Aparıcı Qərb dövlətləri ilə yanaşı Azərbaycan dövləti tarazlaşdırılmış xarici siyasət prinsipindən çıxış edərək bölgədə böyük təsiri olan Rusayaya məxsus
“LUKoyl” şirkətinə(10%), həm də İrana (5%) bu layihədə pay ayırmışdı. Bu da təsadüfi deyildi. Bu ölkələr Azərbaycanın Xəzər dənizindəki istənilən təşəbbüsünə, xüsusilə də Qərblə birgə iş qurmaq layihələrinə qısqanclıqla yanaşırdı. Odur ki, Azərbaycan hökuməti onları qıcıqlandırmamaq, konstruktiv əməkdaşlığa yönəltmək üçün hər iki ölkənin müqavilədə iştirak etməsi təklifini irəli sürmüşdü. Lakin Qərb dövlətlərinin ciddi etirazları nəticəsində İran bu müqavilədən pay almadı. Rusiya isə 10%-lik paydan narazı qalmışdı. Ona görə də “Xəzər dənizi bütün Xəzəryanı ölkələr üçündür , onu milli sektorlara bölmək olmaz”, “Azərbaycanın birtərəfli qaydada neft müqavilələri bağlamaq hüququ yoxdur” kimi bəyənatlar verilməyə başladı. Müqavilə imzalandıqdan sonra da Azərbaycanda törədilən bir çox pozuculuq hadisələrinə baxmayaraq ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası bütün sınaqlardan çıxaraq təzyiqləri aradan qaldıra bildi.
Xəzər hövzəsində fəal mövqeyi ilə seçilən ölkələrdən biri də Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab olunan Türkiyədir. Onun bu müqavilədə maliyyə və yüksək texnologiya imkanlarının məhdudluğu üzündən xüsusi payı olmasa da Türkiyə əsas diqqətini Xəzər neftinin xarici bazarlara ixracı marşrutu üzrə cəmləşdirmişdir. Bu məqsədlə Türkiyənin təklifi ilə Bakı-Ceyhan neft marşrutu üzrə kəmər artıq işə salınmışdır.
Ümumiyyətlə Azərbaycan neftinin Avropa bazarlarına nəqli vacib qlobal əhəmiyyət kəsb edən məsələdir. Hazırda Xəzər neftinin “Şimal”, “Qərb”, və BakıTbilisi-Ceyhan istiqamətində nəqli barədə razılaşmalar əldə olunsa da bu marşrutların hansının daha əlverişli olması bu gün də müasir dünya siyasətinin aktual məsələsidir. Bakı-Novorosiysk, Bakı-Supsa kəmərlərinin işə düşməsi ilk növbədə neft ixracında alternativliyi təmin etmək, Rusiyadan tam asılılığı aradan qaldırmaqla yanaşı həm də Azərbaycan dövlətinin Gürçüstan dövlətinə verdiyi iqtisadi dəstək idi.
“Əsrin müqaviləsi”nin imzalanmasından 15 il keçir. Keçən illərdə dünyanın 16 dövlətinə məxsus 36 aparıcı şirkətlə 26 yeni neft müqaviləsi imzalanmışdır. Bu müqavilələr əsasında Azərbaycan neft sənayesinə 70 mld. dollar xarici investisiya qoyulmalıdır. Bu illərdə bütün təzyiqlərə baxmayaraq Azərbaycan öz müstəqil neft siyasətini ardıcıl həyata keçirmişdir. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Şərq və Qərbi, Orta Asiya-Qafqaz və Avropanı birləşdirən neft-qaz, nəqliyyat-kommunikasiya transmilli layihələrinin mərkəzinə çevrilmişdir.
Hazırda Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiyk, Bakı-Supsa neft kəmərləri ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınmışdır. Azərbaycan bölgənin və dünyanın əsas enerji mərkəzlərindən birinə çevrilmiş və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmuşdur. Bütün bu müvəffəqiyyətlərin, xüsusən Azərbaycanın xarici əlaqələrinin yaranmasının əsasında Xəzər dənizinin zəngin neft-qaz yataqlarının mövcudluğu və ondan düzgün istifadəni şərtləndirən Azərbaycanın yeni neft strategiyası durur.
Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin də tənzimlənəsinə şərait yaratmışdır. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər nüfuzlu dövlətlər Aərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər.