Azərbaycan Respublikasının Mülki Məcəlləsi Qəbul edilmişdir


Maddə 308. İpotekanın növləri



Yüklə 6,29 Mb.
səhifə13/40
tarix14.04.2017
ölçüsü6,29 Mb.
#14069
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

Maddə 308. İpotekanın növləri

308.1. Ümumi ipoteka elə ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilə bilər.

308.2. Mülkiyyətçinin ipotekası o deməkdir ki, təmin edilməsi üçün ipotekanın mövcud olduğu tələb əmələ gəlmir, ona xitam verilir və ya həmin tələb əşyanın mülkiyyətçisinə keçdikdə ipoteka da ona keçir. Bu halda digər hüquqların növbəliliyi dəyişmir.

Maddə 309. İpotekanın dövlət qeydiyyatı

309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır.



309.2. Qeydiyyat ipoteka ilə yüklü edilməli əşyanın mülkiyyətçisi həmin əşyanı və kreditorun notariat qaydasında təsdiqlənmiş sənədlərini təqdim etdikdə müəyyənləşdirilmiş qaydada aparılır. Həmin sənədlərdə əşyanın mülkiyyətçisi, kreditor, ehtimal edilən borclu — üçüncü şəxs, habelə təmin edilmiş tələbin həcmi, fayda və icra müddəti göstərilməlidir.

309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.

309.3. İpoteka və tələb yeni kreditora köhnə kreditorda olduğu kimi keçir. Daşınmaz əmlakın dövlət reyestrində kreditorun maraqlarına cavab verən məlumatların qeydiyyatı düzgün hesab edilir. Bu halda borclu tələbin mövcud olmamasına istinad edə bilməz. Əgər yeni kreditor reyestrdəki yazıların düzgün olmadığını bilirdisə bu qayda tətbiq edilmir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il və 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 12 avqust 2005-ci il; «Azərbaycan» q., 19 avqust 2007-ci il).

Maddə 310. Əşyanın ipoteka ilə dəfələrlə yüklü edilməsi

Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın verildiyi vaxta uyğun dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir (Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 19 avqust 2007-ci il).



Maddə 311. Mülkiyyətçinin kreditoru təmin etmək hüququ

311.1. Əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər.

311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

311.3. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər.



Maddə 312. İpoteka ilə yüklü edilmiş əşyanı saxlamaq vəzifəsi

312.1. İpoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Əgər şəraitin pisləşməsi nəticəsində ipoteka üçün təhlükə yaranırsa, ipoteka saxlayan bu təhlükəni aradan qaldırmaq üçün ipoteka verənə müvafiq müddət təyin edə bilər.

312.2. Əgər əşya sığortalanmışsa, şərait pisləşdikdən sonra sığorta təşkilatı sığortalıya sığorta məbləğini yalnız zərərin baş verməsi faktının ipoteka saxlayana bildirildiyi vaxt ödəyə bilər. Əgər ipoteka saxlayan məbləğdən əşyanın bərpası üçün istifadə olunmayacağından ehtiyat edirsə, məbləğin ödənilməsinə mane ola bilər.

312.3. Əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir.

312.4. İpoteka verənin ipoteka saxlayan qarşısında öz üzərinə əşyanı özgəninkiləşdirməmək, əşyadan istifadə etməmək və ya onu digər şəkildə yüklü etməmək öhdəliyini götürməsini nəzərdə tutan razılaşma etibarsızdır. Bu cür əqdlərin üçüncü şəxslər üçün etibarlığı ipoteka saxlayanların razılığından asılı ola bilməz.

Maddə 313. İpotekanın və onun əsasında duran tələbin üçüncü şəxsə keçməsi

İpoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın.



Maddə 314. İpoteka və tələb yeni ipoteka saxlayana keçərkən daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində edilmiş qeydin düzgünlüyü prezumpsiyası

İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir.



Maddə 315. Üçüncü şəxslərin hüquqları

315.1. İpotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər.

315.2. Əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər.

Maddə 316. İpoteka saxlayanın tələbdən və ya ipotekadan imtinası

Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, kreditor mülkiyyətçiyə çevrilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın.



Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi

317.1. Əgər borclu Borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

317.2. Satış bu fəsildə şərh edilmiş qaydalara və Mülki-Prosessual Məcəllənin normalarına uyğun həyata keçirilir. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il və 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 12 avqust 2005-ci il; «Azərbaycan» q., 19 avqust 2007-ci il).

Maddə 318. İpoteka verilməsi xərcləri

318.1. Əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir.

318.2. Əgər əşya ipoteka ilə yüklü edilmişsə və əgər ipoteka verildikdən sonra mülkiyyətçi ipotekada dəyişikliklər və ya əlavələr etmişsə və bu zaman onları da tələbin təminatı kimi verməyə borclu deyilsə, həmin dəyişiklikləri və əlavələri geri götürərək əşyanın əvvəlki vəziyyətini bərpa edə bilər. Daşınmaz əşyanın dəyərinin azalması üçün məsuliyyət mülkiyyətçinin üzərinə düşür.

Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri

319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

319.2. İpoteka saxlayan öz tələbini yüklü edilmiş obyektin hesabına başqa üsulla təmin edə bilməz. Bu cür razılaşma etibarsızdır. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun.

319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.



319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.

319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli, 949 saylı Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 12 avqust 2005-ci il, № 185).

Maddə 320. İpoteka saxlayanların tələblərinin ödənilməsi növbəliyi

Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir.



Maddə 321. İpoteka borcu

321.1. Torpaq sahəsi elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən pul məbləği (ipoteka borcu) ödənilməli olar. Yüklülük elə şəkildə də müəyyənləşdirilə bilər ki, pul məbləği üzrə faizlər ödənilməli olar, habelə daşınmaz əmlak üzrə digər əlavə öhdəliklər icra edilməli olar. İpoteka borcuna müvafiq surətdə ipoteka haqqında göstərişlər tətbiq edilir, bu şərtlə ki, onlardan ipoteka borcunun arxasında tələblərin ehtimal olunduğu irəli gəlməsin.

321.2. Tərəflərin razılaşması ilə ipoteka ipoteka borcuna, o isə ipotekaya keçirilə bilər.

Maddə 322. Renta borcu

İpoteka borcu elə verilə bilər ki, müntəzəm təkrarlanan müddətlərdə daşınmaz əmlak üzrə müəyyən pul məbləği (renta borcu) ödənilməli olar. Renta borcu verilərkən onun satın alınmasını mümkün edən məbləğ də müəyyənləşdirilməlidir. Satınalma məbləği daşınmaz əmlakın dövlət reyestrində göstərilməlidir.



Maddə 323. Əşya yüklülüyü

Daşınmaz əşya elə yüklü edilə bilər ki, xeyrinə yüklülük müəyyənləşdirilən şəxsə torpaq sahəsi üzrə müəyyən vaxtaşırı öhdəliklər icra edilməli olar.



Maddə 323-1. Mülkiyyətçinin ipotekaya dair etirazları

Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq, bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin, mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə əlavə edilmişdir).

IV bölmƏ
ƏqdlƏr


XIII fƏsil
ƏqdlƏr haqqında ümumi müddƏalar


Maddə 324. Əqd anlayışı və onun növləri

324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 325. Birtərəfli iradə ifadəsinin etibarlığı

325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.



325.2. Əgər başqa tərəf qabaqcadan və ya dərhal öz imtinasını bildirərsə, iradə ifadəsi etibarlı sayılmır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

325.3. Əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli, 949 saylı Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 12 avqust 2005-ci il, № 185).



Maddə 326. Birtərəfli əqd üzrə vəzifələr

Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər.



Maddə 327. Birtərəfli əqdlərin hüquqi tənzimlənməsi

Birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu, bu Məcəlləyə, əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin.



Maddə 328. Şərtlə bağlanmış əqdlər

328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır.

328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır.

328.4. Pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər.

328.5. Neqativ şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verməyəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitənədək hadisə baş verməzsə və ya həmin hadisənin baş verməsinin mümkünsüzlüyü müddət bitənədək aydın olarsa, şərt yerinə yetirilmiş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt yalnız hadisənin baş verməyəcəyinin aydın olduğu vaxt yerinə yetirilmiş sayılır.

328.6. Əqddə nəzərdə tutulan hüquq və vəzifələrin əmələ gəlməsi gələcəkdə gözlənilən və ya naməlum hadisədən və ya artıq baş versə də, hələlik tərəflərə bəlli olmayan hadisədən asılı olduqda əqd təxirəsalıcı şərtlə bağlanmış sayılır.

328.7. O əqd ləğvedici şərtlə bağlanmış sayılır ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir.

328.8. Müəyyən şərtlə əqd bağlamış şəxsin ixtiyarı yoxdur ki, şərt baş verənədək öhdəliklərinin icrasına maneçilik törədə bilən hər hansı hərəkəti yerinə yetirsin. Əgər şərt müəyyən müddətdə baş verərsə və şəxs həmin hərəkəti icra etmiş olarsa, bu hərəkət nəticəsində əmələ gəlmiş ziyanın əvəzini digər tərəfə ödəməlidir.

328.9. Şərtin baş verməsi onun üçün sərfəli olmayan tərəf şərtin baş verməsinə vicdansızcasına maneçilik törədərsə, şərt baş vermiş sayılır.

328.10. Şərtin baş verməsi onun üçün sərfəli olan tərəf şərtin baş verməsinə vicdansızcasına kömək göstərdikdə şərt baş verməmiş sayılır.

Maddə 329. Əqdlərin formaları

329.1. Əqdin etibarlı olması üçün bu Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Belə forma müəyyənləşdirilməyibsə, tərəflər onu özləri müəyyənləşdirə bilərlər. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli, 949 saylı Qanunu ilə edilmiş düzəlişlərlə – «Azərbaycan» q., 12 avqust 2005-ci il, № 185).

Maddə 330. Şifahi əqd

330.1. bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yazılı (sadə və ya notarial) forması müəyyənləşdirilməmiş əqd şifahi bağlana bilər.

330.2. Əgər tərəflərin razılaşmasında ayrı qayda müəyyənləşdirilməyibsə, bağlanarkən icra edilən bütün əqdlər şifahi bağlana bilər, amma notarial forması müəyyənləşdirilmiş əqdlər və sadə yazılı formasına riayət edilməməsi etibarsızlığına səbəb olan əqdlər istisna təşkil edir.

330.3. Yazılı formada bağlanmış müqavilənin icrası üçün əqdlər, əgər bu, bu Məcəlləyə və müqaviləyə zidd deyildirsə, tərəflərin razılaşması ilə şifahi bağlana bilər (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 331. Yazılı əqd

331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Belə nəticələr nəzərdə tutulmadıqda əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri (maddə 333.1) tətbiq edilir.

331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron-rəqəmli imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

331.4. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir.

331.5. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il, 23 dekabr 2005-ci il və 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 12 avqust 2005-ci il, № 185; «Azərbaycan» q., 16 fevral 2006-cı il; «Azərbaycan» q., 19 avqust 2007-ci il).

Maddə 332. Sadə yazılı formada bağlanan əqdlər

332.1. Sadə yazılı formalı əqdin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin imzaları kifayətdir. Notariat qaydasında təsdiqlənməsi tələb edilən əqdlər istisna olmaqla, aşağıdakı əqdlər sadə yazılı formada bağlanmalıdır:

332.1.1. hüquqi şəxslərin öz aralarında və fiziki şəxslərlə əqdləri;

332.1.2. fiziki şəxslərin öz aralarında müəyyənləşdirilmiş minimum əmək haqqı miqdarından azı 50 dəfə çox olan məbləğə, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə əqdin məbləğindən asılı olmayaraq, bağladıqları əqdlər.

332.2. Bu Məcəlləyə uyğun olaraq şifahi bağlana bilən əqdlər üçün sadə yazılı formaya riayət edilməsi tələb olunmur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 333. Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri

333.1. Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir.

333.2. Bu Məcəllədə və ya tərəflərin razılaşmasında birbaşa göstərilmiş hallarda əqdin sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur.

333.3. Xarici iqtisadi əqdin sadə yazılı formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi

334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.



334.2. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir.

334.3. Əqdlərin notariat qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir:

334.3.1. bu Məcəllədə göstərilmiş hallarda;

334.3.2. bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Maddə 335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri

335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır.

335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir (Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə çıxarılmışdır).

Yüklə 6,29 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin