AzƏrbaycan Respublikasının


IV FƏsil Yaşayış mƏntƏqƏlƏrinin torpaqları



Yüklə 140,45 Kb.
səhifə3/10
tarix01.01.2017
ölçüsü140,45 Kb.
#4027
1   2   3   4   5   6   7   8   9   10

IV FƏsil
Yaşayış mƏntƏqƏlƏrinin torpaqları


Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir:

ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sütutarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri;

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri;

təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; (17)

yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları;

kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;

hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;

şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir (AR-in 19 aprel 2002-ci il tarixli Qanunu ilə edilmiş dəyişikliklərlə — «Azərbaycan» qəzeti, 2 iyun 2002-ci il).

Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi)

1. Yaşayış məntəqələrinin hüdudları şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.

2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir.

Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir.

3. Torpaq sahəsinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüduduna daxil edilməsi torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur.

Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 21. Şəhərətrafı zonaların torpaqları

1. Şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqəli mərkəzi icra hakimiyyəti orqanları) ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır.

2. Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır.

3. Torpaq sahələri şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr üzərində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır.

4. Şəhərətrafı zonaların ayrılması, habelə bu zonalardakı torpaqlardan istifadə edilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

V fƏsil
SƏnaye, nƏqliyyat, rabitƏ, müdafiƏ
vƏ digƏr tƏyinatlı torpaqlar


Maddə 22. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir (AR-in 20 oktyabr 2006-cı il tarixli Qanunu ilə edilmiş düzəlişlə — «Az-n» q., 2 dekabr 2006-cı il).



Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir.

5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər.

6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən müvafiq icra hakimiyyəti (yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və yerli özünüidarə orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. (19)

7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar.

8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Yüklə 140,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin