AzƏrbaycan Respublikasının


VII fƏsil MeşƏ fondu, su fondu vƏ ehtiyat fondu torpaqları



Yüklə 140,45 Kb.
səhifə5/10
tarix01.01.2017
ölçüsü140,45 Kb.
#4027
1   2   3   4   5   6   7   8   9   10

VII fƏsil
MeşƏ fondu, su fondu vƏ ehtiyat
fondu torpaqları


Maddə 31. Meşə fondu torpaqları

1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.

2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.

3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.

4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yollar salınması, elektrik xətlərinin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.

5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələri yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.

8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.

9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilir.



Maddə 32. Su fondu torpaqları

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;

su mühafizə zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı, sənaye, energetika, nəqliyyat və digər dövlət, bələdiyyə və ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir.

3. Su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. (19)

4. Su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilir (Azərbaycan Respublikasının 17 aprel 2007-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə — «Azərbaycan» q., 19 avqust 2007-ci il).



Maddə 33. Ehtiyat fondu torpaqları

1. Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir.

2. Dövlət ehtiyat fondu torpaqlarına bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları daxildir.

Dövlət ehtiyat fondu torpaqlarına istifadə hüququna xitam verilən, habelə konservasiya nəticəsində təsərrüfat dövriyyəsindən çıxarılmış torpaq sahələri aid edilir.

3. Bələdiyyələrin ehtiyat fondu torpaqlarına bu Məcəllənin 47-ci maddəsinin 5-ci bəndi ilə müəyyən olunmuş torpaqlar aid edilir.

4. Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.

5. Ehtiyat fondu torpaqlarının istifadəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

VIII fƏsil
Torpaqların mühafizƏsi


Maddə 34. Torpaqların mühafizəsinin məqsədi və vəzifələri

1. Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir.

2. Torpaqların mühafizəsi, zona və region xüsusiyyətləri nəzərə alınaraq onlara mürəkkəb təbii (ekoloji) sistemlər kimi kompleks yanaşılması əsasında təbiətin mühafizəsini, təbii ehtiyatlara qənaəti və torpaqların qorunub saxlanmasını, bitki və heyvanlar aləminə, geoloji törəmələrə və ətraf mühitin digər tərkib hissələrinə zərərli təsirin məhdudlaşdırılmasını nəzərdə tutur.

3. Torpaqların mühafizəsi istifadənin optimal strukturunu özündə əks etdirən, elmi cəhətdən əsaslandırılmış torpaq istifadəçiliyi normativlərinin praktikada tətbiqi, habelə yerquruluşu əsasında ərazinin səmərəli təşkili vasitəsi ilə həyata keçirilir.

4. Suvarılan və meliorasiya olunmuş torpaqların səmərəli istifadəsi, onların keyfiyyətinə nəzarət, münbitliyin qorunması və artırılması, su, duz, hava və qida rejimlərinin tənzimlənməsi, əkinçiliyin rasional strukturunun formalaşdırılması məqsədilə aqrotexniki, aqromeliorativ və meliorativ tədbirlərin həyata keçirilməsi və qarşılıqlı münasibətlərin əlaqələndirilməsi dövlət tərəfindən müəyyənləşdirilmiş xüsusi proqramlar üzrə aparılır.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqların mühafizəsi sahəsində aşağıdakı istiqamətdə tədbirləri həyata keçirməlidirlər:

torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi;

torpaqların su və külək eroziyasından, sellərdən, su basmaqdan, bataqlıqlaşmaqdan, təkrar şoranlaşma, kipləşmə və quraqlıqdan, istehsalat və məişət tullantılarından, kimyəvi və radioaktiv maddələrlə çirklənmədən, səhralaşma, sürüşmələr, abraziya və digər dağıdıcı proseslərdən qorunması;

kənd təsərrüfatı torpaqlarının kol-kos basmaqdan, torpaqların mədəni-texniki vəziyyətini, habelə meliorasiya və irriqasiya sistemlərinin vəziyyətini pisləşdirən digər proseslərdən qorunması;

keyfiyyəti pisləşmiş kənd təsərrüfatı torpaqlarının münbitliyinin bərpa edilməsi üçün onların konservasiya edilməsi;

korlanmış torpaqların yenidən yararlı hala salınması (rekultivasiyası), onların münbitliyinin və torpağın digər faydalı xassələrinin yüksəldilməsi;

təsərrüfat fəaliyyəti nəticəsində torpaqların korlanması ehtimalı labüd olan hallarda onların münbit qatının götürülməsi və təkrar istifadə edilməsi.

6. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən təzə tikililər, qurğular və yenidən qurulan obyektlər yerləşdirilərkən, layihələşdirilərkən, tikilərkən və istismara verilərkən, habelə yeni texnologiyalar tətbiq edilərkən torpaqların mühafizəsi sahəsində zəruri tədbirlər nəzərdə tutulmalı və həyata keçirilməlidir.

7. Torpaqların tənəzzülə uğramadan və dağılmadan qorunması tədbirləri ilə təmin edilməmiş obyektlərin və texnologiyaların istismara verilməsi və tətbiq edilməsi qadağan olunur.

8. Torpaqların vəziyyətinə zərərli təsir göstərə bilən obyektlərin yerləşdirilməsi aidiyyəti olan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri, eləcə də müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır.

9. Torpaqların mühafizəsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.



Maddə 35. Torpaqların mühafizəsinin iqtisadi stimullaşdırılması

1. Torpaqların mühafizəsinin iqtisadi cəhətdən stimullaşdırılması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpağın münbitliyinin qorunması və yüksəldilməsində marağının artırılması, təsərrüfat fəaliyyətinin zərərli təsirindən torpaqların qorunması məqsədilə həyata keçirilir.

2. Torpaqların mühafizəsinin iqtisadi stimullaşdırılması ilə əlaqədar qaydalar torpaqların münbitliyinin bərpasını, meşə-meliorasiya işlərinin görülməsini, istehsal və sosial infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin abadlaşdırılmasını və bu istiqamətdə dövlət və yerli proqramların yerinə yetirilməsini, habelə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqdan istifadəyə görə müəyyən müddətə torpağa görə haqdan azad edilməsini, təbii fəlakət, torpaqların konservasiyası və digər hallarda onlara dəyən ziyanın ödənilməsini və bu kimi digər tədbirlərin həyata keçirilməsini nəzərdə tutan müvafiq normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 36. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların istifadəsi

1. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış, əhalinin həyatına və sağlamlığına təhlükə yarada bilən, habelə məhsul istehsalı üçün sanitariya tələblərinə, müvafiq normalara, qaydalara və normativlərə cavab verməyən torpaqlar kənd təsərrüfatı dövriyyəsindən çıxarılır və konservasiya edilməsi üçün dövlət ehtiyat torpaq fonduna keçirilir. Belə torpaqlarda rekultivasiya işləri aparılıb sağlamlaşdırılana qədər kənd təsərrüfatı məhsullarının istehsalı qadağan edilir.

2. Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla müəyyən edilir.

Maddə 37. Ekzogen geoloji proseslərə məruz qalmış torpaqların istifadəsi

Ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlıqlaşma, yarğan və s.) məruz qalmış torpaq əraziləri texniki meliorasiya və yararlaşdırma (bərpa) işləri aparılanadək təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılır və prosesin miqyasından asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına keçirilir. Belə torpaqlarda mühəndis-texniki və kənd təsərrüfatı işlərinin aparılmasına həmin ərazilərin (sahələrin) yararlı hala salınmasından sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada icazə verilir.



Yüklə 140,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin