Lullubum (Lullubi) dövləti. Eramızdan əvvəl III minilliyin II yarısında İki çayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Lullubi hökmdarı Satuninin (e.ə.2230-2200) eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə (e.ə. 2236-2201) qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin (e.ə. 2170-e.ə.2150) dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır. Kuti dövləti.Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında Kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. E.ə. XXIII yüzillinin sonunda kutilər Enrıdavazir (e.ə. 2225- e.ə. 2205) başda olmaqla İkiçayarasına hərbi yürüşə başlayıb, Akkad çarının qoşunlarını darmadağın etdilər e.ə.2201-ci ildə Naranı Suen döyüşdə öldürüldü. Akkadlar üzərindəki uğur İkiçayarasındakı kuti ağalığının başlanğıcını qoydu. Sonrakı Akkad çarı Şarkalişarri (e.ə. 2201-e.ə. 2177) kuti başçıları İmta, İnqeşuşşu, Sarlaqab və Yarlaqaşın ardıcıl hücumlarınıdəf etməli olmuşdu. Elulumeşi (e.ə. 2178-2173)
İkiçayarasında kutilərin siyasi hökmranlığını qorumağı başa çatdırdı. Kutilərin zərbələrinə davam gətirməyən Akkad padşahlığı süqut etdi. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili hərcmərclikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimiyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimiyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləcə də
Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimiyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I minilliyin əvvəlinə kimi davam edir. Azərbaycanın ilkin dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.