Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir


§ 1. Öhdəliklərin icrasının təmin edilməsi haqqında ümumi müddəalar



Yüklə 6,29 Mb.
səhifə17/40
tarix14.04.2017
ölçüsü6,29 Mb.
#14069
1   ...   13   14   15   16   17   18   19   20   ...   40
§ 1. Öhdəliklərin icrasının təmin
edilməsi haqqında ümumi müddəalar


Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları

460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur.

460.3. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur.



Maddə 461. Öhdəliyin icrası təminatının əvəz edilməsi

461.1. Öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə və ya məhkəmənin qərarına əsasən onu başqa təminatla əvəz edə bilər.



461.2. Əgər öhdəliyin icrası üçün təminat kreditorun təqsiri olmadan yetərli deyildirsə, o, tamamlanmalı və ya əvəzinə başqa təminat verilməlidir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

§ 2. Dəbbə pulu

Maddə 462. Dəbbə pulu anlayışı

462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır.

462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.



Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması

463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.

Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi

464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

464.2. Əgər qanunla qadağan edilməyibsə, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artıra bilərlər.

Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi

465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir.

465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

465.3. Əgər borclu pul cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirsə, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tələbləri tətbiq edilir.



Maddə 466. Zərər və dəbbə pulu

466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

466.2. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

466.3. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması

Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.



§ 3. Saxlama

Maddə 468. Saxlama anlayışı və onun əsasları

468.1. Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır.

468.2. Əmlakın və ya ona çəkilən xərclərin və digər zərərin əvəzinin ödənilməsi ilə bağlı olmasa da, tərəfləri sahibkarlar kimi fəaliyyət göstərən öhdəlikdən əmələ gələn tələblər də əmlakın saxlanması ilə təmin edilə bilər.

468.3. Kreditor onda olan əmlakı həmin əmlak kreditorun sahibliyinə daxil olduqdan sonra əmlaka hüquqları üçüncü şəxsin əldə etməsinə baxmayaraq saxlaya bilər.

468.4. Bu maddənin qaydaları, əgər müqavilədə ayrı şərt nəzərdə tutulmayıbsa, tətbiq edilir.

Maddə 469. Tələblərin saxlanan əmlak hesabına ödənilməsi

Əmlakı saxlayan kreditorun tələbləri girovla təmin edilmiş tələblərin ödənilməsi üçün nəzərdə tutulan həcmdə və qaydada əmlakın dəyərindən ödənilir.



§ 4. Zaminlik

Maddə 470. Zaminlik müqaviləsi

470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

Maddə 471. Zaminlik müqaviləsinin forması

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.



Maddə 472. Zaminin məsuliyyəti

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.



Maddə 473. Zaminin xidmətləri üçün muzd

Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.



Maddə 474. Kreditorun tələblərinə qarşı zaminin etiraz hüququ

474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.

474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər.



Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları

475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.



Maddə 476. Borclunun öhdəliyi icra etməsi barədə zaminə məlumat verilməsi

Zaminliklə təmin edilən öhdəliyi icra etmiş borclu bu barədə dərhal zaminə məlumat verməlidir. Əks halda öz növbəsində öhdəliyi icra etmiş zamin kreditordan əsassız aldıqlarını tuta bilər və ya borcluya qarşı reqres tələb irəli sürə bilər.



Maddə 477. Zaminliyə xitam verilməsi

477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:

477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.



§ 5. Qarantiya

Maddə 478. Qarantiya anlayışı

Qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.



Maddə 479. Prinsipalın öhdəliyinin qarantiya ilə təmin edilməsi

479.1. Qarantiya prinsipalın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir.

479.2. Qarantiya verilməsinə görə prinsipal qaranta şərtləşdirilmiş muzd ödəyir.

Maddə 480. Qarantiyanın əsas öhdəlikdən asılı olmaması

Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.



Maddə 481. Qarantiyanın geri götürülməzliyi

Əgər qarantiyada ayrı qayda nəzərdə tutulmayıbsa, o, qarant tərəfindən geri götürülə bilməz.



Maddə 482. Qarantiya üzrə hüquqların başqasına verilə bilməməsi

Əgər qarantiyada ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya üzrə benefisiara mənsub olan, qaranta qarşı tələb irəli sürmək hüququ başqa şəxsə verilə bilməz.



Maddə 483. Qarantiyanın qüvvəyə minməsi

Əgər qarantiyada ayrı müddət nəzərdə tutulmayıbsa, qarantiya verildiyi gündən qüvvəyə minir.



Maddə 484. Qarantiya üzrə tələbin təqdim edilməsi

484.1. Benefisiarın qarantiya üzrə pul məbləği ödənilməsinə dair tələbi qarantiyada göstərilmiş sənədlər qoşulmaqla, qaranta yazılı formada təqdim edilməlidir. Tələbdə və ya ona qoşmada benefisiar prinsipalın təminatı üçün qarantiya verilmiş əsas öhdəliyi pozmasının nədən ibarət olduğunu göstərməlidir.

484.2. Benefisiarın tələbi qaranta qarantiyada müəyyənləşdirilmiş verilmə müddəti qurtaranadək təqdim edilməlidir.

Maddə 485. Benefisiarın tələbinə baxarkən qarantın vəzifələri

485.1. Benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipala təqdim etməlidir.

485.2. Qarant qoşulmuş sənədlərlə birlikdə benefisiarın tələbinə qarantiyada göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə ağlabatan müddətdə baxmalı, həmin tələbin və ona qoşulmuş sənədlərin qarantiya şərtlərinə uyğun gəlib-gəlmədiyini müəyyənləşdirməyə ciddi diqqət göstərməlidir.

Maddə 486. Benefisiarın tələbini ödəməkdən qarantın imtina etməsi

486.1. Əgər benefisiarın tələbi və ya ona qoşulmuş sənədlər qarantiya şərtlərinə uyğun deyildirsə və ya qarantiyada təyin edilmiş müddət qurtardıqdan sonra qaranta təqdim edilmişdirsə, qarant bu tələbi ödəməkdən imtina edir. Qarant benefisiarın tələbini ödəməkdən imtina etdiyi barədə benefisiara dərhal məlumat verməlidir.

486.2. Əgər benefisiarın tələbini ödəyənə qədər qaranta məlum olsa ki, qarantiya ilə təmin edilmiş əsas öhdəlik tamamilə və ya müvafiq hissədə artıq icra edilmişdir, digər əsaslara görə xətm edilmişdir və ya etibarsızdır, bu barədə o, dərhal benefisiara və prinsipala məlumat verməlidir. Bu cür məlumat verildikdən sonra qarant benefisiardan təkrarən aldığı tələbi ödəməlidir.

Maddə 487. Qarantın öhdəliyinin hədləri

487.1. Qarantın benefisiar qarşısında qarantiyada nəzərdə tutulan öhdəliyi qarantiya verilmiş məbləğin ödənilməsi ilə məhdudlaşır.

487.2. Qarantın qarantiya üzrə öhdəliyi yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi üçün benefisiar qarşısında məsuliyyəti, əgər qarantiyada ayrı hal nəzərdə tutulmayıbsa, qarantiya verilmiş məbləğlə məhdudlaşmır.

Maddə 488. Qarantiyaya xitam verilməsi

488.1. Qarantın benefisiar qarşısında qarantiya üzrə öhdəliyinə aşağıdakı hallarda xitam verilir:

488.1.1. qarantiya verilmiş məbləğ benefisiara ödənildikdə;

488.1.2. qarantiyada müəyyənləşdirilmiş müddət qurtardıqda;

488.1.3. benefisiar qarantiya üzrə hüquqlarından imtina etdikdə və onu qaranta qaytardıqda;

488.1.4. benefisiar qarantı onun öhdəliyindən azad etməsi barədə yazılı ərizə vermək yolu ilə qarantiya üzrə hüquqlarından imtina etdikdə.

488.2. Bu Məcəllənin 488.1.1, 488.1.2 və 488.1.4-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə qarantın öhdəliyinə xitam verilməsi qarantiyanın ona qaytarılıb-qaytarılmadığından asılı deyildir.

488.3. Qarantiyaya xitam verildiyindən xəbər tutan qarant bu barədə ləngimədən prinsipala məlumat verməlidir.



Maddə 489. Qarantın prinsipala qarşı reqres tələbləri

489.1. Qarantın qarantiya üzrə benefisiara ödənilmiş məbləğlərin əvəzinin ödənilməsini prinsipaldan reqres qaydasında tələb etmək hüququ qarantla prinsipalın icrası üçün qarantiya verilmiş razılaşması ilə müəyyənləşdirilir.

489.2. Əgər qarantın prinsipalla razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, qarant prinsipaldan qarantiya şərtlərinə uyğun olmadan və ya qarantın benefisiar qarşısında öhdəliyinin pozulmasına görə benefisiara ödənilmiş məbləğlərin əvəzini tələb edə bilməz.

Maddə 490. Borclunun qarantiyası

490.1. Borclunun qarantiyası elə öhdəlikdir ki, ona əsasən borclu hər hansı şərtsiz hərəkəti və ya müqavilə predmetinin hüdudlarından kənara çıxan hərəkəti icra etməyi öhdəsinə götürür.

490.2. Borclunun qarantiyası bu Məcəllədə nəzərdə tutulan qaydalara zidd olmadıqda və ya borclunu həddindən artıq yüklü etmədikdə etibarlı sayılır.

490.3. Borclunun qarantiyası yazılı surətdə rəsmiləşdirilməlidir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

§ 6. Beh

Maddə 491. Beh anlayışı

491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.



Maddə 492. Behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələri

492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

XXV fƏsil
ÖhdƏlikdƏ kreditorların vƏ
ya borcluların Çoxluğu

Maddə 493. Birgə kreditorlar və birgə səlahiyyətlər

493.1. Əgər bir neçə şəxs onlardan hər birinin tam icranı tələb edə biləcəyi şəkildə icranı tələb etməyə səlahiyyətlidirlərsə, borcluya isə yalnız birdəfəlik icra həvalə edilirsə, onlar birgə kreditorlardır.

493.2. Birgə səlahiyyətlər müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

Maddə 494. Öhdəliyin istənilən kreditora icra edilməsi

Əgər kreditorlardan biri bu Məcəllənin 493.1-ci maddəsində nəzərdə tutulan tələblə borcluya qarşı etiraz irəli sürməmişsə, borclu öhdəliyi öz arzusu ilə istənilən kreditora icra edə bilər.



Maddə 495. Öhdəliyin kreditorlardan birinə icra edilməsi

Öhdəliyin birgə kreditorlardan birinə tamamilə icra edilməsi borclunu digər kreditorlar qarşısında öhdəliklərdən azad edir.



Maddə 496. Birgə kreditorlardan birinin imtinasının nəticələri

Əgər birgə kreditorlardan biri borclu barəsində tələbdən imtina edirsə, borclu həmin kreditora çatası hissəni ödəməkdən azad edilir.



Maddə 497. Digər kreditorla bağlı faktlardan istifadənin yolverilməzliyi

Borclu kreditorlardan biri barəsində digər kreditorla bağlı faktlardan istifadə edə bilməz.



Maddə 498. Birgə kreditorun vərəsələrinin hüquqları

Əgər birgə kreditorun bir neçə vərəsəsi vardırsa, onlardan hər birinə borca hüququn yalnız onun vərəsəlik payına uyğun hissəsi keçir.



Maddə 499. Birgə kreditorun digər birgə kreditorlar qarşısında vəzifələri

499.1. Borcludan icranı tam almış kreditor qalan birgə kreditorlara çatası payı ödəməyə borcludur.

499.2. Əgər birgə kreditorlar arasında ayrı qayda müəyyənləşdirilməyibsə, onların öz qarşılıqlı münasibətlərində bərabər payları vardır.

Maddə 500. Birgə borclular və birgə öhdəliklər

500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

Maddə 501. Kreditorun icranı istənilən borcludan tələb etmək hüququ

Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.



Maddə 502. Birgə borclunun kreditor barəsində qarşılıqlı tələbi

Birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır.



Maddə 503. Borclulardan birinin öhdəliyi tam icra etməsinin nəticələri

Borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur.



Maddə 504. Digər birgə borclu ilə bağlı faktlardan istifadənin yolverilməzliyi

Əgər öhdəlik münasibətlərinin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, birgə borclulardan biri ilə bağlı faktlardan yalnız həmin şəxs barəsində istifadə edilə bilər.



Maddə 505. Birgə borclulardan biri barəsində iddia

Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir.



Maddə 506. İcranın qəbulunun ləngidilməsinin nəticələri

506.1. Kreditorun birgə borclulardan birindən icranın qəbulunu ləngitməsinin nəticələri qalan birgə borclular barəsində də qüvvədədir.

506.2. Birgə borclulardan birinin icra müddətlərinə riayət etməməsinin nəticələrindən qalan birgə borclular barəsində istifadə oluna bilməz.

Maddə 507. Birgə borcluların vərəsələrinin hüquqları

Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir.



Maddə 508. Kreditorun tələbinin birgə borclulardan birinin borcu ilə birləşdirməsi

Əgər kreditorun tələbi birgə borclulardan birinin borcu ilə birləşdirilirsə, qalan borclular barəsində öhdəliyə həmin borclunun payına düşən miqdarda xitam verilir.



Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ

509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.

509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar.

509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.

Maddə 510. Birgə borclunun ödəniş qabiliyyəti olmamasının nəticələri

Əgər borclulardan birinin ödəniş qabiliyyəti olmazsa, ona düşən pay ödəniş qabiliyyətli bütün digər borclular arasında mütənasib surətdə bölüşdürülür.



Maddə 511. Birgə borclunun kompensasiyası

Əgər birgə borclu birgə öhdəlikdən fayda götürmüşsə, belə fayda götürməmiş birgə borclu öz öhdəliyinin icrası üçün ondan təminat tələb edə bilər.



Maddə 512. Müddətin keçməsinin nəticələri

Birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur.



XXVI fƏsil
ÖhdƏlikdƏ şƏxslƏrin dƏyişmƏsi

Öhdəliklərin verilməsi


Yüklə 6,29 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin