II Şah Ismayıl. Təhmasib 15 may 1576-cı ildə vəfat etdi. Hakimiyyət uğrunda xələfləri və əmirlər arasında çəkişmə başlandı. Hələ 1574-cü ildə I Şah Təhmasib ağır xəstə yatdığı zaman hakimiyyət məsələsi əmirlər arasında çox ciddi mübahisəyə səbəb olmuşdu. Ustaclı əmirləri dərhal Şahın sevimli oğlu Heydər Mirzənin namizədliyini irəli sürmüşdülər. Heydər Mirzəni ana tərəf qohumlarından islamı qəbul etmiş milliyyətcə gürcü olan əmirlər və qardaşı Mustafa Mirzə də müdafiə etmişdi.
Bu zaman Rumlu, Əfşar, Təkəli əmirləri, xəlifət əl-xüla Hüseynqulu xan Rumlu, Şahın qızı Pərixan xanımla dayısı Çərkəz Şamxal soltan isə şahın həbsdəki oğlu Ismayıl Mirzənin tərəfdarı idilər. Ismayıl Mirzənin anası Türkman Isa bəyin qızı idi. Türkmanlardan da onu istəyən az olmamışdı. Amma tezliklə sağalan Şah nə Heydər Mirzəni yanından uzaqlaşdırmadı, nə də həbsdə olan Ismayıl Mirzəni azad etmədi. Vəliəhdin kim olacağı haqqında da açıq bir söz demədi. Şah ölən kimi iki tərəf arasında çəkişmələr yenidən qızışdı. Ismayıl Mirzənin tərəfində duranlar qələbə çaldılar. Iyirmi il Qəhqəhə həbsxanasında yatan Ismayıl Mirzə azad edildi. Ismayıl Mirzə cəsur olub qızılbaşlar tərəfindən sevilirdi. Şahın bir çox yaxın adamları isə ondan ehtiyat edirdilər. Elə buna görə də onu yalandan şaha qarşı qəsddə günahlandırıb həbs etdirmişdilər. Qaradağdakı Qəhqəhə qalasından çıxan Ismayıl Mirzə Qəzvinə gəldi. O, 22 avqust 1576-cı ildə II Şah Ismayıl ünvanı ilə hakimiyyətə keçdi. Ilk günlər Heydər Mirzənin tərəfdarlarına sevgi ilə yanaşırdı. Ancaq hakimiyyəti ona qarşı dura biləcək qüvvələrin nazı ilə oynamaqla möhkəmləndirmək, əldə saxlamaq mümkün deyildi. Elə buna görə də sülalə üzvlərindən çoxunu öldürtdü. Dövlətin idarə olunmasında bütün maniələri aradan qaldırmağa cəhd edən II Ismayıl tərəfdarlarından Rumlu xəlifət əl-xülafa Hüseynqulu xanı, Ustaclı bəylərindən öndə gedənləri, hətta qardaşı Mustafa Mirzəni də öldürtdü. II Ismayıl dövlətin yerli dayaqlarının möhkəmləndirilməsinə ciddi fikir verirdi. Xüsusilə Azərbaycan hüdudlarından kənardakı vilayətlərdə yerli hakimiyyətin möhkəmləndirilməsi onun daxili siyasətində baş xətt idi. Reydə Təkəliləri, Məşhəd, Qum və Savədə Türkmanları yerləşdirib onların bəylərinə bu vilayətlərdə vəzifələr də verdi. II Ismayıl Səfəvi dövlətini möhkəmləndirməklə yanaşı, Osmanlı dövləti ilə münasibətləri də yaxşılaşdırmaq istəyirdi. Onun yarımçıq qalan, yəni həyata keçirə bilmədiyi dini islahatı da bu məqsədə qulluq edirdi. O, şiəliyi mötədil bir hala gətirməklə sünniliyin sıxışdırılmasına qarşı idi. Əsərində II Şah Ismayılın dini islahatlarının mahiyyətini doğru şərh edə bilməyən Oruc bəy Bayatın fikrinə görə guya şah xalqa elan etmişdir ki, şiəlikdən əl çəkib sünnülüyü qəbul etsinlər. Əslində o, özü şafiliyə meyilli olsa da, hər iki məzhəbə qulluq edənlərin bir yerdə bərabər hüquqlarla yaşamasını istəyirdi. Həzrəti Ayişənin lənətlənməsinin əleyhinə idi. Onun haqqındakı düşüncələrini dini məclisdə bəzən açıq, bəzən də qapalı bildirirdi. Bu məclislərin birində xəlifət əl-xülafa qoyduğu Bolqar xəlifədən Həzrəti Ayişənin lənətlənməsi ilə bağlı düşüncələrini sormuşdu: o da «küfr etmək haramdır, amma lənət etmək, işi Allaha həvalə etməkdir…» cavabını vermişdi. «Sən saf bir tükrsən, sənə bunu kim öyrətdi?» deyə soran şaha: «Mərhum şah Təhmasib zamanında üləmadan duydum» demişdi. Elə buna görə şah onu tutduğu vəzifədən azad edib, yerinə Dədə Ustaclını xəlifə təyin etmişdi. II Şah Ismayıl Həzrəti Ayişənin lənətlənməsini və üç xəlifənin pislənməsini qadağan etmişdi. O, məscidlərin divar və qapılarına yazılmış aşiqanə şerləri sildirdi. Ismayılın bu hərəkətləri xalq arasında narazılıqla qarşılandı. Onun sünniliyə meylli olduğuna şübhə oyandı. Amma ağıllı din xadimləri və əmirlər buna o qədər də ciddi bir iş kimi baxmır, bilirdilər ki, II Ismayıl iki məzhəb tərəfdarlarını bir-birinə yaxınlaşdırmaq, aralarındakı ixtilaflara son qoymaq istəyir. Ancaq bir çox Türkman və Təkəli əmirləri bundan istifadə edib, Şahın qardaşı Həsən Mirzəni onun yerinə gətirmək cəhdi göstərdilər. Onların bu cəhdi baş tutmadı. Həsən Mirzəni Şahın tərəfdarı olan Ustaclılar aradan götürdülər. Çox keçmədi ki, II Şah Ismayıl 1577-ci ildə müəmmalı şəkildə öldü.