4.Babəkin üsyana rəhbərliyə başlaması
Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.
Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi.Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi". iki ərəb tarixçisi – Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:
"O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı"
Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır".
İbn Kəsir isə xürrəmilər haqqda bunu qeyd edir:
"Əl-xürrəmiyyə və əl-babəkiyyənin mənşəyi Babək əl Xürrəmidir; o, Mötəsimin vaxtında meydana gəlmişdir, onları ona görə əl-mühəmmirə adlandırdılar ki, Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi onlar da qırmızı [rəngə] boyayırdılar"
Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi".
Əl-Məsudi yazır:
"Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı."
Məsudinin əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzeyn – Azərbaycan, Arran və Beyləqandadır", Bəzzeyndə Arranda, "Babəkin ölkəsində" olan dağdır.
Yaquta Həməvi yazır:
"Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir"
Əl-Biruni yazır ki, "Bəzz Babək əl-Xürrəminin ölkəsidir".
Dostları ilə paylaş: |