Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasi
Tələbə: Cəfərli Eldəniz
Qrup:212 A2
Kurs:2
Fənn:Azərbaycan dilində işguzar və akademik kommunikasiya
Fakültə:Boks
Mövzu: Dil və nitq
Müəllim: Quliyeva Mehriban
Dil və nitq
“Nitq – müəyyən kollektivin digər üzvləri ilə əlaqə saxlamaq məqsədilə dildən istifadə
edən şəxsin fəaliyyəti, danışıq; mürəkkəb məzmunun – həm informasiya, həm çağırış –
müraciət, həm dinləyicini təhriketmə və s. ifadəsi üçün dilin müxtəlif vasitələrinin
işlədilməsi”dir .Dil və nitq eyni bir hadisənin nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı
əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində
dilin mövcudluğu üçün – nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki
təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu
inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə, yəni öz funksiyasını yerinə yetirməkdə olan
dildir, nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunması, informasiyanın
ötürülməsi və əldə edilməsidir. Dil ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür. İsveçrə
dilçisi məşhur F.de Sössürün “Ümumi dilçilik kursu” adlı əsərində dil və nitqin oxşar və
fərqli cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. O, dil və nitqi iki müxtəlif hadisə
hesab etmiş, göstərmişdir ki, dil qrammatik sistem və lüğət tərkibindən, yəni dil
vahidlərindən, nitq həmin vahidlərdən ünsiyyət məqsədilə istifadədir. Nitq fərdi danışıq və
eşitmə faktorlarından ibarətdir. Sonralar bu tezislə bağlı müxtəlif nəzəriyyələr meydana
gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə belə ümumiləşdirilmişdir ki, dil
və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik
vəhdətdədir. Dilin funksiyaları (məlumatvermə, ünsiyyət, təsirgöstərmə) nitqin də
funksiyalarıdır. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət
göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün
yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu
prosesdə baş verir. Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus
cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır: 1. Dil
ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür. Nitq insanlar arasında dil vasitəsilə
həyata keçirilən fikir mübadiləsi və ünsiyyət prosesidir. Ünsiyyət vasitələri imkan
vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq
fəaliyyətində təzahür edir, təkmilləşir. 2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır,
vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya
köçürülmüş forması) nəzərdə tutulur. Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin
əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır.
Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə
şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif
şəkildə olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə münasibəti də dil vasitələrindən
istifadənin rəngarəngliyinə, müxtəlifliyinə səbəb olur. Bu münasibətdən asılı olaraq
cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr işlədilir,
rəngarəng intonasiya çalarlarından istifadə olunur.
3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin
nitqi və onun məhsulu olan mətn üzrə aparılır. Dilə dair qrammatika kitabları və digər
sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan araşdırmaların nəticəsi olaraq
yazılır, oxuculara təqdim olunur. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi
işlənir. 4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi
şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, dəyişikliyə
uğrayır. Lakin dil normalarının köməyi ilə bu dəyişikliklərdən, təsirlərdən özünü qoruyur.
5. Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz
birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa malik olur. Bu vahidlər
həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqlə müqayisədə sabitdir,
dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola biər. Dil tarazlaşmış, nizamlanmış
normalar sisteminə və lüğət tərkibinə malikdir. Nitq prosesinin müəyyən məhsulu
(məsələn, mətn), həmin məhsulun da iki tərəfi olur: 1) oradakı fikir, yəni nitqin məzmunu;
2) bu fikrin maddi qabığı varlıq, yəni forma. Deməli, bu mənada dil nitqin formasıdır, fikir
isə onun məzmunu. 6. Nitq fərdi – psixi, dil isə ictimai hadisədir. Hər bir nitq aktı bütün
psixi formaların (duyğu, hiss, təsəvvür, qavrayış, təfəkkür, emosiya və s.) təsirinə məruz
qalır, ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər. Bu
səbəbdən birinin nitqi, danışığı digərlərindən gözəl, zəngin, əhatəli, məzmunlu və təsirli
olur. Bu, danışanın (yazanın) dünyagörüşündən, savad dərəcəsindən, dilə şüurlu
münasibəti və s. asılı olaraq müxtəlif formalar kəsb edir. Belə keyfiyyətlərə malik olanlar
dil vasitələrindən daha məharətlə, olmayanlar isə bir qədər zəif istifadə edirlər. Natiqlik
fəaliyyətində bu cəhət nəzərə alınmalı, natiq öz nitqi üzərində müntəzəm işləməli,
danışığında dilimizin zəngin və rəngarəng ifadə vasitələrindən istifadə etməyi
bacarmalıdır. Nitq fərdin yaradıcılıq fəaliyyətidir, vərdişidir. Digər yaradıcılıq formaları
kimi nitq də (şifahi və yazılı) dilin vahidləri və ifadəlilik vasitələrindən istifadə
baxımından estetik keyfiyyətlərə malik olmalı, dinləyicini özünə cəlb etməlidir. İfadə
olunan hər bir fikir dinləyiciyə (oxucuya) təsir etməli, onda müəyyən hisslər oyatmalıdır.
7. Nitq və dil quruluşuna görə də fərqlənirlər. Dilin quruluşu onun ən böyük vahidi olan
cümlədə özünü göstərir. Nitqin quruluşuna isə cümlə, abzas və mətn daxildir. Dil
sisteminin ən böyük vahidi sayılan cümlə nitq sistemində ən kiçik vahid olur. Dil və nitq
aşağıdakı fərq qarşılaşmada özünü aydın göstərir: Obyektivlik– subyektivlik, ümumilik–
xüsusilik, daimilik–dəyişkənlik, bəşərilik– millilik, statiklik-dinamiklik, mücərrədlik-
konkretlik, ictimailik-fərdilik, mümkünlük-gerçəklik, rasionallıq-emosionallıq və s.
Aralarında fərqlərin olmasına baxmayaraq nitq və dilin qarşılıqlı əlaqəsi vardır. “Nitqin
aydın olması və özünün bütün təsirini göstərməsi üçün dil vacibdir; nitq öz növbəsində
dilin bərqərar olması üçün vacibdir; tarixən nitq mövcudluğu həmişə dildən əvvəl olur”.
Nitqin ifadə üsullarına, təzahür şəkillərinə, kommunikasiya məqsədinə, şəraitinə və s.
əlamətlərə görə bir sıra növləri (şifahi nitq, yazılı nitq, rəsmi nitq, səhnə nitqi, danışıq
nitqi, kütləvi nitq, ədəbi nitq, vasitəli nitq, vasitəsiz nitq, təşkil olunmuş və təşkil
olunmamış nitq və s.) mövcuddur ki, onlar müəyyən cəhətlərinə görə bir-birindən
fərqlənirlər. Danışan və dinləyənin nitq prosesində iştirakı həmişə eyni formada olmur. Bir
nitq praktikasında danışan və dinləyən, demək olar ki, eyni dərəcədə fəaliyyət göstərir:
sual verir, dinləyən cavab, danışan rəyini söyləyir, müsahib ona münasibətini bildirir.
Başqa bir nitq formasında isə dinləyən ya ehtiyac, ya da imkanının olmaması üzündən
müsahibinin danışığına müdaxilə etmir, münasibət göstərmir. Bu cür şərhetmə və dinləmə
nitqin dialoji və monoloji formalarını yaradır. Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması
olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən
canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə
daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir.
Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici
nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin
ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə
öncədən hazırlıq görülmür. Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Dialoji
nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni
təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması
üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif
formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət
yaradır.
Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün
pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir. Əlbəttə, belə
ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün norma- 103 larına riayət
edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji
forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş
nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən
daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti
və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır. Monoloji nitq.
Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər
tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın
müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas
kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə
etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş,
proqramlaşdırılmış nitqdir. Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi
fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət
formasını, dil materiallarını seçir, müsahibinin (müsahib-lərinin) səviyyəsini,
deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. Nitqin bu
formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək
üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə
edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir. Yazılı
və şifahi nitq Nitq mədəniyyətindən söhbət gedəndə, adətən, onun (nitqin) şifahi forması
nəzərdə tutulur, yazılı nitq bu anlayışa daxil edilmir. Əslində isə nitq mədəniyyəti
problemlərini nitqin səlis qurulması, dil vahidlərinin məqsədəuyğun, dəqiq, ahəngdar,
aydın, məzmunlu və lakonik ifadə edilməsi və digər bu kimi məsələlərlə məhdudlaşdırmaq
düzgün olmazdı. Nitq mədəniyyəti problemi bunlarla yanaşı, əyani, konkret ifadə vasitəsi
olan yazılı dillə də son dərəcədə bağlıdır. Dil sisteminin həm şifahi, həm də yazılı
formalarında ədəbi dil normalarının gözlənilməsi dilin hərtərəfli inkişafı, onun sosial
funksiyasının genişlənməsi baxımından başlıca şərtdir. Nitq mədəniyyətindən, ədəbi dilin
normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən, onun düzgünlüyü, aydınlığı,
saflığı, səlisliyi və s. söhbət gedirsə, o zaman yazılı nitqin orfoqrafiya və durğu işarələri
qaydalarına əməl etmək də normativlik sayılmalıdır. Nitq inkişafı üzrə aparılan təlim
işlərində onun yazılı və şifahi formaları vəhdət şəklində götürülməlidir. “... ancaq şifahi
nitqə diqqət yetirib, yazılı nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək
deməkdir” .Ədəbi dilin şifahi və yazılı formalarının hər birinin özünəməxsus
xüsusiyyətləri, bu səbəbdən irəli gələn fərqli cəhətləri vardır. Həmin fərqlər dilçilik
ədəbiyyatında aşağıdakı şəkildə göstərilir: 1. Yazılı nitqin ifadə vasitələri hərf və yazı,
şifahi nitqin ifadə vasitələri səs və sözdür; 2. Yazılı nitq sərbəst və müfəssəl bir ünsiyyət
formasıdır. Burada həmsöhbətlə əks əlaqə olmur. Yazan fikrini başqalarına nə dərəcədə
çatacağını, aydın olub-olmayacağını daim diqqət mərkəzində saxlayır, bacardığı qədər
şərhini aydın, anlaşıqlı qurmağa çalışır. Bunun üçün nitqin bu növündə daha münasib və
yararlı dil vasitələrindən istifadə olunması lazım gəlir. Yazı prosesində dil vahidləri və
formalarından, danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan, dilin
ifadəlilik vasitələrindən (emfatik vurğu, epitet, inversiya, ellipsis, anafora, ritorik sual və
s.) daha tutarlısını fikirləşib tapmaq və yerində işlətmək, fikri səlis, aydın, düzgün ifadə
etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. Şifahi nitqdə isə belə bir
imkan olmadığından, danışan fikrini yığcam və üslubi cəhətdən düzgün qurmaqda çətinlik
çəkir, qüsurlara yol verir. Həyatda rabitəsiz və məntiqsiz danışıqlara təsadüf etmək o qədər
də çətin deyildir. 3. Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümumişlək sözlərə geniş
yer verilir, yazılı ədəbi dildə isə elmi, texniki, siyasi və digər terminlər daha çox işlədilir.
4. Ədəbi dilin şifahi formasında cümlələr, əsasən, qısa və quruluşca sadə olur, yazılı dildə
isə əksinə, uzun və mürəkkəb cümlələrdən daha çox istifadə edilir. 5. Şifahi ədəbi dildə
yarımçıq cümlələrə, qısa replikalara, yazılı ədəbi dildə isə bütöv, mürəkkəb cümlələrə daha
geniş yer verilir. Buna görə də yazılı dilin sintaksisi daha mürəkkəb olar. 6. Şifahi ədəbi dil
fikrin əsas incəliklərini, müxtəlif intonasiya çalarlarını özündə əks etdirən canlı dildirsə,
yazılı nitq bir növ sünidir, bu keyfiyyətə istənilən səviyyədə malik deyildir. “Söz özünün
ən güclü təsirini, öz əlvan qiyafəsini yalnız şifahi nitqdə tapmağa qadirdir. Əgər o yazılı
nitqdə açılmamış bir qönçədirsə, şifahi nitqdə ətirli bir çiçəyə çevrilir”. 7. Ədəbi dilin
şifahi formasında fikrin ifadəsi üçün yardımçı vasitələrdən – mimika, jest və bədən
hərəkətlərindən istifadə olunur. Yazılı ədəbi dildə isə həmin vasitələrin ifadə etdiyi məna
çaları müəyyən təsvir yolu ilə oxucuya çatdırılır. 8. Şifahi ədəbi dil müəyyən vasitə
olmadan bu və ya digər fikri gələcək nəslə çatdıra bilmir. Lakin yazılı nitq bu funksiyanı
yerinə yetirə bilir. Yazılı nitq insanların öz bilik və informasiyalarını bir-birinə ötürmək
ehtiyacından yaranmışdır. Bu nitq xüsusi təlim yolu ilə formalaşır. Lap qədimdə yazılan
ədəbiyyat – Nizami, Füzuli, Nəsimi və başqalarının əsərləri yazılı dilin köməyi ilə gəlib
bizə çatmışdır. 9. Şifahi ədəbi dilin tempi sürətli, yazılı ədəbi dilin tempi isə aşağıdır,
zəifdir. Deyilənlərdən aydın olur ki, yazılı nitq tam, dəqiq, subyekt və predikatı olan
nitqdir, müfəssəl və böyük quruluş mürəkkəbliyinə malikdir. Yazıdan istifadənin
çətinlikləri də bununla bağlıdır. Nitqdənkənar vasitələrlə zənginləşdirilən şifahi nitq isə
daha müxtəsər, şəraitlə şərtlənən ünsiyyət formasıdır. Hazırda işlətdiyimiz yazılı nitq
dövlət tərəfindən təsdiq olunmuş, rəsmiləşdirilmiş, müəyyən qaydalara – orfoqrafiya
qaydalarına əsaslanır ki, onları gözləmək bu dilin daşıyıcıları, həm də onu öyrənmək
istəyənlər üçün vacib sayılır. Nitq danışanın fikrinə uyğun olmalıdır. Danışan
söyləyəcəyini fikrində götür-qoy etməli, özünə aydınlıq gətirdikdən sonra ifadə etməlidir.
Şifahi 106 monoloji nitq bu baxımdan iki formada olur. Birincisi, təşkil olunmuş nitq,
ikincisi isə spontan, yəni təşkil olunmamış nitq. Təşkil olunmuş nitq. Təşkil olunmuş nitq
deyəndə monoloji nitq nəzərdə tutulur. Adından məlum olduğu kimi, əvvəlcədən
planlaşdırılmış, nəzərdə tutulmuş nitqdir. Bu nitq üçün hazırlaşmaq, plan tutmaq,
ədəbiyyat oxumaq, mövzunun əhatə edilməsi, fikrin ardıcıllığına nail olmaq üçün qeydlər
aparmaq, ifadə olunacaq məzmunu dərk etmək, onun dinləyiciyə daha yaxşı çata bilməsi
üçün münasib sözlər seçmək, cümlələr qurmaq, müvafiq söyləmə tərzi – intonasiyanı
müəyyənləşdirmək və s. lazım gəlir. Məlumatı səthi, lüğət ehtiyatı zəif olan adamlar
qabaqcadan hazırlaşmadan auditoriya qarşısında çıxış etməkdə, danışıq prosesində qurmaq
istədikləri cümlələri tamamlamaqda, zəruri sayılan sözləri seçməkdə çətinlik çəkirlər. Bu
zaman lüzumsuz fasilələrə yol verilir. Belə fasilələrdən can qurtarmaq üçün danışan çox
zaman mətləbə heç bir dəxli olmayan tüfeyli söz və ifadələr (məsələn, demək olar ki,
deməli, əsasən, əsas etibarilə, necə deyərlər, söz məsəli, zaddı, adı nədi, adın sən de, əgər
belə demək mümkünsə və s.) işlətməyə məcbur olur ki, bu da nitqin qırılmasına, diqqətin
yayınmasına səbəb olur. Natiq belə bir vəziyyətlə qarşılaşmamaq üçün söyləyəcəyi fikri
qeydlər şəklində yazıya köçürməli, sonra onu şifahi şəkildə ifadə etməlidir. Bu cür təşkil
olunmuş nitqdə aşağıdakılar nəzərə alınmalıdır: a) söhbətə maraqlı, cəlbedici, yığcam giriş
verə bilmək; b) məzmun ilə bağlı faktlar, misallar, nümunələr toplamaq, onları nitqdə
məqamına görə işlətmək; c) nitqin məzmununu yazmaq; ç) nitqi yaddaşına köçürmək,
dəfələrlə məşq edib, söyləmək; d) mövzunu dinləyicilərin qarşısında şərh etmək. Natiq öz
əməli fəaliyyətində “nəyi demək?”, “harda demək?”, “necə demək?” suallarına cavab
tapmağa çalışmalıdır. “Nəyi demək?” sualı dinləyici üçün maraqlı, aktual olan məsələlərin,
problemlərin şərhini, izahını nəzərdə tutur. Fərz edək ki, natiq işğal olunmuş
torpaqlarımızda maddi sərvətlərin ermənilər tərəfindən talan olunması məsələsini gündəmə
gətirər. Şübhəsiz, bu barədə söhbət maraqla dinləniləcəkdir. “Harada demək?” sualına
cavab vermək üçün natiq dediklərini əsaslandırmaq məqsədilə yeraltı və yerüstü
sərvətlərimizdən hansılardan, nə qədər qarət edilməsi və bunun nəticəsində ölkəmizə
dəyən maddi ziyanla bağlı faktları, sübutları söhbətin hansı yerində gətirəcəyini
müəyyənləşdirməlidir. “Necə demək?” sualının müqabilində natiq auditoriyanın diqqətini
özünə cəlb etmək üçün sərrast cümlələrdən, rəngarəng ifadə vasitələrindən, uyarlı
intonasiyadan istifadə etməyi, səbəb-nəticə əlaqəsi əsasında söhbətini yekunlaşdırmağı
bacarmalıdır. Müəllimlik fəaliyyətində nitqin birinci formasından daha geniş istifadə edilir.
Sinif, auditoriya qarşısında müəllimin izahı, məruzəsi, şübhəsiz, əvvəlcədən öyrənilmiş,
planlaşdırılmış fikirlər, məlumatlar əsasında qurulur. Burada ölçülüb-biçilmiş fikirlər aydın
və yığcam cümlələrlə ifadə olunur, konkret faktlarla söylənilənlər, dəlillərlə, nümunələrlə
əsaslandırılır, lüzumsuz təfərrüata yol verilmir. Təşkil olunmuş danışığı (eləcə də yazını)
təkcə monoloji nitqlə əlaqələndirmək düzgün olmaz. Nitqin situasiyasından, təşkili
formasından asılı olaraq dialoji nitqə də hazırlıq görülür. Natiq radio və televiziya
verilişlərinə, digər rəsmi yerlərə, dəyirmi masalara hər hansı bir mövzu ətrafında fikir
mübadiləsi, müzakirə məqsədiə dəvət olunursa, o, qoyulan problemi dərindən öyrənilməli,
özünün verəcəyi sualları müəyyənləşdirməli, müsahibinin ehtimal olunan sualları ətrafında
fikirləşməli, onlara məntiqi cəhətdən düzgün, məzmunca bitkin cavablar hazırlamalıdır.
Nitqin ikinci forması spontan, yəni xüsusi hazırlıq olmadan, bədahətən, sərbəst söylənilən
nitqdir. Bu, danışıqda bir növ improvizasiyadır. Bəzən belə iti, yeyin, tez, hazır,
qabaqcadan düşünülməmiş nitqə ekspromt da deyilir. Adamlar öz gündəlik fəaliyyətində
rəy söyləmək, məlumat vermək, münasibət bildirmək, müəyyən məsələni izah etmək,
aydınlaşdırmaq və s. formalarda danışmağa cəlb olunurlar. Belə nitq təşkil olunmuş nitqlə
müqayisədə xeyli çətindir. Burada danışan ani vaxt ərzində fikirlərini cəmləşdirməli, nədən
danışacağını, nələri qeyd edəcəyini, hansı faktı gətirəcəyini, mülahizələrini nə cür
əsaslandıracağını, həmin məzmunu vermək üçün hansı formanı seçəcəyini, yəni nitqinə
necə başlayacağını, fikrinin daha aydın, daha təsirli olması üçün hansı söz və ifadələri,
cümlələri işlədəcəyini, nitqin intonasiyasını və s. özü üçün müəyyənləşdirməlidir. Spontan
nitqdə dil vahidləri, faktlar sərbəst şəkildə, dilin təbii axını nəticəsində yaranır, onlardan ən
yararlısı, asanı işlənilir. Nitqin bu şəklində məzmun və forma, demək olar ki, eyni
zamanda, paralel şəkildə yaradılır. Spontan nitqdə danışanın həyat təcrübəsi, dünyagörüşü,
zəngin müşahidələri, təbiətinin coşqun və rəvanlığı, fikri istedadı və hazırcavablığı böyük
əhəmiyyət kəsb edir.
Nitq şəraitindən asılı olaraq spontan danışıq eyni adam üçün həm asan, həm də çətin ola
bilər. Küçədə, işdə, evdə və s. yerlərdə suallara cavab verməkdə, söhbətlərdə iştirak
etməkdə elə bir çətinlik özünü göstərmir. Lakin başqa şəraitdə, məsələn, qəflətən radio və
ya televiziya verilişləri üçün müsahibəyə cəlb olunduqda, ictimai yerlərdə çıxışa, söz
deməyə dəvət edildikdə danışan adamın gərginliyi istər-istəməz bir qədər artır, fikri fəallığı
intensiv şəkil alır. O, həm fikrini cəmləşdirməli, deyəcəklərini rabitələndirməli,
müsahibinə (və ya müsahiblərinə) çatdıracağı əsas fikri müəyyənləşdirməli, həm də onu
daha münasib, daha təsirli dil vahidləri ilə ifadə etməli olur. Spontan nitq dilin təbii və
canlı danışıq formasıdır. Mühazirəçi nitqin göstərilən hər iki formasından istifadə
bacarığına yiyələnməlidir. Xüsusən, spontan nitqə daim hazır olmalı, hər hansı bir şəraitdə
öz fikrini toplamağı, sistemləşdirməyi, onu münasib sözlərlə, ifadələrlə başqalarına
çatdırmağı bacarmalıdır. Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən
bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s. Mühazirə. Mühazirə ən
çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri
mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi
idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məsələn; ölkənin iqtisadi və
siyasi vəziyyəti ilə bağlı mühazirə, sağlamlığın (və yaxud ekologiyanın) qorunmasına həsr
olunmuş mühazirə və s. Mühazirənin məruzədən bir fərqi ondadır ki, birincidə dialoqa yol
verilə bilər. Yəni şərhin gedişində dinləyicilər natiqə sualla müraciət edə bilərlər.
Mühazirəçi elə oradaca suala müvafiq cavab verib şərhini davam etdirir. Yaxud
dinləyicilərin replikalarla mühazirənin gedişində onları maraqlandıran məsələlərin daha
ətraflı izah olunmasını xahiş etməsi mümkündür. Bütün hallarda verilən cavablar aydın,
məntiqli, qısa, lakonik olmalıdır. “Mühazirə oxumaq” ifadəsi şərti olaraq işlədilir. Burada
mühazirə materialı heç də üzündən oxunmur, o söylənilir. Mühazirəçi ehtiyac hiss etdikdə
(məsələn, sitatlar vermək, danışıqda ardıcıllığı gözləmək lazım gəldikdə və s.) mətnə
müraciət edə, həmin sitatları üzündən oxuya, qeydlərə baxa bilər. Monoloji nitqin digər
formalarında olduğu kimi, mühazirə o vaxt effektli şərh üsulu sayılır ki, lektor ona yaxşı
hazırlaşsın, nəyi, necə, harada deməyi bacarsın, şərhi auditoriyanın səviyyəsinə uyğun
qurulsun. Nitqi səlis və aydın olsun, fikrini əsaslandırmaq üçün göstərdiyi sübutlar, faktlar,
çıxardığı nəticələr reallığı əks etdirsin, incə mətləbləri dinləyiciyə çatdırmaq, onların
marağını ələ almaq, hisslərinə təsir etmək məqsədilə müvafiq nitq nümunələrindən, dil
vasitələrindən, şifahi şərhin bir sıra formalarından (təsvir, xarakteristika, izah, mühakimə
və s.) daha münasib şəkildə istifadə etməyi bacarsın və s. Mühazirəçi dinləyicilərin görmə
qavrayışını da nəzərə almalı, mümkün olduqca eksponatlar, illüstrasiyalar, diaqramlar,
onları təsdiq edən şəkillər və s. nümayiş etdirməlidir. Mühazirə idraki əhəmiyyət daşımalı,
elmi dərinliyi və məntiqi şərhi ilə fərqlənməlidir. Orada elmi ümumiləşdirmələrə, faktiki
materialın təhlilinə geniş yer verilməlidir. Xüsusən, ali məktəb auditoriyasında edilən
mühazirələrdə tərbiyə, əxlaq məsələləri, milli ideologiyanın, elmi dünyagörüşünün
formalaşdırılması, təfəkkürün inkişafı ön plana çəkilməlidir. Mühazirəçi mövzuya aid
bütün məsələləri əhatə etməli, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar
göstərməli, onu dinləyicilərin işi, həyatının konkret məsələləri ilə bağlamağı bacarmalıdır.
Mühazirə prosesində elə şərait yaradılmalıdır ki, dinləyici mövcud məsələyə, ən kiçik
təfərrüata belə münasibətini, həmrəy olduğunu və ya etiraz etdiyini söyləyə bilsin. Bu yolla
natiq dinləyicilərin fikri fəallığını artıra, onlara təsir göstərə bilər. Dinləyici hiss etməlidir
ki, mühazirəçi duyğuları vasitəsilə ona nə isə ötürür, ürəyindəkiləri ona yetirir. Hal-hazırda
ali məktəb auditoriyalarında yüksək səviyyədə mühazirə oxuyan müəllimlərimiz çoxdur.
Təəssüf ki, onların natiqlik məharəti öyrənilib ümumiləşdirilmir, yazılmır, başqaları
bundan faydalana bilmir. Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən
nitqə deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunu ilə
bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında
məruzə, elmi-praktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa və
geniş ola bilər. Məsələn; hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında
edilən məruzə bir qədər konkret və yığcam olmalıdır. Beynəlxalq vəziyyətə dair, yaxud
elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə
əvvəlkindən fərqlənməlidir. Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür.
Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır, qarşıya
qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir.
Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir.
Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflər söylənilir. Məruzənin yüksək
səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi,
sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün
bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn ideyalar
formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və
təklifləri əsasında məruzə mətnində düzəlişlər aparılmalıdır. Çıxış. Rəsmi və ictimai
tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s.
yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.
“Çıxış” sözü hazırda bir qədər də geniş dairədə işlədilir: müzakirə zamanı edilən çıxışlar,
təşviqat xarakterli çıxışlar, matəm çıxışları, məclis (stol) çıxışları, radio, televiziyada, qəzet
vasitəsilə edilən 111 çıxışlar və s. Lakin çıxıĢ deyəndə daha çox adamların qarşısında
söylənilən nitq forması başa düşülür. Çıxış sözünün ifadə etdiyi məna müəyyən cəhətdən
nitqdən fərqlənir. Çıxış edən şəxs bir qayda olaraq müzakirə olunan məsələ ilə əlaqədar
şəxsi mülahizələrini söyləyir. Bu şəxsi mülahizə, fikir çıxışın əsas əlaməti hesab edilir.
Nitqdə isə bundan fərqli olaraq şəxsi mülahizə deyil, rəhbər, istiqamətverici göstərişlər
üstünlük təşkil edir. Orada irəli sürülən məsələlər icra üçün əsas olur. Dinləyicilər
məruzədəki fikrə həmrəy olmaq, həmin fikrə nəyisə əlavə etmək, nəyəsə münasibət
bildirmək və s. məqsədlərlə çıxış etməli olurlar. Bu çıxışlar o zaman effektli olur,
dinləyiciləri razı salır ki: a) yığcam olsun, çox vaxt aparmasın; b) danışan müzakirə olunan
mövzudan kənara çıxmasın; c) məruzədə və ya əvvəlki çıxışlardakılar təkrar edilməsin; ç)
deyilənlərdə ardıcıllıq və rabitəlilik gözlənilsin; d) sözlər, cümlələr aydın, hamının eşidə
biləcəyi bir səs tonu ilə tələffüz edilsin; e) loru və tüfeyli sözlərə, ifadələrə, şivə
tələffüzünə və s. yol verilməsin. Nitq söyləmək. Adamlar müxtəlif şəraitdə müəyyən
məqsədlə nitq fəaliyyətində olurlar.
Nitq
— ən mühüm
ünsiyyət vasitəsi
olan dilin şifahi və yazılı təzahür
forması,
informasiya
ötürücü vasitə.
Nitq şəxsin müəyyən kollektivin digər üzvləri ilə qarşılıqlı əlaqə saxlamaq
məqsədilə dildən istifadə etmək fəaliyyətidir. Nitqin əsas məqsədi informasiya
mübadiləsi yaratmaqla informasiyanın ötürülməsi, qəbul edilməsidir. Lakin bununla
yanaşı, nitq informasiyanın qeydə alınması və saxlanması məqsədinə də xidmət
edir. Nitqin gerçəkləşdirilməsi üçün dilin müxtəlif vasitələri işlədilir. Nitq bir sıra
parametrlərilə səciyyələnir.
Nitqin aydınlığı onun adresat tərəfindən heç bir çətinlik çəkilmədən izah və şərhə
əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir.
Dostları ilə paylaş: |