Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 2. Kənd təsərrüfatında kapitalizmin inkişafı



Yüklə 3,15 Mb.
səhifə113/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   109   110   111   112   113   114   115   116   ...   173
Ar2019-47-1


§ 2. Kənd təsərrüfatında kapitalizmin inkişafı.
§ 3. Sənayedə kapitalist münasibətlərinin inkişafı.
§ 4. Cənubi Azərbaycan XIX əsrdə § 5. ΧΙΧ əsrin ikinci yarısında mədəniyyət

§ 1. XIX əsrin 60-70-ci illərdə inzibati sistemdə dəyişikliklər və burjua islahatları


XIX əsrin 60-70-ci illərində Rusiyanın daxili siyasi həyatında bir sıra əhəmiyyətli dəyişikliklər baş verdi. Müstəmləkəçi dövlət kimi çarizm imperiyanın milli ucqarlarında yerli xalqların dövlət hakimiyyətinin inkişafına imkan vermirdi. Qafqazda ali hakimiyyət çar canişinin və ona tabe olan qubernatorların əlində idi. Tarixi zərurət yarandıqda mütləqiyyət inzibati quruluşda qismən dəyişikliklər edirdi. Şamaxı zəlzələsindən (1859) sonra quberniyanın mərkəzi Bakıya köçdü və adı dəyişdi. Dərbənd quberniyası ləğv edildiyindən Quba qəzası Bakı quberniyasının tərkibinə verildi. Car-Balakən hərbi dairəsi Zaqatala dairəsinə çevrildi.
Çarın qardaşı Mixail Nikolayeviçin canişinliyi (1862-1882) dövründə Yelizavetpol quberniyası təşkil edildi. Mərkəzi Gəncə şəhəri idi. 1868-ci ilin yanvarında fəaliyyətə başlayan yeni quberniyaya Bakı quberniyasından Şəki və Şuşa qəzaları, Tiflis quberniyasından Qazaxla birlikdə Gəncə qəzası,İrəvan quberniyasından Ordubad qəzasının Mığrı məntəqəsi və təzə təşkil olunmuş Zəngəzur qəzası verildi. 1874-cü ildə əlavə müstəqil Ərəş qəzası, 1883-cü ildə Cəbrayıl və Cavanşir qəzaları yaradıldı. Qəzalar məntəqələrə (50 məntəqəyə) bölündü. Bu inzibati bölgü Azərbaycanda 1918-ci ilə qədər demək olar ki, dəyişmədi.
Ölkə daxilində 60-cı illərdə baş verən hadisələrin fövqündə təhkimçilik hüququnun ləğv edilməsi dayanırdı.
Yerli feodallarla ittifaqa girən çar hökuməti digər milli ucqarlarda olduğu kimi Zaqafqaziyada, o cümlədən Azərbaycanda aqrar islahatın keçirilməsini qəsdən ləngidirdi. Lakin Zaqafqaziya iqtisadiyyatını müstəmləkə istismarının tələblərinə uyğunlaşdırmaq zərurəti çarizmi burada feodal-asılı münasibətlərin əsaslarını sarsıdan tədbirlər həyata keçirməyə məcbur etdi. Məsələn, 60-cı illərin ortalarında neft, zəy və duz mədənlərinə təhkim olunmuş kəndlilərin məcburi əməyi ləğv edildi. Rusiyadakı zemstvo idarələrinə bənzər vahid kənd idarəsi yaradıldı. Kəndxudanın rəhbərlik etdiyi bu idarə üç il müddətinə seçilməklə kəndə aid vacib məsələlərlə məşğul olmalı idi.
XIX əsrin 60-70-ci illərində Rusiyada həyata keçirilən burjua islahatlarından ikisi (məhkəmə və şəhər islahatları) çox gec və məhdud şəkildə burada da tətbiq edildi. Çarın fərmanı ilə Azərbaycanda barışıq hakimləri vəzifəsi müəyyən edildi. Rusiyadakından fərqli olaraq, onlar seçilməyib hökumət tərəfindən təyin olunurdular. Cinayət işlərinə məhkəmə iclasçılarının iştirakı olmadan baxılırdı. Mühakimə rus dilində aparılırdı. Bu müstəmləkə əsarəti siyasətinin parlaq təzahürü idi. Şəhərlər haqqındakı islahat 1874-cü ildə məhdud şəkildə Bakı, Gəncə, şəki, Şuşa, Naxçıvan və Ordubad şəhərlərində həyata keçirilməyə başladı. Seçicilərin sayından asılı olaraq bələdiyyə üzvlərinin miqdarı 30-72 nəfər müəyyən edilirdi. Şəhər özünüidarəsinin vəzifəsi: abadlıq, maarif, səhiyyə, bazar, sənaye və s. məsələlərlə məşğul olmaq idi.
60-cı illərin əvvəllərində Zaqatala dairəsində çarizmin qatı müstəmləkəçilik siyasətinə, məmurların özbaşınalığına və rüşvətxorluğuna, ən başlıcası, burada əhalini zorla xristianlaşdırmaq tədbirlərinə qarşı güclü narazılıq yarandı. Müsəlman kəndlərində məscidləri dağıdıb əvəzində kilsələr tikirdilər. Narazılığın bir səbəbi də islahat keçiriləcəyindən keşkəl sahiblərinin narahatlığı idi. Çünki dairənin ərazisində torpağı becərənlər yengiloylar və muğallar idi. Islahat nəticəsində onların azad edilməsindən sonra gəlir mənbələrindən qorxan keşkəl sahibləri burada islahatın keçirilməsini istəmirdilər.
Dairədə xristianlaşdırma siyasətinə qarşı artan narazılıqdan müsəlman ruhaniləri istifadə etdilər. Üsyana çar ordusunda qulluq etmiş, əhali arasında böyük nüfuzu olan Hacı Murtuz başçılıq etdi. Üsyan 1863-cü il iyunun əvvəllərində (iyunun 5-dən 6-na keçən gecə) başlandı. Onlar Zaqatala qalasına hücum etdilər. Lakin qala toplarının şiddətli atəşi altında geri çəkilməyə məcbur oldular. Çar hakim dairələri tezliklə üsyanı yatırdılar. Hərbi səhra məhkəməsinin qərarı ilə üsyanın fəal iştirakçılarından 18 nəfəri dar ağacından asıldı. Hacı Murtuz başda olmaqla min nəfəri ailə üzvləri ilə birlikdə sürgün edildilər. Üsyan yatırılsa da çarizmi ciddi narahat etdi.
Zaqafqaziyanı kapitalizm yoluna cəlb edən iqtisadi inkişaf qüvvəsi çarizmi burada da islahat keçirməyə tələsdirirdi. İslahat əvvəlcə 1864-cü ildə Gürcüstanda keçirildi. Bundan iki il sonra Azərbaycanda islahatın layihəsini hazırlamaq üçün bəy komissiyaları təşkil edildi. Bu komissiyalara çar məmurları başçılıq edirdi. Komissiya müsəlman silkindən olan şəxslərin və torpaqlarında sakin olan kəndlilərin vəziyyətinə dair ümumi layihə hazırladı. Nəhayət, Rusiyadakından 9 il sonra çar hökuməti Azərbaycanda aqrar islahat keçirməyə razı oldu. Azərbaycanda kəndli islahatının əsas qanuni sənədi 1870-ci il mayın 14-də verilən
«…Əsasnamə» idi. Tədqiqatçıların fikrincə, 14 may 1870-ci il islahatını Azərbaycanda təhkimçiliyin ləğvi kimi qiymətləndirmək düzgün olmazdı. Burada kəndlilərin feodal-asılılığı münasibətləri təhkimçilik səviyyəsində deyildi. Rusiyadakı kimi kəndlilərin rəsmən alınıb satılması halları yox idi.
1870-ci il 14 may «Əsasnaməsi»nin maddələri əsas etibarilə aşağıdakı üç məsələyə:

  1. Kəndlilərin feodal asılılığının ləğv edilməsi–kəndlilərə şəxsi azadlığın

verilməsi.

  1. Pay torpağı – torpaq məsələsi.

3.Mükəlləfiyyətlər - həsr olunurdu.
Rusiyada olduğu kimi, islahatdan sonra Azərbaycanda da kəndlilərə pay torpaqları müəyyən edilirdi. Pay torpağının sahəsi ailədə 15 yaşından yuxarı hər bir kişiyə 5 desyatin hesabı ilə nəzərdə tutulurdu. Qadınlar və uşaqlar nəzərə alınmırdı. Ailədə pay torpağının maksimum həddi 15 desyatindən artıq ola bilməzdi. Kəndlilər onlara çatacaq pay torpağını mülkədarlardan və ya bəylərdən pula satın almalı idilər. Pay torpaqlarının satınalmada dəyəri ümumiyyətlə götürdükdə Bakı quberniyası üzrə Rusiyadakından 8 dəfə, Gəncə quberniyası üzrə 17 dəfə yüksək idi. Ona görə də kəndlilər pay torpaqlarını satın almaq iqtidarında deyildilər. Dövlət Rusiya quberniyalarından fərqli olaraq, pay torpaqlarını satın almaq üçün Azərbaycan kəndlilərinə vəsait buraxmadı. Məsələni mürəkkəbləşdirən bir cəhət də satınalmanın məcburi hesab edilməməsi idi. Ona görə də kəndlilər pul toplayıb pay torpaqlarını alana qədər əvvəlki mükəlləfiyyətləri yerinə yetirməli idilər. Bu müvəqqəti mükəlləfiyyətlilik adlanırdı.
Mükəlləfiyyətlərin miqdarı və toplanması əvvəlki qaydada qalırdı. Yalnız
biyar pay torpağının hər desyatinindən 30 qəpik pulla əvəz edilirdi.
Noyabrın 8-də qüvvəyə minən 1870-ci il 14 may «Əsasnaməsi» Azərbaycan kəndlilərinin kütləvi hissəsini (70%-ni) təşkil edən dövlət kəndlilərinə deyil, azlığı təşkil edən sahibkar kəndlilərinə şamil edildi. hətta islahat Zaqatala dairəsi kəndlilərinə də aid edilmədi. «Bədnam azadlıq» kəndlilərin ən vicdansız bir şəkildə talan edilməsi, bir sıra zorakılıqlar və kəndlilərin tamamilə ələ salınması idi».
Bununla belə, Azərbaycanda kəndli islahatı obyektiv məzmunu etibarilə burjua xarakteri daşıyırdı. O kənddə mövcud olan ictimai-iqtisadi münasibətləri kapitalist inkişafı ehtiyaclarına uyğunlaşdırmaq siyasətini əks etdirirdi.
Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra həm mərkəzdə, həm də müstəmləkə ucqarlarda kapitalizmin inkişafına mane olan təhkimçilik və feodal – asılı qalıqların hələ də mövcud olmasına baxmayaraq, 1861-ci ildən sonra inkişaf o qədər sürətlə getdi ki, Avropanın bəzi köhnə ölkələrində əsrlər ərzində baş verən dəyişikliklər Rusiyada on illər ərzində əmələ gəlmişdi. İslahatdan sonrakı on illiklər ərzində kənd təsərrüfatı bazarı sürətlə artıb inkişaf edir, ticarət əkinçiliyi durmadan artır, kəndlilərin təbəqələşməsi prosesi sürətlənirdi.
Mərkəzi Rusiya ilə onun ucqarları arasında yaranan iqtisadi birliyin iki tərəfi var idi. Bir tərəfdən rus kapitalizmi öz fabrikləri üçün özünə bazar yaradırdı. Digər tərəfdən, həmin fabriklərin tələblərini Rusiyanın xammalları ilə ödəməkdən ötəri ucqarlarda ticarət əkinçiliyinin əmələ gəlməsi və inkişafına imkan verirdi. Deməli, Mərkəzi Rusiya ilə ucqarlar arasındakı iqtisadi vəhdət bir tərəfdən rus kapitalizminin öz fabriklərinin məhsulları üçün satış bazarı yaratması, digər tərəfdən isə ölkə daxilində xammal mənbələri axtarması nəticəsində meydana çıxırdı. Başqa milli rayonlar kimi, Azərbaycanda da getdikcə daha artıq Ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunur və Ümumrusiya bazasına qoşulurdu.
