə gəlirlər;

123.1.17. fövqəladə xərclər;

123.1.18. gəlirlərdən vergilər;

123.1.19. digər vergilər;

123.1.20. illik artıqlıq və ya illik əskiklik.

123.2. Əgər hüquqi şəxsin mənfəət və zərər hesabının maddələrindən birinə aid olan xərcləri və ya gəlirləri əmələ gəlməmişdirsə, bu maddəni göstərməmək olar. Əgər hüquqi şəxsin xərcləri və gəlirləri əvvəlki il üçün mənfəət və zərər hesabında eyni növlü xərclərin və gəlirlərin göstərildiyi maddədə göstərilmirsə, onda bu, həmin maddələrə aid məbləğ göstərilməklə mənfəət və zərər hesabında qeyd edilir və əgər söhbət hüquqi şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi üçün mühüm məbləğlərdən gedirsə, qoşmada izah olunur.

123.3. Kapital ehtiyatlarının və ya mənfəətdən ehtiyata ayrımaların artması və ya azalması mənfəət və ya zərər hesabında yalnız «illik artıqlıq» və ya «illik əskiklik» maddəsindən sonra göstərilir.

123.4. Mənfəət və zərər hesabının ayrı-ayrı maddələri üzrə göstərişlər:

123.4.1. dövriyyədən mədaxil mədaxilin azalması (məsələn, bonus, güzəştlər) və dövriyyədən gəlir çıxılmaqla, hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün səciyyəvi olan məmulatın və malların satılmasından və kirayəyə və ya icarəyə verilməsindən, habelə hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün səciyyəvi olan xidmətlərin göstərilməsindən götürülən mədaxildir;

123.4.2. mövcudluqda dəyişmələr ehtiyatların həm miqdarının, həm də dəyərinin dəyişməsidir; lakin yalnız hüquqi şəxsin adi amortizasiya ayırmalarından yüksək deyildirsə, amortizasiya ayırmalarıdır;

123.4.3. plandankənar amortizasiya ayrımaları, habelə amortizasiya ayırmaları müvafiq olaraq ayrılıqda göstərilir və ya qoşmada qeyd edilir. Zərərin keçməsi ilə əlaqədar olan və mənfəətin ayrılmasına dair müqaviləyə və ya mənfəətin bir hissəsinin ayrılmasına dair müqaviləyə əsasən alınmış gəlirlər və xərclər və ya köçürülmüş mənfəət müvafiq adlar altında ayrılıqda göstərilir;

123.4.4. «fövqəladə gəlirlər» «fövqəladə xərclər» maddələrində hüquqi şəxsin adi təsərrüfat fəaliyyətindən kənarda əmələ gələn gəlirlər və xərclər göstərilir. Əgər göstərilmiş məbləğlər gəlirliyin xarakteristikası üçün böyük əhəmiyyət daşıyırsa, qoşmada həmin maddələrin məbləğinə və növünə aid izahat verilir. Yuxarıdakı müddəalar digər təsərrüfat ilinə aid olan gəlirlər və xərclər üçün də etibarlıdır;

123.4.5. Hüquqi şəxsin vergi ödəyicisi kimi ödədiyi və ya ödəməli olduğu məbləğlər vergilər kimi göstərilir.

Maddə 124. Hüquqi şəxsin illik balansına qoşma

124.1. Hüquqi şəxsin illik balansına əlavə olaraq qoşma tərtib edilir və bu qoşmada balansa dair izahatlar verilir. İllik balansın tərtibi zamanı istifadə edilmiş balanslaşdırma və qiymətləndirmə metodları hüquqi şəxsin əmlak vəziyyəti və gəlirliyi barəsində mümkün qədər dəqiq təsəvvür almaq üçün zəruri olan dərəcədə dolğun şərh edilir. Əvvəlki yekun balanslarında istifadə edilmiş balanslaşdırma və qiymətləndirmə metodlarından kənaraçıxmalar göstərilir və əsaslandırılır, habelə hüquqi şəxsin əmlak vəziyyətinə, maliyyə vəziyyətinə və gəlirliyinə onların təsiri səciyyələndirilir. Qoşmada borc kapitalı üzrə faizlərin alınıb-alınmadığı göstərilir. Plandankənar amortizasiya ayırmaları izah edilir və əsaslandırılır.

124.2. Veksellərin indossamenti və başqasına verilməsi üzrə, zaminlik üzrə, veksellərə və çeklərə, qarantiya müqavilələrinə dair zaminlik üzrə öhdəliklər, habelə özgə öhdəlikləri üzrə qarantiyalar verilməsi üçün məsuliyyət bağlılığı balansın passivlərində göstərilmədikdə qoşmada qeyd edilir; onlar bir məbləğ şəklində göstərilə bilər. Yuxarıdakı öhdəliklər və məsuliyyət bağlılığı onlara dair eyni dəyərli geri tələblər olduqda da göstərilir. Daha sonra balansda təmsil olunmayan digər maliyyə öhdəliklərinin ümumi miqdarı göstərilir; onlara sürəkli öhdəlik münasibətləri də aiddir, özü də müqavilənin ləğvinin növbəti müddətinədək hüquqi şəxsin xərclərinin dəyər qiyməti verilir.

124.3. Sonra qoşmada idarəetmə üçün cavabdeh olan bütün şəxslərin saxlanmasının ümumi məbləği (maaşlar, mənfəətdə iştirak, xərclərin əvəzinin ödənilməsi, sığorta ödənişləri, komisyon muzdları və hər cür əlavə haqlar), habelə müşahidə orqanları üzvlərinin əməyinin ödənilməsi göstərilməlidir. Bu ümumi məbləğlərə həmçinin saxlanmaya çəkilən, lakin ödənilməyən və başqa növ tələblərə çevrilən və ya başqa tələblərin artırılması üçün istifadə olunan ödənişlər daxil edilir. Təsərrüfat ili ərzində saxlanmaya sərf edilən ödənişlərdən başqa, təsərrüfat ili ərzində həyata keçirilsə də, hələlik heç bir illik balansda göstərilməmiş digər ödənişlər göstərilir. Əgər hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh şəxslər hüquqi şəxsin özü üçün fəaliyyətlərinə görə və ya qanuni təmsilçilər kimi və ya hüquqi şəxslə iqtisadi cəhətdən bağlı olan hüquqi şəxslərdən birinin qulluqçuları kimi fəaliyyətlərinə görə ödənişlər alırlarsa, bu məbləğlər ayrılıqda göstərilir. Daha sonra hüquqi şəxsin işlərinin idarə edilməsinə bundan əvvəl cavabdeh olmuş şəxslərə ödənişlərin ümumi məbləğləri (peşman haqları (kompensasiyalar), pensiyalar, ailə başçısını itirməyə görə pensiyalar və oxşar xidmətlər) göstərilir. Əgər həmin şəxslər və ya onların ölümündən sonra qalan qohumları iqtisadi cəhətdən bağlı olan hüquqi şəxsdən də peşman haqları (kompensasiyalar) və ya pensiyalar alırlarsa, bunlar ayrılıqda göstərilir.

124.4. Bundan başqa, qoşmada, əgər hüquqi şəxs bu barədə xəbərdar edilmişdirsə, hüquqi şəxsdə iştirak payının mövcudluğu göstərilir; bu zaman payın kimə mənsub olduğu və hüquqi şəxsin göstərilən kapitalının dörddə bir hissəsindən çox olub-olmadığı və ya bir neçə şəxsin pay iştirakı olub-olmadığı göstərilir. Bundan başqa, ölkədə yerləşən iqtisadi cəhətdən bağlı hüquqi şəxslərlə hüquqi və işgüzar əlaqələr, habelə bu hüquqi şəxslərdə aparılan və hüquqi şəxsin vəziyyətinə mühüm təsir göstərə bilən ticarət əməliyyatları göstərilir.

124.5. Qoşma vicdanlı və icraçı hesabat prinsiplərinə uyğun gəlməlidir. Əgər ağlabatan kommersiya hesabına görə müfəssəl məlumatın göstərilməsi hüquqi şəxsə və ya iqtisadi cəhətdən bağlı hüquqi şəxsə mühüm zərər vura bilərsə, bu məlumat həmin zərərin vurula biləcəyinin ehtimal olunduğu dərəcədə göstərilməyə bilər. Əgər məlumatlar təsərrüfat fəaliyyəti sirrinin qorunması haqqında göstərişlərə əsasən açıqlanmırsa, qoşmada onların göstərilməli olduğu bənddə qeyd edilir ki, bu bəndin məlumatlarına müdafiə haqqında qeyd-şərt tətbiq edilmişdir.

124.6. Qoşmada hüquqi şəxsin işlərinin idarə olunmasına cavabdeh olan bütün şəxslərin və müşahidə orqanlarının bütün üzvlərinin, habelə təsərrüfat ilində və ya daha sonra çıxmış bütün şəxslərin soyadları və azı bir tam adı göstərilir. Hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslərin daxil olduğu orqanının sədri və müşahidə orqanının sədri özləri kimi göstərilir.

Maddə 125. İşlərin vəziyyəti haqqında hesabat

Həcmləri bu Məcəllənin 122.1-ci maddəsində göstərilənlərdən yüksək olan hüquqi şəxslər işlərin vəziyyəti haqqında hesabat tərtib etməlidirlər. Hesabatda ən azı illik hesabatın tərtib edildiyi ana qədər hüquqi şəxsin işlərinin gedişi və əmlak vəziyyəti əks etdirilməli, həm də elə əks etdirilməlidir ki, faktik vəziyyətə uyğun mənzərə əldə olunsun. İşlərin vəziyyəti haqqında hesabatda təsərrüfat ilinin sonunadək həyata keçirilmiş xüsusi əhəmiyyətli əməliyyatlar üzərində dayanılmalı, habelə hüquqi şəxsin cari ildə və imkan daxilində növbəti təsərrüfat ilində ehtimal edilən inkişafı göstərilməlidir.

Maddə 126. Audit

126.1. Bu Məcəllə ilə tələb edilən hallarda və ümumiyyətlə, həcmləri 122.1-ci maddədə göstərilənlərdən yüksək olan hər bir hüquqi şəxsin, qoşma da daxil olmaqla, illik balansı auditor tərəfindən yoxlanılmalıdır. Auditor yoxlamanın nəticələri haqqında yazılı hesabat tərtib etməlidir. Hesabatda mühasibat uçotunun, illik balansın və qoşmanın qanuni göstərişlərə uyğun gəlib-gəlmədiyi və hüquqi şəxsin qanuni təmsilçilərinin auditor tərəfindən tələb olunan izahatları və təsdiqləyici sənədləri təqdim edib-etmədikləri xüsusi qeyd olunmalıdır. Auditor hesabatı imzalayıb hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslərə təqdim etməlidir.

126.2. Əgər yoxlamanın yekun nəticəsinə görə heç bir irad yoxdursa, auditor bunu belə bir qeydlə təsdiq etməlidir: «Qulluq borcumla əlaqədar apardığım (apardığımız) yoxlama ilə müəyyənləşdirilmişdir ki, mühasibat uçotu və illik balans qanuni göstərişlərə və nizamnamənin müddəalarına uyğundur. Lazımi mühasibat uçotu baxımından illik balans hüquqi şəxsin əmlak, maliyyə vəziyyətinin və gəlirliyinin faktik münasibətlərə uyğun olan mənzərəsini yaradır». Əgər əlavə qeydlər edilməsi zəruridirsə, onda yoxlamanın məzmunu və təsdiqləyici qeydin mənası haqqında yanlış təəssürata yol verməmək üçün təsdiqləyici qeyd tamamlanır. Əgər iradlar vardırsa, auditor ya təsdiqləyici qeydi ixtisar edir, ya da ondan imtina edir.

126.3. Yoxlama aparılmadıqda illik balans qəbul edilmir. Əgər hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslər yoxlama haqqında hesabat onlara təqdim edildikdən sonra illik balansı və ya qoşmanı dəyişdirərlərsə, onda auditor illik balansı və qoşmanı, dəyişiklik bunu tələb edirsə, yoxlamalıdır. Auditor təsdiq haqqında öz qeydini və ya təsdiqləmədən imtina haqqında qeydini imzalayaraq olduğu yeri və tarixi göstərir. Təsdiqləmə haqqında qeyd və ya təsdiqləmədən imtina haqqında qeyd də yoxlama haqqında hesabata daxil edilir.

126.4. İllik balansın auditorunu hüquqi şəxsin üzvlərinin yığıncağı seçir. Auditor müvafiq surətdə yoxlamalı olduğu təsərrüfat ilinin sonunadək seçilir. Seçkidən dərhal sonra hüquqi şəxsin işlərinin idarə edilməsinə cavabdeh olan şəxslər auditora yoxlama tapşırığı verməlidirlər.

126.5. Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa icazə almış müstəqil auditorlar və auditor təşkilatları auditor ola bilərlər. Birbaşa, dolayısı ilə və ya özgə əmlakının idarəçiləri kimi hüquqi şəxsdə payları olan və ya hüquqi şəxsin kitablarının tərtibi və ya yoxlanmalı olan illik balansının tutulması zamanı öz yoxlamasının çərçivəsindən kənara çıxan fəaliyyətdə iştirak etmiş şəxslər hüquqi şəxsin auditoru ola bilməzlər.

126.6. Auditor, onun assistentləri və təftiş firmasının yoxlamada iştirak edən təmsilçiləri auditi vicdanla və qərəzsiz aparmalı və sirri saxlamalıdırlar. Onlar iş zamanı özlərinə bəlli olan təsərrüfat fəaliyyəti sirrindən istifadə edə bilməzlər. Bilərəkdən və ya ehtiyatsızlıq üzündən öz vəzifələrini pozanlar bununla əlaqədar yaranan zərərin əvəzini hüquqi şəxsə ödəməyə borcludurlar.

Maddə 127. Hüquqi şəxslərin sənədlərinin saxlanılması

127.1. On il ərzində aşağıdakı sənədlər ayrılıqda saxlanılır:

127.1.1. təsərrüfat kitabları, inventar siyahıları, ilkin balanslar, yekun balansları, o cümlədən işlərin vəziyyəti haqqında hesabatlar; bu göstərilənlərə onların başa düşülməsi üçün zəruri olan bütün iş sərəncamları da aiddir;

127.1.2. daxil olmuş təsərrüfat yazışması və göndərilmiş təsərrüfat yazışmasının surətləri;

127.1.3. kitabdan kitaba keçirilmək üçün ilkin sənədlər (əsaslandırıcı mühasibat sənədləri).

127.2. Saxlanma müddəti müvafiq təsərrüfat kitabında sonuncu qeydiyyatın aparıldığı, inventar siyahısının tərtib edildiyi, ilkin və ya illik balansın qəbul edildiyi, təsərrüfat məktubunun alındığı və ya göndərildiyi və ya əsaslandırıcı sənədin yaradıldığı təqvim ilinin sonundan başlanır.

Maddə 128. Hüquqi şəxsin sənədlərinin təqdim edilməsi

128.1. Təsərrüfat kitablarının tərtibi, inventar siyahısının, habelə illik balansın tutulması ilə əlaqədar hüquqi şəxsin icra etməli olduğu bütün vəzifələri hüquqi şəxsin qanuni təmsilçiləri icra etməlidirlər. Əgər bunun üçün bir neçə şəxs cavabdehdirsə, onlardan hər biri birinci cümlədən irəli gələnləri icra etməyə borcludur.

128.2. Hüquqi mübahisələr olduqda məhkəmə ərizəyə əsasən və ya öz mülahizəsi ilə tərəflərdən birinin bu Məcəllənin 127.1.1, 127.1.2 127.1.3-cü maddələrində göstərilmiş sənədlərinin təqdim olunmasını tələb edə bilər. Hüquqi mübahisədə belə sənədlər təqdim edildikdə onların məzmununa, əgər bu, mübahisə predmetinə toxunursa, tərəfləri cəlb etməklə baxılır və zərurət olduqda çıxarışlar edilir. Kitabların qalan məzmunu məhkəmə qarşısında onların lazımınca tərtib edilib-edilmədiyinin yoxlanılması üçün zəruri olan dərəcədə açılır. Əmlak mübahisələri, o cümlədən vərəsəlik və əmlak bölgüsü haqqında işlər zamanı məhkəmə ticarət kitablarının tam məzmunu ilə tanış olmaq üçün onların təqdim olunması barədə sərəncam verə bilər.


Yüklə 6,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin