Azərbaycan Respublikasının Seçki Məcəlləsi


VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT



Yüklə 1,64 Mb.
səhifə17/29
tarix01.12.2016
ölçüsü1,64 Mb.
#546
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT VƏ VƏTƏNDAŞLARIN SEÇKİ HÜQUQLARININ POZULMASINA GÖRƏ MƏSULİYYƏT


   Maddə 112. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayət edilməsi

112.1. Seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

112.2. Bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər şikayəti müvafiq yuxarı seçki komissiyasına təqdim edə bilərlər. [104]

112.3. Şikayət ilkin olaraq yuxarı seçki komissiyası tərəfindən təmin edilməzsə, dairə seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) Mərkəzi Seçki Komissiyasına, Mərkəzi Seçki Komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) isə bu Məcəllənin 112.1-ci maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsin şikayət edə bilərlər. [105]

112.4. Şikayətdə göstərilmiş qanun pozuntusu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab oluna bilərsə, müvafiq seçki komissiyası şikayətdə göstərilən çatışmazlıqların və qanun pozuntularının aradan götürülməsinə dair qərar qəbul etməklə yanaşı cinayət işinin başlanması məqsədi ilə müvafiq prokurorluq orqanına müraciət edir. Hər bir şikayətə dair Mərkəzi Seçki Komissiyası əsaslandırılmış qərar qəbul etməlidir. Şikayətin araşdırılması zamanı cinayət əməlinin olması ehtimal edilərsə, bu barədə prokurorluq orqanına məlumat verilir. Müvafiq prokurorluq orqanı həmin məlumata 3 gün müddətində baxmalıdır.[106]

      112.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:

      112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;

      112.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;

      112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;

      112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;

       112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;

        112.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;

        112.5.7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;

        112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;

        112.5.9. şikayətçinin tələbi;

        112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.

  112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.[107]

112.6. Seçki komissiyasının qərarı məhkəmə tərəfindən ləğv edildikdə, qərarı ləğv edilmiş seçki komissiyası məsələnin mahiyyəti üzrə yeni qərar qəbul etməlidir və ya məhkəmənin qərarı əsasında yuxarı seçki komissiyası müvafiq qərar qəbul etməlidir. Mәhkәmә qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.

112.7. Səsvermənin nəticələri, seçkilərin yekunları barədə qərardan şikayətə baxılması, bu Məcəllənin pozulmasına aid faktlar üzrə keçirilmiş yoxlamalar bu Məcəllə ilə seçilmiş sayılan namizədin toxunulmazlığının pozulması sayılmır. Seçilmiş sayılan namizəd onun seçilməsi zamanı vətəndaşların seçki hüquqlarının pozulmasına dair verilmiş şikayətlərlə bağlı inzibati, mülki və ya cinayət işləri üzrə şahid ifadələri verməkdən imtina edə bilməz (Azərbaycan Respublikasının Mülki Prosessual və Cinayət-Prosessual Məcəllələrində göstərilən hallar istisna olmaqla).

112.8. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi barədə və namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi barədə işlərə və ya qeydə alınmış namizədin seçilməsinin etibarsız sayılması barədə müraciətə baxılarkən seçki komissiyası vətəndaşların və vəzifəli şəxslərin məlumatını dinləmək, zəruri sənəd və materialları tələb etmək və almaq hüququna malikdir.

112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.[108]

112.10. Seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və yaxud növbəti gün isə dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.[109]

112.11. Seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra isə dərhal baxmalıdırlar. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.[110]

 

Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması[111]



112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

112-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

112-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.

112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:

112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;

112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;

112-1.4.3. əlavə məlumat almaq üçün Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;

112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);

112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.

112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:

112-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;

112-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;

112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;

112-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;

112-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü və 112-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);

112-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;

112-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.

112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:

112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;

112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər;

112-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;

112-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;

112-1.6.5. ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;

112-1.6.6. daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;

112-1.6.7. 112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.

112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.

112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.

112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.

112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır.[112]

112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:

112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;

112-1.11.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;

112-1.11.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;

112-1.11.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;

112-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.

112-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.

112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq müvafiq seçki komissiyasının qərarı ilə birlikdə dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.[113]

112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:

112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;

112-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.

   Maddə 113. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi

113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir.[114]

113-1.1. Seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.[115]

113.2. Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.[116]

//çıxarılıb// [117]

113.2.2. namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə //çıxarılıb// (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);[118]

113.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;

113.2.4. mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;

113.2.5. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə //çıxarılıb//;

113.2.6. siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki (referendum) kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə //çıxarılıb//;

113.2.7. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki (referendum) kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə //çıxarılıb//;

113.2.8. namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilkin maliyyə hesabatını təqdim etmədikdə //çıxarılıb//;

113.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə//çıxarılıb//;

113.2.10. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.2-88.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı çap, audiovizual seçki materiallarının buraxılması, yayılması //çıxarılıb//;[119]

113.2.11. qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;

113.2.12. dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda //çıxarılıb//;[120]

113.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə //çıxarılıb//.[121]

113.3. Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Məcəllənin 113.2.3, 113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.

113.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

   Maddə 114. Səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyalarının qərarlarının ləğv edilməsi

114.1. Qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 88.4-cü maddəsində göstərilən və seçkilərin nəticələrini düzgün müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları seçkilərin ilkin nəticələrinin rəsmi dərc edilməsindən sonra aşkara çıxarıldıqda Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının rəsmi dərc edilməsinədək namizədin seçilməsinin və ya referendumun yekunlarının etibarsız sayılması haqqında apellyasiya instansiyası məhkəməsinə müraciət edə bilər.[122]

114.2. Məhkəmə bu Məcəllənin 113.2.3-cü maddəsində göstərilən pozuntuların olduğunu müəyyənləşdirərkən həmin pozuntuların seçicilərin iradəsini düzgün müəyyənləşdirməyə imkan vermədiyini hesab edərsə, seçkilərin (referendumun) yekunları haqqında müvafiq seçki komissiyasının qərarını ləğv edə bilər. Bu halda seçilmiş namizədin səlahiyyətləri itirilmiş hesab edilir.

114.3. Seçki dairəsində seçicilərin siyahısının tərtib edilməsi, seçki komissiyalarının yaradılması, səsvermə, səslərin hesablanması və ya seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsi qaydaları pozulduqda, bu Məcəllə ilə nəzərdə tutulan digər pozuntular olduqda və bu hərəkətlər (hərəkətsizlik) seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə müvafiq məhkəmə birmandatlı və ya vahid seçki dairəsi üzrə səsvermənin nəticələri və ya seçkilərin (referendumun) yekunları haqqında seçki komissiyasının qərarını ləğv edə bilər.

114.4. Müvafiq məhkəmə və ya Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında qərarlarını bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda ləğv edə bilər.

114.5. Seçilməyən namizədlərə seçilməkdə kömək göstərilməsi ilə əlaqədar baş verən pozuntular aşkar edildikdə, onlar seçkilərin yekunları barəsində qərarın ləğv edilməsi üçün əsas sayıla bilməz.

   Maddə 115. Vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət

115.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət, mülki və ya inzibati məsuliyyətə aşağıdakı şəxslər cəlb edilə bilərlər:

115.1.1. zor tətbiqi ilə, aldatma, hədə ilə vətəndaşın seçmək və seçilmək hüququna mane olanlar;

115.1.2. seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər;[123]

115.1.3. namizədin lehinə imza atmağa vətəndaşları məcbur edən və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olan və ya bu imzaların saxtalaşdırılmasında iştirak edən şəxslər;

115.1.4. seçiciləri ələ alanlar, yəni bu Məcəllənin 88.6-cı maddəsi ilə qadağan edilmiş hərəkətləri edənlər;

115.1.5. qeydə alınmış seçicilər barəsində məlumatları vaxtında rəsmiləşdirməyənlər və dəqiqləşdirməyənlər;

115.1.6. namizədlər barəsində bilərəkdən yalan məlumatlar yayanlar və ya namizədlərin şərəf və ləyaqətini təhqir edən digər hərəkətləri edənlər (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

115.1.7. seçki komissiyaları üzvlərinin, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarını pozanlar, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozanlar;

115.1.8. seçkiqabağı təşviqatın aparılması qaydalarını pozanlar, o cümlədən səsvermə gününə bir gün qalmış və ya səsvermə günü təşviqat aparan şəxslər;

115.1.9. bu Məcəllənin müəyyən etdiyi qaydaların pozulmasına səbəb olan kommersiya və digər reklamları hazırlayanlar və yayanlar yaxud xeyriyyə xidmətləri göstərənlər;

115.1.10. seçki kampaniyasının maliyyələşdirilməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalarını pozanlar;

115.1.11. seçki bülletenlərinin qalıqlarını gizlədənlər və ya seçki komissiyasının qeydə almadığı seçki bülletenlərinin, səsvermə vəsiqələrinin əlavə tirajını hazırlayanlar;

115.1.12. seçki komissiyasının işinə mane olanlar və ya seçki komissiyası üzvlərinin öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətlərinə qeyri-qanuni müdaxilə edənlər;

115.1.13. seçki məntəqələrində səsverməyə mane olanlar;

115.1.14. səsvermənin gizliliyini pozanlar;

115.1.15. seçiciləri öz iradələrinə zidd səs verməyə məcbur edənlər;

115.1.16. seçki sənədlərini saxtalaşdıranlar, saxta sənədlər tərtib və təqdim edənlər (seçki qutularına bir şəxs tərəfindən birdən çox seçki bülleteni salmaq halları da daxil olmaqla), səsləri bilərəkdən qeyri-düzgün hesablayanlar və ya seçkinin yekunlarını bilərəkdən təqdim və ya dərc etməyənlər;

115.1.17. vətəndaşların seçici siyahıları ilə tanış olmaq hüququnu pozanlar;

115.1.18. vətəndaşlara başqa şəxslərin əvəzinə səs vermək imkanı yaratmaq məqsədi ilə seçki bülletenləri verənlər, vətəndaşa doldurulmuş seçki bülleteni verənlər və ya birdən artıq seçki bülleteni alınmasına imkan yaradanlar;

115.1.19. seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış vəsaitin xərclənməsi hesabatlarını, namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının maliyyə hesabatlarını təqdim və dərc etməyənlər;

115.1.20. bu Məcəllədə nəzərdə tutulmuş hallarda seçkilərdə iştirak etmək üçün məzuniyyət verməyən işəgötürənlər;

115.1.21. seçki komissiyalarının bu Məcəllənin pozulması ilə bağlı verdiyi məlumatları yoxlamayan dövlət orqanlarının vəzifəli şəxsləri;

       115.1.22. seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmayan dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizədlər;

115.1.23. seçici imzalarının toplanmasında iştirak edən hüquqi şəxslər, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların vəzifəli şəxsləri.[124]

   Maddə 116. Cərimələrin tətbiq edilməsi[125]

Məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tətbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər.[126]



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin