Kənd təsərrüfatı. XX əsrin əvvəllərində Azərbaycan kəndlilərinin əsas məşğulliyyəti əkincilik olaraq qalırdı. 1900-1903-cü illərdə Azərbaycabda ildə orta hesabla 50 mln. puda qədər taxıl istehsal olunurdu. Bu dövrdə barama istehsalı və ipəkçilik üzrə də Azərbaycan Zaqafqaziyada mühüm yer tuturdu. Rusiya sənayesinin mahlıca olan tələbatının artması nəticəsində Azərbaycabda pambıqçılıq təsərrüfatı da genişlənməkdə idi. Yelizavetpol quberniyasının 8 qəzasından 6-da pambıq becərilirdi. Bakı quberniyasının Cavad və Göyçay qəzalarında pambıqçılıq daha çox inkişaf etmişdi.
Azərbaycabda kənd təsərrüfatı sahələrindən biri olan tütüncülik , keçən əsrlərdə olduğu kimi , yenə də Zaqatala dairəsi, Quba, Şəki qəzalarında inkişaf etdirilirdi. Azərbaycanın kənd təsərrüfatında mühüm yeri olan bağçılıq və üzümçülüklə isə əsasən Yelizavetpol quberniyasının Şuşa, Yelizavetpol, Qazax və Ərəş qəzalarında, Bakı quberniyasının Göyçay, Bakı, Şamaxı qəzalarında məşğul olurdular. 1903-cü ildə Bakı quberniyasında bağların sahəsi 10948 desyatinə, Yelizavetpol quberniyasında isə 11835 desyatinə bərabər idi.
Lakin bu dövrdə dövlət xəzinəsinə, bəylərə, mülkədarlara və sələmçilərə ağır vergi və mükəlləfiyyətlər ödəyən Azərbaycan kəndlilərinin vəziyyəti çarizmin milli-müstəmləkə siyasəti ilə daha da ağırlaşmışdı. 1900-cü il mayın 1-də çar hökumətinin guya Azərbaycan kəndlilərinin torpaq problemini həll etmək üçün dövlət kəndlilərinə töycü (məhsul vergisi) ödəmək şərtilə xəzinə torpaqlarından daimi istifadə etmək hüququnu verdi. Lakin əslində bu xüsusi mülkiyyət hüququ deyil, yalnız xəzinənin xeyrinə ağır töycülər ödəmək şərtilə torpaqdan daimi istifadə etmək hüququ idi.
Carizmin köçürmə siyasəti. Onsuz da aztorpaqlılıqdan əziyyət çəkən Azərbaycan kəndlilərinin vəziyyətini çarizmin milli ucqarlarda yeritdiyi müstəmləkəçi torpaq siyasəti daha da ağırlaşdırırdı.Torpaq getdikcə daha geniş miqyasda alqısatqı vasitəsinə çevrildiyindən və əkin sahələrinin genişlənməsi ilə əlaqədar olaraq qiyməti yüksəlməkdə olan kəndli torpaqları bəy və mülkədarlar tərəfindən zəbt olunurdu. Üstəlik də, Rusiya imperiyası 1861-ci ildən etibarən təhkimçilikdən azad etdikləri minlərcə rus kəndlisini münbit Azərbaycan torpaqlarında yerləşdirməyə başlamışdı. Onsuz da yetişdirdiyi məhsulun çox hissəsi əlindən alınan Azərbaycan kəndlilərinin vəziyyəti ,üstəlik torpaqlarının bir qisminin rus kəndlilərinə verilməsilə daha da ağırlaşmışdı. Kəndlilərin torpağının getdikcə azalmasına baxmayaraq, XX əsrin əvvəllərində carizm Azərbaycabda köçürmə siyasətini yeritməkdə davam edirdi və köçürülənlər əsasən yerli kəndlilər hesabına torpaqla təmin edilirdilər.
Beləliklə, Rusiyada həyata keçirilən Stolıpin aqrar islahatının Azərbaycana da tətbiq edilməsinin əsas mahiyyəti torpaqsız rus kəndlilərinin torpaq problemini onların mərkəzi rus quberniyalarından milli ucqarlara—Sibirə,Orta Asiyaya, Qafqaza köçürmə yolu ilə həll etmək idi . Çar hökuməti aztorpaqlı və ya torpqsız rus kəndllərini müxtəlif vasitələrlə köçməyə şirnikləndirirdi. Nəticədə külli miqdarda sektant rus ailələri Qafqaza köçürülərək milli ucqarlarda ruslaşdırma siyasətini davam etdirirdi. 1901-1904-cü illər ərzində Muğanda Yermolovo, Kozlyakova, Lənkəranda Alekseyevka, Pokrovka, Qubada Şirvanskoe kimi bir çox rus kəndləri salındı. 1903-cü ildə Lənkəran, Şamaxı, Cavad,və Quba qəzalarında Rusuyadan köçürülənlər üçün ayrılan pay torpaqlarının sahəsi 21236 desyatinə bərabər idi. Birinci rus inqilabı ərəfəsindəki beş il ərzində təkcə Bakı quberniyası daxilində köçürülənlər üçün 43861,95 desyatin torpaq ayrılmışdı ki, bundan 17159,2 desyatini Cavad qəzası, 5578,5 desyatini Quba, 10608,3 desyatini Lənkəran, 4515, 95 desyatini Şamaxı qəzasının payına düşürdü.
XX əsrin əvvəllərində rusların himayədarlığı və Daşnaksütün partiyasının köməyilə genişləndirilərək Türkiyə və İran sərhədləri boyunca uzanan bu erməni vilayəti müsəlman dövlətlərin Qafqaza doğru irəliləməsi cəhdlərinin qarşısını almaq üçün yaradılmış bir bufer bölgə rolunu oynayırdı. Beləliklə, bu məqsədlə çar hökumətinin köçürmə siyasəti Azərbaycanın həm İran, həm də Türkiyə ilə sərhəd olan ərazilərdə intensiv şəkildə davam etdirilirdi. Əsas məqsəd isə imperiyanın iqtisadi tələbatını ödəməklə bərabər həm də Şimali və Cənubi Azərbaycan torpaqları arasında eyni zamanda Türkiyə ilə sərhəd bölgələrdə xristian əhalinin( rusların, ermənilərin) yerləşdirilməsi ilə möhkəm bir sədd təşkil edilməsi idi.
Bundan başqa çar hökuməti Azərbycanda xristianların sayıni artırmaq üçün, əsasən sərhəd bölgələrində Azərbaycanlıların İran və Türkiyədəki dindaşları ilə təmasını yox etmək üçün erməni və rus kəndliləri ilə bərabər , almanları da məskun-
laşdırırdılar. Rusiya onlar üçün mühacirəti asanlaşdırmaq üçün burada, hətta mü hacirət müdiriyyəti də təsis etmişdi.
1905-ci il rus inqilabının süqutundan sonra çarizm Azərbaycabda özünün müstəmləkəçi köçürmə siyasətini daha da gücləndirdi.Muğan düzünə daha çox kəndli köçürüldü. Burada Pokrovka, Alekseyevka, Qriqoryevka rus kəndləri salındı. 1908-ci ildə Yelizavetpol quberniyasının müxtəlif qəzalarına 187 kəndli ailəsi köçürüldü. 1909-cu ildə Kiyev quberniyasından Quba qəzasına 2000-nə yaxın kəndli köçürüldü. Ümumiyyətlə, Azərbaycana 1908-ci ildə 1145, 1909-cu ildə 1211,1910-cu ildə isə 615 rus kəndli ailəsi köçürüldü.
Köçürülmüş kəndlilər yerli kəndlilərin ata-baba yerlərindən sıxışdırılması nəticəsində torpaqla təmin olunurdular. Məsələn, Təkəli, Çəmənli, Xalac və b,. kəndlərdən 2000-dən artıq kəndli ailəsi öz ata-baba yurdundan çıxarılmışdı. Göyçay qəzasının Qalıncaq kəndi əhalisinin də pay torpağı əllərindən alınaraq yerində İvanovka rus kəndi salınmışdı.
Köçürmə siyasətini həyata keçirən çar hökuməti Azərbaycan kəndlilərinin torpağının azlığı və ya heç bir torpağa malik olmaması ilə əsla hesablaşmırdı. Beləliklə də XX əsrin əvvəllərində çarizmin müstəmləkə siyasəti nəticəsində Azərbaycanda aztorpaqlı və torpaqsız kəndlilərin sayı daha da artdı. Ağir vergi siyasəti, torpaqsızlıq, məmur özbaşınalıqları kəndli etirazlarının güclənməsinə səbəb oldi.