XIX əsrin 60-70-ci illərində keçirilən aqrar və burjua islahatlarından sonra ölkənin başqa sənaye rayonları kimi Bakıda kapitalist istehsalı intensiv şəkildə inkişaf edir və Ümumrusiya iqtisadiyyatı ilə yaxından bağlanırdı. Mütləqiyyət tərəfindən Rusiyanın fabrik və zavodları üçün xammal verən neft, mis, ipək, pambıq, düyü, meyvə və s. sahələrin inkişafına daha çox qayğı göstərilirdi. Əlbəttə, bu qayğı çarın azərbaycanlılara rəğbətindən, məhəbbətindən irəli gəlmirdi. Xəzinənin, rus burjuaziyası və mülkədarlarının mənafeyi naminə bunu edirdi. İnqilaba qədər neft sənayesi təkcə Azərbaycanın iqtisadiyyatında deyil, Rusiyanın xalq təsərrüfatının inkişafında başlıca rol oynayan amil idi. Neft sənayesi Rusiyada kapitalizmin həm eninə, həm də dərininə inkişafını göstərən fakt idi. Neft sənayesinin inkişafı ilə əlaqədar Bakıda kimya, maşınqayırma, gəmiqayırma, elektrik, mexaniki, sement və başqa tikinti materialları zavodları və müxtəlif emalatxanalar meydana gəlmişdi. Kapitalizmin inkişafı səviyyəsinə görə Bakı əsrin sonunda imperiyanın ən iri şəhərləri ilə müqayisə olunurdu.
Çoxəsrlik tariximizin müxtəlif dövrləri və problemləri haqqında irəli sürülmüş yanlış konsepsiyalar, baxışlar və böhtanlar kapitalizmin inkişafı məsələsinə də aid edilirdi. Vaxtilə Stalinin Bakı istisna olmaqla Azərbaycanı geridə qalmış feodal-patriarxal kəndli ölkəsi adlandırması, tariximizə vurduğu qara ləkə uzun müddət doğmaya çevrilmişdi. Tədqiqatçılara tarixi həqiqəti obyektiv araşdırmağa imkan verilmirdi. Buna təşəbbüs göstərənlərin faciəsi mütəxəssislərə məlumdu.
Tariximizin görkəmli araşdırıcıları sübut etdilər ki, Azərbaycanda kapitalist münasibətləri təkcə Bakıda deyil, ondan yüz kilometrlərlə məsafədə yerləşən qəzalarda və kəndlərdə də inkişaf etmişdi. Rusiyada əridilən misin 35%-ni verən Gədəbəydəki zavodlar, Rusiyada ən iri ipəkçilik fabriklərindən hesab edilən Alekse-
yev və Voronin qardaşlarının Nuxadakı fabriki, bundan əlavə, Nuxada, Şuşada, Ordubaddakı 33 ipəkçilik fabriki 150-dən artıq kərpic və sement zavodu, 50-dən artıq pambıqtəmizləyən zavod, onlarla tütün fabriki, şərab zavodu, duz mədəni, balıq vətəgəsi, çəltik təmizləyən dəyirman, rabitə müəssisəsi və başqaları kapitalist müəssisələri idi. Əsrin sonunda bu müəssisələrdə 40-50 min fəhlə çalışırdı. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Bakı istisna olmaqla, Azərbaycanda kapitalizmin inkişafı yüksək səviyyədə olmasa da, ölkənin digər Milli ucqarlarındakından geridə qalmırdı. Kapitalizm əzablı yollarla inkişaf etsə də, Azərbaycan feodal-patriarxal ölkələr səviyyəsində deyildi.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin