Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi
1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir vergi müfəttişliyinin müvafiq icra hakimiyyəti orqanının («müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir) məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. (33)
1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır.
1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin minimum əmək haqqı məbləğinin beş mislindən şərti maliyyə vahidi məbləğinin beş mislindən altı manatdan az olmamaqla, nəzərə alınır. (32)
1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.
Maddə 1120. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin ödənilməsi
1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir.
1120.2. Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini də, lakin minimum əmək haqqı məbləğinin beş mislindən şərti maliyyə vahidi məbləğinin beş mislindən altı manatdan az olmamaqla, ödəməyə borcludur. (32)
1120.3. Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə, lakin minimum əmək haqqı məbləğinin beş mislindən şərti maliyyə vahidi məbləğinin beş mislindən altı manatdan az olmamaqla ödənilir. (32)
1120.4. Əvvəllər sağlamlığına zərər vurulmuş yetkinlik yaşına çatmayanın əmək fəaliyyətinə başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas götürülməklə, lakin tutduğu vəzifə üzrə müəyyənləşdirilmiş muzdun və ya iş yeri üzrə eyni ixtisaslı işçinin qazancının miqdarından çox olmamaqla, zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb etsin.
Maddə 1121. Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi
1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır:
1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;
1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı;
1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü — əmək qabiliyyətindən asılı olmayaraq;
1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır.
1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir:
1121.3.1. yetkinlik yaşına çatmayanlara — on səkkiz yaşına çatanadək;
1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə — əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək;
1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə — ömürlük;
1121.3.4. əlillərə — əlillik müddəti üçün;
1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə — qulluq etdikləri on dörd yaşına çatanadək.
Maddə 1122. Ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı
1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır:
1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması;
1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi.
1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər.
Maddə 1123. Zərərin əvəzinin ödənilməsi miqdarının sonradan dəyişdirilməsi
1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.
1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.
1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəlləninin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.
1123.4. Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə, sağlamlıq imkanlarının məhdudluğu ilə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir. (30)
Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və minimum əmək haqqının artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması
1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada indeksləşdirilməlidir.
1124.2. Minimum əmək haqqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib surətdə artırılır.
Maddə 1125. Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər
1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.
1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.
Maddə 1126. Hüquqi şəxsə xitam verildikdə zərərin əvəzinin ödənilməsi
1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər.
Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi
Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.
LXI fƏsil
Malın, işin vƏ ya xidmƏtin qüsurları nƏticƏsindƏ
dƏyƏn zƏrƏrin ƏvƏzinin ödƏnilmƏsi
Maddə 1128. Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi əsasları
1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.
1128.2. Bu Məcəllənin 1128-ci maddəsində nəzərdə tutulan qaydalar sahibkarlıq məqsədi ilə istifadə edilmək üçün deyil, yalnız istehlak məqsədi ilə malın əldə edildiyi (işin görüldüyü, xidmətin göstərildiyi) hallarda tətbiq edilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin etmirsə, keyfiyyətsiz məhsul sayılır.
1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi nəticəsində keyfiyyətsiz sayılmır.
1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir.
1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar.
1128.7. Bundan başqa, bu Məcəllədə nəzərdə tutulan şərtləri gözləməklə, öz fəaliyyəti sahəsində təsərrüfat məqsədləri üçün məhsulu satış, kirayəyə vermək, lizinq üçün və ya digər formada çıxaran şəxs istehsalçı sayılır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir.
Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət daşıyan şəxslər
1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir.
1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş şəxslər ödəməlidirlər.
1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir.
Maddə 1130. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi müddətləri
1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir.
1130.2. Aşağıdakı hallarda zərərin əvəzi onun vurulduğu vaxtdan asılı olmayaraq ödənilməlidir:
1130.2.1. qanunun tələbləri pozularaq yararlıq müddəti müəyyənləşdirilmədikdə;
1130.2.2. malın satıldığı, işin görüldüyü və ya xidmətin göstərildiyi şəxsə yararlıq müddəti qurtardıqdan sonra zəruri olan hərəkətlər və bu hərəkətlərin yerinə yetirilmədiyi halda mümkün nəticələr barəsində xəbərdarlıq edilmədikdə (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).
Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyətdən azad edilmə əsasları
Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
Maddə 1132. Sübutetmə yükü
Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.
X bölmƏ
VƏrƏsƏlik hüququ
LXII fƏsil
VƏrƏsƏlik hüququnun ümumi müddƏaları
Maddə 1133. Vərəsəlik anlayışı
1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
Maddə 1134. Vərəsələr
1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
Maddə 1135. Hüquqi şəxslər vərəsələr kimi
Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi şəxslər çağırılırlar.
Maddə 1136. Nikahdankənar uşaqlar atanın vərəsələri kimi
Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.
Maddə 1137. Ləyaqətsiz vərəsə
Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1138. Vərəsə ola bilməyən valideynlər
Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.
Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə
Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
Maddə 1140. Ləyaqətsiz vərəsənin bağışlanması
Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri götürülməsinə yol verilmir.
Maddə 1141. Başqa miras qoyanın əmlakını miras almaq hüququ
Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir.
Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri
Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur.
Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti
Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər.
Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı
Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında bərabər paylarına mütənasib surətdə bölüşdürülür.
Maddə 1145. Mirasın açılması
Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Maddə 1146. Mirasın açıldığı vaxt
Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Maddə 1147. Mirasın açıldığı yer
1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır.
1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer
Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır.
Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer
Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.
Maddə 1150. Xaricdə mirasın açılması
Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır.
Maddə 1151. Miras əmlak
1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi
Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi
Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.
Dostları ilə paylaş: |