Maddə 16. Vergi ödəyicisinin vəzifələri
16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:
16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;
16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;
16.1.4. vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək;
16.1.4-1. bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək;
16.1.5. vergi orqanlarının vergi qanunvericiliyinin aşkar edilmiş pozuntularının aradan qaldırılması haqqında qanuni tələblərini icra etmək, habelə vergi orqanlarının vəzifəli şəxslərinin qanuni fəaliyyətinin icra edilməsinə maneçilik törətməmək;
16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək;
16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək;
16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək:
16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
16.1.8.2. qiymətli kağızların satışı;
16.1.8.3. lotereya biletlərinin satışı, idman oyunları ilə əlaqədar aparılan mərc oyunları üzrə operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət;
16.1.8.4. sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az olan qanunvericiliyə uyğun olaraq taksometr tətbiq edilməli taksilərdən başqa);
16.1.8.5. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
16.1.8.6. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin fəaliyyəti;
16.1.8.7. rabitə xidməti (İnternet klubların fəaliyyəti istisna olmaqla);
16.1.8.8. reklam xidməti;
16.1.8.9. mənzil təsərrüfatı obyektlərinin fəaliyyəti;
16.1.8.10. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi;
16.1.8.11. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri;
16.1.8.12. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti, lift və təhlükəsizlik xidməti;
16.1.8.13. kanalizasiya və sanitar təmizləmə xidməti;
16.1.8.14. turizm-ekskursiya, sanatoriya-kurort və sağlamlaşdırma xidmətləri;
16.1.8.15. bədən tərbiyəsi və idman xidməti;
16.1.8.16. səhiyyə xidməti;
16.1.8.17. vəkillik, notariat və digər hüquq xidmətləri;
16.1.8.18. təhsil müəssisələrinin təhsillə bağlı olan fəaliyyəti və tədris kurslarının fəaliyyəti;
16.1.8.19. avtomobil dayanacaqlarının fəaliyyəti;
16.1.8.20. paltarların kimyəvi təmizlənməsi və boyanması, yuyulması;
16.1.8.21. mənzillərin təmiri və tikintisi;
16.1.8.22. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və bununla əlaqədar kirayə;
16.1.8.23. lombard xidməti;
16.1.8.24. cildləmə xidməti;
16.1.8.25. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
16.1.8.26. bank fəaliyyəti, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri;
16.1.8.27. işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən aşağıdakı fəaliyyətlər:
16.1.8.27.1. mebellərin təmiri və hazırlanması;
16.1.8.27.2. foto, audio-video xidməti;
16.1.8.27.3. ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının təmiri və fərdi tikilişi;
16.1.8.27.4. saatların, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
16.1.8.27.5. nəqliyyat vasitələrinə texniki və digər xidmətlər;
16.1.8.27.6. bərbər xidməti;
16.1.8.27.7. zərgərlik və metal məmulatlarının təmiri və hazırlanması;
16.1.8.27.8. nəqqaşlıq və rəssamlıq emalatxanaları və təmiri məntəqələrinin fəaliyyəti.
16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:
Dostları ilə paylaş: |