Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


Babəkin müttəfiqi Bizans imperatoru Feofil(829-842)



Yüklə 115,94 Kb.
səhifə8/12
tarix30.12.2021
ölçüsü115,94 Kb.
#49256
1   ...   4   5   6   7   8   9   10   11   12
Xürrəmilər hərəkatı

7.Babəkin müttəfiqi Bizans imperatoru Feofil(829-842)

Bizans-Ərəb sərhədində dördillik (833-837) sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizansla müharibədə olan qoşunları da Babəkə qarşı göndərsin. Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi.

Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və [Zəncan-Ərdəbil] yolunda qarnizonlar qoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin". Qoşun qərargahı ilə Xilafətin paytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolun hər fərsəngində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadə etsinlər. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər.

Beləliklə, Ərdəbildəki (Bərzənddəki) baş komandan qərargahından göndərilən məlumat Samarraya dörd günə gəlib çatırdı ki, bu da o zaman üçün çox tez hesab olunurdu. Buna görə də xəlifə xürrəmilərə qarşı hərbi əməliyyat rayonunda baş verən hadisələrdən həmişə xəbərdar idi. Bu müharibədə, xilafət tarixində ilk dəfə olaraq məlumat göndərmək üçün poçt göyərçinlərindən istifadə olunmuşdu.

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.

Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələri gedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi.

Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. Afşin öz casuslarından başqa Babəkin casuslarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi.

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu". Həmin ildə xürrəmilər Artsak yaşayış məntəqəsi yaxınlığında ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradılar. Babəkin kəşfiyyatçıları paytaxtdan Ərdəbilə pul gətirən böyük bir karvanı güdmüşdülər.

Lakin Babəkin adamları arasında bir nəfər xain varmış; bu xain Afşinə bildirir ki, Babəkin karvan haqqında xəbəri var. Afşin pusqu qurur, Qəflətən yaxalanan xürrəmilər məğlub olurlar. Adətən olduğu kimi, bu dəfə də vuruşan xürrəmilər arasında olan Babək birtəhər özünü xilas edir. Mənbələrin verdiyi məlumata görə, bu vuruşmada xürrəmilər min nəfərdən artıq tələfat verdilər. Lakin bir neçə gündən sonra Babəkin sərkərdələrindən Tarxan (və ya Adin) yenidən ərəblərin karvanına hücum edib mühafızələrini qırır və bütün yükü ələ keçirib ərəbləri çətin vəziyyətə salır.

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəbləri lap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxartmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qış aylarını Həştadsər dağı yaxınlığında öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu. Xürrəmilərin belə igid sərkərdəsinin ölümündən sonra ərəblər daha cəsarətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il – 837-ci il gəlib çatdı. Həmin ildə Afşin xəlifədən böyük bir qüvvə aldı; köməkçi qüvvələrə böyük türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyat və İtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.

Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını bütünlüklə dəyişdirdi. Müharibənin müvəffəqiyyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinə birbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunları arasında sərkərdəyə qarşı narazılıq başlandı. Doğrudan da, xürrəmilərin qalası Bəzzdən ərəbləri ayıran son dörd fərsəng (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər. Afşin əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, və Bəzzə tərəf yol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər bircə qurudulmuş çörəklə dolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Xürrəm ətraflı baxdından sonra, Afşin onu geriyə buraxdı və xahiş etdi ki, "qardaşı" Babəkə onun salamını yetirsin. Afşinin Babəkə bu cür münasibəti qoşunda və xüsusilə sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Buna görə islamın düşməninə qarşı müharibədə Afşinin hərəkətləri çox tez-tez, xüsusilə Cəfər əl-Xəyyat tərəfindən kəskin surətdə tənqid olunurdu.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi". Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi".


Yüklə 115,94 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin