Eramızdan əvvəl VIII-VII minillikləri əhatə edən yeni daş dövrü – Neolit dövrü adlanır. Bu dövrdə insanlar daha hər şeyi təbiətdən hazır şəkildə almır, özləri yenisini istehsal edirdilər. Yəni insanlar təbiətdən asılılıqdan azad olmuş, özlərinə lazım olan məhsulların istehsalına başlamışlar. İnsanların məşğuliyyət sahələri içərisində maldarlıq və əkinçilik əsas yer tuturdu. Azərbaycanda bu iki təsərrüfat sahəsinin inkişafı üçün hər cür şərait var idi.
Neolit dövründə insanlar saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar.
Bəşər tarixindəki bu yeniliklər Neolit inqilabı adlandırılmışdır.
Cənubi Qafqazda və Azərbaycan ərazisində neolit (yeni daş) dövrü e.ə.VIIIVII minillikləri əhatə edir. Bu mədəniyyətin formalaşması iki mərhələdən keçmişdir. Birinci mərhələ saxsı qabların yaranmasına qədər olan, əkinçiliyin, maldarlığın, toxuculuğun təşəkkülü dövrünü-təxminən e.ə.VIII minilliyi əhatə edir və erkən neolit adlanır. İkinci mərhələ ibtidai icma quruluşu insanlarının təfəkkürünün və istehsal sahələrin inkişafı, təsərrüfat həyatında köklü dəyişikliklərin yaranması, gil qabların hazırlanması və ümumilikdə yeni mədəniyyətin meydana çıxması ilə fərqlənir. Bu dövr e.ə.VII minilliyi əhatə edir.
Qafqaz regionu coğrafi cəhətdən neolit mədəniyyətinin yaranması və inkişafı üçün əlverişli olmuşdur. Təbii ki, bu dövrdə əhalinin sayı artmışdır. İstehsal təsərrüfatının formalaşması əkinçilik, maldarlıq sahələrinin inkişafına, dağətəyi və aran zonalarda yeni yaşayış yerlərinin yaranmasına səbəb olmuşdur. Söz yox ki, neolit dövrünün insanları oturaq həyat tərzi keçirmişdir.
Tədqiqatçılar dağlıq və dağlıqətəyi bölgələrdə neolit yaşayış yerlərinin yaran-masını son dərəcə intensiv gedən ovçu və yığıcı tayfaların yerləşmə prosesi ilə bağlayırlar.
Azərbaycan ərazisində bu dövrə aid Gəncə yaxınlığında Gillidağ, Qazaxda Damcılı mağarası, Qobustanda "Ovçular zağası", "Anazağa" və "Firuz" düşərgələri kimi abidələr öyrənilmişdir. Təbriz yaxınlığında yerləşən Yanıqtəpə (kiçik təpə) və Urmiya gölünün cənubundakı Hacı Firuz abidələrinin alt təbəqələri də neolit dövrünə aiddir.
Bu dövrün abidələrindən biri də Naxçıvan şəhərindən 8 km şimal-şərqdə, Babək rayonunun eyni adlı kəndi ərazisində tədqiq olunmuş I Kültəpədir. Ərazinin təbii şəraiti I Kültəpə sakinlərinin fəaliyyəti üçün hərtərəfli imkan yaratmışdır. Abidə dağətəyi ərazidə, dağlıq zonadan 10-15 km məsafədə salınmışdır.
Ümumiyyətlə, ərazisinin 72% dağlıq olan Zaqafqaziyanın qədim əkinçilik mədəniyyəti iqtisadi-mədəni əlaqələr zəminində Ön Asiya abidələrinin təsirindən yaranmışdır. Bunu I Kültəpənin neolit dövrü təbəqəsindən tapılmış Xalaf nişanəli boyalı qablar da sübut edir. Naxçıvanın ərazi cəhətdən Ön Asiyaya yaxın olması burada müxtəlif mədəniyyətlərin Zaqafqaziyanın digər regionlarına nisbətən daha tez formalaşmasına səbəb olmuşdur.
Neolit dövründən başlayaraq əhali oturaq həyata keçmiş, əkinçilik və maldarlıqla yanaşı, ovçuluqla, balıqçılıqla da məşğul olmuşlar. Əmək alətləri, əsasən, çaxmaqdaşından və obsidiandan (vulkanik şüşə – dəvəgüzü) hazırlanırdı. Əkinçilik yeni əkin və biçin alətlərinin yaranmasına səbəb olmuşdur. Daş toxalar, oraq dişi hazırlanırdı. Daş baltalar, çəkiclər də bu dövrdə yaranmışdır.
Naxçıvanda, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhələrdən ibarət əmək alətləri tapılmışdır. Gəncə yaxınlığındakı neolit düşərgəsinin əmək alətləri müxtəlifliyi ilə seçilir. Bunlar çaxmaqdaşından düzəldilmiş bıçaqvari lövhələrdən, qaşovlardan, dəvəgüzündən hazırlanmış əmək alətlərindən ibarətdir. Bu alətlərdən əkin, biçin, doğrama, kəsmə işlərində istifadə edilmişdir. Toxuculuq və saxsı qablar istehsalı insanların həyatında mühüm yenilik idi. Onların yaradıcıları qadınlar idi. Bu dövrdə «ana xaqanlığı» hökm sürürdü.
E.ə. Y1 minillikdən Azərbaycanda eneolit (mis-daş dövrü) başlanmışdır. Bu dövr e.ə. 1Y minilliyə qədər davam etmişdir. Bu dövr daş dövrünün başqa mərhələlərindən fərqlənir. Çünki qədim insanlar bu dövrdə daş məmulatı ilə yanaşı metaldan da istifadə etmişlər. ilk vaxtlar misdən soyuq düymə üsulu ilə müxtəlif əşyalar hazırlayırdılar. Zaman keçdikcə əmək vərdişləri artır, təkmilləşir və qədim insanlar mis külçələrini əvvəlcə ocaqda qızdırmaq, sonra isə əritməklə İbtidai metalişləmənin sirrlərinə bələd oldular.
Azərbaycanda mis filizi ehtiyatları Gədəbəy, Daşkəsən, Qarabağın dağlıq
zonasında, Naxçıvanda mövcuddur. Lakin Eneolit dövründə metaldan istifadə hələ geniş yayılmamışdı. Daş alətlər təsərrüfatda, məişətdə üstün yer tutmuşdur. Eneolit dövründə Azərbaycanda əhali artmış, insanlar daha geniş ərazilərdə məskunlaşmışlar. Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qarabağ, Muğan-Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təbriz yaxınlığında öyrənilmişdir.
Azərbaycanda eneolit dövrü əkinçi-maldar tayfaları kiçik kəndlərdə, qəbilə icmaları halında yaşamışlar. Yaşayış məskənləri çay kənarında, əkinçilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları və təsərrüfat tikintiləri çiy kərpic və möhrədən dairəvi planda inşa olunmuşdur. Evlər kiçik həcmdə olmuşdur. Mənzilləri qızdırmaq, eləcə də yemək hazırlamaq üçün evin ortasında və ya divarın yanında ocaq qurulmuşdur. Belə evlərdə qoşa nigaha əsaslanan ailələr yaşamışlar. İcma torpağında birgə çalışan bu ailələr ümumi məhsul bölgüsündən aldıqları pay hesabına dolanırdılar.
Eneolit dövrünün əhalisi əkinçilik, maldarlıq, balıqçılıqla yanaşı, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. peşələrlə məşğul olmuşlar.
Torpağı toxa ilə şumlayırdılar. Buna görə də həmin dövr əkinçiliyi «toxa əkinçiliyi» adlanır. Taxıl, daş lövhələrdən hazırlanmış oraqla biçilirdi. Taxıl ehtiyatı iri saxsı küplərdə və quyu anbarlarda saxlanırdı.
Azərbaycanın Eneolit dövrü abidələrində çoxlu əkinçilik alətləri və taxıl qalıqları tapılmışdır. Qədim əkinçilər bir neçə buğda və arpa növü əkib becərirdilər.
Maldarlıq təsərrüfatı da xeyli inkişaf etmişdi. Qaramal və davar saxlayırdılar. Eneolit dövründə bizə məlum olan ev heyvanlarının, demək olar, hamısı əhliləşdirilmişdir. E.ə. Y minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdirilməsinə başlanmışdır. Cəlilabad rayonunda qədim Əliköməktəpə yaşayış yerindən əhliləşdirilmiş at sümükləri tapılmışdır.
Ovçuluq və balıqçılıq getdikcə əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdir.
Eneolit dövrü əhalisinin məşğuliyyətində sənətkarlıq mühüm yer tutmuşdur. Sənətkarlıq saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar. Eneolit dövrü abidələrindən tapılmış iy ucluqları əhalinin toxuculuqla məşğul olduğunu göstərir. Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları hazırlanmışdır.
Bu dövrdə ictimai həyatda ana hüququ və ümumiyyətlə, qadınların mövqeyi hələ möhkəm idi. Qadın nəslin yaşadıcısı, qəbilə və ailə ocağını qoruyub saxlayan, bərəkət, əmin-amanlıq və firavanlıq yaradan müqəddəs varlıq hesab edilmişdir. Azərbaycanın bu dövr mədəniyyət abidələri arasında qadın heykəlləri də tapılmışdır. Eneolit dövründə anaxaqanlığı nəslinin cəmiyyətdəki çoxminillik hakim mövqeyi tədricən sona çatmışdır. Cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynamışdır.
Əhalinin dünyagörüşündə və dinə inamlarında müəyyən dəyişikliklər baş vermişdir. Bu dövrün özünəməxsus dəfn mərasimi olmuşdur. Ölülər yaşayış məskənində, binaların arasında və evlərin içərisində, döşəmə altında basdırılırdı.
Ölülərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud oxra səpirdilər.
Azərbaycanın Eneolit dövrü əhalisinin həyatında müxtəlif dini ayinlər, ovsun və mərasimləri də müəyyən yer tutmuşdur. Arxeoloji qazıntılar zamanı dini mərasimlərə dair materiallar tapılmışdır. Qobustandakı qayaüstü rəsmlərin bəziləri ovsun və dini mərasimləri əks etdirir.
Eneolitin son mərhələsində (e.ə.1Y minilliyin birinci yarısı) metalişləmənin inkişafının yeni dövrü başlamışdır. Tunc dövrünə keçidin əsası qoyulmuşdur.
§ 3. Azərbaycan Tunc və ilkin dəmir dövründə
Eramızdan əvvəl 1Y minilliyin sonlarından başlayaraq Eneolit dövrü Tunc dövrü ilə əvəz olunmuşdur. Azərbaycanda bu dövr e.ə. II minilliyin sonlarına qədər davam etmişdir. Tuncun meydana gəlməsi İbtidai cəmiyyətin tələbatından doğmuşdu. Azərbaycanda mis yataqlarının olması, Azərbaycanda metalişləmə və metallurgiyanın inkişafına şərait yaratmışdı. Təmiz misdən hazırlanan alətlər kövrək olduğu üçün davamsız idi və tez xarab olurdu. Ona görə də qədim sənətkarlar misin tərkibinə müxtəlif qatışıqlar, məsələn, mərgümüş, sürmə, nikel, daha sonralar qalay qataraq daha möhkəm metal-tunc əldə etdilər.
Əmək alətlərinin, silahların, məişət və bəzək əşyalarının çoxu tuncdan hazırlandığından bu dövr Tunc dövrü adlanır.
Tunc dövrü İbtidai icma quruluşunun inkişaf tarixində çox mühüm yer tutur. Cəmiyyətin həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermiş, ağır zəhmət tələb edən kişi əməyi(xış əkinçiliyi, maldarlıqla, metalişləmə ilə məşğul olmaq) irəli keçmiş, anaxaqanlığı ataxaqanlığı (patriarxat) ilə əvəz olunmuşdur. Təsərrüfatın yeni sahələri meydana gəlmiş, əmək bərabərsizliyi və sosial bərabərsizlik yaranmışdır. Tunc dövründə Azərbaycanda böyük mədəni-etnik birliklər – böyük tayfalar və tayfa birləşmələri meydana gəlmişdir.
Azərbaycanda Tunc dövrü bir neçə mərhələyə erkən, orta və tunc dövrü mərhələlərinə bölünür.