Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Kənd təsərrüfatında kapitalizmin inkişafı



Yüklə 3,15 Mb.
səhifə114/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   173
Ar2019-47-1

§ 2. Kənd təsərrüfatında kapitalizmin inkişafı


İslahatdan sonra Azərbaycanda sənaye kapitalizmin inkişafı, dəniz və dəmir yolu nəqliyyatlarının, rabitənin, bank və kredit müəssisələrinin inkişafı kənd təsərrüfatında ticarət əkinçiliyinin inkişafı ilə tamamilə əlaqədar idi. Uzaq qəzaların əmtəə-pul münasibətlərinə cəlb olunmasında və sabiq təsərrüfat qapalılığının ləğv edilməsində dəmir yolu çəkilməsinin böyük əhəmiyyəti olmuşdu. H.B.Zərdabi dəmir yolu çəkilməsini neftdən sonra Azərbaycanın iqtisadiyyatını inkişaf etdirən ikinci mühüm amil hesab edirdi. Bir neçə qəzanın ərazisindən keçən dəmir yolu Azərbaycanı Gürcüstan ilə, sonra isə Şimali Qafqazla və Mərkəzi Rusiya quberniyaları ilə birləşdirdi. Kapitalizmin inkişafında Xəzər ticarət gəmiçiliyinin genişlənməsi də az rol oynamadı. Kənd təsərrüfatında kapitalizmin inkişafında Rusiyadan Azərbaycana köçürülən kəndlilərin də xidməti oldu. Onlar buraya əkin, biçin, səpin maşınları gətirdilər. Onların gəlişi ilə burada kartof, pomidor, kələm kimi bitkilər yetişdirilməyə başladı. Rus kəndliləri ilə yerli kəndlilər qarşılıqlı surətdə bir-birindən çox şey öyrəndilər.
80-90-cı illərdə əkinçilikdə maşınlardan və təkmilləşdirilmiş alətlərdən istifadə olunmağa başlandı. Qustav Listin firması və «Stepun qardaşlarının ticarət evi» 90-cı illərin sonunda özlərinin kənd təsərrüfatı alətləri və maşınları anbarlarını yaratdı. Muğanda və Gəncədə kənd təsərrüfatı alətləri hazırlayan və təmir edən emalatxanalar təşkil edildi. Əkinçilikdə maşınların və təkmilləşdirilmiş alətlərin tətbiq olunması Azərbaycan kəndinin həyatında inqilabi hadisə idi.
Tarixən Azərbaycanda becərilən taxıl bitkiləri buğda, arpa, çəltik və darı idi. Zaqafqaziya dəmir yolu istifadəyə verildikdən sonra taxıl əkilən sahələr və onun məhsuldarlığı iki dəfədən çox artdı. 1883-1887-ci illərdə xaricə və Rusiyaya taxıl ixracı ildən-ilə artdı. Azərbaycanda becərilən «sarı buğda» sortuna xaricdə xüsusi maraq vardı. Çünki ondan keyfiyyətli makaron və vermeşil hazırlanırdı. Çəltik əsasən Lənkəran və Nuxa qəzalarında becərilirdi. Zaqafqaziyada istehsal olunan taxılın 40%-i, çəltiyin 64%-i Azərbaycanın payına düşürdü. Azərbaycana daha ucuz taxıl gətirilməsi və texniki bitkilərə marağın artması nəticəsində 90-cı illərdə burada taxılçılığa maraq azaldı.
Ən gəlirli əmtəə məhsullarından biri ipəkçilik idi. Xam ipək istehsalının əsas rayonları Nuxa və Şamaxı qəzaları qalmaqda idi. Onlardan başqa Şuşa, Quba, Zaqatala, Ordubad əhalisi də ipək yetişdirilməsi ilə məşğul olurdu. Lakin 60-cı illərin ortalarında Fransa və Italiya təbəələrinin Azərbaycanda yaydıqları qattina adlanan ipək qurdu xəstəliyi burada ipəkçiliyin kəskin surətdə azalmasına səbəb oldu. Lakin 70-ci illərin sonunda bu sahədə yenidən canlanma başlandı. Hər il 200250 min pud xam ipək istehsal olunurdu ki, onun xeyli hissəsi Rusiyaya və xaricə ixrac edilirdi. Əsrin sonunda Azərbaycanda mindən artıq kənd ipəkçiliklə məşğul olurdu. 1900-cü ildə Zaqafqaziyada istehsal olunmuş 450 min pud ipəyin 290 min pudunun 64%-i Azərbaycanın payına düşür.
60-80-ci illərdə ticarət əkinçiliyinin faydalı sahələrindən olan marenaçılıq da sürətlə inkişaf etməyə başladı. Marena boyaq maddələrindən biridi. Ondan toxuculuq sənayesində istifadə etmək üçün qaransın və kalorin kimi boyaqlar alınırdı. Marenanın əsas vətəni Quba qəzası idi. Şamaxıda, Lənkəranda, Zaqatalada da marena yetişdirilirdi. 80-ci illərdə Quba qəzasında 200 min puda qədər marena istehsal edilirdi. Onun əksəriyyəti Rusiya bazarlarına göndərilirdi. Lakin 1869-cu ildə kimyəvi yolla alizarin deyilən boyaq maddəsi alındıqdan sonra Azərbaycanda onun istehsalı dayandı.
Azərbaycanda becərilən texniki bitkilərdən ən gəlirlisi pambıq idi. Rusiyada toxuculuq fabriklərinin sürətlə genişlənməsi, 60-cı illərin ortalarına qədər Şimali Amerikada vətəndaş müharibəsi nəticəsində oradan Rusiyaya pambıq gətirilməsinin dayandırılması, 80-90-cı illərdə xaricdən gətirilən pambıq üzərinə yüksək gömrük qoyulması və s. amillər Azərbaycanda pambıq istehsalına marağı artırdı. Zaqafqaziyada pambıq əkilən sahələrin və məhsulun 60%-i Azərbaycanın payına düşürdü.
Çarizm və rus burjuaziyası Rusiyanın pambıq-parça toxuculuq sənayesini ucuz və keyfiyyətli pambıq xammalı ilə etibarlı şəkildə təmin etmək məqsədilə Muğanın min hektarlarla münbit və yararlı torpağını Rusiyadan köçürülmüş kəndlilərə verdi. ΧΧ əsrin əvvəllərinə qədər burada 20 min əhalisi olan 49 yeni qəsəbə salındı. 80-ci illərin sonlarında iri toxuculuq şirkətlərinin agentləri buraya gələrək, pambıq alınması ilə məşğul olan məntəqələr açmışdılar. Hətta 90-cı illərdə pambığa olan maraq o dərəcədə artmışdı ki, Bakının iri kapitalistləri H.Z.Tağıyev və Saturov Cavanşir qəzasında ümumi sahəsi 26 min desyatin olan torpaq sahəsi almışdılar. Əsrin sonunda pambıq istehsalı 212 min puda çatmışdı.
Pambıqla yanaşı, gəlirli texniki bitkilərdən biri tütün idi. 1872-ci ildə xaricdən gətirilən tütün üzərinə yüksək gömrük qoyulması burada tütün istehsalına diqqəti artırdı. Azərbaycanda tütün Quba, Nuxa qəzalarında və Zaqatala dairəsində daha yaxşı inkişaf edirdi. 70-ci illərin əvvəllərində burada on bir min pud tütün istehsal edildiyi halda, əsrin sonunda onun orta illik istehsalı 28 min puda yaxın idi. 80-ci illərdə bir sıra iri tütün fabrikləri yaradıldı. Bakıdan Mirzəbekyans və TerQriqoryan qardaşlarının fabrikində 1899-cu ildə 850 fəhlə çalışırdı. Belə iri fabriklərdən biri Nuxada M.H.Dadaşova məxsus idi. ΧΧ əsrin əvvəlində tütün sənayesi daha da genişləndi və inkişaf etdi.
Kür çayının axarı boyu geniş yayılmış biyankökündən hazırlanan lakritsa maddəsi texniki və müalicəvi (sinə xəstəliklərinin müalicəsində istifadə olunurdu) əhəmiyyətə malik idi. Dəmir yolu çəkiləndən sonra ona tələbat və maraq artdı.
Yunan təbəələri Xrussaki və Gizi qardaşları 1886-cı ildə Ləkidə zavod tikdilər. Biyankökü zavoda qurudulur, preslənir və xaricə ixrac edilirdi. İkinci belə zavod 1890-cı ildə Urkard tərəfindən Ucarda tikildi. Həmin il üçüncü belə zavod ingilis təbəəsi İosif Bliss tərəfindən Gəncə stansiyasında tikildi. Bu şirkət 1894-cü ildə Kürdəmirdə ikinci bir zavod tikdirdi. Dəmir yolu boyu tikilən bu kapitalist müəssisələrində birlikdə 280-300 nəfər fəhlə çalışırdı. İldə orta hesabla 650-700 min manat xalis gəlir götürülürdü. Lakin 90-cı illərin ortalarında Suriyada zəngin biyan kökü bitkisi aşkar edildikdən sonra xarici kapital öz fəaliyyətini oraya yönəltdi. Azərbaycanda onun istehsalı dayandı.
Zaqafqaziya dəmir yolunun çəkilməsindən sonra burada bağçılığın və üzümçülüyün inkişafına maraq artdı. Quba qəzasından Rusiyaya yaş və quru alma-armud, Nuxa, Zaqatala zonasından qoz-fındıq, Ağdaş-Göyçay qəzalarından nar, alça, alma, Gəncədən və Bakıdan üzüm, Ordubaddan yaş və quru ərik göndərilirdi. Bu meyvələr Azərbaycanda tarixən ənənəvi ixrac məhsulları idi. Əsrin sonunda 940 kənd meyvəçiliklə məşğul olurdu. 47 min desyatin sahədə bağlar yerləşirdi. Bununla belə, 80-ci illərin sonlarından bağçılıq bir qədər zəiflədi. Şərabçılığa diqqət artırıldı. Azərbaycanda şərabçılığın əsas mərkəzi Şamaxı, Göysay, Kürdəmir, Şuşa, Gəncə qəzaları və Zaqatala dairəsi idi. Bu qəzalarda onlarla şərab, araq, konyak, pivə zavodları fəaliyyət göstərirdi. 1900-cü ildə Zaqafqaziyada istehsal olunan şərabın 25%-i (1,5 mln. vedrə) Azərbaycanın payına düşürdü. Şərabçılıq müəssisələrində 7 mindən artıq fəhlə çalışırlı. ΧΧ əsrin əvvəllərində Azərbaycanda üzüm bağlarının sahəsi 26 min desyatinə çatırdı.
İslahatdan əvvəlki dövrdə Azərbaycanın maldarlıq məhsulları Rusiyada kifayət qədər bazar tapa bilmədiyi halda, 80-90-cı illərdə toxuculuq sənayesinin inkişafı ilə əlaqədar ona tələb artdı. Zaqafqaziyada Azərbaycan maldarlıq sahəsində birinci yerdə dayanırdı. Qoyun cinslərindən ən çox tərəkəmə və dağ qoyunları ge-
niş yayılmışdı. Onların yununa Rusiya və dünya bazarlarında böyük maraq vardı. Burada ildə orta hesabla 166 min pud yun istehsal edilirdi. Onun bir qismi yerli istehsala, qalan əksəriyyəti Rusiya və dünya bazarına çıxarılırdı. Əsrin axırında Azərbaycanda 2,6 mln. baş qoyun və keçi, 150 min baş at və milyondan artıq qara mal vardı. Əhalisi gündən-günə artan Bakı və digər şəhərlər maldarlıq məhsullarının başlıca idxalçısı idi.
Əsrin birinci yarısında olduğu kimi, ikinci yarısında da kəndlilər dövlət və sahibkar kəndlilərinə bölünürdülər. Onların 70,6%-ni dövlət kəndliləri, 29,4%-ni sahibkar kəndliləri təşkil edirdi. Sahibkar kəndliləri özləri də rəiyyətə, rəcbərlərə, nökərlərə və s. bölünürdülər. İslahatdan sonra dövlət və sahibkar kəndlilərin aztorpaqlılığı və torpaqsızlığı, ən zəruri istehsal alət və vasitələrinin olmaması, təbəqələşmənin güclənməsi, əkinçiliyin süni suvarma ilə sıx bağlılığı və başqa səbəblər icarə sisteminin genişlənməsini sürətləndirdi. Torpaq icarəsi kapitalist münasibətlərinin inkişafını sürətləndirirdi. Torpaq icarəsi islahatdan əvvəl də vardı. Lakin islahatdan sonrakı icarə sistemi təsərrüfatın iqtisadi quruluşunda və xarakterində dəyişikliklər yaratdı. Əvvəlki icarə daha çox istehlak xarakteri daşıyırdısa, islahatdan sonrakı sahibkarlıq, kapitalist xarakteri daşımağa başladı.
İslahatın səciyyəvi cəhətlərindən biri sahibkar kəndlilərin istifadəsində olan torpaqların mülkədarlar tərəfindən onların əlindən alınması idi. Kəndlilərin böyük əksəriyyətini təşkil edən dövlət kəndlilərinin də torpağa ehtiyacı artmışdı. Əsrin sonuna yaxın Azərbaycanda dövlət kəndlilərinin yarısının adambaşına 2 desyatindən az torpağı vardı. Hesablamalara görə, dövlət kəndlilərinin 59%-i aztorpaqlı idi. Torpaqsız kəndlilər isə 38 min nəfərdən artıq idi. Aztorpaqlı kəndlilərin bir hissəsi becərə bilmədiyi pay torpağını ya satır, ya da başqasına icarəyə verərək, muzdurlar sırasına daxil olurdu. 1897-ci il məlumatına görə Gəncə quberniyasında dövlət kəndlilərinin istifadəsində olan torpağın 32%-i, sahibkar kəndlilərin istifadəsində olan torpağın 31%-i icarəyə götürülmüş torpaqlar idi. Vəziyyət Bakı quberniyasında da təxminən belə idi.
Sahibkara məxsus torpaqdan fərqli olaraq xəzinə torpaqlarının icarəsi hakimiyyət orqanları tərəfindən mütləq rəsmləşdirilirdi. Dövlət torpaqlarının hərracla icarəyə verilməsi çar tərəfindən təsdiq olunmuş qanuna əsasən həyata keçirilirdi. Qanunda icarənin müddəti, haqqı və sairə məsələlər hüquqi cəhətdən əsaslandırılırdı. İcarənin şərtləri ağır olduğundan kəndlilər onu birbaşa götürə bilmirdilər. Çox vaxt varlı kəndlilər hərracla icarəyə verilən torpaqları götürür, sonra onu daha artıq icarə haqqı almaqla kəndlilərə verirdilər. Bu cür icarə qaydası subicarə adlanırdı.
İcarə haqqının miqdarı torpağın yararlıq dərəcəsindən, növündən, münbitliyindən yola və bazara yaxın olmasından, icarəyə götürənin toxuma, qoşqu qüvvəsinə və əmək alətinə ehtiyacının olub-olmamasından asılı olaraq məhsulla, pulla və qarışıq – müəyyən edilir və ödənilirdi. İcarə haqqı məhsulun ikidə birindən – onda birinə qədər təşkil edirdi. Pulla icarə məhsulla icarədən bir qədər ucuz başa gəlirdi. İslahata qədər mövcud olan vergi sistemi ΧΧ əsrin əvvəllərinə qədər qalırdı. 1900-cü il iyunun 12-də Qafqazda vergi sistemində islahat keçirildi. Həyat başı alınan vergi ləğv edildi, onun əvəzində dövlət kəndliləri üçün dövlət töycüsü müəyyən edildi. Onun məbləği iki dəfə artırıldı. Azərbaycanda kəndlilərin bir hissəsi yenə də köçəri və yarımköçəri həyat tərzi keçirirdi. Köçəri əhalinin oturaq həyat tərzinə keçməsi təkcə kənd təsərrüfatı üçün deyil, iqtisadi və sosial həyat üçün də əhəmiyyətlidir. Köçəri təsərrüfatı Zaqafqaziya quberniyaları içərisində nisbətən İrəvan quberniyasında çox yayılmışdı. Mütəxəssislərin hesablamalarına görə Bakı quberniyasında əhalinin 4%-i, Gəncə quberniyasında 6%-i, İrəvan quberniyasında
16%-i təşkil edirdi. Xalis köçəri təsərrüfatı Azərbaycanda lap az idi. Yarımköçəri təsərrüfatların kəndləri, torpaqları, bağları, əmək alətləri vardı. Onlar çəltik becərmək və barama qurdu saxlamaqla da məşğul olurdular, muzdlu əməyindən də istifadə edirdilər. H.B.Zərdabi öz məqalələrində köçərilərin həyat tərzi və məişəti haqqında maraqlı məlumat verirdi. 80-ci illərdən ΧΧ əsrin əvvəllərinə qədər köçərilərin oturaq həyata keçməsi prosesi davam etmişdi. Bütün Zaqafqaziyada onların miqdarı 89 mindən 39 minə enmişdi. Kapitalizmin inkişafı onların oturaq həyata keçməsinə şərait yaratsa da, lakin çarizm dövründə onların köçəri həyatına tamamilə son qoyulmadı.
Sahibkar kəndliləri dövlət kəndlilərinə nisbətən daha ağır vəziyyətdə yaşayırdılar. Yuxarıda deyildiyi kimi, pay torpaqlarının sahəsi getdikcə azalırdı. Bakı quberniyasında adambaşına 0,9 desyatin, Gəncə quberniyasında ondan da az, 0,6 desyatin torpaq sahəsi düşürdü. Halbuki, onlarla iri mülkədar ailələrinin hər birinin 2 mindən 70 min desyatinə qədər torpaq sahəsi vardı. Azərbaycanda kəndlilərin torpaqsızlığına səbəb olan amillərdən biri də çarizmin müstəmləkəçilik siyasəti nəticəsində minlərlə rus kəndlilərinin buraya köçürülməsi idi.
XIX əsrin 70-90-cı illərində kənddə təbəqələşmə prosesinin gedişində birbirinə zidd olan iki qütb yaranırdı. Onun bir başında geniş kəndli kütlələrini istismar edən qolçomaqlar – kənd burjuaziyası, digər qütbündə çoxluğu təşkil edən yoxsullar və muzdurlar dayanırdı. Dağıstandan, Gürcüstandan, Cənubi Azərbaycanından və Azərbaycanın öz qəzalarından gəlmiş on minlərlə aztorpaqlı kəndlilər və muzdurlar təkcə şəhərlərdə deyil, yüz min desyatinlərlə pambıq, üzüm, tütün, marena, çəltik plantasiyalarında, pambıq təmizləyən zavodlarda, ipəkçilik fabriklərində işləyirdilər. İri mülkədar təsərrüfatlarının texniki bazası zəif olsa da, onların hamısı kapitalist təsərrüfatı idi.
Muğanda rus kəndlərində fermer təsərrüfatı yaxşı inkişaf edirdi. Orada maşınlardan və təkmilləşdirilmiş kənd təsərrüfatı alətlərindən istifadə edilirdi. Muzdlu əməkdən daha çox pambıq və marena plantasiyalarında istifadə edilirdi. Mənbələrin verdiyi məlumatdan aydın olur ki, 70-80-ci illərdə hər il Dağıstandan 100 min nəfərə qədər kişi Qubaya və Azərbaycanın qonşu qəzalarına gələrək plantasiyalarda işləyirdilər. Çarın 1887-ci ildə verdiyi fərmandan sonra Cənubi Azərbaycanından: Təbrizdən, Xoydan, Mərənddən, Ərdəbildən, Sərabdan gələn 80-100 min Adama sərhəd məntəqələrində pasport verilirdi. Onlar şəhərlərdə və qəzalardakı müəssisə və plantasiyalarda çalışırdılar.
İslahatdan sonra yalnız Rusiyanın mərkəzində deyil, müstəmləkə ucqarlarda da kəndlilərin çarizmə və yerli mülkədarlara qarşı çıxışları baş verdi. 70-90-cı illərdə Azərbaycan kəndlilərinin əsarətə qarşı mübarizəsi qüvvətləndi. İmperiyanın başqa yerlərində olduğu kimi vergiləri verməkdən və mükəlləfiyyətləri icra etməkdən boyun qaçırılması, mülkədar torpaqlarının tutulması, malikanələrinin dağıdılması, bəylərin öldürülməsi Azərbaycanda da kəndlilərin sinfi mübarizəsinin əsas forması idi. 1878-ci ildə Quba qəzasında kəndlilərlə toqquşma zamanı 120 nəfər hakim sinfin nümayəndəsi öldürülmüşdü. 70-ci illərin sonunda Qazax qəzasındakı Quşçu kəndinin əhalisi mülkədar İskəndərbəyovların zülmünə qarşı çıxış etdilər. Üsyanın rəhbərləri Məşədi Usub və Kərbəlayi Kərimşah həbs edildi. Gəncə qəzasının Xılxına kəndinin kəndliləri mülkədar Zülqədərovlara qarşı çıxış etdilər. Həmin qəzanın Qızılhacılı və Cinni kəndlərinin kəndliləri mülkədar Adıgözəlovlara qarşı çıxış etdilər.1888-ci ildə Qarabulaq kəndinin əhalisi mülkədar Şərifbəyovu kənddən qovdu. O, məhkəmə vasitəsi ilə də torpağı kəndlilərdən geri ala bilmədi. Naxçıvan qəzasında Bənənyar kəndinin kəndliləri Sultanovlara qarşı mübarizəyə başlayıb, vaxtı ilə bəy tərəfindən tutulmuş 260 desyatin torpaqlarını geri aldılar. Buna bənzər hadisələr və çıxışlar digər qəzalarda da baş verirdi.
Azərbaycanda kəndli hərəkatının geniş yayılmış və təsirli formalarından biri qaçaqlar hərəkatı idi. Qaçaqlar hərəkatı bütün qəzaları bürümüşdü. ΧΙΧ əsrin son rübündə Gəncə qəzasında qaçaqlardan Dəli Alı və Qəmbər, Qazaxda Kərəm, Qarabağda Süleyman və Murtuza, Zaqatalada Yusif, Şəkidə Qutqaşınlı Kərim Əfəndi oğlu, Zəngəzurda Nəbi və başqalarının qaçaqlar dəstəsi böyük şöhrət qazanmışdı. 90-cı illərdə Nəbinin və dəstəsinin adı bütün ölkəyə yayılmışdı. Nəbi Gəncə quberniyasında Zəngəzur qəzasının Aşağı Molu (hazırda Qubadlı rayonundadır) kəndində doğulmuşdu. Gənc yaşlarından həbsxanalara düşüb, katorqaya məhkum olunan Nəbi, həbsxanadan qaçaraq, ətrafına özü kimi igid dəliqanlıları toplayıb çar məmurlarına, bəylərə və xalqın digər zalımlarına qarşı mübarizəyə başladı.
Arvadı Həcər öz qardaşı Mehdi də onun dəstəsində vuruşurdu. Tezliklə Nəbinin şöhrəti hər tərəfə yayıldı. Cənubi Azərbaycan kəndlilərinə kömək üçün Nəbinin dəstəsi Arazın o biri tərəfinə də keçirdi. Nəbi xalqın intiqamçısı kimi hərəkət edirdi. Onun dəstəsi nəinki yerli bəyləri, məmurları, imperiyanın ali rütbəli məmurlarını da narahat edirdi. Çar hökuməti İran və Türkiyə hökumətləri ilə gizli danışığa girib, Nəbini izləmək üçün oraya çoxlu cəsuslar göndərdi. Hətta hökumət Nəbinin başı üçün böyük məbləğdə pul ayırdı, rütbələr və imtiyazlar vəd etdi. Naxçıvan qəza rəisi Slavçinski ordubadlı tacir Paşa Hacı fərəc oğlunu yanına çağırıb Nəbini öldürməyi tapşırdı. Cəsuslara xərcləmək üçün ona əvvəlcədən min manat pul verdi və onu «Qızıl medala» təqdim edəcəyini vəd etdi. Sərvət və şöhrət düşkünü olan bu tacir qaçaqlardan Kərbəlayı İmanı və Şahhüseyni pulla ələ aldı. Hər iki satqın 1896-cı il martın 12-də Nəbi öz yoldaşları ilə Kərbəladan qayıdarkən Türkiyə ilə Cənubi Azərbaycan sərhəddində Larni kəndində dincələn zaman, gecə saat 2-yə yaxın onu öldürdülər. El qəhrəmanının öldürülməsi xalqın böyük nifrətinə və hiddətinə səbəb oldu. Xalq qəhrəman oğlu haqqında mahnılar qoşdu və dastan yaratdı. Nəbinin adı Azərbaycan kəndlilərinin mübarizə rəmzinə çevrildi.
Kəndlilərin göstərdiyi igidliyə və mətanətə baxmayaraq, onların kortəbii, qeyri-mütəşəkkil xarakter daşıyan çıxışları məğlubiyyətə uğradı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin